Ankara-Vaşinqton münasibətləri daha da gərginləşə bilər

Ankara-Vaşinqton münasibətləri daha da gərginləşə bilər

Prezident Donald Trampın verdiyi vədlərə baxmayaraq Ağ Evdə Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı məsələ ətrafında müzakirələr ciddi xarakter almaqdadır. Bunu ötən gün ABŞ prezidenti Donald Trampın Respublikaçılar partiyasından Senat üzvləri ilə Türkiyəyə qarşı sanksiya məsələsini müzakirə etməsi də bir daha təsdiq edib. Məsələ ilə bağlı Ağ Evin yaydığı məlumatda sanksiyanın Ankaranın Rusiyadan S-400 zenit raket kompleksləri alması ilə əlaqələndirildiyi bildirilir. Məlumatda qeyd edilir ki, bu görüş Rusiyadan zenit raket kompleksləri almasna görə Türkiyəyə qarşı mümkün sanksiya tətbiqinə həsr olunub. Təqribən 90 dəqiqə davam edən söhbət zamanı görüş iştirakçıları Rusiyadan S-400 zenit-raket sistemləri alması səbəbindən Türkiyəyə qarşı mümkün sanksiyaları müzakirə ediblər. Hələlik görüş zamanı Türkiyəyə sanksiya ilə bağlı hansı nəticəyə gəlindiyi barədə məlumat verilmir.

Lakin bütün hallarda Trampın senatorlarla Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi barədə məsələni müzakirə etməsini təsadüfi hesab etmək olmaz. Belə hesab etmək olar ki, istənilən halda ABŞ tərəfindən Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi qaçılmaz olacaq. Xatırladaq ki, Türkiyə rəsmiləri Tramp və digər yüksək vəzifəli ABŞ rəsmiləri ilə görüşlərdən sonra ölkəyə sanksiya tətbiq edilməyəcəyi barədə ümidverici açıqlamalar vermişdilər. Belə ki, bununla bağlı verilən açıqlamlarda qeyd edilirdi ki, Tramp Türkiyəyə sanksiya tətbiq etmək istəmir.

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu TGRT Xəbər televiziyasının canlı yayımında gündəmlə bağlı bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp Türkiyə ilə münasibətlərə əhəmiyyət verir: "S-400, F-35, Münbiç məsələsində ABŞ-dan fərqli səslər gəlir. Lakin Trampın Osakadakı çıxışından sonra bu səslər azalmağa başlayıb. Amerikalılar S-400 ilə F-35-in bir arada ola bilməyəcəyini deyir. İşçi qrupu yaratmağı da təklif etmişik. Amma hələ bir cavab yoxdur. Tramp Türkiyəyə sanksiya tətbiq etmək istəmir. Hava hücumundan müdafiə sistemləri isə bizim üçün çox əhəmiyyətlidir. Bu razılaşma bitdi. Trampın Türkiyəyə sanksiya tətbiq etməmək üçün cəhd göstərdiyini bilirik. S-400-lər gələn ilin əvvəlində aktiv olacaq. S-400-lər Patriotlardan daha irəli bir texnologiyadır".

Türkiyə xarici işlər naziri onu da qeyd etmişdi ki, hazırda sanksiya tətbiq olunması ilə bağlı konkret məlumat yoxdur. Trampın sanksiyanı təxirə salmaq, hətta tətbiq etməmək səlahiyyəti var. ABŞ-ın Türkiyəyə sanksiyası isə qəbuledilməzdir. Onun sözlərinə görə, F-35-lə bağlı layihədən kənarlaşdırımaq məsələsində addım atılmayıb. Bütün müttəfiqlər Türkiyənin layihədən çıxarılmasına qarşıdır. Türkiyə çıxarılsa, F-35-in qiyməti 7-8 milyon dollar artacaq. Lakin türk pilotlara bəzi məhdudiyyətlər qoyulub:

"F-35 layihəsinin ortağı kimi 1,4 milyard dollar pul vermişik. Deyək ki, ən pis ssenari gerçəkləşdi. O zaman müdafiə sistemində necə alternativ axtarışlarına çıxdıqsa, eləcə də burada başqa qaynaqlar axtaracağıq".

