“O istəsə mənə gücü və imkanı daxilində yaxşılıq edə bilər, lakin paxıllıqdan eləmir”

“O istəsə mənə gücü və imkanı daxilində yaxşılıq edə bilər, lakin paxıllıqdan eləmir”
Razi Şükürovun bacısı oğlu, gənc müğənni bəzi mətləblərə aydınlıq gətirdi

Həyat əqidədən və əqidə uğrunda mübarizədən ibarətdir. Qalib olmaq üçün də ən azından mübarizə aparmaq gərəkdir. Öz əqidəsi, gücü və zəhməti ilə mübarizə aparan gəclərimiz az deyil. Onlardan biri də sənətə yeni addım atmış gənc müğənni Fərid Quliyevdir. Gəlin birlikdə onun həyatı ilə yaxından tanış olaq.

- Fərid bəy yəqin ki, sənətə yeni addım atırsınız?

- Əlbəttə, yeni demək olar. 2008-ci ildə "ATV"də SOY prodakşının "Yeni ulduz" adlı yarışmasına qatılmışam. 1500 insanın içindən 16-lığa düşmüşəm və 3 ay boyunca mübarizə apararaq 5-liyə çıxmışam. 1-ci yeri isə o zaman Səfurə Əlizadə tutdu. Sənətdən əlavə mənim başqa təhsilim də var. Mən Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Valideynlərim oranın məzunları olublar. Atam isə bu universitetdə uzun illər müəllim işləyib.

- İnstitutda oxuyarkən musiqi ilə məşğul olurdunuz?

- Bəli, mən oranın ansamblının üzvü olmuşam.

- Deyə bilərsinizmi ki, hansı bölgədənsiniz?

- Özüm Bakıda ziyalı ailəsində doğulmuşam. Atam Yevlaxdan, anam isə Şuşanın Çuxu məhəlləsindəndir. Mənim ana babam Sahib Şükürov olub. O, zamanının çox tanınmış, hörmətli xanəndələrindən olub. Həm Prezident təqaüdçüsü, həm də Respublikanın Əməkdar Artisti olub. 2003-cü ildə dünyasını dəyişib. Dayım isə hamının tanıdığı Respublikanın əməkdar artisti gözəl xanəndə Razi Şükürovdur. Çox təəssüflər olsun ki, dayım sənətdən tez ayrılıb.

- Ailədə neçə uşaqsınız?

- İki uşağıq, mən və bacım.

- Necə oldu ki, siz öz ixtisasınızı yox, məhz musiqini seçdiniz?

- Mənim uşaqlığım həmişə yay tətillərində Şuşada babamgildə keçib. Babamgilin ocağına hər zaman incəsənət adamları qonaq gəlirdi. İndiyə kimi yadımdadır. Babamın 70 illiyi ilə bağlı tədbir keçirilirdi. Respublikanın xalq artisti böyük sənətkar Əlibaba Məmmədov, Tarzən Sərvər İbrahimov və "AzTV"də redaktor işləyən Çingiz Abbasov o tədbiri təşkil eləmişdilər və həmin tədbiri Çingiz müəllim lentə almışdı. Mən də o kadrlara düşmüşəm və həmin lent "AzTV"nin qızıl fondunda indiyədək qorunub saxlanılır.

- Daha hansı incəsənət xadimləri sizin baba ocağınızın qonaqları olublar?

- Gördüklərim Habil Əliyev, Arif Babayev, Rasim Balayev, eşitdiklərim isə Şövkət Ələkbərova, Sara Qədimova, Fikrət Əmirov, Xan Şuşinski kimi dahi sənətkarlar babamın ailə dostları olublar. Sualınıza qüvvət olaraq deyim ki, məndə musiqiyə olan həvəs elə babam və dayımdan gəlib. Uşaqlıqda kim görürdü, hər kəs məni oxudurdu.

- İlk dəfə səhnəyə nə zaman çıxmısınız?

