
- Özün haqqında məlumat verərdin?
- Yaşımı deməyəcəm. Xoşlamıram kimsə bilsin. Füzuli rayonunda anadan olmuşam. Orta təhsilimi bir il yarım Beyləqanda, sonra isə Bakıda davam etdirmişəm. Tibb texnikumunu bitirmişəm. Sonra Şuşa Musiqi texnikumunun Fortepiano sinfini bitirmişəm. 2000-ci ildə də İncəsənət Universitetinin Rejissor-aktyor fakültəsinə daxil olmuşam və oranı bitirmişəm. Ailəliyəm, Əli adında bir oğlum var. 2004-cü ildən müğənni kimi fəaliyyət göstərirəm.
- Ailədə neçə uşaq olmusunuz?
- Beş bacıyıq. Atam dünyasını dəyişib. Onda mənim 16 yaşım var idi. Ailədə sənətlə məşğul olan bir mənəm. Qalanları evdar xanımdır.
- Niyə məhz sənət adamı olmaq istədiniz?
- Onu anama demək lazımdır. Məni II sinifdən pianino məktəbinə qoydular. Səsimi yoxladılar, dedilər ki, bundan yaxşı musiqiçi olar. Elə birinci oradan başladım. Dərsdən qaçıb xor dərslərinə baxırdım. Arzum uşaqlıqdan müğənni olmaq olub. Anamın arzusu idi, məni Şuşa Musiqi Texnikumuna qoydu, bitirdim. İki il Musiqi Akademiyasına hazırlaşdım, bir çox fərdi dərslər aldım, qismət oldu, İncəsənət Universitetinə daxil oldum. Bunların hamısı anamın istəyi ilə olsa da, mənim də ürəyimdən idi. Nailə Mirməmmədlidən iki ay dərs almışam. Tamilla xanımdan vokal dərslər aldım, Milli Musiqi Akademiyasında da Firudin müəllimədən fərdi dərslər aldım.
- Sənətin pik nöqtəsi var. O nöqtəyə asanlıqla çatacağına inanırdır?
- Yox, deyim ki, ürəyim istəyən kimi sənətin pik nöqtəsinə çatmamışam. Çox çətinliklər olub. Artıq 9 ildir bu sənətdəyəm. Mənim bəxtim gətirdi ki, "Azəristar" yarışmasının qalibi oldum.
- Həmkarlarından kimin ifalarını dinləyirsən?
- Müxtəlif mahnılar dinləyirəm. Radioda xoşuma gəlirsə, qulaq asıram. Xumar Qədimovanın, Mətanət İsgəndərlinin, Röyanın, Natəvanın mahnılarını dinləyirəm. Əsas odur ki, mahnı ürəyimə yaxın olsun, onda sevə-sevə qulaq asıram.
- Günel qalmaqal burulğanına düşüb?
- Azəristar vaxtında qalmaqal oldu. Amma indi xoşlamıram. Çünki istəmirəm yersiz əsəbiləşim, kimsə reklam olunsun. Təbii ki, kimsə nəsə deyərsə, cavabını verərəm. Bacardıqca uzağam qalmaqaldan, sənətimlə məşğulam.
- Günelin dostu kimdir?
- Bu sənətdə dostum yoxdur. Çünki, mən elə insanam ki, kimisə ürəyimə yaxın buraxıram, sonra peşman oluram. Əslində isə bu şou-biznesdə hamı ilə münasibətimi saxlayıram. Amma xoşuma gəlməyənlər də var ki, onlara yaxın getmirəm. Deyim ki, ünsiyyət qurduqlarım var, can yoldaşım, rəfiqə dediyim yoxdur.
- Yaradıcılığında nə kimi yeniliklər var?
- Hazırda Nurlan Təhməzlidən bir mahnı almışam. O da müğənnidir. İnanıram ki, o mahnı çox uğur gətirəcək.
- Uşaqlıqda hansı arzularla böyüyürdün və səni necə çağırırdılar?
- Mənə həmişə Günka deyirdilər. Evdə də hələ Günel deyən olmayıb. O qədər ağappaq idim ki, qonşular mənə "kələm" deyirdilər. Ləqəbim "Kələm" qalmışdı. Mən də ağlayırdım ki, niyə mənə elə deyirlər. Gözüm uzun, balaca idi. Amma ilk dəfə rəhmətlik atam mənə Günka deyib. O vaxtdan da bu ad mənim üçün əzizdir.
- Şəxsi həyatında xoşbəxtsən?
- Əlbəttə, çox xoşbəxtəm.
- Bəs, bir çox söz-söhbətlər gəzir ki, Günel həyat yoldaşından ayrılıb.
- Hamısı yalandır. Həyat yoldaşım bir miqdar pula bankrot oldu. Burada "Çay evi" açdıq, alınmadı. Çindən pal-paltarlar gətirdi, yenə alınmadı. Bunu özüm demirdim, heç yerdə. Hazırda Krasnodardadır.
- Həyat yoldaşınla necə tanış oldun? İlk sevgini hansınız etiraf etdiniz?
