Putin kimdir? – Hibrid adamın psixoloji portreti

Putin kimdir? – Hibrid adamın psixoloji portreti

İkinci Qarabağ savaşından sonra bəndəniz putinçiliyin 8 növ, cəhət, tip, stil və yayılma metodunu təsbit etmişdi. Üstündən ilyarımdan çox vaxt keçir və bu müddətdə Ukraynaya təcavüz edərək dinc əhalini bombardmanlarla qıran, raketlərlə şəhərləri yerlə bir edən Rusiya lideri putinologiyanı daha da “zənginləşdirib”, əcaib hərbi-siyasi və əxlaqi-mənəvi narrativlər yaradıb, ənənəvi paradiqmaları zorlayıb və bu kontekstdə siyasi terminologiyanı da davamlı ekspansiyaya məruz qoyub.

Son illərdə RF prezidenti Vladimir Vladmiroviç Putinlə (VVP) bağlı bir yığın məqalə, şərh, təhlil, replika, atmaca, sataşma və hətta həcvin müəllifi kimi - həm islaholunmaz anti-Putinçi, həm də uzman-putinoloq olaraq deyə bilərəm ki, putinologiya formaca ölçüsüz (безразмер), məzmunca anlamsız-dəyaz, amma insani dəyər və azadlıqlar üçün olduqca təhlükəli, yolxucu, zərərli və kökünün dibindən qazılması üçün öyrənilməsi vacib bir təzahüratdır. Putinizm Mendeleyev cədvəlinə bənzəyir, zaman keçdikcə yeni qəfil və ya gözlənilən elementlərlə zənginləşir. Putinizmin elə cəhətləri var ki, onlardan ciddi söz açmaq qeyri-ciddi işdir. Bu səbəbdən də putinçiliyin tip və özəlliklərindən ibarət siyahını ciddi terminlərlə yanaşı ironik münasibətlə də süsləməyə məcbur oldum və nəticədə əcaib elementlərin hibridindən ibarət mələz bir şey alındı:

1.Putinizm (XXİ əsrin əvvəllərinə aid siyasi və sosial fenomen; putunçilik – Putinin yürütdüyü siyasət, onun Rusiyada yaratdığı mövcud sosial-iqtisadi və siyasi sistem)

2. Putler (zəmanənin füreri)

3. Putinokratiya ( neoavtokratiya və ya “mafioz dövlət” tipi: əvvəllər hansısa dövlətlərdə mafiya olardı, indi mafiyanın dövləti var)

4. Putinodor və ya Putin Mordoru ( təcavüzkar və qanlı imperiya. “Mordor” – “qara ölkə”, legendariumda şər törədən).

5.Putinoid (təfəkkür tərzi, təbliğatçı, Putin tutqusuna yoluxmuş zombi-tərəfdar)

6. Putinizasiya ( Putinləşdirmə, putinsayağı avtoritar metodlardan istifadə, putinizmin öz ölkəsində və xaricdə yayılması )

7. Deputinizasiya (İstənilən adamın, insanlar qrupunun və ölkənin Putinin təsirindən qurtulması)

8. Putinarium (zombiləşmiş kütlələrdən iibarət cəmiyyət, nüvə dəyənəyi olan xammal ölkəsi)

9. Putinariya ( münaqişə ocaqlarında sülhməramlı qüvvələrin bazası)

10. Puşizm (Putin faşizmi və ya raşizm/russayağı nasizim)

11.Putinist (adi tərəfdar)

12. Putinofil ( Rusiya liderini sorğu-sualsız sevənlər, onun hansısa missiyasının olduğuna inanlar; əksi putinofob)

13. Putinq ( mitinq keçirən Putin tərəfdarı; bu termini “puttinq”lə qarışdırmaq olmaz. Puttinq – məqsədyönlü və nəticə verən diplomatik proses, pressinq anlamı verən siyasi termindir)

14. Putinomika ( iqtisadi model və situasiya)

15. Putinada (Soçi Olimpiadasında dopinq qalmaqalı)

16. Putinaqon (gop ustası, hiyləgər)

17. Putinomaniya (siyasi mərəz, zombiləşmə)

18. Puterast (müdaxilə üsulu)

19. Putant (siyasi mutasiya)

20. Kaputin ( Putin Leninqrad “KQB”sində işləyəndə iş yoldaşları arasında üç ləqəbi olub: “Моль" (güvə), "Крысенок" (siçovul balası) və Капутин; Sonuncu ləqəb məşhur “Hitler Kaput!” ifadəsini yada salır)...

VVP 40 gündən sonra – oktyabrın 7-də 70 yaşına çatacaq. Həmin gündən təxminən 80 gün sonra Rusiyada kimlərsə küfənkun olmuş SSRİ-nin 100 illiyini qara bayram kimi yad edəcəklər. Rusiya lideri rəqəmlərin mistikasına inanır. Putin Rusiyanın imperiya elan edilməsinin ( 1721, 2 noyabr) 300 illiyi günlərində – ötən ilin payızında ABŞ və NATO-ya ultimatum verəndə və daha sonra Ukraynaya soxulanda güman ki, özünə yubiley hədiyyəsi edə biləcəyinə əmin imiş. Amma indi aşkar görünür ki, Putin nəinki sevdiyi I Pyotr və ya nifrət etdiyi Lenin kimi “rus torpaqlarını toplayıcısı” tituluna nail ola bilməyəcək, əksinə bu gedişlə Rusiya Federasiyasını gorbagor edən kimi adı Rusiya imperiyasını çökdürən II Nikolay, SSRİ-ni batıran Qorbaçovla bir sırada çəkiləcək...

Qəzənfər Həmidoğlu

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az