- Bayaq qeyd elədiyim kimi institutun ansamblında üzv idim. 2002-ci ildə 31 mart soyqırımı ilə bağlı tədbir keçirilirdi. Mən də o tədbirdə Tahir Əkbərin "Amin" mahnısını ifa etdim və çox bəyənildim. Səhnəyə ilk çıxışım belə olub.

- Sonradan musiqi təhsili aldınız?

- Xeyr, mənim professional musiqi təhsilim yoxdur. Məni həyatda istiqamətləndirən, musiqi təhsili verən dayım Razi Şükürov olub. Mən estrada musiqisi oxumağıma baxmayaraq, muğamlarımızı və xalq mahnılarımızı da mükəmməl oxuya bilirəm.

- Retro mahnılara münasibətiniz necədir?

- Çox əla, retro mahnılarını çox sevirəm. Onlar bizim klassik və estrada musiqilərimizdir. Belə mahnılar mənim repertuarlarımda da var. Bu yaxınlarda Oqtay Ağayevin "Eşqimin bəxti" adlı mahnısını da lentə almışam, baxmayaraq ki, hal-hazırda tələbatlı musiqi deyil, yəni toy mahnısı deyil.

- Toy mahnısı demişkən, siz necə, səhnəyə, efirə toy mahnıları ilə çıxmağı sevirsiniz, yoxsa bəstəkar?

- Bilirsiniz, o insanın ruhundan irəli gəlir. Mənim ilk mahnım "Aişə" adlı estrada mahnısı olub. Sonra Nadir Əzimovdan "Təki sən çağır məni" adlı, Tunar Rəhmanoğludan "İlk eşqim" adlı bir mahnı ifa etmişəm. 6-7 ay bundan əvvəl isə mənə "Bəyaz gəlin" adlı bir mahnı təqdim olundu və bu mahnı sırf el şənlikləri üçündür. O qədər də bayağı musiqi deyil. Bunu özüm oxuduğum üçün demirəm.

- Belə çıxır ki, siz artıq toy biznesində öz yerinizi tutmusunuz? Eşitdiyimə görə, bu yaxınlarda da Nuri və Ceyn cütlüyü ilə konsertdə olmusunuz?

- Bəli. Məni bu el şənliyinə Nurinin Bakıdakı prodüseri, yaxın dostumuz Lamiyə Ələkbərqızı dəvət eləmişdi və mən bütün toylarda "Bəyaz gəlin" mahnımla piarsız uğur qazanmışam. Bu mahnının sözləri Məhəmməd Sabir oğlunun, musiqisi isə Aydın Aslanovundur. Bu mahnı "106.3 FM" radiosunda da səslənilib. Mənə toydan sonra bu mahnıya görə çox zənglər gəlir.

- Bəlkə bu zəngləri sizə gözəl qızlar edir?

- Mən çalışıram ki, vaxtımı belə boş şeylərə sərf eləməyim.

- Amma, dostum, söhbətdən yaman qaçdınız, Deyin görüm, subaysınız, yoxsa evli?

- Hələ ki subayam və sənətimlə məşğulam.

- Eyni məkanda və eyni tərzdə konsert verən müğənnilərə münasibətiniz?

- Konsert eləmək və konsertdə iştirak etmək çox gözəldir. Mən daima dövlət konsertlərinə dəvət almışam. Məsələn, keçən il seçki ərəfəsində Yeni Azərbaycan partiyasının dəstəyi ilə "İlhamla irəli" devizi altında çox möhtəşəm konsertlərdə iştirak etmişəm. Bu konsertlər Respublikanın 15 bölgəsində keçirildi və mən görkəmli sənətkarlarımız İlhamə Quliyevayla, Niyaməddin Musayevlə, Faiq Ağayevlə, Məleykə Əsədovayla, Teymur Mustafayevlə bir səhnəni bölüşdüm. O ki qaldı plan doldurmaq xatirənə olan müğənnilərə, onlara yaxşı baxmıram, eyni tərzdə, eyni mahnıları oxuyum. Elə müğənnilər var ki, bir mahnını o qədər oxuyub, o qədər pullar tökürlər ki, nə sevilirlər, nə də heç onlara qulaq asan yoxdur.

