
- Özünüzü oxucularımıza təqdim edərdiniz?
- Mən Səid Nurtəbrizi Salyan rayonunda anadan olub orada boya-başa çatmışam. Ali təhsilimi Bakıda almışam. İxtisasca filoloqam, ikinci təhsilim psixologiyadır. Sonra da müdafiə etmişəm. Ailədə 3 uşağıq - 2 qardaş, 1 bacı. Özüm 10 ildir ailəliyəm, 2 oğlum var.
- Səid Nurtəbrizi - bu təxəllüsün anlamı nədir?
- Nurtəbrizi - mənim soyadım deyil, Həsənzadədir. Sadəcə, özümə təxəllüs götürmüşəm. Səbəb də bir neçə il bundan qabaq Təbriz şəhərinə təyyarə ilə uçdum, gecə vaxtı endi təyyarə. Bu zaman çox çil-çıraq gözümə dəydi. Sanki nura qərq olmuşdu Təbriz və o gündən özümə Nurtəbrizi təxəllüsünü götürdüm.
- Necə oldu ki, məhz psixologiya ilə məşğul oldunuz?
- Özümü dərk edəndən insanların psixologiyası mənim üçün maraqlı olub. Başqa ixtisasa yönəlsəm belə, yenidən sevdiyim ixtisasa yiyələnmək məqsədini qarşıma qoydum və bu arzuma çatdım. Nə dərəcədə peşəkar, qeyri-peşəkaram. Onu mənə müraciət edən pasientlərim deyə bilər.
- Neçə kitabınız çıxıb indiyə kimi?
- Bu zamana qədər 23 kitabım işıq üzü görüb. Bunların əksəriyyəti dini-fəlsəfi mövzuda yazılmış kitablardı. Siyasi şəxsiyyətlərə, o cümlədən Ulu Öndərimizə də kitab həsr etmişəm. Nəşr olunan şeir kitablarım daha çoxdur.
- Kimlərin ifalarını bəyənirsiniz?
- Bəyəndiklərim ifaçılar Rəşid Behbudov, Şövkət Ələkbərova, Nəzakət Məmmədova, Zeynəb Xanlarova, Könül Xasıyeva, Akif İslamzadədir. Teymur Əmrahın da sənətini çox sevirəm. Ola bilər yadımdan çıxar, kimlərinsə adını çəkmərəm. Bəyəndiklərimə həmişə qulaq asıram.
- Sizə müraciət edənlərdə, yəni xəstələrdə insanın hansı xüsusiyyətinə qiymət verirsiniz?
- Xəstələrdə təbii ki, onların vətənpərvərlik hisslərini görəndə qiymətləndirirəm. Çünki hamı bilir ki, mən vətənpərvər insanam.
- Həyatınız barəsində kino çəkilsəydi bu kino hansı filmə bənzəyərdi?
- Çox maraqlı sualdır. Mənim xoşuma gəldi. Mənə bu sualı hələ verən olmamışdı. Mənim həyatım haqqında film çəkilsəydi filmi bənzətmək istəyərdim "Böyük dayaq" filminə, o cümlədən "Uşaqlığın son gecəsi"nə, bir də "Atları yəhərləyin"ə. Bax, 3 əsərin süjet xəttinə bənzədərdim əgər mənim haqqımda film çəkilsəydi.
- Bir psixoloq kimi gözəl xəyallar quranda özünü həmin xəyallarda necə görürsən?
- Səmimi deyəcəm, mən qurduğum xəyallarda özümü dərviş kimi görürəm, yəni real həyatda dərviş kimi yaşamasam da, ruhən dərviş kimi yaşayıram. Bəlkə ailəli olmasaydım qismən dərviş həyatı yaşayardım. Bilirsiniz ki, insan ailəsinin xətrinə çox şeyi qurban verir. Çünki bu dünyanın əksər gözəlliyi böyük-böyük çirkinlik toplusudur. Mən onları nə görmək, nə yaşamaq istəyirəm.
- Bilirəm ki, yaradıcı insansınız? Hazırda nə kimi yenilikləriniz var?
