Almaniyanın keçmiş XİN başçısı: “Putin ciddi səhv hesablamalara yol verdi”

Almaniyanın keçmiş XİN başçısı: “Putin ciddi səhv hesablamalara yol verdi”

Almaniyanın Yaşıllar Partiyasından olan keçmiş (1998-2005) xarici işlər naziri və vitse-kansleri Yoşka Fişer (Joschka Fischer) Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı məqalə yazıb.

Mediainfo.az məqalədən çıxarışları təqdim edir.

Müharibə Avropaya qayıtdı. Bir ay əvvəl böyük Avropa dövləti suveren milli dövlət kimi mövcud olmağa haqqı olmadığını iddia etdiyi kiçik qonşusuna hücum etdi və hətta ona meydan oxuyanlara qarşı nüvə silahından istifadə etməklə hədələdi. Beləliklə, dünya tamamilə dəyişdi. Avropa mütləq onunla birlikdə dəyişməlidir.

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı özünün əsassız təcavüzü ilə Avropa sülhünün və müəyyən dərəcədə “Soyuq müharibə”dən sonrakı bütün beynəlxalq nizamın əsaslarını məhv etdi. Təkcə Qərblə Rusiya arasında diplomatik və iqtisadi əlaqələr pisləşmədi; həmçinin NATO ilə Rusiya arasında birbaşa hərbi qarşıdurma da tamamilə mümkündür.

Bu gün dünya Avropadakı müharibənin sürətlə qlobal münaqişəyə çevrilməsi riski ilə mübarizə aparmalıdır. Əgər Üçüncü Dünya müharibəsi başlayarsa, kütləvi qırğın silahlarının tətbiqi potensialına görə, hətta Avropa standartlarına görə də misli görünməmiş dağıntılar gətirə bilər.

Sözsüz ki, Putin bir sıra ciddi səhv hesablamalara yol verib. Onun blitskriqi demokratik yolla seçilmiş Ukrayna hökumətinin başını kəsmək və onu marionet rejimlə əvəz etmək idi. Amma o, görünür ki, Rusiya ordusunun qüdrətini həddən artıq qiymətləndirib və ukraynalıların öz ölkələri və azadlıqları uğrunda döyüşmək istəyini lazımi səviyyədə analaya bilməyib.

Putin görünür, həm də NATO və Avropa İttifaqını lazımınca qiymətləndirməyib. Hərçənd ki, o, əlbəttə, müəyyən müqavimət gözləyirdi, lakin görünür, Qərbin bu cür sürətli, qətiyyətli və vahid reaksiyası onun üçün gözlənilməz olub.

Avropa İttifaqı daxilində və xaricində avropalılar başa düşürlər ki, Putinin təcavüzü təkcə Ukraynaya qarşı yönəlməyib. Rusiya bizim ən məhrəm dəyərlərimizə: demokratiya, qanunun aliliyi, dinc yanaşı yaşamaya və sərhədlərin toxunulmazlığına qarşı hücuma keçib. Əgər Ukraynaya qarşı müharibə hamımıza qarşı hücumdursa, o zaman yeganə adekvat cavab bizim vahid reaksiyamızdır.

Bununla belə, Avropanın birliyi təqdirəlayiq olsa da, hələ çox iş görülməlidir. Ukraynadakı müharibənin necə inkişaf edəcəyi və Ukraynanın hətta müstəqil ölkə kimi yaşayıb-yaşamayacağı hələ bəlli deyil. Lakin heç bir şübhə yoxdur ki, müharibə dərin uzunmüddətli nəticələrə səbəb olacaq – potensial olaraq “Soyuq müharibə” nizamının dağıldığı dəyişiklik illərdəki nəticələrdən də daha dərin.

Birincisi, Rusiyaya etimadsızlıq hələ uzun müddət qalacaq. Nəzərə alsaq ki, Qərbin Rusiya ilə münasibətləri uzun müddətdir Avropa sülhünün təməl daşı olub. Bu o deməkdir ki, Avropa öz təhlükəsizliyinə yanaşmasını dəyişməli olacaq. Xüsusilə, NATO-nun şərq cinahı və Aİ-nin şərq sərhədi daha yüksək səviyyəli hərbi müdafiə tələb edən həssas sahə olaraq qalacaq. NATO və Aİ arasında bərabər şəkildə bölüşdürülməli olan bu vəzifə Aİ-ni geosiyasi oyunçuya çevirməlidir.

İndiyədək Aİ-nin ixtiyarında olan yeganə geosiyasi alət üzvlük vədi və üzvlüyün nəzərdə tutduğu sülh, firavanlıq və qanunun aliliyinə hörmət perspektivləri olub. Lakin bu əsrin əvvəllərində Aİ-nin şərq genişlənməsinin göstərdiyi kimi, ölkələrin gözlənilən geosiyasi transformasiyanı tamamlamasını təmin etmək üçün təkcə üzvlük kifayət deyil.

Qərbi Balkan ölkələrinin, eləcə də Türkiyə, Ukrayna, Moldova və Gürcüstanın istəkləri ilə üzləşən Avropa İttifaqı daha çevik, həssas və detallı sistem inkişaf etdirməlidir, əks halda onun çökmə riski var. Aİ-nin təkcə iqtisadi və valyuta birliyinə deyil, siyasi ittifaqa, təhlükəsizlik və müdafiə ittifaqına çevrilməsi ideal imkanlar açır.

Bu yeni Avropa formalaşdıqca, Aİ-yə üzvlük üçün hər birinin öz meyarları, hüquqları və öhdəlikləri olan bir neçə mərhələdən ibarət yeni yol müəyyən edilə bilər. Növbəti mərhələyə keçmək üçün ölkə iqtisadiyyat, qanunun aliliyi, təhlükəsizlik və digər sahələrlə bağlı əvvəlcədən müəyyən edilmiş standartlara cavab verməlidir. Bəzi ölkələr sürətlə inkişaf edə bilər, eyni zamanda digərləri Aİ üzvlüyünün ən yüksək səviyyəsinə heç vaxt çata bilməz. Amma onların blokla əlaqələrindən hamı faydalanacaq.

Putinin müharibəsi Avropanı tarixdə heç vaxt olmadığı qədər birləşdirdi. İndi vəzifə bu ümumi məqsəd hissini qorumaq və böyük dövlətlərin yeniləşən rəqabət dünyasında özünün geosiyasi maraqlarını inkişaf etdirməyə qadir olan daha güclü, daha dayanıqlı və daha özünü təmin edən Aİ qurmaqdır. Sözsüz ki, ABŞ və Kanada ilə ittifaqlar vacib əhəmiyyət daşıyacaq. Amma hələlik avropalılar ukraynalıların cəsarətinə və şücaətinə heyran olduqları halda biz həmçinin, onlardan vacib dərs almalıyıq: heç kim sizin üçün – ailəniz, ölkəniz və gələcəyiniz üçün sizin özünüz qədər güclü mübarizə aparmayacaq.Teleqraf.com

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az