- Fərid, ürək sirrinizi dostlarınızla bölüşürsünüzmü?

- Əgər qarşımdakı insandan müsbət enerji və auranı alıramsa, ona inanıb özümə yaxın buraxıram və bölüşürəm. Əks Əks halda uzaqlaşıram.

- Paxıllığını çəkən və pislik edənin varmı?

- Əhatəmdə elə insan var ki, o istəsə mənə gücü və imkanı daxilində yaxşılıq edə bilər. Lakin paxıllıqdan eləmir, çünki istəmir ki, mən irəli gedim. Mən indi elə bir pillədəyəm ki, mənə dəstək lazımdır. Məsələn, siz "Oxu Məni" olaraq məni axtarıb müsahibə alır və oxucularınıza tanıtdırırsınız. Bu özü də bir dəstəkdir. Bunun üçün çox sağ olun. O insan da başqa istiqamətdə mənə dəstək ola bilər.

- Gündəmə gəlmək üçün kimlərəsə rüşvət vermisiniz?

- Rüşvət deməzdim. Hal-hazırda bizim televiziyaların əksəriyyətində pullu şöbə var ki, bir çox sənətə yeni gəlmiş müğənnilər qanuni şəkildə pulunu ödəyib efirə çıxırlar. Mənim bəxtim onda gətirib ki, "Lider" və "ATV" telekanalları mənə təmənnasız dəstək olublar, onlara da öz minnətdarlığımı bildirirəm.

- Müsabiqədən sonra siz bir ara yoxa çıxdınız, səbəb nə idi?

- 2008-09-cu illərdə müsabiqədən sonra Bakıda çox çalışdım, nəticə əldə edə bilmədim. Üz tutdum Rusiyanın Tümen şəhərinə, iki il orda gündəlik olaraq restoranda oxudum və azdan-çoxdan maddiyyat əldə etdim. Mən orda rus şanson musiqilərinə yiyələndim.

- Əldə etdiyiniz pulları nəyə xərclədiniz?

- Azərbaycana qayıtdım, öz qazancımı mahnı və aranjımanlarıma sərf etdim.

- İndi bildik ki, niyə burdakı qızları bəyənmirsən. Maşa və Daşalar hələ də yadından çıxmayıb, yəqin ona görə də subaysan?

- Etiraf edirəm ki, belə şeylər olmayıb. Çünki mən şəhərdən getmişəm. Azdan çoxdan təcrübəm az olmayıb. Düzdür, ora gedənlər qayıtmırlar. Ora bataqlıq deyirlər.

- Fərid, nə əcəb maşının yoxdur?

- Bu o demək deyil ki, imkanım yoxdur. Ala bilərdim, lakin sənətimə üstünlük verirəm.

- Gizli deyilsə, toylara neçəyə gedirsən?

- Ansamblla birgə gedirəmsə, 2500-3000 manat arasında danışıram. Ən əsası, yarım saatlıq toylarım çox olur, o da "Bəyaz gəlin" mahnıma görə.

- Nə vaxta qədər subay dolaşacaqsan?

- Yaxın zamanlarda, inşallah, olar. Yəqin ki, siz də toyumda iştirak edəcəksiniz.

- Həyatdan istəyin nədir?

- Ata-anama layiqli övlad olmaq, gözəl və sağlam ailəm olsun və sənətdə layiqli yerimi tutum.

- "Oxu Məni"yə arzun?

- Mən uşaqlıqdan "Oxu Məni" qəzetini çox sevmişəm, hər zaman uzaq yerə gedəndə o qəzeti alıb oxuyurdum, çox rəngarəng bir qəzetiniz var. Hər birinizə can sağlığı arzu edirəm. Ömrünüz də qəzetiniz kimi rəngarəng olsun. Sizə də, Mehriban xanım, öz xüsusi minnətdarlığımı bildirirəm.

Mehriban Bəylərqızı

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az