
- Özünüzü oxucularımıza təqdim edərdin.
- Mən Şakir Abbasov Quba şəhərində anadan olmuşam. 15 ildir ki, sənətdəyəm. Bunun 14 ilini televiziyada işləmişəm. Televiziyada işlədiyim müddətdən şoumen kimi, müğənni kimi toylarda iştirak etmişəm. Subayam, ailədə 2 uşağıq.
- Məndə olan məlumata görə Qubada prodüser kimi də fəaliyyət göstərirsən?
- Bir çox müğənnilərin Qubada konsertlərini təşkil edirəm. Hətta toylarda iştirak etmək üçün də bir çoxları mənə müraciət edir. Televiziya kanallarına çıxmaq istəyənlərə də köməklik eləmişəm. İstər xalq artistləri, istərsə də əməkdar artistlərlə həmişə səhnəni bölüşürəm. Ən çox köməyim rəqqasə Aytənə olub, indi də dostluğumuz var. Mən deyə bilmərəm ki, sırf prodüserəm, həm müğənni, həm şoumen, həm də təşkilatçı prodüserəm. Yəni üçü bir arada.
- Şakir, bəs hazırda bu sənətdə sənin çətinliklərin nədir ki, efirlərdə görünmürsən? Bir çoxları səni yəqin ki, heç tanımır da.
- Bilirsiniz necədir? Mən öz zonamda – şimal bölgəsində sevilirəm. Bunu el şənliklərində də hiss edirəm. Qaldı efirlərə, dəvət olunanda gedirəm, olmayanda başqaları kimi gedib qapının arxasında dayanmıram. Həyatı boyu belə şey olmayıb və olmayacaq da. Ad çəkməyəcəyəm, bəziləri var ki, efirə çıxmaq, gündəmə gəlmək üçün Qubada gəlib min cür çirkin işlərlə məşğul olur. Hətta toyda yerdən əyilib pul yığan tanınmışlar da var ki, yığdığı pulu musiqiçilərinə belə vermirlər. Ciblərinə qoyub gedirlər. Düzdü, şəxsi işləridir, amma bu qədər də gülünc hərəkətlər etmək olmaz. Bura gələn xanım müğənnilər özlərini şahzadə, bəylər isə şah kimi hiss edirlər. Sadəliyini kənara qoyub bəzi müğənnilər özlərini ikisifətli göstərirlər. Bunu həmişə üzlərinə də deyirəm. Bilirsiniz ki, teleaparıcılar, şoumenlər yalançılığı, ikiüzlülüyü xoşlamırlar, lazım olanda lap üzlərinə də deyirlər. Məncə hər kim olursan ol, harada olursan ol, səviyyəni qoruyub saxla, çünki istər-istəməz səni görüb gedib danışacaqlar. Artıq saçlarım ağarıb gördüklərimdən, fikirləşirəm ki, bundan sonra susmaq lazımdır.
- Bəs olubmu ki, hansısa sənətçini dəvət etmisən toya, qonorarını verməyiblər? Amma səmimi cavab ver.
- O qədər olub ki... Bir dəfə Nazpəri Dostəliyevanı Qubaya toya dəvət etmişdim. Bəlkə də özünün xəbəri olmadı, onun köməkçisi vəsaiti verəndə qalan pulun faizini vermədən çıxıb gediblər. Mənzurə Musayeva dəfələrlə yerə atılan pulların üstündə musiqiçiləri ilə dava salıb. Mən deyərdim ki, Mənzurə Musayeva heç özünü apara bilmir. Pul görəndə elə bil havalanır, göylərə uçur.
- Şakir, bəs olubmu ki, hansısa müğənni küsüb getsin Quba toyundan?
- Bir məclisə bu yaxınlarda dəvət almışdım. Səhnəyə girəndə fikir vermədim. Sonra gördüm Nadir Qafarzadə də toydadır, özü üçün şəkil çəkdirir. Tanınmış müğənni olduğu üçün təbii ki, hamı onunla şəkil çəkdirmək həvəsində idi. Mənə dedilər ki, dur təqdim elə, səhnəyə çıxsın. Mən də qonaq idim, gəlib iştirak edirdim. Mən bildirdim ki, başqaları təqdim etsin, mən niyə etməliyəm. Bir də gördülər ki, Nadir oxumadan durub çıxıb gedir. Yəqin səs diapazonu çatmadı, qorxdu ki, canlı oxuya bilməyəcək, özünü sıxma-boğmaya saldı, artıq hiss olundu ki, tüstüsü çıxmır əjdahanın. Çölə çıxandan sonra isə Quba ifaçılarını, musiqiçilərini bəyənmədiyini, bura onun yeri olmadığı üçün oxumaqdan imtina etdiyini dedi. Onu bura Qubada bir sənətçi dostumuz var, o, dəvət etmişdi. Heç onun dəvətini qəbul edib oxumadı, məclisi də yarımçıq tərk etdi. Yəqin əjdahalığını unutdu, qorxdu. Mən deyərdim ki, Nadir bu hərəkəti ilə özünü gözdən saldı.
