Mediainfo.az Milli Məclisin komitə sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun Musavat.com-a müsahibəsini təqdim edir:
- Siyavuş bəy, Belarusdakı seçkilərdən sonra baş verənlərə Azərbaycanın hakim partiyasının, partiyanın aparıcı şəxslərindən biri olaraq sizin münasibətiniz necədir?
- Burda iki məsələ var. Birincisi, bir sıra dünya ölkələri var ki, ancaq dağıtmaqla məşğuldur. Amma qurmağın proqramını hələ indiyə qədər verməyiblər. Məsələn, İraqı, Liviyanı, Suriyanı, Yəməni götürək. Qurulmuş dövlətləri müxtəlif bəhanələr altında dağıdıb, hərc-mərclik yaradıb, idarə etmək fikrində olanlar var. Amma hansı reseptlə həmin dövlətlər bu durumdan çıxacaqlar, onu deyən yoxdur. Liviyada bağça, məktəb pulsuz idi, yeni doğulan uşağa 3 mindən artıq pul verirdilər. Yüksək əmək haqqı var idi. 230 milyard da Neft Fondunda ehtiyatı var idi. Nəticə etibarilə nə oldu? 230 milyardı vurub əlindən çıxartdılar, indi hərdənbir camaatın qabağına 1 milyard atır ki, alın, sizə yardım edirəm. Bəs, bu xalqın ehtiyat pulu harda qaldı? O cümlədən İraqı götürək. Vaxtilə İraqın 1 dinarı 3 dollar idi. Bu ölkənin başına elə oyun açdılar ki, gəldi indiki vəziyyətə düşdü. Səddam Hüseynə ittihamlardan biri bu idi ki, hakimiyyəti dövründə 57 nəfər öldürülüb. İndi rəsmi məlumata görə, milyon yarım insan ölüb, 5 milyon da şikəstdir. Qeyri-rəsmi bu say daha artıqdır. Bağdad, Bəsrə kimi dünyanın ən gözəl müsəlman şəhərləri darmadağın edildi.
- Dedikləriniz doğru, amma Belarus müsəlman ölkəsi deyil, neft pulları da yoxdur...
- Bunlar üçün fərqi yoxdur. Məsələn, Ukraynanın özü nə qazandı? Ərazisinin bir hissəsini itirdi, iqtisadiyyatını qaldıra bilmir, ortada da bir şey yoxdur. Ukrayna və Belarusda bu addımların atılması sadəcə olaraq Rusiya ilə Avropa arasında bufer zonanın yaradılmasıdır. Burda da məqsəd başqadır. Elə bufer zona yaradılsın ki, Rusiyanın Şərqi Avropa və digər ölkələrlə ünsiyyəti, əlaqələri kəsilsin.
- Amma Belarus rəhbərliyi seçkilərdən əvvəl Rusiyanı sərt şəkildə ittiham edirdi. Minskə döyüşçülər, hərbçilər göndərildiyi məlum oldu. Yəni ittihamın hədəfində Avropa deyildi...
- Bəli. Belarus sərbəst, müstəqil siyasət yürüdən az-az ölkələrdəndir. Nəzər salsaq, Sovetlər Birliyi dağılandan sonra da orda müəssisələrin heç biri dayanmadı. Soyuducu istehsalından tutmuş traktor zavodunadək bütün istehsal müəssisələri təkmilləşdirildi və alıcıların növbəsi yaranıb.
- Amma meydana axışan izdihamdan belə aydın olur ki, Belarus xalqı bütün bu inkişafa, təminata rəğmən, 26 illik Lukaşenko hakimiyyətindən yorulub. Siz də belə düşünürsünüzmü?
