Çingiz Əsgərov: “Bütün hallara görə məsuliyyəti məhz Ermənistan Respublikası daşıyır..."

Çingiz Əsgərov: “Bütün hallara görə məsuliyyəti məhz Ermənistan Respublikası daşıyır..."
"Avropa Məhkəməsinin qərarında Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və etnik təmizləmə faktı əksini tapıb”

Avropa İnsan Haqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun Apa-ya müsahibəsi

- Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə çıxardığı qərar Azərbaycana hansı üstünlüklər qazandırıb?

- Avropa İnsan Haqları Məhkəməsinin qərarı hüquqi məcburiyyəti əks etdirən hüquqi sənəddir. Bu, ilk məhkəmə sənədidir ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı sübut və təsdiq olunur. Avropa İnsan Haqları Məhkəməsinin qərarında bildirilir ki, Azərbaycanın işğal altında olan ərazilərində insan hüquqlarının pozuntusu ilə bağlı bütün hallara görə məsuliyyəti məhz Ermənistan Respublikası daşıyır. Eyni zamanda qərarda etnik təmizləmə faktı öz əksini tapıb. Qərarda göstərilib ki, həmin ərazilərdə bir nəfər də azərbaycanlı qalmayıb, müsəlmanlar və erməni olmayan şəxslər o ərazilərdən qovulub, etnik təmizləmə baş verib. Bu baxımdan Avropa İnsan Haqları Məhkəməsinin bu qərarı Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir və beynəlxalq müstəvidə danışıqlarda bu sənəd hüquqi qüvvəyə malik bir sənəd kimi istifadə olunacaq.

- "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə iddiaçı qismində çıxış edən məcburi köçkünlərin hüquqlarının bərpası baxımından bu qərarın hansı əhəmiyyəti var? Qərarda bu insanların əmlak və digər hüquqlarının bərpası, onlara dəymiş zərərin ödənilməsi əskini tapıbmı?

- Avropa İnsan Haqları Məhkəməsinin qərarında ilk növbədə bu insanlarla bağlı məsələlər həllini tapıb. Həmin şəxslərin öz evlərinə qayıtmaq, öz torpaqlarında yaşamaq, mülkiyyətindən istifadə etmək hüquqları təsdiq edilib və bu hüquqları göstərilir. Digər tərəfdən, Avropa İnsan Haqları Məhkəməsi kompensasiyanın ödənilməsi məsələsinə də baxacaq. Hazırkı qərarda göstərilib ki, növbəti mərhələdə 6 məcburi köçkünə Ermənistan hökuməti tərəfindən veriləcək kompensasiyanın məbləği müəyyən edilməlidir. Yəni qərarda həm mənəvi təzminat, həm məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququ, həm də öz mülkiyyətlərindən istifadə etməkdən məhrum olmağa, çəkdikləri əziyyətlərə görə maddi təzminat, kompensasiyanın təyin edilməsi məsələsi təsdiq olunur. 12 ay ərzində məcburi köçkünlərlə Ermənistan hökuməti aralarında razılığa gəlməlidirlər, yaxud öz mövqelərini Avropa İnsan Haqları Məhkəməsinə təqdim etməlidirlər. Əgər məcburi köçkünlərlə Ermənistan hökuməti kompensasiya məsələsində razılığa gələ bilməsələr, Avropa İnsan Haqları Məhkəməsi özü Ermənistan hökumətinin məcburi köçkünlərə ödəməli olduğu kompensasiyanın məbləği barədə qərar qəbul etməli olacaq.

- Azərbaycan ərazilərinin işğalı nəticəsində məcburi köçkün həyatı yaşamağa məcbur olmuş digər soydaşlarımız da Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblərmi, edirlərmi?

- Bu istiqamətdə təşəbbüslər çoxdan göstərilib. Elə Çıraqovların ərizəsi də məcburi köçkünlərin verdiyi ərizələr arasında birinci idi. Digər ərizələrə də Avropa İnsan Haqları Məhkəməsində baxılacaq. "Çıraqovlar və digərləri Ermənistana qarşı" işi üzrə qərar bir presedentdir. Yəni bu qərarla əsas məsələlər həll olunub. Ermənistan Respublikasının məsuliyyəti sübut olunub və digər məcburi köçkünlərin ərizələrinə baxılması zamanı bunların sübut olunması artıq zəruri olmayacaq. Bu ərazilərə baxılması prosesi daha sadə və bizim üçün asan keçəcək.

- Avropa İnsan Haqları Məhkəməsi "Sərkisyanlar və digərləri Azərbaycana qarşı" işi üzrə də qərar verib. Avropa İnsan Haqları Məhkəməsinin bu qərarının Azərbaycan üçün mənfi tərəfləri nədir?

