ELÇIN İMANOV: “Bu gözəl dünyada çalışmalısan ki, həm çox yaşayıb çox görəsən, həm də ətrafda olan insanların həyatını uzadasan”

ELÇIN İMANOV:  “Bu gözəl dünyada çalışmalısan ki, həm çox yaşayıb çox görəsən, həm də ətrafda olan insanların həyatını uzadasan”
Məhəllədə ləqəbim “Bethoven” olub, evdə isə anam məni “Eliko” çağırırdı

- Özünüzü təqdim edin?

- Elçin İmanov. Atam-anam ziyalıdır, qarabağlıdırlar. Mən 1962-ci ildə Bakıda anadan olmuşam. Bir qardaşım var. 20 ildir bu sənətdəyəm.

- Uşaqlıq xatirələrindən danışardınız? Necə uşaq olmusunuz?

- Çox intizamlı uşaq olmuşam. Orta məktəbdə və musiqi məktəbində əlaçılar sıralarında idim. Uşaqlıq illərim "Kubinka" deyilən məhəllədə keçib. Amma buna baxmayaraq, ilk dəfə siqaret çəkməyə 22 yaşımda başlamışam. 11 ildir ki, siqareti atmışam və fəal idmanla məşğulam. Məhəllədə ləqəbim "Bethoven" olub, evdə isə anam məni "Eliko" deyə çağırırdı. Elə indi də elə çağırır.

- Elçin müəllim, doğrudanmı dünya göz yaşlarına dəyməz?

- Yaxınlarım bilir ki, mən həyatda çox kövrək insanam. Bu həyatda mübarizə aparmaq gərəkdir, inadkar olmaq gərəkdir. Dünya elə həmin dünyadır, kimini ağladır, kiminə sığal çəkir, kiminəsə də qanad verir uçmağa. Özündən asılıdır.

- Sizcə insanlığa lazım olan əsas xüsusiyyətlər hansılardır?

- Bütün hallarda əqidəli, tərbiyəli, ədalətli olmaq lazımdır.

- Ümidlərinizin boşa çıxdığı vaxtlar olubmu?

- O qədər olub ki... Yıxıla-yıxıla ucalmışam.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Mən daim axtarışdayam. Təkrarçılıqdansa uğursuz yeniliyi üstün tuturam.

- Dırnaqarası bəstəkarların yanında özünüzü necə hiss edirsiniz?

- Mənə heç kim mane olmur. Çünki öz dəst-xəttimə sadiq olaraq, öz daxilimdən gələn melodiyalara üstünlük verərək nə zamana, nə məkana boylanmıram. İstedadlı nə varsa qəbul edirəm.

- Hansı səhvlərinizi təkrarlamaq istəməzdiniz?

- Çalışmışam səhvlərimdən nəticə çıxarım.

- Bəziləri dünyanı fani, digərləri beşgünlük, başqa biriləri isə etibarsız, yalançı adlandırırlar. Bəs Elçin müəllim üçün necədir?

- Bu gözəl dünyada çalışmalısan ki, həm özün çox yaşayıb çox görəsən, həm də ətrafda olan insanların həyatını da uzadasan. Onlara xoş sözlər deyəsən, mehribançılıq, xeyirxahlıq edəsən. Bu dünyada yalnız onlar qalır.

- Bu gün nə keçir ürəyinizdən?

- Dünya çempionatında Almaniyanın qalib gəlməsini istəyirəm.

- Qısqanc insansınız?

- Bəli, çərçivə daxilində.

- İlk məhəbbətiniz neçə yaşında olub?

- Orta məktəbdə olub. Onda 10 yaşım var idi. "Taleyin oyunu" mahnısında bu haqda söylənilir.

- Sizcə həyat bir damla sudur, yoxsa eşq bir damla göz yaşıdır?

- Məncə həyat eşq deməkdir. Mənim ürəyimdə daima məhəbbət yaşamasaydı heç vaxt o gözəl aləmə səyahət edə bilməzdim.

- Bəs həyatda sizi nə ağladıb?

- Atam xəstəxanaya düşəndə əməliyyat zamanı özümdən asılı olmayaraq ağlamışam.

- Olurmu hərdən həyatda yorulursunuz?

- İnanmıram nə vaxtsa həyatdan doyum.

- Ümumiyyətlə, həyatda necə yaşamaq lazımdır?

- Sadəcə adam kimi yaşamaq lazımdır, başqalarının yoluna mane olmadan.

- Yaşamaq gözəldir, amma ölüm də haqdır. Ölümdən sonrakı həyata inanırsınızmı?

- Sözüm yoxdur, deyə bilmərəm.

- Ailədə sizdən başqa musiqi ilə məşğul olan olubmu?

- Mənim anam uzun illər boyu Musiqi Akademiyasında dərs deyib və mənim bu sənətdə nəyəsə nail olduğuma səbəbkar odur.

- Hazırda hansı müğənnilərlə çalışırsınız?

