
- Özünü oxucularımıza təqdim edərdin?
- Əslimiz Dağlıdır. Ailədə 3 bacıyıq. Biri Aynur, biri mən, biri də Günel. Böyük bacı mənəm evdə… 1978-ci il mayın 12-də anadan olmuşam. Yasamal rayonundakı 161 nömrəli orta məktəbi bitirmişəm. Musiqi təhsilim yoxdur. Mədəni Maarif Texnikumunu, İncəsənət Universitetini bitirmişəm. 8 ildir musiqi ilə məşğul oluram. Belə deməyim pis çıxmasın, efirə çıxmasam da, toylarım boldur. Elə insanların toylarını oxumuşam ki, heç kimin belə ağlına gəlməz onlar kimlərdir. Ailəliyəm. 17 yaşında bir oğlum var, yoldaşım xalam oğludur.
- Gündəmə gəlmək sənin üçün niyə önəmli oldu ki?
- Efirə baxırdım, gördüm ki, məndən pis oxuyanlar gündəmdədir. Fikirləşdim ki, niyə mən gəlmədim gündəmə. Ona görə qarşıma məqsəd qoydum ki, tanınmalıyam.
- Şou-biznesin açarı kimin əlindədir?
Şou-biznesin açarı Zeynəb Xanlarovanın əlindədir. Ondan başqa oxuyan yoxdur.
- İlk məhəbbətin olubmu?
- Sözün düzü, ilk məhəbbətim olmayıb, heç kimi sevməmişəm.
- Haqsızlığın qurbanı olmusan?
- Elə həmişə də haqsızlığın qurbanı olmuşam.
- Bəs valideynlərin razı oldumu bu sənətə gəlməyinə?
- Ailədə narazılıq var idi. Atam razı deyildi ki, bu sənətə gəlim. Çünki çətin sənətdir. Artıq atamı razı saldım və istəyirəm efirlərdə, hər yerdə tanınım, öz mahnılarımı xalqıma sevdirim.
- Ürəkdən haçan ağlamısan?
- Mən həmişə sevincdən ağlamışam, sevinc göz yaşları axıtmışam. Mən belə heç vaxt ağlamamışam.
- İlhamə haçan təhlükəli ola bilər?
- Ən təhlükəli vaxtım qısqanclıq zamanı olur. Onda məndən qorxmaq lazımdır.
- Şou-biznes əhlindən qorxmursan? Çünki burda çox tələ quranlar var.
- Mən Allahdan başqa heç kimdən qorxmuram. Onlar qorxsunlar ki, İlhamə gəlir. Özü də necə gəlir. Mən özümə arxayınam.
- Qısqanc xanımsan?
- Çox dəhşət qısqanc xanımam. Allah göstərməsin.
- Bəs həyat yoldaşın səni qısqanmır bu sənətdə?
- Məni qısqanmır, ona görə də bizdə heç vaxt problem olmur.
- Bəyəndiyin müğənnilər kimdir və həmişə kimlərin ifasını dinləyirsən?
- Zeynəb Xanlarovanın, bacım Aynur Dadaşovanın, Mətanət İsgəndərlinin, Nisə Qasımovanın ifalarını hər zaman da sevə-sevə dinləyirəm.
- İstedadı olmayan gənclər bu sənətdə var?
- Pis çıxmasın, baxıb görürəm də, efirdə bəziləri oxuyur, heç mənim kimi səsləri yoxdur, oxuya da bilmirlər.
- Aynur Dadaşova necə, dəstəklədimi səni bu sənətdə?
- Həmişə sənətdə bizə dəstək olub. Qaldı bu bir Allah vergisidir. Biz üç bacının gözəl səsi var. Bunu da Allahımıza borcluyuq.
- Hansısa müğənnilərlə qalmaqalın olubmu?
- Olub ki, müğənnini efirdə döymüşəm. Şəxsi həyatımda da sözüm kiminləsə çəp gəlib, onu da döymüşəm.
- Həyatda yaşamağa dəyər?