- Hazırda şeirlərim var. İnşallah, böyük həcmli şeirlər kitabım işıq üzü görəcək. Bu kitabda bütün 4-5 ay ərzində qələmə aldığım şeirlərim yer alacaq. 1000-dən çox şeirlər olacaq burada. Səbəbkar da bir xanımdır. Çünki o xanıma mənim sevgim olub, 3-4 ay ərzində bu şeirləri yazmışam. Daha doğrusu bu öz xanımım- həyat yoldaşım olub.
- Verilişlərin birində dediniz ki, mən qısa yubkalara pis baxıram, zövqümə uyğun deyil. Bəs sizin zövqünüzə nə uyğundur?
- Mən həmişə verilişlərdə belə deyirəm. El dilimizdə desək, mən köhnə fikirli, köhnə təbiətli kişiyəm. Heç də bundan çəkinmirəm. Düşünürəm ki, belə olmaq da pis deyil. O, cür xanımları bəyənmirəm, heç kim də qadağa qoya bilməz. Bu mənim subyektiv fikrimdir. Mən elə xanımı xanımım deyə yanımda gəzdirə bilmərəm və buna pis baxıram. Düşünürəm ki, elə bir qadın yalnız kişiyə məşuqə ola bilər.
- Şou-biznes əhlindən bir psixoloq kimi sizə müraciət edən varmı?
- Təbii, çoxdur, ad çəkməyəcəyəm, dostlarımdır.
- Sizcə qadın sevərkən təhlükəli ola bilər?
- Qadınlar sevərkən deyil, sevdiyini itirərkən daha təhlükəli olurlar. O zaman quduzlaşmış bir canavardan daha betər olurlar.
- Bəs qadınlar kişilərdən daha təkəbbürlüdür?
- Yox, deməzdim. Təkəbbürlü qadınlar olduğu kimi təkəbbürlü kişilər də olur. Hətta deyərdim ki, kişilərdə təkəbbürlük daha çoxdur.
- Qısqanc insansınız?
- Bəli, mən qısqanc insanam. Sevdiyim insanları qısqanıram və qısqanclığımı onlara hər hansı zərbə endirməklə bildirmirəm və içimdə yaşayıram.
- Pul insanların çirkinliyini üzə çıxarda bilirmi?
- Mənəvi cəhətdən zəif olan insanlar, təbii ki, onların həyatında baş verən maddi-mənəvi çətinliklər və s. baş verəndə onlar artıq çirkin sifətlərini üzə çıxarmış olurlar.
- Psixoloqlar arasında paxıllığınızı çəkən olubmu?
- Yəqin ki, var. Amma məndə paxıllıq hissi yoxdur. Baxanlar bilir ki, həmişə də canlı verilişlərdə adlarını çəkmişəm, tərifləmişəm. Hətta xarici ölkələrdə belə olanda, zəng vuranda bir çoxlarının nömrəsini vermişəm ki, gedin müraciət edin. İnsanın ruzisini verən Allahdır. Paxıllıq sindromu mən uzaqdır. Düşünürəm ki, o zaman paxıllıq olar ki, insan öz peşəsinə biznes kimi baxar, paxıllıq edər ki, çörəyini kimsə əlimdən alır. Mən bu işə xidmət kimi baxıram, biznes kimi baxmıram. Qarşılığını Allah mənə yetirir. Heç bir bəndə bəndəyə çörək vermir.
- Baxıcılara münasibətiniz necədir? Bir çox baxıcılar var ki, artıq psixoloq adı altında fəaliyyət göstərir.
- Bu ad altında fəaliyyət göstərən çoxdur. Paranormal insanlara qarşı deyiləm. Çünki bir çox elmi kitablar araşdırmışam, oxumuşam. Belə insanlardan uzağam, əlaqəm yoxdur.
- Sizcə baxıcılar hansı auradan çox süni istifadə edirlər?
- Onu deyə bilərəm ki, belə insanların qəbulunda olmamışam. Kimsə şahid olubsa ki, mən hansısa baxıcının qapısında olmuşam, gəlib efirdə üzümə desinlər. Onlarla maraqlanmıram, deyə bilmərəm ki, nə işlə məşğul olurlar.
- Səmimi olun, məsləhət verdiyiniz işin qiyməti nə qədərdir?