- Mən bu qərarın Azərbaycan üçün mənfi tərəfini görmürəm. Bu, bizim gözlədiyimiz qərar idi. Bu qərarda qaçqınların öz evlərinə qayıtmaq hüququndan bəhs edilir. Avropa İnsan Haqları Məhkəməsi bizim mövqeyimizi tam qəbul edib ki, iddiada söhbət gedən Goranboy rayonunun Gülüstan kəndində yaşamaq qeyri-mümkündür. Çünki kənd Azərbaycan və Ermənistan silahlı qüvvələrinin arasındadır. Kənd faktiki olaraq atəşkəs zonasında yerləşir, dinc əhalinin yaşaması üçün şəraitin yaradılması qeyri-mümkündür. Yalnız burada ərizəçinin mülkiyyət hüququnun bərpası üçün kompensasiyanın təyin edilməsi məsələsi olacaq. Lakin burada bir məsələ də var ki, həmin şəxsin mülkiyyəti 1991-ci ildə məhv edilib. Həmin kənddə döyüşlər baş verib və o kənddə bir salamat ev yoxdur. Ona görə də məncə, bu məsələdə kompensasiya məbləği elə də yüksək olmayacaq.

- Bu gələcəkdə Bakı, Sumqayıt, Gəncə və Azərbaycanın digər bölgələrindən gedən ermənilər üçün Azərbaycana qarşı iddialar irəli sürmək üçün bir əsas olmayacaq ki?

- Xeyr. Çünki birincisi, Bakıdan və digər yerlərdən gedən ermənilər 1990-cı ilə qədər evlərini tərk ediblər. İkincisi, o ermənilər əsasən ya Ermənistandan gələn azərbaycanlı qaçqınlarla, ya da Bakı və digər yaşayış məntəqələrində yerli sakinlərlə müqavilə bağlayaraq öz evlərini satıb, yaxud bağışlayıblar. Yəni qanuni proses olub. Üçüncüsü, bütün bu hadisələr Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən əvvəl baş verib, ona görə də Azərbaycan Respublikası buna görə məsuliyyət daşıya bilməz. Həmin şəxslər Azərbaycan Respublikasına qarşı Avropa İnsan Haqları Məhkəməsinə ərizə verə bilməzlər.

- "Çıraqovlar və digərləri Ermənistana qarşı" işi üzrə qərarda xüsusi rəydə qalan hakimlər olub. Bu, Azərbaycan üçün nə dərəcədə gözlənilən idi?

- Qərarla bağlı bir neçə xüsusi rəy var. Xüsusi rəy heç bir hüquqi qüvvəyə malik deyil, yalnız hakimin öz mövqeyini bildirməsi deməkdir. "Çıraqovlar və digərləri Ermənistana qarşı" və "Sərkisyanlar və digərləri Azərbaycana qarşı" işlər üzrə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında səslər bərabər paylanıb, 15 hakim lehinə, 2 hakim əleyhinə olub. Qərarın əleyhinə çıxış edən şəxslər xüsusi rəy bildirirlər. Məsələn, "Sərkisyanlar və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Haqları Məhkəməsinin qərarında Ukrayna hakiminin çox gözəl xüsusi rəyi var. Ukraynalı hakim xüsusi rəyində göstərir ki, Gülüstan kəndi iki silahlı qüvvənin arasında olduğu üçün Ermənistan Respublikası da bu işə cavabdeh qismində cəlb olunmalı idi, lakin Avropa İnsan Haqları Məhkəməsi bunu etməyib. Qeyd edib ki, Ermənistan Respublikasının işğal altındakı ərazilərdə məsuliyyət daşıması "Çıraqov və digərləri Ermənistana qarşı" qərarında əksini tapmışdı və ona görə də Ermənistan Respublikası "Sərkisyanlar və digərləri Azərbaycana qarşı" işi üzrə də məsuliyyətə cəlb olunmalı idi. Bu, ukraynalı hakimin öz rəyini bildirməsidir və mən hesab edirəm ki, tam ədalətli rəydir. "Çıraqovlar və digərləri Ermənistana qarşı" işi üzrə portuqaliyalı hakimin də xüsusi rəyi olub və bu, ermənilərin hər yerdə dedikləri xalqların öz müqəddəratını təyin etmə ilə bağlı sözlərinin ifadəsidir. Portuqaliyalı hakim rəyini əsaslandırmağa çalışır ki, guya indi bu hüquq elə səviyyədə qaldırılıb ki, hər bir xalq əlində silahla öz müqəddəratını təyin edə bilər, ona görə də bu məsələ Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına aid deyil, beynəlxalq təşkilatlarda danışıqlarda həll olunmalıdır. Bu, hüquqdan uzaq bir mövqedir və ermənilərin mövqeyinin dəstəklənməsi üçün verilən rəydir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az