
- Baloğlan Əşrəfov kimdir?
- 1951-ci ildə Masallının Bədəlan kəndində anadan olmuşam. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirmişəm. 1978-ci ildə ADU-nun filologiya fakültəsini bitirib, 5 il kənddə müəllim işləmişəm. 1982-ci ildə "İstedadlar axtarırıq" konsert müsabiqəsinin laureatı adına layiq görülmüşəm. 2007-ci ildə Əməkdar artist adı aldım. Ailəliyəm, 4 övladım, 9 nəvəm var. 42 ildir bu sənətdəyəm.
- Uşaqlıq dövrünüz necə keçib?
- Çox gözəl keçib. Evin bir oğlu olmuşam. Hörmətlə yanaşıblar. Uşaq vaxtından musiqiylə məşğul olmuşam. Orta məktəbdə həmişə mədəniyyət evlərində konsert verirdim. Ondan sonra sorağım gəldi, Azərbaycanda tanındım.
- Sizə bu sənətdə mənəvi dəstək kim olub?
- Allaha qurban olum. Allahın mənə ayırdığı paydır ki, bu sənətdəyəm. Birinci Allah, ikinci valideynlərim, üçüncü hansı ki, istedadım olmasaydı kim mənə yiyə durardı... Sağ olsun İslam Rzayev, Allah onun ruhunu şad eləsin! Onun ansamblına gələndən öz yolumu tapdım, bu kollektivdə işlədim.
- Neçə yaşından el şənliklərində iştirak etmisiniz?
- Əslinə qalanda mən VI sinifdə oxuyanda toylarda qarmon çalırdım. Ondan sonra da yavaş-yavaş kəndimizdə tanınırdım. Mədəniyyət evində də mənim ifamı görənlər toylara dəvət edirdilər. O toy, bu toy, ondan sonra toylara dəvətlər çoxaldı.
- Sizcə müğənniyə savad lazımdı bu sənətdə?
- Müğənnilik Allah-tala tərəfindən verilən istedaddır. Sadəcə püxtələşmək üçün təhsil lazımdır. Müxtəlif sözləri öyrənirsən ki, gələcəkdə hansısa bir ifada çətinlik olmasın.
- Sevgi nə deməkdir sizin üçün?
- Sevgi müqəddəsdir. Sevgi, çox şeyə ola bilər. Sevgi var vətənə, xalqa, valideynlərə qarşı. Ən böyük sevgi isə Allaha qarşıdır.
- İlk məhəbbət nədir sizin üçün?
- Sonradan alimlər öyrəndilər ki, ümumiyyətlə insanın sevgisi bir neçə mərhələlərə bölünür. Bu boyda "Leyli-Məcnun" yazan şairin, Füzuliyə - Allah ona rəhmət eləsin - oradakı sevgi insanın bir-birinə olan sevgisi əsas deyil, insanın əsas Allaha sevgisidir, bu 3 nəfərin təcəssümündə bildirilir.
- Kişilər niyə qadınları təhlükəli hesab edir?
- Çünki Allah-tala onlara müəyyən istedad verib, qadın hiyləgərdir. Hamıya şamil etmək olmaz. Necə ki, kişilərin içərisində hər cürəsi var. Bizim gözəl, istedadlı, namuslu qadınlarımız nə qədər desən var. İndi bir nəfərə görə bütün qadınları təhlükəli hesab etmək olmaz.
- Qısqanc insansınız həyatda?
- Mən öz ailəmə 100 faiz inandığım üçün elə şeyləri düşünmürəm ki, nəyisə qısqanım.
- Gənclərdən kimin ifalarını dinləyirsiniz?
- Bütün gənc müğənnilər gözəl oxuyur. Muğam ifaçılarını çox bəyənirəm. Heç bir kateqoriyaya da bölmürəm.
- Tənhalığı sevirsiniz?
- Ölürəm tənhalıq üçün. Qubaya, öz rayonumuza gedəndə quşların səsinə qulaq asıram. Keçmiş xatirələri yada salıram. Hansısa bir şey xoşuma gələndə musiqi bəstələyirəm.
- Sizi xoşbəxt edəcək üç əsas?..
- Ailəm, uşaqlarım xoşbəxtliyimə əsas daxildir. Bir də istəyirəm ki, nə qədər ömrüm var Azərbaycanı müstəqil görüm, bütün xalqım xoşbəxt, firavan yaşasın.
- Baloğlan müəllim haçan təhlükəli ola bilər?
- Haqsızlıq görəndə göz yuma bilmirəm.
- Gözünüzün düşməni kimdir?