- Konkret qiymət yoxdur. Amma başqa ölkələrdə 100-150 Avroya olur, Türkiyədə 50-150 lirə olur. Azərbaycan 50 – 40 - 30 AZN. Qiymətlər dəyişir, konkret qiymət yoxdur. Bu rəqəmi deyəndə qarşı tərəf deyəcək ki, bunun pulu çoxdur. Avropaya baxma. Bizim ölkədə psixoloqa çox getmirlər. Kardioloqun, ginekoloqun qapısında olan növbələr bizdə yoxdur. Ay ərzində maksimum 10 insan qəbulumuza gəlir. Qiymətlər də ki, bizim həkimlər tərəfindən təyin olunur: bu psixoloqun qiyməti budur. Mən və orada işləyənlər heç bir işə qarışmır. Qaldı, xarici ölkələrin klinikalarına qonaq kimi dəvət alıram dostlar tərəfindən. Orada deyilir qiymətlər bu civardadır.
- Bəs sizin köməkçiniz varmı?
- Yox, mənim heç kimim yoxdur. Mən müğənni deyiləm ki?! .Tək köməyim Allahımdır. Bir də ağlım, düşüncəm, fikirlərim.
- Ürəkdən haçan ağlamısınız?
- Gündə 5 dəfə, hər namazda ağlayıram. Sevincdən ağlamaq istəyirəm. Əhd eləmişəm torpaqlarımız alınsın, Şuşada, Cıdır düzündə şükür edib səcdə edərək sevincdən ağlayım. Bunu əhd eləmişəm.
- Sizə necə müraciət edəndə xoş olur?
- Mənə Səid kimi müraciət edəndə xoşuma gəlir, Həci kimi yox.
- Sizin borcunuz çoxdur, yoxsa sizə borcu olanlar?
- Baxır nə borcu. Maddi borcum çox deyil, lap açıq deyə bilərəm, 2 min 200 borcum var. Mənə borcu olanlar çoxdur, mən halallıq vermişəm. Həyat fanidir, hər an insan ölə bilər, istəmirəm ki, onların boynunda qul haqqım qalsın. Qul haqqı olanın tövbəsi qəbul olmaz, cəhənnəmə vasil olur. Mənə də istəmirəm ki, kimsə mənim üzümdən cəhənnəmə getsin, haqqımda nahaq danışanların da, qeybət qılanların da hamısının halallığın vermişəm. Boynumda haqqı olanların hamısının haqqın vermişəm.
- İntuisiyanızın özünüzə bir xeyri dəyirmi heç?
- İnsanları xarakterizə etməyi yaxşı bilmirəm. Amma insanlara tez inanıram. "Nainvani" insanam. Məni aldatmaq bəzi üzdəniraqlar üçün daha asan olur. Mənim peşəm etiraf edirəm, çox vaxt mənə kömək etmir.
- Bəlkə deyəsiniz, niyə şou-biznesdə bəzi kişilərdə qadınlaşma prosesi gedir?
- Mən bununla bağlı bir neçə il bundan qabaq bir məqalə yazdım: "Korlanan gəncliyimiz, məhv edilən gələcəyim". Bu haqda hər şeyi lap aydın yazmışdım. Bilirsiniz necədir? Orientasiyanı dəyişən gənclərimiz - istər kişilər, sözün əsl mənasında onlara kişi yox, qadın demək olarsa - bunlar cəmiyyətimizdə kifayət qədərdir. Sadəcə efirdə olanları görürük, onları daha çox qeyd edirik. Əslində belələri tanınmayan insanlar arasında da çoxdur. Onlara nə kişi, nə qadın demək olmaz (gülür). Bunlarda da bu hadisələrin baş verməsi psixoloji problemdir. KTV - media vasitəsi ilə, qərb ölkələrinin filmlərinə baxmaqla belə şeylər ərsəyə gətirilir. Bir çox təbliğatlar insanların şüuruna təsir edir. Bu gün çoxdur belələri. Kimlərdəsə iradə zəifliyi, ruh zəifliyi də səbəb olur.
- Təklikdən qorxursunuz?
- Təklikdən qorxmayan insan deyil. Mən hər zaman təklikdən qorxmuşam. Mən sevdiyim insanları itirməkdən qorxuram hər an. Gün ərzində 800 min SMS - suallar gəlir feesbuk-sentqramda. Mən onları itirmək istəmirəm ki, kiminsə qəlbin qırım.
Şəlalə NƏRİMAN.