- Əlbəttə dəyər, həyat gözəldir. Gözəlliklərlə, möcüzələrlə doludur. Sadəcə yaşaya bilməyi bacarasan.
- Alın yazısına inanırsan?
- Yox, inanmıram.
- Sənin üçün sənət önəmlidir, yoxsa pul?
- Mənim üçün həm tanınmaq, həm də pul önəmlidir. Çünki sənətim varsa, demək bütün pillələri asanlıqla keçəcəksən.
- Sevgi uğrunda nəyi qurban edərdin?
- Canımı qurban edərdim, ona da qadirəm!
- Nədən qorxursan?
- Həyatda aldanmaq, xəyanət - ən çox qorxduğum bunlardır. İstəmərəm ki, heç düşmənimin də başına gəlsin.
- İncəsənət qurban tələb edir. Sənəti, yoxsa ailəni - hansını seçərdin?
- Oğluma görə ailəmi seçərdim, sənətimi yox.
- Həmkarlarınla necə, heç toyda qalmaqalın düşüb?
- Çalışıram hamıyla mehriban olum, səmimiyəm, dava etməmişəm hələ. Amma ad çəkməyəcəyəm, bir müğənni xanımla toy üstündə söz-söhbətimiz düşdü.
- Aynur Dadaşovanın adıyla tanınmısınız. Sizcə bu ad sənətdə sizə uğur gətirəcək?
- Belə deyim, Aynur mənim bacımdır. Mənim üçün fəxrdir onun adıyla tanınmaq. Bir də Aynur nə elə pis qız olmayıb, nə də pis müğənni olmayıb ki, mən utanım. Mən şəxsən fəxr edirəm ki, onun adıyla mənim adım bir çəkilsin. Amma sonra da İlhamə kimi sevilmək istəyirəm. İstəyirəm öz adımla tanınım, sevilim.
- Həyatda ən çox nəyi fikirləşirsən?
- Düzün etiraf edim ki, oğlumu çox fikirləşirəm.
- Qarşılıqlı sevgi nədir?
- Əsl sevgi qarşılıqlıdır. Qarşılıqsız sevgi ötəri hissdir, gəlib keçir.
- Özünə çox arxayınsan bu sənətdə?
- Arxayınam özümə də, sənətimə də. Heç vaxtı da istəməmişəm ki, sponsorum olsun. Öz sənətim, öz səsim mənim üçün qiymətlidir. Kimdənsə dəstək gözləmirəm. Səsim mənim üçün hər şeydir.
- Prodüserin varmı?
- O prodüser sözündən heç vaxt xoşum gəlməyib. İnşallah, şou-biznesə qatılsam da, tanınsam da heç vaxt mənim prodüserim olmayacaq. İstəmirəm.
- Toylarda vəziyyət necədir?
- Şükür Allaha, toya təqvimlə gedən xanımam. Qiymətlər fərqlidir, qoy sirr qalsın.
- Hansısa sənətkardan dəstək istəmisən?
Bir misal var: "Özgə atına minən, tez düşər". Mən heç vaxt gündəmə müxtəlif yollarla gəlmək istəməmişəm. Özüm-özümə dəstək olmaq istəmişəm.
- Məndə olan məlumata görə səhhətində problem olmuşdu?
- İnşallah, yaxşıyam, səhhətimdəki problemim də həll oldu.
- Evli kişilərlə gənc müğənnilərin eşq macərasına necə baxırsan?
- Çox pis baxıram, o barədə danışmaq istəmirəm.
- Disk çıxarmaq fikrin varmı?
- İnşallah, fikrim var, burda yox, Türkiyədə çıxardacağam.
- Boş vaxtlarında və edirsən?
- İnanın, boş vaxtım olan kimi oğlumla keçirirəm günümü.
- Şou-biznesdə özünü görürsən?
- Bəziləri olmasaydı mən də istəyərdim şou-biznesdə olum. Amma istəyirəm ayrı bir insan olum.
- Bəs oğlunun marağı varmı bu sənətə?