- Yalan danışan adam gözümün düşmənidir.
- Müğənnilikdən başqa hansı sənətlə məşğul olursunuz?
- Müəllim olmuşam.
- Keçmişdən sizə ən çox hansı xatirələr qalıb?
- Çox xatirələr var. Danışmaq olmaz, çünki mənə aid olandı. Heç kim bilməməlidir o xatirələrimi.
- Bu sənət sizə nə verdi?
- Xalq sevgisini, hörmətini verdi. Ailəmi dolandırdım. Mən öz həyatımdan razıyam. Bəzi xırda məsələlər var, onlar da məni əqidəmdən döndərə bilməz.
- Şou-biznesin qanunların kim yazır?
- Mən şou-biznesdə deyiləm. Şou-biznesin inkişafına baxanda dünya miqyasında bizdə yoxdur şou-biznes. Bizdə yalnız şor biznesi var.
- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- İnşallah, hazırlaşıram solo-konsertimə, qismət olsa mayda ya Yaşıl Teatrda, ya da Heydər Əliyev Sarayında konsert edəcəyəm. Yeni mahnılarım var, özüm bəstələmişəm, inşallah, bu yaxınlarda eşidəcəksiniz.
- Olubmu həyat sizi ağladanda gülmüsünüz?
- Mənim xarakterim başqa cürdür. Ağlayanda da kişi kimi ağlamışam, güləndə də.
- Sözü üzə deyən insansınız?
- Niyə də deməyim.
- Mənim üçün çox maraqlıdır. Niyə bir çox tədbirlərdə, prezentasiyalarda Baloğlan Əşrəfovu görmürük?
- Heç kimi qınamaq olmaz. Adam gərək abrını-həyasını saxlasın. Elə şey var ki, mənim yaşıma uyğun deyil axı, gedib iştirak edim. Cavanların 90% - 99%-i bilirəm ki, məni çox istəyirlər. Bəziləri dəvətnamə göndərir, deyirəm ki, onların tayıyam, getmirəm. Heç kimi qınamıram və vaxtım yoxdur. Oturub, mahnı yazdırıram - Tahir Əkbərdən, Sevda Məmmədli yeni mahnılarım olacaq. Boş vaxtım yoxdur ki, gedim haradasa iştirak edim.
- Bəstəkarlardan pulla mahnı alırsınız?
- Mən bəstəkarlardan pulla mahnı almıram. Mənə hörmətlə yanaşıb mahnını hədiyyə edirlər. Çünki özüm də mahnı yazıram. Başqalarına mahnı verəndə özüm də pul almıram.
- Baloğlan Əşrəfovun niyə prodüseri yoxdur?
- Prodüser kimdir ki, Baloğlan üçün nə edəcək bu yaşında... Mən bir belə konsert vermişəm, heç vaxt prodüser lazım olmayıb. Kimin də prodüseri var Allah canların sağ etsin. Onların ehtiyacı var, mənim yox. Məni konsert salonlarının rəhbərləri çağırırlar nə lazımdır eləyək. Mənim yaşıma uyğun deyil. Mənim prodüserim 90 yaşında olmalıydı ki, onun dünyagörüşü olsun, mənə öyrətsin ki, səhnəyə burdan çıx. Məndən 20 yaş balaca olan mənə ağıl öyrədəcək?.. Prodüserlərə pis baxmıram, mənim ehtiyacım yoxdur. Prodüser işləyən adam mənə bir işdə lazım olar ki, mənim sumkamı götürüb aparıb qoysun pultun yanında, diskimi çıxardıb qoysun, mənim köməkçilərim yanımda öz uşaqlarımdı. Prodüser mənə heç nə öyrədə bilməz (əsəbiləşir).
- Axır vaxtlar niyə münsiflər heyətində yoxsunuz?
- Özüm istəmirəm, çünki mənə sərf eləmir. Dəfələrlə toylarımı "otkaz" etmişəm, mənə sərf eləmir, toylarımdan oluram. Mənə toy lazımdır ki, gedib çıxış edim. Dəvətlər gəlsə də, razı olmuram münsif kimi iştirak etməyə.
- Deyirlər ki, yaş artdıqca insanın fikirləri də dəyişir. Hiss edirsiniz ki, sizin fikirləriniz dəyişib?
- Bilirsiniz necədir, insanın yaş mərhələləri var - 10 yaşında oğlanın ağlı ilə 30-40 yaşındakı oğlanın ağlı ilə düz gələ bilməz. Əlbəttə, biz də görüb götürürük. Əvvəl elədiyimiz səhvləri təkrarlamırıq. O da baxır dünya görüşünün artmasına ki, səhv buraxmayaq.
