Mediainfo.az Türkiyənin Hacı Bayram Vəli Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Mustafa Nail Alkanın Axar.az-a müsahibəsini təqdim edir:
- Mustafa bəy, Avropa Birliyinin öz ordusunu yaratmaq təşəbbüsü və bu istiqamətdə atdığı addımlar diqqəti çəkir...
- Avropa Birliyinin təhlükəsizlik siyasəti və öz ordusunu qurma istəyinin tarixi keçən əsrin 50-ci illərinə qədər uzanır. Bununla bağlı ilk təklifi 1950-ci ildə Fransanın Baş naziri Rene Pleven irəli sürüb, lakin təklif 1954-cü ildə ölkənin parlamenti tərəfindən rədd edilib. Bu məsələdə Fransa həmişə öndə olub və 1950-1960-cı illərdə Avropanın o dönəmki təhlükəsizlik siyasəti çərçivəsində ordunun qurulması üçün cəhdlər edib. Lakin Fransa bunların heç birini gerçəkləşdirə bilməyib. Çünki ordunun qurulması üçün Almaniyanın da buraya daxil edilməsi lazım idi, ancaq Hitlerin dövründə yaşananlara görə heç bir Avropa dövləti buna razı olmadı. Fransa hər zaman Avropada ordu qurulmasını dəstəkləyib.
- Bəs hazırda Fransanın Avropa ordusu fikrində israr etməsinin səbəbi nədir?
- Avropa ordusu məsələsini Fransa Prezidenti Makron 2-3 il əvvəl yenə gündəmə gətirdi. Hətta Almaniya kansleri Angela Merkel də Makronu dəstəklədi. Lakin o zaman ABŞ-da Tramp iqtidarda idi və transatlantik alyans ilə münasibətlər pis idi. Hazırki dönəmdə isə NATO-ya paralel bir Avropa ordusunun qurulacağını və ABŞ-ın bunu xoş qarşılayacağını düşünmürəm. 26 sentyabrda Almaniyada parlament seçkiləri keçiriləcək və Merkel bu dəfə seçkidə iştirak etməyəcək, onun yerinə seçiləcək şəxs isə böyük ehtimal daha az nüfuza sahib biri olacaq. Fransa da bu fürsətdən istifadə edərək Avropada lider dövlət olmaq istəyir və təşəbbüsü əlinə almağa çalışır.
- Bir neçə gün əvvəl AB rəsmiləri tərəfindən Avropa ordusunun qurulmasının vacibliyi haqqında fikirlər səsləndirilib. Arxasınca Avstraliya Amerika və İngiltərə ilə razılaşaraq Fransa ilə 56 milyard avroluq sualtı gəmilərin istehsalı ilə bağlı anlaşmadan birtərəfli şəkildə çəkilib. Bundan sonra isə İsveçrə Fransadan təyyarə alınması ilə bağlı anlaşmanı ləğv edib. Sizcə, bütün bu hadisələri ABŞ-ın Avropa ordusu fikrinə görə Fransaya verdiyi cəza kimi dəyərləndirmək mümkündürmü?
- Bəlkə elə də demək olar, ancaq sualı cavablandırmaq üçün öncə Avstraliyanın Fransa ilə anlaşmanı birtərəfli şəkildə niyə ləğv etdiyini bilməliyik. Avstraliyanın müqaviləni ləğv etməsinin əsas səbəblərindən biri də odur ki, Fransa müqavilədə göstərilən tarixlərə vaxtında uymayıb, sözünü tutmayıb, qiymətləri çox qaldırıb. Fransa Avstraliyanın müqaviləni ləğv edəcəyindən xəbərdar idi. Makron indi yüksək səslə etiraz etməyə başlayıb, çünki bir il sonra Fransada prezident seçkiləri keçiriləcək və əgər müqavilə qüvvədən düşməsəydi, onminlərlə fransız üçün yeni iş yerləri açıla bilərdi. Müqavilənin ləğvi ilə Fransa həm də nüfuz və etibarını itirib. Bəlkə də çox əmin olmasaq da, özümüzə “Görəsən, dünyada yeni bir düzənmi qurulur?” sualını verə bilərik. Çünki İngiltərə AB-dən çıxandan sonra Amerika və Avstraliya kimi ölkələrdə ittifaq qurur, digər tərəfdə Şanxay ölkələri, Avropa Birliyi var və s. Görünən odur ki, dünya çoxqütblü sistemə keçidin ərəfəsindədir. NATO ola-ola Avropada başqa bir ordunun qurulmasına imkan verilməz. Bayden də bu məsələdən çox narahatlıq duyub. Ordu qurulsa belə, burada hansı əsgərlər xidmət edəcək? Avropa ölkələri bunun üçün NATO-dan əsgər istəyəcəklər? Əgər belə olacaqsa, onda Avropa ordusuna nə ehtiyac var? Mən Avropa ölkələrinin ordu qurulması fikrinə müsbət yanaşacağını düşünmürəm. Lakin Fransa zaman-zaman ordu fikrini ortaya ataraq, buradan xal qazanmağa, öz nüfuzunu artırmağa çalışır. 2022-ci ilin yanvarın 1-dən etibarən Avropa Birliyində həmsədrlik Fransaya keçəcək. Fransanın AB-də də öz nüfuzunu qaldırmaq üçün yenə belə təkliflərlə çıxış edəcəyi gözləniləndir.