- Oğlum XI sinifdə oxuyur. Marağı idmanadır. Sözün düzü, mən istəsəm də o, istəməz ki, bu sənətdə olsun.
- Duet necə, təklif gəlibmi sənə?
- Sözün düzü, fikirləşməmişəm oxuyum, heç istəmərəm də oxuyum.
- Uşaqlığınız necə keçib?
- Uşaqlığımız çox maraqlı keçib. Uşaqlara konsert verərdik, tamaşa hazırlayardıq. Uşaqlıqdan həvəsim çox idi oxumağa, 3 bacı üçümüzün də gözəl səsimiz olub, ona görə də bu sənətdəyəm.
- Özünü nədə qınayırsan?
- Heç, özümü qınayıram ki, gərək 8 il bundan qabaq gündəmə gələydi. Səbəb də odur ki, istədiyim zirvədə olardım.
- Sənət adamı ilə ailə həyatı qurmaq çətindirmi?
- Əlbəttə, çətindir. Sənət adamı ilə ailə qurmaq və sənət adamının həyat yoldaşı olmaq. Əgər sənət adamı ilə ailə qurursansa, böyük səbir lazımdır ki, dözümlü olasan. Bizim sənət elədir ki, bütün günü toyda olursan, gecə saat 1-də evə gəlirsən, yorğun olursan. Bəzən günlərlə studiyalarda mahın yazdırırsan. Ona görə də çətindir, həm kişi, həm qadın tərəfdən ailə saxlamaq. Bunları qəbul edən kişi də, xanım da səbirli olmalıdır. Ailə quranda da bilməlidir ki, incəsənət adamıyla ailə qurur. Buna görə də hər şeyə hazır olmalıdır. Gəlin səmimi olaq, şou-biznesdə 50% ailələr dağılır, yəqin bu sadaladığım arqumentləri qəbul edə bilməyən ailələr olur, nəticədə ailə dağılır. Amma 50% də ailəsini böyük təməllə saxlayan sənətkarlarımız da var. Həmin ailəsi olan xanımların həyat yoldaşı sevib sənətini də, özünü də. Ona görə günü bu günü də bir yerdədirlər.
- Xasiyyətin necədir sənin?
- Tez inciyib küsənəm, amma kinli deyiləm, tez də barışıram.
- Mahnı ifa etmək sənin üçün əyləncə ola bilərmi?
- İnanın, bir çoxları məni tanımır deyə min fikrə düşə bilərlər. Oxumaq mənim üçün əyləncə deyil, mən oxumaqdan həzz alıram.
- Bəziləri düşünə bilər ki, İlhamə pul qazanmaq üçün bu sənətə gəlir?
- Yox, onu deyə bilməzlər. Çünki mənim səsimi hamı eşidəcək və görəcəklər ki, mənim pulum səsimdədir.
- Sənin fikrincə bu gün toydan çoxlu qonorar alan müğənnilər soyğunçudur?
- Elə insanlara soyğunçu yox, acgöz deyə bilərəm.
- Bilirsən ki, Aynur Dadaşova sözünü deyən müğənnidir. Aynur necə baxır sənətə gəlməyinə?
- Çox gözəl baxır. Ailəmin razılığı ilə bu sənətə gəlirəm. Aynurun ən sevilən mahnılarını oxuyacağam. Tamaşaçıların da hansı mahnı xoşuna gəlsə, ona da klip çəkdirəcəyəm və inanıram ki, bəyənəcəklər. Aynura da xoş olar.
- Hansı titulu verərdin özünə?
- Heyvan adları ilə titul istəmərəm, özümə xanım-xatın bir titul verərdim.
- Sonda oxuculara fikrini bilmək istərdinmi?
- "Oxu məni"yə təşəkkürümü bildirirəm ki, bizlərə dəstək olursunuz. Bütün oxucularınıza sükanı belə saxlayın, deyirəm. Və burdan deyirəm ki, mən gəlirəm, gəlişim bir çoxlarını yerindən silkələyəcək və əminəm ki, tez bir zamanda seviləcəyəm.
Şəlalə NƏRİMAN