- Seçim Belarus xalqınındır, biz onların daxili işlərinə qarışa bilmərik. Amma müşahidələrimizi bölüşə bilərik. Məsələn, Avropanın istənilən ölkəsinə azad şəkildə gediş-gəliş var, Berlindən başlamış, üzü bu tərəfədək. Hansı ölkəyə istəyirlərsə, Belarusun sərhədindən keçirlər, 2-3 saata ordadırlar. Yaxud da orda yeridilən siyasətin nəticəsində ictimai-siyasi sabitlik var, kriminogen durum nəzarətdədir. Təbii ki, insanlar hamısı nəsə axtarışdadır. Kimsə bilsə ki, qabaqdan gələn gün keçmişdəkindən pis olacaq, onda heç vaxt o addımı atmaz.
- Vaxtilə daha çox işlədilən belə bir şablon fikir var idi: demokratiya heç bir ölkənin daxili işi deyil. Belarus üçün keçərli sayıla bilməzmi?
- O, Amerikanın fikriydi, darmadağın olundu. ABŞ-ın Buşdan başlamış bu tərəfə yürütdüyü siyasət idi. Ortaya çıxan bu oldu ki, dünyanı idarə edən ancaq maraqlar var. Demokratiya, söz, fikir azadlığı, azad internet - bunlar hamısı oyundur. Amma yenə deyirəm, Belarusda baş verən hadisələr belarusların daxili işidir. Avropanın ortasında yerləşirlər, Avropa ilə əlaqələri var. İndi bir qrup belə düşünür, digər qrup tamam başqa cür...
- Aleksandr Lukaşenkonun Azərbaycana yüksək münasibəti, dəfələrlə Ermənistana layiq olduğu yeri göstərməsi hər birimizə bəllidir və sərfəli liderdir. Həmçinin Azərbaycan Prezidentilə də münasibətləri yüksək səviyyədədir, bloger Lapşini qolubağlı ölkəmizə təhvil verməsini, KTMT-də işğalçı ölkəni dəfələrlə pis vəziyyətdə qoymasını da unuda bilmərik...
- Bəli. Ermənistan Aprel döyüşlərində KTMT-yə müraciət edəndə Belarus birinci bəyan etdi ki, Azərbaycan öz ərazisində antiterror əməliyyatı keçirir, Ermənistanın ərazisinə müdaxilə yoxdur ki, KTMT işə qarışsın. Yəni hər adamın bu sözləri deməyə cəsarəti çatmır. Deyir, başqa dövlətlə münasibətlərimi niyə korlayım ki?! Belarusun Azərbaycana münasibəti həmişə yaxşı olub.
- Bu da faktdır ki, Nazarbayevin zamanında Qazaxıstan dövlətinin Azərbaycana münasibəti tamam fərqli idi, amma yeni prezidentin dönəmində Ermənistanın işğalçılıq siyasətilə bağlı yumşalmalar, yayınmalar hiss olunur.
- Doğrudur, yumşalmalar, yayınmalar var.
- Ehtiyat edirsinizmi ki, Belarusda hakimiyyət dəyişikliyi baş versə, bu, Minskin Azərbaycana münasibətində dəyişikliyə səbəb ola bilər?
- İnanmıram ki, bu yaxınlarda orda hakimiyyət dəyişikliyi olsun. Fikrimcə, bu hadisələr keçicidir. Ukrayna dərsləri hamıya bəllidir. Məlum hadisələr və yekunda Ukraynanın “qazancı”: İki böyük ərazisini itirdi, hələ də ölkədə sabitlik yoxdur. Belarusdakı vəziyyəti də mütəxəssislər diqqətlə izləyir. Biz xalqın seçimini müdafiə edirik. Xalq kimi seçirsə, o da olacaq. Rəsmi rəqəmlərə görə, Belarus xalqı 80 faiz nəticə ilə Lukaşenkonu seçib.
- Bəs, meydanda olanlar?
- Ola bilər də meydana qalan 20 faiz çıxsın, burda nə var? Azlıq çoxluğa tabedir, çoxluq azlığa yox.
- Amma meydana çıxan Lukaşenko tərəfdarlarının sayı kifayət qədər azdır.
- Onlar hamısı iş adamıdır, işləyirlər.
- Müəssisələrin bir çoxu tətil edib...