- Bəs toylara dəvət etdiyin müğənnilərə hansı şərtləri qoyursan?
- Bilirsiniz, Quba şəhəri elədir ki, bura kim gəldi, nə etdi həmin an hamının xəbəri olur. Qaldı, elələri də var ki, mən dəvət etmirəm, özləri məşuqəsiylə gəlib otellərdə dincəlir - o onun şəxsi işidir, - həmin an bunu hamı bilir. Mən son zamanlar toya dəvət etdiyim müğənnilərə şərt qoyuram ki, gəlib ifa edəndən, Qubadan çıxıb gedəndən sonra nə istəyirlər, nə qaynadırlar gedib eləsinlər. Məndən uzaq olsunlar ki, səhər deməsinlər Şakirin toya çağırdığı filan müğənni axşam haradaydı, kimlərlə idi. Ona görə belə şeylərdən uzağam.
- Bir çox sənətçilər səni qınayacaq ki, Şakir gündəmə gəlmək istəyir, özünü reklam edir.
- Mənə qətiyyən maraqlı deyil ki, özümü reklam edim. 15 ildir reklamdayam ki, bir çox xalq, əməkdar artistlərinə çörək verirəm. O gün olmaz ki, zəng edib deməsinlər ki, Şakir vəziyyət pisdir, toy tut biz də gəlib çörək qazanaq. Məndə elə sirlər var ki, birini açıb desəm bomba kimi partlayar. Özü də istədiyim kimi olardı. Amma bu mənə lazım deyil, onların qaranlıq dünyalarından çox-çox uzağam. Nadir oxudu- oxumadı, heç vecimə də deyil. Mənim də öz sənətim var yetərincə. Qubada Şakir deyəndə hamı bilir ki, mənim necə sənətim var.
- Hazırda hansı müğənnilərlə çalışırsan?
- Müğənnilərin 70 faizi məni tanıyır. Almaz Ələsgərli mənə Quba-Şakir -Alma adını verib. Ədalət Şükürov məni bir proqramda iştirak edəndə Qubanın xalq artistidir, - deyə təqdim edib. Şükür Allaha, indi Quba camaatı hamısı mənə "xalq artisti" deyə müraciət edir. Bu da mənim üçün böyük fəxrdir. Təkliflər çoxdur, inşallah, yaxınlarda yeniliklər edəcəyəm.
- Qısqanc insansan?
- Bu sənətimə özümü qısqanıram. Başqa bir qısqanclıq ola bilməz, heç sevdiyim insan da yoxdur. Bilirsiniz ki, müğənnilərin sevgisi olmur. Sadəcə alışdığı, vərdiş etdiyi birisi olur, onunla yaxınlıq edir, sevişir və nə bilim nələr... Tək-tük müğənnilər də var ki, həqiqətən sevib, ailə qururlar və ailə xətrinə sənətdən uzaqlaşırlar. Bax bu çox maraqlıdır. Məsələn, Aynur Dadaşova ilə mən çox qürur duyuram. Çünki öz sevgisinə görə sənətini qurban verdi, indi iki övlad yetişdirir. Çox düzgün elədi bu çirkabdan yığıldı. Aynur gedəndən sonra bir çoxları üçün yol açıldı. O, hazırda öz evinin, ailəsinin sənətçisi, sənətkarıdır, mənim üçün də elə əsl xanım-xatın sənətçidir. Öz sənətini özünə qısqandığı üçün müğənnilikdən uzaq olub ailəsini seçdi.
- Titullara münasibətin necədir?
