Ağdərənin işğalından 27 il ötür

Ağdərənin işğalından 27 il ötür

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi halda, Ermənistan buna məhəl qoymur. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər.

İyulun 7-si Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərənin və ətraf kəndlərin işğalından 27 il ötür. Ağdərə rayonu, Dağlıq Qarabağdakı bir çox ərazilər kimi, Qarabağ müharibəsinin başlanğıcında erməni silahlı qüvvələrinin nəzarəti altına keçib. 1992-ci ildə Azərbaycan Ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. Bir il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. 1993-cü il 7 iyul tarixində Ağdərə şəhərini və rayonun bir çox kəndlərini ermənilər yenidən işğal edir. Hal-hazırda Ağdərə rayonunun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla, bir çox əraziləri ermənilərin nəzarəti altındadır.

Qeyd edək ki, 1989-cu ildə SSRİ tərəfindən aparılmış əhalinin son siyahıya alınmasına görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Bu göstərici üzrə Ağdərə azərbaycanlı əhalinin sayına görə, Şuşadan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri idi. Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində, Azərbaycan xalqına məxsus mədəni irs talan edilib və infrastrukturu dağıdılıb. Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq, evlər talan edilərək sökülüb, yandırılıb, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılıb. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə, mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir. Bu, faktdır ki, Qarabağda yerləşən abidələr də ermənilər tərəfindən kütləvi surətdə dağıdılıb və erməniləşdirilib.

Ağdərə ərazisində olan memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər Alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi var idi. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılıb.

İşğal edilmiş ərazidə 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Onu da qeyd edək ki, işğal olunmuş ərazilərimizin qızıl yataqları, bir qayda olaraq, ABŞ-ın, Kanadanın, İsveçrənin və Fransanın iş adamları tərəfindən talan olunur.

Ermənistan və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim, ötən 27 il ərzində, Ağdərənin sərvətlərinin talan edilməsi üçün qeyri-qanuni əməlləri həyata keçirir.

Azərbaycanın işğal altında olan torpaqlarının, azad edəcəyi gün yaxındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarına qayıdacaq və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək.

Bu gün böyük gücə malik olan Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan ordudur və belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Qarabağda dalğalandırmağa qadirdir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.08.13

2020.08.12

Livanda gərginlik artır Livanda gərginlik artır 12 Avqust 11:31

2020.08.11

Türkiyədən Makrona cavab Türkiyədən Makrona cavab 11 Avqust 17:00

2020.08.10

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az