- Ola bilər. Biz vaxtilə bunların hamısını yaşamışıq. O hadisələr bizi hansı vəziyyətə gətirdi, onun da şahidi olmuşuq, ərazilərimizin işğalı, hərc-mərclik, qanunsuz silahlı dəstələrin yaradılması və s. Yaxşı ki, 93-cü ildə Ümummilli lider gəldi, yoxsa kim bilir Azərbaycan hara gedəcəkdi...
- Bu iddialardan hansı inandırıcıdır: Putin Lukaşenkonu devirmək istəyir, yoxsa Rusiya prezidenti Qərbi neytrallaşdırmaq, Belarus liderini xilas üçün gedişlər edir?
- Mən bir şeyi bilirəm ki, heç bir dövlət digərində güclü liderin və onun inkişaf etmiş dövlətinin olmasını istəmir. Ümumiyyətlə, bu, dövlətçiliyin qaydasıdır ki, mənə qonşu olan dövlətin rəhbəri nə qədə zəif olacaqsa, bir o qədər yaxşıdır. Stalinin bir məsəli var idi. Hamını yığır, toyuğu yolub atır günün qabağına. Toyuqsa gəlib qısılır onun çəkməsinin qabağında. Hara çevrilirsə, toyuq da ondan aralanmır. Deyir bax, belə etmək lazımdır ki, hamı çəkmənin yanında dursun.
- Putin Lukaşenkodan sonra Belarusu öz çətiri altına alıb, SSRİ-ni bərpa istiqamətində addımlar ata bilərmi?
- 1991-ci ildə Varşava Müqaviləsi Təşkilatının fəaliyyətinə xitam verildikdən sonra hər bir dövlət öz müstəqilliyini qazandı. O zaman Belarus tarixdə ilk dəfə müstəqil dövlət oldu. Yəni ona qədər bizim müstəqil dövlətimiz olmuşdu, Azərbaycan Demokratik Cümhuriyyəti, amma belaruslarda bu, bir ilk idi. Qədim Kiyev Rus Dövləti yaranandan bunlar bir yerdəydilər. Ona görə də hər bir dövlət öz müstəqilliyinin qədrini bilməlidir.
- Belarus hökuməti istefa versə də, Lukaşenko təkrar seçki keçirilməyəcəyini bəyan edib. Bu proseslər qanlı sonluqla bitə bilərmi?
- İnanmıram. Yaxın vaxtlarda yəqin stabillik yaranacaq. Xalqın seçimi var.
- Azərbaycan Belarusdakı seçkilərin nəticələriylə bağlı rəsmi mövqeyini ifadə edib. Bu, bizimçün hansısa risklər vəd etmir ki?
- Qəti şəkildə. Bizim Belarus xalqı ilə də, rəhbərliyi ilə də xoş münasibətlərimiz olub, bundan sonra da davam edəcək.
- Qərb institutları, böyük dövlətlərsə fərqli mövqedədir, nəticə ilə barışmaq istəmirlər.
- Qərbin mövqeyini Tovuz hadisələrində, başqa hadisələrdə gördük də... Avropa Şurası ağzını açıb bir kəlmə danışmadı. ATƏT-in Mink Qrupunun həmsədrləri, ATƏT özü bir kəlmə mövqe bildirmədi. Dinc əhali güllələndi, evlər dağıdıldı, sərhəd pozuldu. Qərbin mövqeyi nədən ibarətdir? Bu cür mövqesizlikdir. Ona görə də “Qərbin arşını ilə ölçüb” quyuya düşmək olmaz.
- Siyavuş bəy, həmsədr ölkələrdən biri olan Rusiya Tovuz döyüşləri zamanı Ermənistana 400 ton hərbi yük yolladı...
- Onunla bağlı cənab prezident zəng etdi, Putinlə danışdı. Bildirdi ki, Rusiya həmsədr ölkədir, 16-17 təyyarə ilə silahlar daşınır Ermənistana. Hələ Yeltsinin dövründə işğalçı ölkəyə 2 milyard dollarlıq silah verilmişdi. Düzdür, əsaslandırırlar ki, onlar köhnəlmiş, vaxtı keçmiş silahlardır. Bütün hallarda bu, münasibətin göstəricisidir. O baxımdan da mən hesab edirəm düzgün olaraq məsələ qaldırılıb ki, həmsədrlik institutuna yenidən baxılmalıdır. Artıq bu, 3 dövlət 25 ildən artıqdır münaqişəni həll edə bilmir, bunlar kənara çəkilməlidir, yeni 3 dövlət bu prosesləri həyata keçirməlidir.