- Bilirsiniz, müğənni özünə heç vaxt heyvan adı verməz. Nadir də özünə gah "Əjdaha" adı verdi, gah da "Anakonda". Bayaq söhbət açdığım toydan çıxıb gedəndə dedim, artıq özünə "Qarışqa" adı versin. Çünki həmin toyda özünü qarışqa hiss etdi. Özünü reklam edib şəkil çəkdirməyə gəlmişdin?... Sən əlinə mikrofon alıb oxuyaydın, deyərdilər halaldır sənə, hamı da rəqs edərdi. Nadir də eşidib bilsin ki, mənim yerim səhnədir, məni daha çox alqışlayırlar burda. Təbii, belə də olacaq. Mən heç vaxt müğənniləri qısqanmıram. Bir dəfə Əlikram Bayramovla sözüm düşdü. Onun musiqiçiləri mənim mini diskimi diskavoda qoyaraq bildirdilər ki, xarab oldu. Mən də acığa canlı ifalar oxudum. Bu isə Əlikramın xoşuna gəlmədi, sözümüz çəpləşdi. Bu haqda o vaxtı siz də yazmışdınız. Sonra Əlikram məni yığıb bildirdi ki, oldu keçdi. Amma elə deyil. Tanınmış sənətçilər birini görəndə özlərinə it, pişik titulu verə-verə heç kimə yuxarıdan aşağı baxmamalıdırlar. Ən çox da toylarda adamı aşağılamağa çalışırlar. Amma elin gözü tərəzidir.
- Bilirəm ki, ikinci həyat yaşayırsan?
- İki ay çox böyük əziyyət çəkdim. Ətrafımda olanlar, əlaqə saxlayanlar var idi. Çoxlarını özüm istəmədim ki, gəlsinlər yanıma və cürbəcür fikirdə olsunlar. Adı yadımdan çıxıb, bir müğənni gəlib Quba toyunda musiqiçilərə deyib ki, Şakirin ölümünə iki-üç gün qalıb. Çox sağ olsun hamısı, incimirəm. Bir dəfə də əməliyyat olacağam, inşallah, hər şey yaxşı olacaq.
- Şakir, sənə sponsor lazımdır?
- Mənə qətiyyən lazım deyil. O bəzi müğənnilərə lazımdır. Çünki yetərincə sponsor tapmayanda, həmin müğənnilər köməkçilərinin pulunu vermir və yaxud da min dona girirlər. Xalq artisti Zümrüd Məmmədovanın bir sözü var, çalış özün ayaq üstə qal, kiminsə gücünə yox. Mən də onun dediyi ilə gedirəm.
- Müasir dövrün sevgisinə münasibətin necədir?
- İnanın, bildim oxu haradan atdığını. Jurnalist olduğun üçün səni çox dəstəkləyirəm. Deyəsən, cəsur xanımsan. Düzünü deyəcəm, bu zamanda elə sevgi-zad yoxdur, yalnız gizli eşq yaşayırlar əks cinsin nümayəndələri ilə. Ona da pis baxmıram, dəstəkləyirəm, qoy bir-birlərini sevsinlər. Ad çəkməyəcəyəm, elələri də var ki, səhnədə özlərinə "kişi" deyir, amma eyni cinsin nümayəndəsi ilə eşq yaşayır, gizli sevişirrlər. Mən heç onlara da pis baxmıram, qoy sevsinlər, öz işləridir də.
- Özünə hansı titulu verərdin?
- Mənə başqa ad lazım deyil. Aygün Kazımova ilə toyda idik. Mənim ansamblıma ad verdi -"Şedevr", "Şanplena" olaraq da səhnədə ol. Mən də Şedevr ansamblımla bir yerdə məclislərdə iştirak edirəm. Quba xalqı mənə ad verib, bəsimdir - Qubanın xalq artisti.
- Toyla bağlı hansı hadisələri danışa bilərsən?
- Bir gün adlarını çəkmək istəmirəm, nifrətim var onlara - Təranə ilə Musanı toya danışmışdım. Razılaşmışdıq ki, toydan həmin adama faiz verəcək. Elə oldu ki, toyun ortasında bu Təranə mənə qaşqabaq edib dedi ki, toyun pulunun hamısını millətin içində mənə verəcəksən. Mən də cavabını verdim. Sonra məni polislə hədələdi. Pulu almamış da çıxıb getdi. Çox maraqlı idi ki, Musa susub yanında dayanmışdı, cavab vermirdi. Yarım saatdan sonra zəng edib pulunu tələb etdi. Təbii, çağırmışdım deyə pulu atdım üstünə və özümə söz verdim ki, bunu bir daha Quba toyuna çağırmayacağam. Günün bu günü toya istəyənlər olsa da, şəxsən mən qoymuram, çünki çox şər adamdır. Toylarını bururam, başqasını salıram və həmişə də belə olacaq.
- Maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm, çox sağ olun.
Şəlalə NƏRİMAN