Ermənilər gürcülərə məxsus Paravanini ələ keçirirlər

Ermənilər gürcülərə məxsus  Paravanini ələ keçirirlər
  • Mediainfo.az tarixi mövzuda növbəti yazısını təqdim edir

    Tarixboyu başqlarına məxsus əraziləri, o cümlədən milli mədəniyyət nümunələrini, abidələri, sənətkarlıq əsərlərini "özəlləşdirməyə", özününküləşdirməyə adət edən ermənilər hazırda Ermənistan adlanan Qərbi Azərbaycanla Gürcüstan sərhədində yerləşən Paravani (Pərvanə) gölü və ətrafındakı qədim xristian kilsə və abidələri addım-addım erməniləşdirməkdə davam edirlər.

    Paravani gölü və onun ətrafı bütün Gürcüstan üçün eləcə də hər bir pravoslav gürcü üçün müqəddəs bir yerdir. Öz əhəmiyyətinə görə, bu ölkənin qədim paytaxtı Msxetadır. Çünki Müqəddəs Nino məhz Paravani gölünün sahillərindən başlayaraq öz yolunu Gürcüstan ərazisinə salmışdır. Gürcülərin xristianlaşması da o vaxtdan etibarən başlamışdır. Ona görə də bu marşrut üzrə 40 günlük bir ziyarət ənənəsi vardır. Hətta Gürcüstanın prezidenti Salome Zurabaşvili də bu yolu zəvvarlarla birlikdə keçmişdir. Tarixən Paravani gölü ətrafında heç bir erməni yaşamamışdır. Ermənilərin "Pərvanə gölü" haqqındakı əfsanələri isə uydurulmuş yalanlardan başqa bir şey deyil. Erməni köçkünləri burada yalnız 1830-cu ildə peyda olmuş və qədim gürcü kilsələrini mənimsəməyə başlamışlar. Sovet hakimiyyətinin qurulması ilə bu kilsələr tərk edilmiş və ya təsərrüfat obyektlərinə çevrilmişdir. O cümlədən kilsənin olduğu Poka kəndində də ermənilər mal-qara saxlamışlar. Ermənilər prinsipial olaraq gürcülərin ən yaxşı şəkildə qorunan kilsələrini geri qaytarmırlar. Bu gün müqəddəs kilsə ermənilər tərəfindən tövləyə çevrilmişdir. Belə ki onlar kilsədən otun və ya mal-qaranın saxlanıldığı tövlə kimi istifadə edirlər. Bu barədə "Nəyə görə Cavaxetiyanın erməni kilsəsi tövlədir?" adlı yazıda qeyd olunur. Digər bir tərəfdən Karanfilyanın "Cavaxkın xəzinələri – Pərvanə gölü" adlı yeni filmində "qədim erməni əyaləti"nin tarixi və müasir vəziyyəti haqqında danışılır. Beləliklə də müəllif filmdə Poka kəndindəki faktı qeydə alır.

    Filmdən də göründüyü kimi yerli ermənilər kilsədən tövlə kimi istifadə edirlər. Müəllif isə bu barədə belə qeyd edir: "Kilsədən tövlə kimi istifadə edilməsi heç də müqəddəslərə xəyanət demək deyildir, əksinə onun xilas olunmasıdır. Çünki Sovet İttifaqının süqutundan sonra Gürcüstan hökuməti dini tikililərin gürcüləşdirilməsi kursunu aparır və erməni məbədlərinin gürcülərə aid olduğunu elan edirdi. Kilsədən hansı şəkildəsə istifadə etmək onun xilas olunması üçün yeganə şans idi. İndi kilsə təmir olunur, onun bəzəkləri isə orjinal şəkildə qalmasına imkan verir". Bundan əlavə qeyd etmək lazımdır ki filmdə Samtsxe-Cavaxetiyanın guya "erməni torpağı" və "böyük Ermənistanın Quqark əyalətinin bir hissəsi olduğunu" vurğulayan yalnış fikirlər də səslənir. Əslində isə Samtsxe-Cavaxetiyanın və xüsusən də Paravani gölünün bütün Gürcüstan üçün nə qədər böyük mənəvi əhəmiyyətə malik olması hamıya məlumdur. Ermənilər gürcülərə məxsus olan kilsəni verməmək üçün əllərindən gələni edirlər. Bu barədə gürcü blogeri David Vartumaşvili də yazır: "Erməni kəndində kişilər və qadınlar üçün iki gürcü monastrı var, hər ikisinə Müqəddəs Nino adını vermişlər. Kişilərə məxsus olan monastr kənddən bir qədər kənardadır, müasir görünüşə malik olduğuna görə turistlər üçün o qədər də maraqlı deyildir. Qadınlar üçün olan monastr isə hamıya məlumdur.

