DƏNİZ: “Həyat onsuzda enişli-yoxuşludur. Bütünlükdə heç kəs deyə bilməz ki, mən xoşbəxtəm, hərənin bir dərdi var”

DƏNİZ: “Həyat onsuzda enişli-yoxuşludur. Bütünlükdə heç kəs deyə bilməz ki, mən xoşbəxtəm, hərənin bir dərdi var”

Bu gün sizlərə təqdim edəcəyim öz gözəlliyi ilə hər yerdə fərqlənən gənc xanım müğənnimiz Dənizdir. Gəlin birgə Dəniz xanımı dinləyək

- Özünüz haqda nə deyə bilərsiniz?

- 1987-ci ildə martın 26-da Şirvan şəhərində dünyaya göz açmışam, hal-hazırda 27 yaşım var, özüm də Qoç bürcüyəm. Qısa da olsa özüm haqda məlumat verdim.

- Ailəlisiniz?

- Hal-hazırda ailəli deyiləm, yoldaşımdan ayrılmışam, 1 oğlum var. Həyatımı ona həsr edirəm, onun üçün yaşayıram. Onu boya-başa çatdırıb sənət vermək bir ana kimi mənim də borcumdur.

- Dəniz, səndə tez coşub-daşırsan, yoxsa sakitsən?

- Coşub-daşsa da, təlatümlü də olsa, sakit də olsa Xəzərimi çox sevirəm. Mən özümü tərifləməyi sevmirəm. Məni tanıyanlar bilir ki, incə xasiyyətə malikəm. Belə pis çıxmasın, dəymə mənə, dəyməyim sənə. Kimə maraqlıyamsa ona canım da qurban. Məni sevməyənlərə də hörmətim var. Yəni özümə görə bir insanam.

- Bu cür gözəl, cazibədar bir xanım yenidən ailə həyatı qurmaq istəyərmi?

- Xeyr. Birincidən əlim bala batdı ki, təzədən də ailə quram.

- Bəlkə sizi dəlicəsinə sevir, onda necə?

- Yalan deyə bilmərəm, məni dəlicəsinə sevən hələ ki yoxdur. Nə də mən özümü məcbur sevdirə bilmərəm, mən öz sənətimlə məşğulam.

- Ən çətin vaxtlarınızda sizə kimlər dayaq olub?

- Əlbəttə Allahım, ondan başqa mənə dayaq duran kimsəm yoxdur. Heç kimlə dərdimi bölüşüb yaxın gedə bilmirəm. Hər yerdə yalnız paxıllıq və dedi-qodular eşidirəm. Mən sənətimdə nə qədər irəli addımlamışamsa Tanrım mənə kömək olub. Şükürlər olsun ki, özümə görə qazancım, toylarım var və kifayət qədər efirlərdə oluram. Bunun üçün də televiziya kanallarını təşəkkürümü bildirirəm ki, məni xalqıma tanıtdırırlar.

- Niyə məhz müğənnilik sənətini seçdiniz?

- Bu həvəs məndə lap uşaqlıqdan olub. Bəlkə aktrisa da ola bilərdim. Lakin oxuyandan sonra gördüm ki, müğənni kimi çox sevilirəm. Yavaş-yavaş, pillə-pillə bu sənətin üzərində çalışdım.

- Ailənizdə sizdən başqa bacı-qardaşlarınızdan müğənni olan varmı?

- Özümdən başqa 3 bacım, 1 qardaşım var. Onlarda mənim qədər istedad və talant yoxdur. Ailəmizdə bu sənətlə yalnız mən məşğulam.

- İstəyərdinizmi oğlunuz da böyüyəndə müğənni olsun?

- Qətiyyən yox. İstedadı olsa belə müğənni olmağa qoymaram. Bir də ki, o, hələ uşaqdır. Böyüyəndə hansı sənəti seçəcəyinə özü qərar verər, ancaq müğənnilikdən başqa.

- Dəniz xanım, səhnədə mahnıdan çox dingildəyən xanım müğənnilərə necə baxırsınız?

- Hərənin səhnədə bir xarakteri olur. Musiqi oynaq olanda istər-istəməz sən də oynamaq istəyirsən. Düzünü etiraf edim ki, ümumiyyətlə mən heç kimlə maraqlanmıram. Kim özünü necə nümayiş etdirir-etdirsin, o insanlar kənardan baxıb özlərinə qiymət versinlər.

- Heç saçyoldu davasına düşmüsünüzmü?

- Heç vaxt olmayıb belə bir şey, nə də mən yol vermərəm. Əgər kimsə mənə qarşı çıxarsa cavabını verərəm.

- Dəniz dostuyla düşmənini necə seçir?

- Ümumiyyətlə mənim dostum yoxdur, amma düşmənlərim ola bilər. Dost başqa şeydir. Bəlkə kimlər üçünsə dost var, mənim üçün yoxdur. Çünki heç kəsə etibar etmək olmur.

- Həyatda özünüzə nə arzulardınız?

- Xoş güzəran, əsasən cansağlığı, başqa nə arzulaya bilərəm.

- Maşın idarə edərkən hansısa təhlükə ilə üz-üzə qalmısınızmı?

