Liviyada müharibə yenidən qızışır

Liviyada müharibə yenidən qızışır

Son bir neçə ayda dünyanın neft-qazla zəngin olan ölkələrindən biri hesab edilən Liviyada baş verən hadisələr yenidən beynəlxalq aləmin diqqətini özünə cəlb edib. Bu da Liviyada vətəndaş müharibəsinin alovlanması və qarşı duran tərəflər arasında qanlı döyüşlərin başlaması ilə əlaqədardır. Faktiki olaraq Liviyada Qəddafi devriləndən sonra qarşıdurmalar ara vermir. Düzdür bu toqquşmalar yerli xarakter daşısa da ölkədə belə demək mümkünsə özünə kök salan əyalətbazlıq xəstəliyi bölgələr arasında mütəmadi olaraq qarşıdurmalarla müşayiət olunub. Aydın məsələdir ki, Liviyada vətəndaş müharibəsinin yenidən alovlanmasında bölgədə təsir dairəsi uğrunda mübarizə aparan xarici güclərin xüsusi xidmət orqanlarının rolu kifayət qədərdir. İş orasındadır ki, beynəlxalq aləmdə karbohidrogenlərlə zəngin bölgələrdə öz təsirini saxlamaq istəyən supergüc dövlətlər buna nail olmaq üçün yerlərdə ələ aldıqları müxtəlif qruplar vasitəsi ilə qırğınlar həyata keçirməkdən çəkinmirlər. Necə deyərlər super güclər tərəfindən neft-qazla zəngin ölkələrdə həyata keçirilən geopolitik oyunlar dünya gücləri üçün o qədər cəlbedici olub ki, onlar artıq bu oyunlardan vaz keçmək istəmir və buna öz çirkin niyyətlərinə çatmaq üçün bir vasitə kimi baxırlar. Bu baxımdan Liviyada alovlanan vətəndaş müharibəsinin də arxasında məhz super güclərin bölgədəki geoplitik oyunları dayanır.

Liviyada hazırda üz-üzə dayanan iki qüvvə mövcuddur və onların hər birinin arxasında bölgədə marağı olan super güc dövlətlərin dayandığı istisna edilmir. Əslində Qəddafini devirən xarici güclərin əsas məqsədlərindən biri Liviyanı bir neçə dövlətə parçalamaq və bu yola bu ölkədən İsrail üçün gələ biləcək təhlükəni aradan qaldırmaq idi. Belə ki, o dövrdə Liviyanı idarə edən Qəddafi İsraili özünün və müsəlman dünyasının əsas düşmənlərindən biri elan edərək Qərbə qarşı açıq-aşkar şəkildə meydan oxumaqda idi. Onun hakimiyyəti illərində Liviyada əhali daha yaxşı yaşayırdı və onların maddi durumu da indikindən qat-qat yüksək səviyyədə idi. Lakin Qərbin xüsusi xidmət orqanları tərəfindən hazırlanan plan əsasında Qəddafinin devrilməsindən sonra ölkədə xaos baş götürüb getməyə başladı. Necə deyərlər Qəddafinin devrilməsindən sonra supergüclər tərəfindən Liviyanın bir neçə dövlətə parçalanması siyasəti reallaşdırılmağa başladı. Günümüzdə de-fakto Liviya iki müstəqil dövlətə parçalanmış durumdadır. Belə ki, bu iki dövlətdən biri ölkənin paytaxtı Tripoliyə və onun ətraf ərazilərinə nəzarət edən Liviya milli həmrəylik (LMH) hökumətidir. Faiz Sarac tərəfindən idarə edilən Liviya milli həmrəylik hökuməti Liviyanın ərazi bütövlüyünün tərəfdarı olsa da bunu həyata keçirmək üçün hərbi imkanlara malik deyil. Digər tərəfdən də Faiz Saracı da Tripolidə hakimiyyətə gətirən və onu pərdə arxasından dəstəkləyən güclər mövcuddur. Onlar isə Liviyanın parçalanmış durumda saxlanılmasında daha çox maraqlıdırlar.

Liviyada qarşı duran digər tərəf isə mərkəzi Benqazidə yerləşən və Abdulla Əbdürrəhman ət-Tani tərəfindən idarə edilən hökumətdir. Benqazidə kifayət qədər gücə malik olan Abdulla Əbdürrəhman ət-Taninin iştahası kifayət qədər böyükdür. Abdulla Əbdürrəhman Ət-Tani ölkədə hakimiyyəti tam şəkildə ələ almaq niyyətində olduğunu dəfələrlə bəyan edib. Benqazini idarə edən Abdulla Əbdürrəhman ət-Tani feldmarşal Xəlif Xəftarın komandanlığı altında fəaliyyət göstərən Liviya milli ordusu(LMO tərəfindən dəstəklənir. Liviyada müharibənin yenidən alovlnmasının da əsas səbəbkarı kimi feldmarşal Xəlil Xəftarın adı hallandırılır. Xəlil Xəftar Faiz Saracın hakimiyyətdən salınmasının və ölkənin idarəçiliyinin Abdulla ət-Taninin əlinə keçməsinin qızğın tərəfdarlarından biri hesab edilir.