    Bu monastr yüksəklikdəki təpənin ortasında yerləşir və mühüm tarixi əhəmiyyət kəsb edir. Belə ki Gürcüstanın katalikos-patriarxı II İlya hələ 1988-ci ildə kilsənin yanındakı bir kənddə köhnə bir ev əldə etmiş və onu öz adına qeydiyyatdan keçirmişdi ki, sərhəd zonası olan və sərbəst giriş üçün icazə verilməyən bu əraziləri ziyarət edə bilsin. 1992-ci ildə baş rahibə Yelizaveta iki monarx ilə birlikdə monastrın təməlini qoymaq üçün Pokaya gələndə patriarxın evi erməni ailəsi tərəfindən zəbt olunmuşdu. İlk illərdə patriarx və monarxlar məkanı pərdə ilə bölərək bu insanlarla qonşuluq etməyə başladılar. Bu yaşamaq üçün mübarizə illəri idi. Dirçəliş isə yalnız 2001-ci ildə başlanıldı". O vaxt Gürcüstan ərazisində erməni təcavüzkarları Abxaziyada gürcüləri öldürür və doğma evlərindən qovurdular. Monastrın əsasını qoyan Gürcüstanın patriarxı və monarxlar qanuni olaraq əldə etdikləri evlərdən istifadə edə bilmirdilər. Yerli ermənilər özbaşına olaraq onlara aid olmayan evləri zəbt etmişdilər və gürcü rahiblərini tam 9 il ərzində bu evlərdən çıxartmağa çalışırdılar. Gürcülərin öz yurdlarındakı evlərində yaşamağa haqqları yoxdur. Çünki bu, ermənilərin "xoşuna gəlmir" və onlar özgə evində yaşamaq istəyirlər. Eyni zamanda Abxaziyadakı digər erməni terrorçuları gürcü qonşularını öldürərək eləcə də evlərindən qovaraq onların evlərini qənimət kimi ələ keçirmişdirlər.

    Həqiqətdə Gürcüstan Patriarxının və gürcü rahiblərinin təvazökarlığına və mülayimliyinə yalnız təəccüblənmək olar. Lakin təcrübə göstərir ki, ermənilər xristian münasibətlərini qiymətləndirmirlər. Onlar bunu zəiflik kimi qəbul edirlər və əsassız olaraq qəzəblənirlər. Həmçinin David Vartumaşvili qeyd edir ki, monastrın yerləşdiyi müqəddəs Nino kilsəsi XI əsr Gürcüstan memarlığının abidəsidir. Gürcüstanda böyük kafedraların, o cümlədən Msxetada Svetisxovelinin, Kaxetiyada isə Alaverdinin olduğu bir dövrdə Poka kəndinin kiçik monastrı kasıb görünürdü. Yəqin ki bu, buradakı əhalinin o vaxt azsaylı olmasından xəbər verir. Patriarxın qonşuluqda ev əldə etdiyi zaman kilsənin artıq damı yox idi. Onu 2002-ci ildə bərpa etmək mümkün oldu. Cənub fasadındakı dekor salamat qalmışdı. Divarda asomtavruli adlanan gürcü məktublarının əsasında işlənmiş divar rəsmlərinin fraqmentləri salamat qalmışdı. Yazıların 2-də kilsənin keçmiş katolikos-patriarxı V İoan Okropiri, qapının sağ tərəfində isə "Usta Bavreliy" məbədinin qurucuları xatırlanır. Belə çıxır ki, erməni millətçiləri patriarxa kilsəni damsız vermişlər və hələ 9 il ərzində də monastrın bərpa olunmasına və yenilənməsinə mane olmuşlar. Gürcü keşişlərinin, rahiblərinin və zəvvarlarının ibadət etmələri üçün heç yerdə yerlərinin olmadığını bilərək ermənilər bir az yaxşı vəziyyətdə olan və damı olan gürcü kilsəsini tövlə kimi istifadə etmişlər. Yaxşı, bir halda ki siz yad kilsəsini ələ keçirdiniz, axı özünüz də orada dua edirsiniz. Nəyə görə müqəddəs yeri təhqir edərək onu mal-qara üçün tövlə etmisiniz? Amma yox. Yerli ermənilərə kilsə Allahın məbədi kimi lazım deyilmiş. Onu sırf qanuni sahiblərinə - gürcülərə verməmək üçün tövləyə çevirmişlər. "Erməni xalqının dostluğu və qardaşlığı" məhz bu cürdür. Qeyd etmək lazımdır ki bu təkcə işğal olunmuş Abxaziyada deyil, bütün ölkə üçün müqəddəs olan yerdə, Gürcüstanın mənəvi qəlbində, eləcə də xristianlığın yayılmağa başladığı yerdə baş verir. Kənddə məskunlaşan ermənilərin gürcü müqəddəslərini təhqir etməsi dərhal dayandırılmalıdır. Poka kəndində onlar tərəfindən tövləyə çevrilən qədim kilsə gürcü pravoslav kilsəsinə verilməlidir və burada ibadət yenidən bərpa olunmalıdır.