- Bəli, qəzaya düşmüşəm günah isə məndə olmayıb. Bilirsiniz, mən tez-tez maşın dəyişməyi çox sevirəm.

- Özünüzü şanslı xanım hesab edirsiniz?

- Əlbəttə. Niyə də şanslı olmayım tanrının verdiyi bu gözəllik qarşısında.

- Mən sizin gözlərinizdən oxuyuram ki, siz heç də xoşbəxt deyilsiniz. Gözlərinizin dərinliyindən yalnız kədər yağır. Məncə siz qürurlu xanımsınız, elə deyilmi?

- Canım, mən yalnız canımın sağlığını düşünürəm. Siz çox çalışırsınız ki, mənim iç dünyama girəsiniz, amma imkan verməyəcəyəm. Mən çox şey danışmaq istəmirəm. Həyat onsuzda enişli-yoxuşludur. Bütünlükdə heç kəs deyə bilməz ki, mən xoşbəxtəm, hərənin bir dərdi var.

- Bir qadın kimi mətbəxlə aranız necədir?

- Mətbəxi sevməsəm də təmizliyi çox sevirəm. Mən özüm evimin təmizliyinə vaxt ayırıram. Anamın canı sağ olsun. Mənə bu cəhətdən köməklik edir.

- Baxıcılarla aranız necədir, onlara inanırsınız?

- Çox pis, heç maraqlanmıram da.

- Sənət yoldaşlarından özünə rəqib bildiyin varmı?

- Heç kəsi özümə rəqib görmürəm. Hər kəsin özünün tamaşaçı sevgisi və dinləyicisi var. Nə də ki, heç kimə paxıllıq etmirəm. Nə rəqibim var, nə də rəqib deyiləm.

- Gələcəkdə nə kimi planlarınız var?

- Gərək öz üzərində çox işləyəsən ki, nə isə əldə edə biləsən. İnşallah, bir albom üzərində işləyirəm, yeni bir klipim də hazırlanır. Yay mövsümünə uyğun. Özü də bu klip gözəl bir məkanda çəkiləcək. Belə ki, Dəniz elə dəniz qırağında da olmalıdır.

- Bəstəkarlarla aranız necədir?

- Bilirsiniz, heç bir bəstəkara pis demək olmaz. O bəstələyir, gərək sən

yaxşı oxuyasan ki, onun əziyyəti də əlində qalmasın.

- Çox incəsiniz, kökəlmək istəmirsiniz?

- Səhnə incəliyi sevir. Bəzi dolu xanımlar istəyir ki, mənim kimi incə olsunlar. Yesəm də kökəlmirəm. Mənim anadangəlmə quruluşum belədir.

- Qalmaqalla aranız necədir?

- Əgər mənim günahım yoxdursa, o qalmaqaldan aydan arı, sudan duru çıxaram. Yox əgər kimsə məni qalmaqala salarsa, vay o adamın halına.

- Dəniz xanım, deyəsən ailənizin yükünü siz daşıyırsınız?

- Bəli, mən ailəmə çox bağlıyam. Onlara çörək verən də mənəm. Ona görə özümə hər zaman Allahdan cansağlığı arzulayıram. Bir də ki, əgər mənim bu gün bir qəpik çörəkpulum olmursa, heç kəsə ağız açmaram. Allah özü mənə yox yerdən ruzi yetirir.

- Həyatda nədənsə sınanda özünüzü necə hiss edirsiniz?

- Allah heç kəsi sındırmasın. Mən sınsam da bunu büruzə vermərəm. Xarici görünüşüm necədirsə, o cür də bilirlər. Bir də ki, mən güclü qadınam. Gücüm azalarsa, onda sınaram. Hələ ki, ayaqlarım üstündə durmağı bacarıram.

- Yetərincə tamaşaçı sevgisi qazanmısınızmı?

- Yuxarıda qeyd elədiyim kimi sağ olsun efirlər, mənə tamaşaçı sevgisi qazanmaqda kömək elədilər. Tamaşaçı sevgisi qazanmışam ki, bu qədər toylarda oluram. Gündə 4-5 şou-proqramlarda oxuyuram. Allah gözdən-nəzərdən qorusun.

- Sevgiyə inanırsınız?

- Yox, əsla. İndi sevgilər bir oyuncağa çevrilib. İndiki sevgilər ötəri bir hisslərdir. Belə ki, həvəsdir, bəsdir.

- Çox maraqlı söhbətimiz oldu. Bir qadın kimi Tanrı bu gözəlliyi sizdən əsirgəməsin, sizə sənətinizdə uğurlar arzulayıram və siz "Oxu Məni"yə nə arzulardınız?

- "Oxu Məni" mənim uşaqlıqdan sevdiyim bir qəzetdir. Desəm ki 10 ildən çoxdur oxuyuram, yalan olar. Mənim üçün sanki 20 ildir. Rəhbərliyinizdən tutmuş, siz Mehriban xanıma qədər hamınıza uğurlar və cansağlığı arzulayıram. İllərin qəzeti olsun. Həmişə yaddaşlarda qalan bir qəzet olsun. Necə ki, bizim yaddaşlarımızda qalıb. Mənə də vaxt ayırdığınız üçün sizə təşəkkürümü bildirirəm.

Mehriban Bəylərqızı

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az