Öz növbəsində Türkiyə rəsmilərinin ABŞ tərəfindən sanksiya tətbiq edilməyəcəyi barədəki açıqlamaları ABŞ mətbuatə tərəfindən də təsdiqlənmişdi. Bununla bağlı ABŞ-ın nüfuzlu Uoll Strit nəşri yazmışdı ki,

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana S-400 zenit raket komplekslərinin alınmasından sonra Ankaraya qarşı sanksiya tətbiq edilməyəcəyi barədə zəmanət verib: "Türkiyəyə qarşı sanksiya tətbiq etmək istəməyən Tramp məsələ barədə müşavirləri ilə söhbət aparıb və söhbət əsnasında Ərdoğana zəmanət verdiyini qeyd edib. Trampın yekun qərarı isə Con Bolton və Mayk Pompeo ilə görüşdükdən sonra verəcəyi bildirilib".

Nəşr həmçinin ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun NATO rəsmiləri ilə görüş zamanı bu həftə sanksiyalarla bağlı qərarın açıqlanacağını bildirdiyini qeyd edib. Buna baxmayaraq son hadisələr göstərir ki, okeanın o tayında Türkiyənin də başı üzərində İrana münasibətdə olduğu kimi qorxulu oyunlar oynanılmaqdadır. Lakin o da aydındır ki, Türkiyəona qarşı tətbiq edilə biləcək istənilən sanksiyalara sərt şəkildə cavab verəcək. Məsələyə münasibət bildirən Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko deyib ki, ABŞ Türkiyəyə sanksiya tətbiq edərsə, Ankara çox sayda və son dərəcə sərt cavablar verə bilər.

O qeyd edib ki, ABŞ Türkiyəyə sanksiya tətbiq etsə, İncirlikdəki ABŞ-ın taktiki nüvə silahları təxliyə edilə bilər. Bu isə ABŞ-a son dərəcə ağır zərbə olar:

"Əgər ABŞ təhdid və təzyiq siyasətinə davam edərsə, xüsusən də Rusiyadan alınan S-400 raket əleyhinə müdafiə sistemləri ilə bağlı Türkiyəyə sanksiya tətbiq edərsə, buna qarşı addımlar atılacaq. İncirlik hərbi bazası ABŞ-ın NATO-nun cənub cinahındakı aktları üçün əhəmiyyətlidir və bu addım həm hərbi, həm də siyasi mənada Vaşinqton üçün son dərəcə ağır zərbə olar".

Türkiyəyə qarşı ABŞ tərəfindən tətbiq edilməsi nəzərdə tutulan sanksiyalar Qərb mətbuatınınn da diqqət mərkəzindədir. Bunu fransanın nüfuzlu "Le Fiqaro" qəzetində gedən yazı da bir daha təsdiq edir.

Türkiyənin Rusiyadan aldığı S-400 raketləri ətrafında yaranan beynəlxalq situasiya ilə bağlı Anna Andlauer tərəfidən qələmə alınan yazıda Rusiyanın 12 iyulda, yəni dövlət çevrilişinə edilən cəhdin 3-cü ildönümü ərəfəsində raket tədarükünə başlamasının təsadüf olmadığı bildirilib.

"Türkiyənin 1950-lərdən bəri üzv olduğu və dayağına çevrildiyi NATO-nun bundan alacağı dərslər var. İlk öncə Türkiyə liderinin blef etmədiyi ortaya çıxdı.

Vaşinqtonda və NATO-nun mənzil qərargahında uzun müddət düşünülürdü ki, o, təzyiqlər və sanksiya təhdidləri qarşısında geri çəkiləcək. Lakin NATO sistemləri ilə tamamilə uyğun olmayan Ruisya hərbi arsenalını almaqla üzərinə məsuliyyət götürən Rəcəb Tayyip Ərdoğan "Sərbəst atıcı" imicini daha möhkəmləndirmiş oldu. O, türklərin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, onu bu məsələdə dəstəklədiyini sübut etməklə bərabər alyansın qaydalarını və məntiqini dəyişdirmək qabliyyətində olduğunu nümayiş etdirdi",-deyə müəllif yazır.