    Kamal Salayev

    AMEA–nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

    PS. Hörmətli tarixçimizin məqaləsinə sözardı

    Kamal müəllimin tarixi yazıları çox maraqlıdır və buna görə də ona təşəkkür edirik.

    Bununla belə 30 ilə yaxın bir müddət ərzidə tarixi mövzularda yazan bir jurnalist kimi hörmətli müəllifə bəzi tövsiyələrimi də verməyi özümə borc bilirəm. İlk öncə onu deyim ki, indiki Ermənistan əraziləri tarixboyu Azərbaycanın bir hissəsi olub və Paravani, daha dəqiq desək Pərvanə gölü ətrafında, eləcə də Gürcüstanda eramızdan əvvəlki əsrlərdə qədim türk tayfaları olan bunturklər, kimmerlər, saklar, sonrakı dövrlərdə qıpçaklar, oğuzlar və digərləri yaşayıblar. Onların bir hissəsi, o cümlədən Paravani (Pərvanı) gölü ətrafında, Mtsxetada yaşayan türk əsilli tayfaların bir hissəsi xristianlığın qəbul edilməsindən sonra gürcüləşiblər. Buna misal kimi türk-albanların bir hissəsinin VII-XVI əsrlərdə erməni kilsəsinin həyata keçirdiyi məkrli siyasət nəticəsində erməniləşməsini, digər hissəsinin isə gürcü kilsəsinin təsiri nəticəsində gürcüləşməsini göstərmək olar. Gürcüstanda qədim türk tayfalarına aid olan yer adları tarixboyu gürcüləşdirilib və bu proses indi də davam edir. Bununla belə gürcüləşdirilən gürcü adlarında belə türk toponimləri öz ilkin varlıqlarını qoruyub saxlaya biliblər. Çünki elə toponimlər var ki, onların adlarını gürcü dilində tam şəkildə ifadə edə biləcək söz olmayıb. Əlbəttə biz bununla gürcülərə ərazi iddiası etmək niyyətində deyilik. Lakin bu, hazırda kimin ərazisində olmasından asılı olmayaraq bizim tarixdir və biz tariximizi unutmamalıyıq. Ona görə də mən, eləcə də digər oxucular üçün çox maraqlı olardı ki, müəllif qonşularımızla bağlı belə tarixi yazılarında imkan dairəsində həmin ərazilərdə qədimlərdə yaşayan türklər barədə də mövzuya uyğun olan kiçik də olsa tədqiqat aparsın. Bütün hallarda müəllifə maraqlı tarixi yazısı üçün bir daha təşəkkür edirik.

    Əziz Mustafa

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az