Türkiyəli nazir: “Qardaşlarımızın idmançılarımızı alqışlamasını unutmaq mümkün deyil”

Türkiyəli nazir: “Qardaşlarımızın idmançılarımızı alqışlamasını unutmaq mümkün deyil”
“Tariximizi, ədəbiyyatımızı bir-birimizə daha yaxından tanıtmaq üçün bütün imkanlardan istifadə edəcəyik”

Türkiyənin Milli Təhsil naziri Nabi Avcının Apa-ya müsahibəsi

- Bu vəzifədə olduğunuz müddətdə təhsil sahəsində Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri nə dərəcədə yaxınlaşdıra bildiniz?

- Hər sahədə olduğu kimi, təhsil sahəsində də Azərbaycanla çox yaxın və isti münasibətlərimiz var. Bu məsələlərdəki dəstəyinə görə hörmətli prezident (Azərbaycan ləhcəsində deyir – M. Ə.), möhtərəm İlham Əliyevə minnətdarlığımı bildirirəm. Təhsil naziri hörmətli Mikayıl Cabbarova yaxın əməkdaşlıq, qarşılıqlı anlaşma və ahəngdar çalışdığımıza görə çox təşəkkür edirəm. Çox şükür ki, rəhmətlik Heydər Əliyevin sözünü bir daha xatırlatsam, aramızda "Bir millət, iki dövlət" şüarının bütün prinsipləri həyata keçirilir. Ona görə də fürsətdən istifadə edib bütün Azərbaycan xalqına, millətimizə salam, hörmət və xoş diləklərimi göndərirəm. Avropa Oyunlarını yüksək səviyyədə təşkil edən Azərbaycanı ürəkdən təbrik edirəm. Türk idmançıların keçidində qardaşlarımızın idmançılarımızı hərarətlə alqışlamasını dünya gördü, bunu unutmaq mümkün deyil.

- 1,5 il əvvəl Əskişəhərdə orta əsr filosofumuz Seyid Yəhya Şirvaninin 500 illiyinə həsr edilmiş toplantı sizin öndərliyinizdə keçirildi. Eyni millətin ortaq mirasının tədqiqi və tədrisi sahəsində bundan sonra nələr düşünürsünüz?

- Çox gözəl bir nöqtəyə toxundunuz. Seyid Yəhya Şirvani və ya Seyid Yəhya Bakuvi həzrətləri sadəcə Azərbaycan və Türkiyə coğrafiyasında deyil, bütün türk dünyasında tanınan, bilinən, sevilən, hörmət qoyulan və bizim birliyimizin mənəvi təməllərini quran çox böyük bir şəxsiyyətlərdir. Biz 2013-cü il üçün Əskişəhəri Türk Dünyasının Mədəniyyət Paytaxtı elan etmişdik. Eyni zamanda, UNESCO da 2013-cü ili Seyid Yəhya Bakuvi ili elan etmişdi. Bunlar üst-üstə düşdü. Bu gözəl tarixi birlikdə qeyd etdik. Qarsdakı Qafqaz Universitetinin təşkilatçılığıyla Seyid Yəhya Bakuvi Simpoziumu və konfransları təşkil edildi, onun əsərləri təkrar gündəmə gəldi. Məncə, o yubiley dərin mənalı araşdırmaların meydana çıxmasına səbəb oldu. İndi bizim üzərimizə düşən əsas vəzifə bu işləri təkcə universitetlərdə deyil, lisey və orta məktəblərdə də genişləndirmək olmalıdır. Təhsilin bütün mərhələlərində bu mütərəqqi zehniyyəti uşaq və gənclərə aşılamaq, ortaq mənəvi dəyərlərimizi onlara tanıtmalıyıq. Bilirsiniz ki, Türk Akademiyasının gördüyü əsas işlərdən biri dərsliklərin məzmununun bir-birinə yaxınlaşdırılması, tarix və ədəbiyyat kitablarımız vasitəsilə millətimizin dəyərlərinin məktəb yaşlarından etibarən övladlarımıza tanıtdırılmasıdır. Bu istiqamətdəki çalışmalarımız davam edir. Əskişəhərdə yaratdığımız Türk Dünyası Mədəniyyət Agentliyinin səlahiyyət müddəti başa çatdı, ancaq bu işləri davam etdirə bilmək üçün Əskişəhərdə Türk Dünyası Vəqfini qurduq. Yaxşı işlər gördük və görməyə davam edəcəyik. İnşallah, Azərbaycanda və Türkiyədə qardaşlığımızı daha irəli nöqtələrə apara biləcək olan işləri o vəqfin dəstəyi ilə davam etdirəcəyik.