A.Andlauerin fikrincə, 2016-cı ilin iyulun 15-də baş verən hərbi çevriliş zamanı hava qüvvələrinin dövlət orqanlarının yerləşdiyi yerləri bombalaması, quru qoşunlarının isə böyük bölümün ona sadiq qalması Ərdoğana hava hücumundan müdafiə sisteminə malik olmaq zərurəti barədə düşüncəsini verib. Qərb liderlərinin çevriliş zamanı tərəddüd keçridiyi bir məqamda Vladimir Putin hamıdan tez telefona sarılaraq ona dəstəyini ifadə edib. Tayyip Ərdoğan isə bunu heç vaxt unutmur,-deyə yazıda göstrilib.

Məqalədə Türkiyədə Gülən hərəkatının arxasında ABŞ-ın dayandığı fikrinin sabit və hakim olduğu ifadə edilir. Bundan başqa, rəsmi Vaşinqtonun onu verməkdən imtina etməsi, üstəlik, ABŞ Konqresinin son bir neçə il ərzində Türkiyəyə "Patriot" raketlərinin satışını əngəlləməsi bütün bu fikirlərə rəvac verib.

Müəllifin fikrini aldğı, Türkiyənin Avropa Birliyindəki keçmiş səfiri Ulus Özülkər yaranan situasiyaya görə ABŞ-ı ittiham edib. "Mən müdafiə olunduğum vaxtda qapınızı döyürəm, lakin siz onu açmırsınız. Lakin mən təhlükəsizliyimi başqa bir nöqtədə aramaq istəsəm o zaman cəzalanmalı olan ögey oğula dönürəm,-deyə türkiyəli səfir qəzəblə bildirir.

Politoloq Sinan Ülgen isə Ankaranın balanslaşdırma siyasətinin Qərblə münasibətlərə ziyan vuracağı anlamına gəlmədiyini söyləyib. Onun sözlərinə görə, bunadan sonra Türkiyənin NATO-nun təhlükəsizlik strukturunda yer almayacağı barədə gedən fikirlər hadisələrin radikallaşdırılmış təfsirindən başqa bir şey deyil.

Lakin istənilən halda Qərbdəki bəzi türk düşməni ölkələrvəşovinist ruhlu siyasətçilər Türkiyənin F-35 proyektindən kənarlaşdırılması üçün çalışan müttəfiqlər bununla da kifayətlənmək istəmirlər.

Xüsusi ilə qlobal media şəbəkəsini idarə edən İsrail lobbisi Ərdoğandan sonrakı dövrə hazırlıq çağırışları edir. İttifaq üzvləri isə Türkiyəni NATO-dan da çıxararaq, Ankaraya bunun bədəlini ödətmək istəyirlər. Bütün bunlar onu göstərir ki, qərb dünyasının tək dərdi Türkiyənin Rusiyadan S-400 alması deyil, bu məsələ daha böyük çevrilişlər üçün sadəcə bəhanədir. Məsələn,

Türkiyəyə qarşı mütləq böyük cəza tədbirlərinin görülməsi fikrində olan "Vol strit" (Wall street) jurnalının əməkdaşları media vasitəsilə kəskin fikirlər bəyan edir.

"Ərdoğana sonsuzadək iqtidarda olmayacaq. Ondan sonra gələcək şəxs qərbə düşmənlik məsələsini bir daha düşünməlidir. Türkiyəyə cəzasını Tramp verməsə də, müttəfiqlər verəcək" , - deyə bir yazıda qeyd olunub.

ABŞ ordusunun sabiq generalı Ben Hoces də dəvət aldığı verilişdə "Ərdoğandan sonranı" düşünməliyik çağırışını edib.

"Türkiyə-ABŞ əlaqələrinin ilk versiyası çox güman ki, bu il sona çatacaq. Lakin biz bu əlaqələrin ikinci versiyası və Ərdoğansız Türkiyə haqda düşünməliyik. Rusiyadan S-400 alınması isə Ərdoğanın sadəcə şəxsi istəyilə gerçəkləşib".

"Bəs Ərdoğan hakimiyyətdə qalmağa davam etsə?" - sualına cavab olaraq Hoces deyib: "Bu, çox çətin olar hər kəs üçün. Lakin hər iki tərəf geostrateji çərçivədə hərəkət etməlidir. Türkiyəni itirməyi gözə ala bilmərik".

Beləliklə hadisələrin gedişi göstərir ki, ABŞ tərəfindən Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi bölgədə daha bir gərginlik ocağının yaranmasına gətirib çıxaracaq. Bütün bunlar isə istər bölgəyə, istərsə də Qərbə yaxşı heç nə vəd etmir.

Emin Axund

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az