Bizim Şaban: “Kamal Sunal yuxuma girdi və bütün həyatım ordan başlandı”

Bizim Şaban: “Kamal Sunal yuxuma girdi və bütün həyatım ordan başlandı”
Arvaddan qorxan kişilər təhlükəli hesab edər qadınları

- Özünü oxucularımıza təqdim edərdin

- Mən, Şaban Astara rayonunun Ərçivan kəndində anadan olmuşam. Orta təhsilliyəm. 1998-ci ildə sənədlərimi İncəsənət Universitetinə verdim, qabiliyyət imtahanından "5" qiymət aldım, amma testdən keçə bilmədim. Sonra əsgərliyə getdim. Çünki əsas mənə Vətəndir. Vətənimin qulluğunda alnıaçıq durub, gəldim. 2 qız övladım var.

- Bəs necə oldu ki, Şaban kimi tanındın?
- Əsgərlikdən gələndən sonra Bakıda restoranların birində ofisiant işlədiyim vaxt Kamal Sunan yuxuma girdi və bütün həyatım ordan başlandı. Bəzilərinə inanılmaz gələr, amma həqiqətdir.

- Özünü şou-biznesdə görürsən?

- Əlbəttə özümü şou-biznesdə görürəm. Görməsəydim "Oxu məni" qəzeti məndən yazardı?

- Bu sənətdə sənə kimlər dəstək oldu?
- Bu sənətdə mənə heç kim dəstək olmayıb. Sadəcə ilk çıxışıma görə "Space TV" - də Türkel Süleymanlıya müraciət etdim, o vaxtlar "Tam-tam şou" deyilən bir veriliş var idi, ordan birbaşa canlı efirə çıxartdı. Sonralar da tamaşaçıların istəyi ilə verilişlərə dəvət aldım. Verilişlərə çıxa-çıxa ofisiant kimi də çalışdım ki, qazancımdan olmayım. Onda 2002-ci illər idi.

- Bəs ailədə neçə uşaqsınız? Səndən başqa bu sənətdə kimsə varmı?

- Evin bir oğluyam. Şou-biznesdə təkəm. Məndən başqa qohumlarımdan bu sənət aləmində olanı yoxdur.

- Başına toylarda maraqlı hadisə gəlibmi?
- Biri toyda mənə yaxınlaşıb dedi ki, məni tanıyırsan? Dedim yox. Dedi artıq böyüyüb artist olmusan, tanımazsan da... Dedim ağsaqqal, ola bilər yadımdan çıxmısınız, özünüz xatırladın. Mənə dedi: Utanmırsan, məni tanımırsan. Dedim vallah tanımıram, deyin. Dedi 1979-cu ildə sənin nənənin baş daşını mən qoymuşam. İndi məni tanımırsan? Təsəvvür edin, mən 1980-ci ildə anadan olmuşam. Sən bir deyirsən tanımalıyam (gülür).

- Məhəbbət nə deməkdir sənin üçün?
- Xoşlamıram məhəbbəti. O qədər evlər yıxıb. Axmağam evimi yıxam.

- Bəs ilk məhəbbətin olub?
- İlk məhəbbətim olub. Məktəb illəri, yəni uşaq sevgisi deyilən bir körpü var. Mən də bəziləri kimi o körpüdən keçmişəm. İndiki ağlım əvvəl olsaydı, bir də o körpüdən keçənin atasına lənət!

- Ürəkdən haçan ağlamısan?

- Mən özüm Hüseynin aşiqiyəm. Məhərrəmlik günlərində çox ağlayıram.

- Rəqibin kimdir?

- Ermənilərdi. Millətimi niyə rəqib seçim ki, hamısı mənim xalqımdır, canımdır, ciyərimdir. Biz azərbaycanlılar nə qədər əsəbiləşsək də, dalaşsaq da, amma ürəyimizdə olan rəhm heç bir millətdə yoxdur.

- Kimlərin ifasını dinləyirsən?
- Kim oxuya bilirsə, onu da bəyənirəm, yəni xalq bəyənibsə, üzə çıxarıb. Mən kiməm ki, bizi adam edən xalqdır. Paltarımız, evimiz, maşınımız, ayaqqabımız, corabımız xalqa məxsusdur. Onlar alıb bizə. Bizim heç nəyimiz yoxdur. Ailə tərkibindən başqa nəyimiz var? Xalq bizi sevir, məclislərinə çağırıb pul verir. Bütün ruzimizi onlar verir.