- Ad sadalamayacağam. İstedadlı müğənnilərlə həvəslə çalışıram.

- Rəqibiniz varmı?

- Bu sənətdə rəqib olmaz. İstedadlı insan başqasında da bunu görməyi bacarmalıdır.

- Bəzi bozbaş mahnılara münasibətiniz necədir?

- Bilirsiniz necədir? Nə qulaq asmıram elə mahnılara, nə də ki, pisləmirəm.

- Zövqlər müxtəlif olur. Bəs mədəniyyətdə nəyə üstünlük verirsiniz?

- Təmkinliyə, savada, dünya görüşünə və əxlaqa üstünlük verirəm.

- Siz hansı musiqi janrına üstünlük verirsiniz?

- Bütün musiqi janrları diqqətəlayiqdir. İstedad varsa, özünü lap yandırsan da büruzə verəcək. Ürəyimə yatan mahnıları, ifaları dinləyirəm.

- Ümumiyyətlə, sizi nə kövrəldir?

- Qabaqcadan bilmək olmaz. Adətən gözəl şeir və əlbəttə ki, musiqi kövrəldə bilər.

- Ömür yolunuzda ən çox nə köməyinizə çatıb – pul, ağıl, şöhrət?

- Ayrı-ayrılıqda hamısı yerində köməyimə çatıb.

- Mahnılarınızda öz taleyinizi qələmə alıbsınızmı?

- Birbaşa xeyir, qələmə almamışam.

- Şou-biznesdə özünüzü görürsünüzmü? Şou-biznesin açarı kimin əlindədir?

- Əlbəttə, özümü şou-biznesdə görürəm. Eyyuba yazdığım şəhər folkloru üslubunda mahnılar şou-biznesin açarıdır. Həm də populyardır.

- Sizcə kişi ortada yeyib, qıraqda gəzə bilər?

- Əsil kişi yox. Tam səmimi deyirəm, birmənalı şəkildə bu əsil xəyanətdir, ailəyə qarşı.

- Titulunuz nədir?

- Bəstəkar Elçin İmanov. Məncə kifayət qədər yaxşı səslənir.

- Şəlalə nə deməkdir sizin üçün?

- Şəlalə nur, saflıq deməkdir.

- Özünüz haqqında şayiə eşidəndə nə reaksiya verirsiniz?

- Hələ eşitməmişəm. Amma efirdə "qara piar"a məruz qalanda, məndən asılı olmayan səbəblərdən çox narahat idim. Bu mənlik deyil. Mən yaradıcı insanam.

- Neçə ildir musiqi sahəsindəsiniz. İlk bəstənizi kim ifa edib?

- 20 ildir musiqi sənətindəyəm. İlk bəstəm əməkdar artist Eyyub Yaqubovun ifasında nakam şairimiz Mikayıl Müşfiqin sözlərinə yazdığım "Ana" mahnısı olub. Filmlərə, seriallara musiqi bəstələmişəm. İnstrumental kompozisiyalarım çoxdur. Ən sevilən kompozisiyam "Bakı Bulvarı" əməkdar artist Ənvər Sadıqovun ifasında səslənib.

- Bildiyimə görə aktyor kimi filmdə də çəkilmisiniz?

- "İstanbul reysi" filmində çəkilmişəm, aktyor kimi. Rejissoru Eldar Quliyev idi.

- Neçə övladınız var? Hansı sahədə çalışırlar?

- İki övladım var. İkisi də tələbədir. Qızım Çinarə Tibb Universitetində, oğlum Emil Azərbaycan Diplomatik Akademiyasında təhsil alırlar.

- Sizdən müsahibə alıram. Özünüzü necə hiss edirsiniz hazırda?

Mən həyatda da, yaradıcılığımda da çalışıram səmimiyyətdən uzaq olmayım. Çünki tamaşaçılar, dinləyicilər musiqidə onu hiss edirlər. Musiqidə ona "plagiat" deyirlər, həyatda da qeyri-səmimiyyət deyirlər. Çalışıram belə şeylərdən uzaq olum. Hər şeydən üstün səmimiyyəti tuturam.

- Ən böyük şansınız həyatda nə olub?

- Mənim ən böyük şansım ailəmdir. Qürur duyuram ailəmlə. Atam-anam bizi boya-başa çatdırdı, təhsil verdilər. İlk öncə qardaşımla məni vətənpərvər ruhda tərbiyə ediblər. Vətənimi sevirəm. Şükür Allaha! Günü-gündən gözəlləşir, inkişaf edir. Gözəl ailəm, balalarım var.

- Həyatda ən böyük sevinciniz nə olub?

- Mənim solo-konsertim olanda. Eyyub Yaqubovun ifasında "Ana dedim" mahnısını təqdim ediləndə röyalımın üstündən böyük gül dəstəsini götürüb anama tərəf getdim. Ən böyük sevincli günüm onda oldu.

Şəlalə NƏRİMAN.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az