- Mən çox eqoist insanam. Çox istədiyim insana sevgimi bildirə bilmirəm. İlk dəfə də sevgini həyat yoldaşım bildirdi. Və mən də dedim ki, fikirləşərəm. (Gülür). İki aydan çox ünsiyyət qurduq. SMS-ləşdik, görüşdük, zəngləşdik. İki aydan sonra nişanlandıq. Sonra da ailə qurduq.
- İlk dəfə səni küçədə tanıyanlar olanda, hansı hissləri keçirtdin?
- "Azəristar"ın vaxtı idi. Mərkəzi Univermağa getmişdim. Kim görürdü, deyirdi ki, baxın, Güneldi. Bir az həyəcanlanırdım. Nə qədər olmasa, istər-istəməz adam onu kimsə tanıyanda, kompleksə girir.
- Son zamanlar yaşadığın ən sevincli anların hansıdır?
- Demək olar ki, axır vaxtlar çox sevincli günlər yaşayıram. Allah bədnəzərdən qorusun.
- Bir çox müğənnilər var ki, özünə titul verir. Bəs sənin titulun var?
- Hamı məni "AzəriStar" kimi tanıyır. Yarışmanın ilk qalibi olduğuma görə hamı məni toylarda "AzəriStar Günel" kimi çağırırdılar. Deyirdim ki, Günel Məhərrəmova çağırın, deyirdilər ki, hamı səni belə tanıyır.
- Səncə qadının əsas missiyası nədən ibarətdir?
- Qadın birinci növbədə öz mənliyini qoruyub saxlamalıdır. İstəyir iş qadını olsun, istəyir ev qadını. Bir yarışma var idi. Müğənnilər yemək bişirməkdə yarışırdılar. Qayıdıb mənə nə desə yaxşıdır? Sən yaxşı ev xanımısan. Mən də dedim əlbəttə ki, hər bir qadın evinin xanımı da olmalıdır, nökəri də. Mən şəxsən toydur, şou-proqramdır, qurtaran kimi evə gəlib, qolumu çırmalayıb yemək də bişirirəm, uşaq üçün, evim üçün. Hazırda anam da yanımdadır. 65 yaşı var, səhhətində problemi var deyə, özümlə saxlayıram.
- Şou-biznesin qanunlarını kim yazır?
- Çox vaxt deyirlər ki, İlhamə xanım yazır. Mən belə fikirləşmirəm. Çünki sən əgər bu sənətdəsənsə, demək hansısa qanunu sən də yaza bilərsən. Niyə də olmasın. Mən şəxsən dövlətin qanunundan başqa heç bir şou-biznesin qanununa tabe olmaram. Heç kimin sözü ilə getmərəm.
- Plastik əməliyyatlara münasibətin necədir? Sən özün plastik əməliyyat etdirmisən?
- Yox, etdirməmişəm. Amma haçansa - 40-50 yaşında etdirəcəyəm.
- Toylara gedirsən və neçəyə?
- Bir müddət ara verdim, təzədən başladım. Çünki bir az çətindir. Sponsorum yoxdur. 1500 manata gedirəm.
- Bildiyimə görə gənc, gözəl prodüserin var. Adı da Məmməddir, demək olar ki, mənim də çox hörmət etdiyim dostumdur. Hazırda sosial-şəbəkələrdə bir çox şəkilləriniz var. Həyat yoldaşın qısqanmır ki?
- Məmməd azyaşlıdır. Ona qardaş kimi baxıram. Kiminlə işləyirəmsə, yoldaşım bilir. Əgər bir bığlı, saqqallı kişi ilə işləsəydim, şəkillər çəkdirsəydim, onda çox qısqanardı.
- Məmməd necə prodüserdi, ondan razısan?
- Çox yaxşı oğlandır. Bir çox müğənnilərin internet işlərini görür. Bir də görürsən mənə deyir ki, gəl bu mahnını "rastkrutka" edək. Görəndə ki, həvəsim yoxdur, o, da həvəsdən düşür. Amma təzə başlayıb.
- Yatmamışdan qabaq nə düşünürsən?
- Deyirəm, Ay Allah, mənə cansağlığı ver ki, səhərimizi açaq, balama kömək ol. Oğlum bir yaş yarımlıqdır. Adı Əlidir. Həyat yoldaşım qoyub adını. Gözəl addır, İmamımızın adıdır. Həyat yoldaşım deyir ki, bundan sonra övladımız olarsa, adını sən qoyarsan.
- Ürəkdən haçan ağlamısan?
- Dünən ağlamışam. Demək olar ki, qışqırıb ağlamasam, ürəyim partlayar, rahat ola bilmərəm, ölərəm. Bir işlə əlaqədar idi, səhv addım atmışdım. Ümumiyyətlə, peşmançılıq hissi keçirən adamam. Fikirləşirəm ki, niyə belə elədim, niyə səhv addım atdım? Niyə belə dedim? Bir neçə gün düşünürəm. Bu xarakter var məndə. Bir də aldanmaqdan qorxuram. Məni öldürsünlər, amma düzünü desinlər. Bir adam var ki, istəmirəm reklam edəm. Guya ki, adını təşkilatçı qoyub, onu Allaha tapşırıram. Bu qədər stress, əsəb keçirtdim. Heç nəyə görə, mənə yalan dedi. Kimsə, nəyə görəsə, yalan danışdı, mən də inandım?