- İmicinizdə dəyişiklik etmək fikriniz varmı?
- Mən necəyəm, yalnız mahnılarımda geyimlərimi dəyişib kostyum geyinə bilərəm. İşıq dəyişənlər kimi, necə geyinməliyəm. Mənə lazım deyil, necə varam elə də qalacam.
- Bu qadınlar niyə kobud kişiləri xoşlayır?
- Onu qadınlardan soruşmaq lazımdır niyə sevirlər kobud kişini...
- Bəs kişi qadında hansısa nöqsanı taparsa ayrılmalıdır?
- Bizim dədə-babalarda belə şey olmayıb, arvadı döyüblər də, mübahisə ediblər də, incidiblər də, belə baxmayıblar. Boşanma olmayıb. İndi müasir dövrdür, bir çamadanla gələn, yarım çamadanla gedir, deyir bizimki alınmadı. Qabaqlar kənd evləndirirdi, nəsil evləndirirdi. Sən arvadı boşayardınsa, nəslin gözünə necə baxardın? Deyəsən ki, mənim səninlə xasiyyətim düz gəlmədi, belə şey olmayıb.
- Efir məkanında nəyi görəndə xəcalət çəkirsiniz?
- Ən çox acığıma bilirsiniz nə gəlir, ev-eşiklərinə operatoru, rejissorları, aparıcıları dəvət edəndə. Öz soyuducularını, mətbəxini, yeməyini, qarderobunu göstərənlərə yaxşı baxmıram. Xanım müğənnilərimizdə çox vaxt dava-dalaş görəndə pis oluram. Gözəl səsləri var, gedib mahnı yazdırıb oxusunlar. Belə şeylər görəndə başqa kanallara baxıram.
- Sənət aləmində kimə hədiyyə almısınız?
- Heç kimə hədiyyə almamışam. Atamın qəbri haqqı. Nə hədiyyə verməyi xoşlayıram, nə də ki, almağı. Əgər harasa dəvət alıramsa gedib ifa edirəm. Yalnız ailəmə hədiyyə alıram.
- Baloğlan müəllimin titulu nədir?
- Baloğlanam.
- Həyatda ən böyük səhviniz nə olub?
- Çox olub səhvim, deyə bilmərəm.
- Ara bəstəkarları ilə münasibətiniz necədir?
- Mənim ara bəstəkarları ilə işim yoxdur. Bəstəkarlarımıza da onu arzu edirəm ki, gözəl qəzəl tapıb, qəşəng şeirlər tapıb mahnı yazsınlar. Hamısına da böyük hörmətim var.
- Peşmançılıq hissi keçirmisiniz?
- Olub ki, yaradıcılığımla məşğul olmamışam. Amma xalq məni istəyib.
- İstedadı olmayanlar necə efirə gedib çıxır?
- Mən deyə bilmərəm. Mənim nə televiziyam var, nə radiom var. Mənim elə də ki, gücüm yoxdur ki, kimsə mənə desin ki, onları niyə buraxmısan ora, özləri bilər.
- Şəlalə nə deməkdir sizin üçün?
- Şəlalə gözəl jurnalistdir, hərdən bizdən yazır. Elə də sualları olur ki, əsəbiləşdirir bizləri.
- Paxıllıq hissi varmı sizdə?
- Qətiyyən, ola bilməz. Zəhləm gedir paxıl insanlardan. Kim də paxıllıq edir, Tanrı göstərir. Mən uzağam o hissdən. Kim də mənə qarşı paxıldırsa, sevmirəm mən varam ki, paxıllığımı çəkirlər.
- Hansısa müğənnilərlə qalmaqalınız olubmu?
- Mənim qalmaqallarla işim yoxdur. İndiyə kimi də heç kimlə sözüm-söhbətim olmayıb! Heç sevmirəm də, vaxtım da yoxdur.
- Tənqidə və irada münasibətiniz necədir?
- Baxır tənqidə və özümdən sənətdə böyük və ya kiçik olmasına. Əgər istər yaşca, istərsə də sənətimə görə məndən kiçikdirsə, düşünürəm ki, buna onun haqqı çatmaz. Həmin adamın da mənə irad tutması üçün gərək mənim bildiklərimin yarısını bilsin.
- Ölmək asandır, yoxsa yaşamaq?
- Ölmək odur ki, ölürsən, çıxıb gedirsən, yaşamaq isə çətindir. Onun qarşısında çox böyük mübarizə aparmaq lazımdır.
Şəlalə NƏRİMAN