- Bəs səhnədə ilk addımınızı necə atdınız?
- Mən "Tam-tam" verilişinə çıxandan sonra millətim məni tapıb toylara aparırdılar. Bir gün də mənim hörmət etdiyim bir ağsaqqal (Allah ona dönə-dönə rəhmət eləsin) Nəbi Eyvazov var idi, bax bu insan mənə maddi dəstək olaraq toylara apardı. Amma ofisiant da işləyirdim. Nəbi müəllim Kamal Sunalı çox sevərdi. Bir toyda da İzzətlə qarşılaşdım. Məni görüb dedi ki, veriliş açıram, mənimlə çıxış edərsən? Dedim problem yoxdur. Belə başladı bu sənətə gəlməyim.

- Uşaqlıq illərin necə keçib?
- Yaxşı olub. Kaş elə qayıdaydım o günlərə. Amma getdi o günlər.

- Tamada kimi toylara gedirsənmi?
- Yox, tamadalıq başqa aləmdir. Gərək şeir biləsən, hiyləgərliyi biləsən, hər adamla davrana biləsən, çox çətindir.

- Qısqanc insansan?
- Mənim qədər qısqanc olan varsa çıxsın qarşıma, həddindən artıq qısqancam. Dəliyəm o barədə.

- Qısqanıb nə edə bilərsən?

- Qatil ola bilərəm.

- Hər sahədə olduğu kimi incəsənət aləmində də bir-birinə maneçilik törədənlər çoxdur. Sizcə bu nədəndir?
- Sənətləri olmadığından maneçilik yaranır. Bizdə də budur. Düzdür, mən qarışmıram, mənə də qarışan yoxdur, qarışsalar da cavab verərəm ki, qorxdu deməsinlər.

- Səncə aktyora savad lazımdır?
- Əlbəttə lazımdır. Sonra deməsinlər nə savadsız-savadsız danışır, ikincisi də istedad lazımdır. Düzdür, mən oxumamışam, ali savadım yoxdur. Amma dünyagörüşüm, özümə görə biliyim var.

- Olubmu tamaşaçıları güldürəndə ürəyindən ağlamaq keçib?
- Yox, olmayıb. Çünki mən çıxışım vaxtı papağı başıma qoyanda heç nəyi eşitmirəm, görmürəm. Sadəcə tamaşaçıları görürəm, heç bir problemi görmürəm papaq başımda olanda.

- Səncə kişilər qadınları niyə təhlükəli hesab edir?
- Baxır hansı kişilər. Arvaddan qorxan kişilər təhlükəli hesab edər qadınları. Qadınlar da bir anadır. Ananın təhlükəli olduğu harda görünüb. Biz müsəlmanıq.

- Yaradıcılığında nə kimi yeniliklər var?

- Filmə başlamaq fikrim var Kamal Sunalın xatirəsinə. Sponsor tapsam da, tapmasam da çəkəcəyəm.

- Tənhalığı sevirsən?

- Axşamacan tənha qalım?.. Qıraqdan baxan deyəcək dəli olub.

- Səni xoşbəxt edəcək 3 səbəb?

- 1. Torpaqlarımızı geri alaq. 2. Şou-biznes əridilsin . 3. Allah heç kimi heç kimə möhtac etməsin.

- Şabanın əsil adı nədir?
- Nəsir Kərimov.

- Haçan təhlükəli ola bilərsən?
- Kimsə mənə qarşı həddin aşarsa təhlükəli ola bilərəm.

- Tamaşaçıların sevgisini necə qazandınız?
- Onu tamaşaçılar bilər. Birinci kliplə: "Hadi gəl, qurban olum" mahnısıyla xalqın sevgilərini qazandım. İlk dəfə də Xatirə İslamı bir restoranda müğənni kimi görüb dəvət etdim klipimə, uğurlu da alındı. Onda gördüm ki, həqiqi mənada tamaşaçılar məni necə sevdi və istədilər ki, məclislərində iştirak edim.

- Aktyorluqdan başqa əlindən nə gəlir?

- Rejissorluq, ssenari yazmaq. Başqa heç nəyə yaramıram. Amma bu sənətim olmasa mən işləyən adamam, bir dəqiqə də işsiz qalmaram. Hər yerdən iş taparam işləyərəm.

- Özünü hansı nağılın qəhrəmanına bənzədirsən?
- "Tık-tık xanım"da "əlini mənə bəstərəcik" deyənə bənzədirəm.

- Demək özünüzü siçana bənzədirsiniz.

- Bəli, xaricən siçandı, daxilən yardımçı.

- Küsülü olduğun həmkarların varmı?
- Mən heç kimdən küsmürəm. Küsdüyüm adam da yoxdur.

- Hazırda İzzətlə münasibətin necədir?

- Münasibətim çox gözəldir. Hacı İzzət deyin, Şəlalə xanım (Gülür).

- Şəlalə nə deməkdir sənin üçün?
- Uca dağdan axan suya Şəlalə deyirəm.

- Qalmaqallı günləriniz olubmu?
- Hər günüm qalmaqaldı. Amma gülüb keçirəm.

Şəlalə NƏRİMAN

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az