- Efirdə bəzi müğənnilərin göz yaşlarına necə baxırsan?
- Ürək yanmasa, gözdən yaş çıxmaz. Kimsə keçmişdən danışır. Elə anlarım olub, keçmişdən soruşmayıblar ki, demişəm mən şəxsən atamdan danışanda özümü saxlaya bilmərəm. Normal qarşılayıram. Hamının həyatında elə şeylər olub ki, istəmədən danışanda o hissləri yenidən yaşayıram.
- Sizcə incəsənət qurban tələb edir?
- Çox insan var ki, gec ailə qurur. Uşaq dünyaya gətirmir ki, fiquram pozular. Çoxu gözəlliklərini qurban edir, ailə qurmur. Mənim özüm 70 kiloqram idim, 56 kiloya düşmüşəm. Evdə yeməklərə baxıram, yeyə bilmirəm ki, kökələrəm. O gün "Neon" şadlıq sarayında Yaqut Nərimanla toyda idik. Aş yeyirdi, dedim mən də istəyirəm, təzədən aşdan gətizdirdik, yedik ikimiz də. Neyləyim, aşı xoşlayıram.
- Kaprizlərin nədir?
- Hamıya qulaq asıram, öz bildiyimi edirəm. Mənə çox şey deməsinlər. Nə qədər desələr də, mən öz bildiyimi edəcəyəm. Bir dəfə desinlər, bəsdir.
- Analıq hissi nə deməkdir sənin üçün?
- Çox gözəl hissdir. Əvvəllər qızlarla gecələr çıxıb gəzməyi xoşlayırdım. Şıltaq olmuşam. İndi evə qaçıram ki, Əlinin yanına çatım.
- Həyat yoldaşınla küsəndə barışmağa ilk addımı kim atır?
- Əlbəttə, olub aramızda inciklik. Üç-dörd gün küsülü oluram, özü addım atır barışırıq. Mən də tərsəm, o, da tərsdi.
- Məhəbbət nə deməkdir sənin üçün?
- Məhəbbət, sevgi ötüb keçir. Kim deyir ki, sevgi var, mən inanmıram. Bir sevgi var - qəbir evinə kimi - o da Allahadı. Bir sevgim var - o da ki, Əlidir.
- Qısqanc insansan?
- Çox qısqancam. Əvvəllər qısqanırdım, sonralar fikirləşirəm ki, özümü lezvalasam da o, bildiyini edəcək, mən hardan biləcəm. Yaş dönəmi var, ona görə əvvəlki kimi qısqanclıq yoxdur.
- Qüsurun nədir?
- Çox yatmağım.
- İnsanlarda nəyi bağışlaya bilməzsən, nəyi qiymətləndirirsən?
- Vicdanlı insanlar azdır. İnsani keyfiyyətləri olanlara böyük hörmətim var. Daxili təmiz, qəlbi təmiz olan insanlara böyük hörmətim var. Münasibət quranda elə şərait yaradıram ki, qarşıdakı elə bilir ki, məni illərlə tanıyır. Mən durub qışqırım, dalaşım, bir dəqiqəlikdir. Sonra peşman oluram. Qəlbim çox təmizdir. Kimsə mənimlə ünsiyyət qurur, görür ki, xarakterim mülayimdir.
- Şou-biznesdə özünü görürsən?
- Getdiyim şouya baxıram. Elnarə, Faiq, Samirə varsa, demək mən də varam. Tanınmış saytlardan jurnalistlər məni axtarıb tapırlarsa, müsahibə alırlarsa, demək mən də varam.
- Həyatında hansı illəri yenidən yaşamaq istərdin?
- Keçmişdə yaxşı illərim az olub. Universitet illərini yaşamaq istərdim. Bir də ən çox Füzulidəki illəri yaşamaq istərdim. Atam sağ idi, anam da, hamımız bir yerdə idik. Mən balaca uşaq idim, ermənilər Füzulini atəşə tuturdular, atam rəhmətlik məni qoltuğuna vurdu. Dayım rəhmətə getdi. Sonra köçkünlük dövrü - pis günlərimiz başlandı. Atam xəstələndi, xərçəng xəstəliyinə tutuldu, altı aydan sonra rəhmətə getdi. (kövrəlir).
- Konsert haqqında düşünürsən və geyimlərin necə olacaq?
- Əlbəttə, düşünürəm. Bu haqda fikirləşirəm. Çalışıram konsertdə elə geyinim ki, milli mentaliteti qoruyub saxlayım.
- Şəlalə nə deməkdin sənin üçün?
- Gözəl ad - gözəl bir xanım. Həmişə sənətdə dəstək olursan mənə, uğurlu xanımsız. Hər yerdə müsahibələrinizlə birincisiniz. "Oxu məni", uğurlar sizinlə olsun!
Şəlalə NƏRİMAN