Vasif Şahbazov: “10 ilə qayıdıb bütün köhnə dostlarımı “udalit” edərdim həyatımdan”

Vasif Şahbazov: “10 ilə qayıdıb bütün köhnə dostlarımı “udalit” edərdim həyatımdan”
Ulduz xəstəliyi yaxşıdır, təkı “ebola” və zöhrəvi xəstəliklərə tutulmasınlar

- Özün haqqında məlumat verərdin?

- Şahbazov Vasif Xalıq oğlu 1972-ci ildə Biləsuvar rayonunda anadan olmuşam. Ailədə 4 uşağıq - 3 bacı, 1 qardaş, ailənin ilk övladıyam.

- Necə oldu ki, bu sənəti seçdin?

- Uşaqlıqdan arzum müğənni olmaq idi. İlk dəfə X sinifdə oxuyanda sinif yoldaşımın toyunda oxumuşam və o gündən başladım oxumağa. 1989-cu ildən toylardayam.

- Uzun müddət səhnədən niyə uzaq düşdün?

- 2004-cü ildə Bakıda "Leyla" mahnımın təqdimatını edib Moskvaya getdim. Orada Rusiya şou-biznesinə qatıldım. Hətta Nataşa Korolyova ilə duet oxuyacaqdım. Həmin ərəfələrdə yaxın dostlarım tərəfindən səsim batırıldı. 6 il müalicə aldım, səsim düzəldi, amma bu dəfə müalicə əks-təsir göstərərək mədə-bağırsaq sistemimi dağıtdı. 4 il ölüm yatağında qaldım. 6 ay var ki, ayağa qalxmışam, artıq çox şükürlər ki, hər şey qaydasındadır.

- Əvvəllər sən istədiyin pillədə idin. Ola bilər ki, səni bu sənətdən uzaqlaşdırmaq üçün ayağının altını qazanların tələsinə düşdün?

- Məncə də bu belə oldu. Çünki həmin illər çox yüksəklikdə idim. Ətrafımda o qədər insanlar vardı, mən illər sonra anladım ki, bəlkə də bunu həzm edə bilməyəcəklər, məni yıxdılar.

- Bu sənət yollarında ilk müəllimin kim olub, kimdən çox bəhrələnmisən?

- Peşəkar səhnədə müəllimim Teymur Əmrah olub. Musiqi Akademiyasında Ziya Bağırovdan təhsil almışam.

- Özünü hazırda şou-biznesdə görürsən?
- Mən həmişə şou-biznesdə olmuşam. Efirlərdə olmadığım zamanlarda belə daima yeni ulduzlar və başqa müğənnilər mənim repertuarımdan oxuyublar. Mən daima şou-biznesdə olmuşam.

- Sənin üçün maraqlı müğənni kimdir, kimin ifasını dinləyirsən?

- Mənim üçün ən maraqlı müğənni Niyaməddin Musayevdir.

- Ürəkdən haçan ağlamısan?

- 1989-cu ildə Biləsuvarda evimiz tamam yananda ürəkdən ağlamışam.

- Sənin üçün önəmli sənətdir, yoxsa pul?
- İnsan üçün hər ikisi önəmlidir. Amma əsas sənətdir. Çünki sənət olan yerdə pul gəlir.

- Nə zaman haqsızlığın qurbanı oldun?
- Düz 10 ildir hələ də haqsızlıqla mübarizə edirəm.

- Əgər əlinizdə imkan olsaydı həyatınızda nəyi dəyişərdiniz?

- 10 ilə qayıdıb bütün köhnə dostlarımı "udalit" edərdim həyatımdan - ŞHİFTDELETE.

- Prodüserin varmı?
- Mənim ilk prodüserim Asif Abramov olub. Menecerim isə 14 ildir mənimlədir (Tofiq Teymur oğlu).

- Məlumdur ki, şou aləminə qədəm qoyan hər müğənni çətinliklə qarşılaşır. Bəs sən əminsən ki, yeni dən o populyarlığı qazanasan?

- Mənim adım daim populyar olub, brend müğənnilər siyahısındadır. Sadəcə qığılcım lazımdır yenidən alovlanmağa. O da inşallah, Tofiqin sayəsində artıq baş tutacaqdır.

- İlk məhəbbətin olubmu?

- 1980-ci illərdə məktəb həyatında olub.

- Artıq o yaş deyil, niyə ailə qurmursan?

- 2009-cu ildə ailə qurdum, bu evlilikdən bir qızım var. İki il bir yerdə yaşadıq və ayrıldıq. Bu haqda ağırdır danışmaq. Düşünürəm yenidən ailə qurum, amma müğənni olduğum üçün mənə qız vermirlər.

- Məndə olan məlumata görə seyid nəslindənsən, sənə ilişən xeyir tapmaz.

- Bəli, ana babam Biləsuvarda tanınıb-seçilən Seyid Mircabbar Ağa olub. Anam Mirsəkinə xanım da seyiddir. Mən də daima çalışmışam ki, o, nəslin adını qoruyub saxlayım.

- İlk dəfə sənətə qədəm qoyanda dedilər ki, səni sevən bir xanım sənə sponsorluq edib, hətta siz sevgili olmusunuz.