- Zati-aliniz Əskişəhər millət vəkili olduğu üçün o işlərin dəqiqliklə həyata keçiriləcəyinə biz də ürəkdən inanırıq. Türk dünyası müştərək tarix kitabı nəşr edildi. Təkcə ortaq tarix kitabı olacaq?

- Sadəcə tarix kitabıyla kifayətlənə bilmərik. Xatırlayırsınızsa, 1,5 əvvəl Əskişhərdə türk dünyası təhsil nazirlərinin toplantısında bu barədə müştərək qərar qəbul etmişdik. Ədəbiyyat kitablarımızda sadəcə keçmişdə qalmış ədəbiyyatımızı deyil, müasir və aktual ədəbiyyatımızı və elm adamlarımızı da tanıdacağıq. Bir-birimizi daha yaxından tanımaq üçün araya girmiş boşluqları sürətlə qapatmalıyıq. Yunus Əmrənin dediyi kimi, gəlin tanış olalım, işi kolay kılalım. Rəhmətlik Qaspralının dediyi kimi, "Dildə, fikirdə, işdə birlik!" - şüarına uyğun olaraq, işlərimizi vahid məcraya yönəldib asanlaşdıraq. Tariximizi, ədəbiyyatımızı, sosial həyatımızı bir-birimizə daha yaxından tanıtmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Bu işləri ibtidai məktəbdən universitetə, oradan isə həyatın bütün sahələrinə daşımağımız lazımdır.

- Əskişəhərdə yaratdığınız Türk Dünyası Vəqfi bir anlamda Astanadakı Türk Akademiyasının Türkiyədəki versiyası olacaq?

- Türkiyədəki versiyası demək yerinə qardaş qurumu desək, məncə, daha dəqiq olar. Çünki Akademiya daha yuxarı səviyyədə quruldu, elə də olması lazımdır. Türk Akademiyası bu işlərin meyvələrinin yetişdiyi bir mərkəz olmalıdır və elə də olur.

- Bu gün görmə və eşitmə qabiliyyəti zəif olan, çətinliklə danışan uşaqlara daha yaxşı təhsil təlim və təhsil vermək məqsədilə "Turkcell" şirkətiylə müştərək layihə sazişi imzaladınız. Bu təcrübənizi Azərbaycanda da həyata keçirmək istərdinizmi?

- Təbii ki. İstər Türkiyədə olsun, istər Azərbaycanda, Qazaxıstanda, Türkmənistanda. Harada yaxşı örnəklər varsa, bunları bir-birimizlə paylaşmağımız lazımdır. Təcrübələrimizi bölüşməliyik, çünki bir yerdə qazanılan təcrübə başqa yerdə işlərin daha asan yürüməsinə səbəb olur. Bir-birimizi o təcrübələrdən xəbərdar etsək, işlərimizi daha qısa yoldan həll edə biləcəyik. O baxımdan buradakı təşəbbüslərimizin müsbət nəticələrini Azərbaycandakı qardaşlarımızla paylaşaraq, bu xidmətlərimizin orada "nəşvü nüma" tapması üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Bunlar dövlət başçılarımızın görüşlərində təsdiq edilib. Mən də dəyərli həmkarım Mikayıl Cabbarovla apardığımız müzakirələrdə daima eyni mövqedə olduq.

- Yeni hökumət qurulan kimi ənənəyə uyğun şəkildə Azərbaycana gedəcəksinizmi?

- İnşallah. Azərbaycan və Bakı üçün, oradakı dostlarım üçün darıxıram. Ən qısa müddətdə onlarla üzbəüz görüşmək üçün fürsət yaranacağına inanıram. Bu səmimi cəhdləriniz üçün sizə də çox təşəkkür edirəm. İki dost-qardaş xalqın arasındakı münasibətlərin daha yaxşı olması üçün göstərdiyiniz cəhdlərə görə sizə minnətdaram.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az