Yeri gəlmişkən qeyd edək ki, Xəlif Xəftar bəzi ərəb dövlətləri tərəfindən dəstəklənir. Feldmarşal məhz ərəb dövlətlərinin dəstəyindən istifadə edərək "Tripolini azad etmək əməliyyatı" adı altında mövcud hakimiyyəti devirmək niyyətindədir. Ümumiyyətlə Xəlif Xəftar ziddiyyətli şəxslərdən biri hesab edilir. Onun Qəddafiyə qarşı mübarizədə ABŞ-ın, o cümlədən İtaliyanın xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyi barədə məlumatlar dolaşır. Maraqlı bir məqam da Xəlif Xəftarın 1977-1978-ci illərdə Rusiyadakı "Vıstrel" (Atəş) zabit kurslarında təhsil alması ilə bağlıdır. Bundan əlavə feldmarşal 1983-cü ildəSSRİ-dəki Frunze adına hərbi akademiyada təhsil alıb. Onun hələ o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən ələ alındığı ehtimalı kifayət qədər yüksək hesab edilir.

Xəftar hələ 2014-cü ildə Müəmmar Qəddafinin keçmiş əsgərlərini bir araya toplayaraq 2017-ci ildə Benqazi şəhərini zəbt edib. Tərəfdarları onu "yeni Müəmmar" adlandırır.

Aprel döyüşlərində Rusiyanın da Xəftarı dəstəklədiyi ehtimal edilir. Xatırladaq ki, Xəlif Xəftar ötən ilin noyabr ayının 27-də və bu ilin yanvar ayının 11-də Moskvaya səfər edərək Rusiyanın yüksək səviyyəl döblət rəsmiləri, o cümlədən müdafiə naziri Şoyqu və Təhlükəsizlik Şurasının sədri Patruşevlə görüşüb.

Məhz bu səfərlərdən sonra xəbər yayılıb ki, guya Rusiya Xəftarın Liviya milli ordusuna silah verir.Bəzi KİV-in məlumatına görə isə Xəftarın tərəfində "Vaqner" özəl hərbi şirkətin muzdluları və ya təlimatçıları da fəaliyyət göstərirlər

Yeri gəlmişkən onu da xatırladaq ki, 2018-ci ilin dekabr ayında Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam da Moskvaya səfər edib. Səfər zamanı Putinlə görüşən Seyf əl-İslam yeni prezident seçkilərində iştirak etmək üçün ondan dəstək verməsini xahiş edib. Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi Liviyada bütün arzu edənlərin hamısının seçki prosesində iştirak etməsinin vacibliyini bəyan edib.

Xəlif Xəftarın ordusu tərəfindən aprel ayının 5-də həyata keçirilən döyüşlərdə hər iki tərəf ciddi itkilər verib. Xəlif Xəftarın ordusu Tripolinin ətrafındakı rayonları ələ keçirsə də hələlik beynəlxalq aləm tərəfindən tanınan Faiz Saracın hökumətini devirə bilməyib. Bununla belə Xəlif Xəftar ordusunun hücum əməliyyatları faktiki olaraq Faiz Sarac hökumətinin fəaliyyətini iflic halına salıb. Öz növbəsində Sarac Xəlif Xəftara qarşı əlində olan güclərlə sona kimi müqavimət göstərmək niyyətindədir. Vəziyyətin ciddiliyini nəzərə alan Sarac beynəlxalq təşkilatlardan məsələyə müdaxilə etməsini xahiş edib. O, İtaliyanın La Repubblica və Corriere della sera qəzetlərinə verdiyi müsahibəsində deyib ki, əgər Xəftarın hücum əməliyyatlarının qarşısı alınmasa münaqişə bölgəsindən 800 min adam Avropaya qaçmalı olacaq.

Tripoliyə nəzarət edən hökumətin başçısı eyni zamanda LMO-nun komandanını xəyanətdə və dövlət çevrilişinə cəhddə günahlandırıb. Sarac vəd edib ki, paytaxta edilən hücumda iştirakçı olanların hamısı – Xəlif Xəftar da daxil olmaqla – Liviya və beynəlxalq məhkəmə qarşısına çıxarılacaq.

Liviyada baş verən son qarşıdurmanın arxasında bəzi faktorların da dayandığnı unutmaq olmaz. Belə ki, aprel ayının 14-16-sı tarixlərində Liviyada milli barışıq üzrə konfransın keçirilməsi planlaşdırılmışdı. Məqsəd ölkədə ikihakimiyyətliliyə son qoymaq, ölkəni vahid idarəetmə altında birləşdirmək, ümumi ordu yaratmaq və prezident seçkiləri keçirmək idi. Bu işdə beynəlxalq təşkilatlar o cümlədən BMT-də Liviyaya dəstək verirdi. Amma feldmarşal XəlifXəftar tərəfindən ölkənin paytaxtı Tripoli üzərinə başladılan hücum əməliyyatı 14-16 apreldə milli barışıq üzrə konfransın keçirilməsinə imkan vermədi. Belə başa düşmək olar ki, bəzi xarici güclərə Liviyada milli barşıq üzrə konfransın keçirilməsi və ölkədə sabitliyin bərpa edilməsi, parçalanmaya son qoyulması sərf etməyib.

Liviyada vəziyyətin normallaşdırılması məqsədi ilə BMT-nin Baş katibi Antoniu Quterriş LMO-nın başçısı Xəftarla görüşüb Lakin onun Xəftarı Saracla dinc danışıqlara sövq emə cəhdi uğursuz nəticələnib.

Beləliklə Liviyada vəziyyət gərgin olaraq qalmaqda davam edir. Belə başa düşmək olar ki, bölgədə təsir dairəsi uğrunda mübarizə aparan ölkələr öz maraqlarının təmin edilməsinə nail olana kimi Liviya qanlı döyüşlər meydanı olaraq qalmaqda davam edəcək...

Səda

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az