Bu gün istedadlı hərbçi, general-mayor Hikmət Həsənovun doğum günüdür

Bu gün istedadlı hərbçi, general-mayor Hikmət Həsənovun doğum günüdür

Azərbaycan tarixiboyu özünün istedadlı sərkərdələri ilə məşhur olub. Bu sərkərdələrin hər biri öz adını dünyanın hərb tarixinə qızılı hərflərlə yazdırıb. Bu baxımdan günümüzdə erməni işğalçılarına qarşı mübarizədə yeni istedadlı sərkərdələrimiz öz döyüş ustalıqlarını nümayiş etdirməkdədirlər. Onlardan biri də 3-ü Madagiz (Suqovuşan) kəndi və yüksəkliyinin işğaldan azad edilməsinə görə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təbrik edilən 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənovdur. Hazırda ömrünün 45-ci baharını yaşayanHəsənov Hikmət Hüseyn oğlu əslən ermənilər tərəfindən işğal edilən Füzuli rayonundandır. 1975-ci il oktyabrın 9-da Füzuli rayonunun Pirəhmədli kəndində anadan olan Hikmət Həsənov hələ orta məktəbdə oxuduğu illərdə kəndləri erməni quldur dəstələri tərəfindən işğal edilib. Düşmənə nifrət hissi onu hərbçi olmağa həvəsləndirib. Bu məqsədlə də Hikmət Həsənov 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Lakin bu məktəbi bitirmək ona nəsib olmayıb. Cəbhədə vəziyyətin ağırlığı ilə əlaqədar döyüş bölgəsinə göndərilən Hikmət Həsənov 1993-cü ildə Tərtərdə "N" saylı hərbi-hissədə tağım komandiri kimi xidmətə başlayıb. Xüsusi istedadını nəzərə alaraq onu 1994-cü ildə Türkiyəyə 6 aylıq kursa göndəriblər. O burada öz döyüş biliklərini daha da təkmilləşdirib və müəllimlərinin sevimlisinə çevrilib. Türkiyədə kursu başa vurub qayıtdıqdan sonra
Ağdamda "N" saylı briqadada xidmətə başalayıb və qısa müddətdə bölük komandiri, tabor komandiri vəzifəsinə kimi yüksəlib.

Hərbi biliklərini daim təkmilləşdirmək istəyən Hikmət Həsənov bu məqsədlə 2002-ci ildə Çin Xalq Azadlıq Ordusunun Nankin Quru Qoşunları Ali Hərbi Akademiyasına daxil olur. O bu akademiyada təhsil aldığı illərdə özünü əsl peşəkar hərbçi kimi göstərərək yüksək səviyyəli çinli generalların rəğbət və hörmətini qazanır. Akademiyanı fərqlənmə ilə bitirən və xüsusi döş nişanı ilə təltif olunan Hikmət Həsənov 2003-cü ildə vətənə qayıdır və Qazaxda "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini kimi hərbi xidmətini davam etdirir. Yüksək hərbi istedad nümayiş etdirdiyinə görə, az sonra Hikmət Həsənovu Tovuzda "N" saylı briqadanın qərargah rəisi təyin edirlər. Düşmənə nifrəti və cəsarəti ilə seçilən qərargah rəisi 2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu ələ keçirir və bu zaman xüsusi qəhrəmanlıq göstərir. Bu igidliyinə görə, Hikmət Həsənov komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə təyin edilir. Hikmət Həsənov 2005-ci ildə Gəncədə "N" saylı briqadanın komandiri vəzifəsinə irəli çəkilir. O, 2008-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olur və 2010-cu ildə akademiyanı fərqlənmə ilə bitirir. Akademiyanı başa vurduqdan sonra Pirəküşküldə Müdafiə Nazirliyi tərəfindən yaradılan NATO taborunun yerləşdiyi briqadaya komandir təyin edilən Hikmət Həsənov NATO təlimlərində qarşıya qoyulan tapşırığı ingiliscə məruzə edən ilk azərbaycanlı hərbçi olub. Sonra o, hərbi biliklərini artərmaq üçün Almaniyaya gedərək burada NATO əməliyyat planlaşdırması kursunda oxuyur.
2014-cü ildə Hikmət Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə strukturu yenidən qurulan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi təyin edilir. İstedadlı hərbçiyə 2014-cü ildə Ali Baş Komandanın sərəncamı ilə general-mayor rütbəsi verilir.

2014-cü il dekabrın 28-də Ali Baş Komandanın sərəncamı ilə Silahlı Qüvvələrin ən təhlükəli, strateji postu olan "N" saylı birləşmənin komandiri təyin olunan Hikmət Həsənovun komandanlığı altında ordumuz tərəfindən 2015-2017-ci illərdə Ağdam-Tərtər-Goranboy istiqamətində düşmənə ağır zərbələr vurulur. Hikmət Həsənovun hərbi istedadı 2016-cı il aprel döyüşlərində parlaqlığı ilə üzə çıxır. Onun komandanlığı altında ordumuz 2 saat ərzində düşmənin 24 illik "Ohanyan müdafiə xətti"ni yararaq düşmənin 21 postunu məhv edir və 7 strateji yüksəkliyi düşməndən təmizləyir.

Hərbi istedadına görə 2018-ci ildə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülən Hikmət Həsənov həmçinin Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi, 95 illiyi, 100 illiyi yubiley medalları və "Qüsursuz xidmətə görə" medalı ilə təltif olunub.
2020-ci il sentyabrın 27-də düşmən təxribatına cavab olaraq əks-hücuma keçən Azərbaycan ordusu general Hikmət Həsənovun rəhbərliyi altında düşmənə ağır zərbələr endirməkdə davam edir. Hikmət Həsənovun Suqovuşanın alınmasında göstərdiyi böyük xidmət də onun hərbi istedadının daha bir təsdiqinə çevrilib. Əlbəttə generalın daha böyük qələbələri qarşıdadır. Biz bu gün 45 yaşı tamam olan general-mayor Hikmət Həsənovu ad günü münasibəti ilə təbrik edir, ona işğal altındakı topraqlarımızı tam şəkildə azad etmək, Şuşaya və Xankəndiyə qələbə bayraqları sancmağı arzu edirik.

Murad Şahməmmədov

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az