- Hamıya məlumdur ki, mənim ilk sponsorum əmim olub. Məşhur "Konika" şirkəti mənim rəsmi sponsorum olub. Dünya şou-biznesində onu əla tanıyırlar. Heç bir qadın mənim sponsorum ola bilməz, bundan sonra da elə-belə olaraq qalacam. Bunlar hamısı şayiə idi, guya sponsor xanım olub həyatımda. Bu məni istəməyənlər tərəfindən çıxarılan mənasız bir şayiə idi.

- Uşaqlığında necə uşaq olmusan və səni necə çağırırdılar?

- Uşaqlığımda sakit biri olmuşam. Elə indi də sakit təbiətliyəm. "Vaska" deyə çağırırdılar məni.

- Sənin bu çətin anında sənə dəstək olan həmkarların oldumu?

- Bəli, Elariz Məmmədoğludan mənəvi dəstək oldu. Ardınca ən yaxın qardaşlığım Vasif Məhərrəmli mənə kömək etdi. Allah onun balalarını saxlasın! İbrahim Borçalı da mənə çox köməklik edib. Əsas məni depressiyadan çıxaran, yenidən qolumdan tutub "Ya Allah, başladıq" deyən Tofiq oldu.

- Yenidən səhnəyə dönübsən. Hiss edirsən ki, sənət dostların sənə paxıllıq edir?

- Bu həmişə belə olub. Hiss edirəm ki, yenə qapıları üzümə sifarişlə bağlatdırırlar. Amma mən buna məhəl qoymuram. Allah biləni bəndə bilməz. Kim nə edirsə, gec-tez qabağına çıxacaq.

- Bir çox sənət dostlarının titulları var. Bəs sənin titulun nədir?

- Mənim titula ehtiyacım yoxdur. Bunu verə bilər İlhamə Quliyeva. Ad işinə o, baxır.

- Yaradıcılığında nə kimi yeniliklər var?

- Hazırda Vaqif Gərayzadədən "Vətən", Vüqar Camalzadədən "Nazlı yarım" mahnılarım var. Bunları çıxmaq şərtilə qalanları məndən pul istəyir. Ayıbdır e-e-e. "Vətən" mahnısından məgər mən pul qazanıram ki, ona görə də pul verim.

- Şəlalə nə deməkdir sənin üçün?
- Ucada olan. Həyat dolu, bolluca su, həyatın özü, əlçatmaz zirvələrdən gələn, bir sözlə hər şeydir.

- Hazırda toy bazarında yeriniz bilinir?
- Bundan ötəri hər gün toyda olmaq lazımdır ki, nəticəni biləsən. Amma hansı toya girib oxuyuram, əksər insanlar ifamı görüb şoka düşürlər ki, ay da, o, müğənnidir. Çoxları məni ölmüş bilir.

- Şou-biznesin açarı kimin əlindədir?

- Şou-biznesin açarı telekanalların, media mənsublarının əlindədir. O ki qaldı hansısa müğənniyə, məncə o açar taclı primadonnamız İlhamə xanımın əlindədir. Uşaqlıq arzum İlhamə xanımla duet oxumaq olub hətta.

- Hansı günahın yükü hələ də çiynindədir?

- Elədiyim bütün günahların yükü çiynimdədir. Ən çox günah yüküm övladımın heç vaxt məni atası kimi tanımamağı olacaq.

- Qısqanc insansan?
- Həddən artıq qısqancam, hətta özümü belə qısqanıram hərdən özümə.

- Şou əhli tez bir zamanda ulduz xəstəliyinə tutulur. Buna münasibətin necədir?
- Normaldır, ulduz xəstəliyi yaxşıdır, "ebola" və zöhrəvi xəstəliklərə tutulmasınlar.

- Qalmaqal nə deməkdir sənin üçün?

- Bizim milləti ən çox maraqlandıran qalmaqaldır. Bir çoxları qalmaqalla gəlib gündəmə. Bu yaxınlarda məndə də real qalmaqal görəcəklər.

- Haqqınızda gəzən şayiələrə necə baxırsınız?

- Pis baxıram, olmayanı, mənə yamaq vurmağı sevmirəm. Amma kim nə deyirsə desin, Allah görür.

- Şou-biznesdə tamahkar insanlar varmı?

- Şou-biznesin 90%-i tamahkardır.

- Müğənni olandan sonra həyatınızda nə dəyişdi ki, yenidən bu sənə qayıtdınız?

- Mənim səhhətim imkan vermirdi ki, davam etdirim. Sağaldım və yenidən qayıtdım. Məncə bu dəfə dayanmaq olmaz, yalnız irəli...

- Məhəbbət nədir sənin üçün?

- Yaşama səbəbim, duyğular, yaradıcılıq. Məhəbbət mənim üçün var olan hər şeyə qarşı diqqət deməkdir.

- Kimdən halallıq almaq istərdin?

- Həyatda mənə ilk dəstək olan sponsorumdur. Halallıq almamışam hələ. İstərdim ondan halallıq alım. Çünki məni bu səviyyəyə o çatdırıb.

Şəlalə NƏRİMAN

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az