- Yəqin sosial şəbəkələri siz də izləyirsiniz, fikirlər var ki, cənab Prezident ortaya qəti şəkildə iradə qoyaraq Putinə etirazını bildirdi, amma Rusiyadan orden, medal alanlar səssiz qalıb. Hesab olunur ki, etiraz ordenlərdən imtina şəklində də ola bilər. Siz də Rusiya tərəfindən təltif olunmusunuz, bu təklifə münasibətiniz necədir?
- Mən Sovet hökumətindən almışam, sovetlər vaxtı xidmət etmişəm. Sovet hökumətinin zamanında vahid vətən anlayışı var idi. Mənim təltiflərim də Vətənə xidmətə görədir. Orda Azərbaycan da gedir, Qazaxıstan da, Ukrayna da, Rusiya da. Konkret olaraq mən Rusiyanın hər hansı təltifini almamışam.
- Bəs, bir neçə il əvvəl aldığınız Rusiya Federasiyasının “Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə ordeni” nədir?
- Yox, orada sovet ordusundan söhbət gedir. Mehdi Hüseynzadəyə 1956-cı ildə Sovet İttifaqı Qəhrəmanı adını verdilər. Bunun məsələyə nə aidiyyəti? Məndə ancaq Sovet hökuməti tərəfindən verilənlərdir. Rusiya özünü Sovet İttifaqının varisi elan edib, amma xidmət Sovet hökumətinə aiddir. Bu gün mən Rusiya ordusunda qulluq eləmirəm, xidmət göstərmirəm, mənə niyə orden verilməlidir ki?
- Amma Rusiyadan orden-medal alanlar da az deyil...
- Alanlar var. Amma onların müəyyən hissəsi “Dostluq” ordeni alıb. Biz də onlara vermişik. Amma konkret olaraq Rusiyadan hər hansı döyüşə, yaxud xidmətə görə orden alan yoxdur. Ya dini ordendir, ya dostluq ordenidir. Bir məsələni deyim, adətən, bir ölkə başqa ölkəni silahlandıranda, dövlət müəyyən məsələləri qaldırmayanda, ölkə müxalifəti səsini qaldırır və etiraz edir. Tutaq ki, İran bir addım atanda hamısı tökülür ortaya, amma Rusiya nəsə edəndə birinin səsi çıxmır.
- Rusiya ilə bağlı da bəzi müxaliflərin etirazları oldu.
- Bir neçə nəfər oldu, yerdə qalanların heç biri bu məsələlərə öz münasibətini bildirməyib.
- Türkiyə-Azərbaycan birgə təlimlərindən, baza yaradılacağından narahatlıq ifadə edən, Rusiyanın mövqeyini bölüşənlərlə bağlı münasibətiniz necədir?
- Azərbaycan Türkiyə ilə daim Azərbaycanda, Naxçıvanda bu təlimləri keçirir. Azərbaycan, Gürcüstan, Türkiyə birgə təlimləri də keçirilib, türk şahinlərinin Azərbaycan səmasında dəfələrlə uçuşları olub. Ən əsas məsələ budur ki, Ermənistanın hərəkətinə qarşı ən kəskin, ən dəqiq, düzgün və dəstəkverici addımı Türkiyə Prezidenti, digər rəsmi şəxsləri atdı. Sıravi vətəndaşlara qədər böyük bir dəstək yürüşü keçirtdilər. Türkiyə ilə Azərbaycan qardaşdır, necə ki, ulu öndər demişkən, “Bir millət, iki dövlət”dir. Ona görə də ziyanı başqa yerdən gözləsinlər, Türkiyədən yox...
Mediainfo.az