Vaqif Cavadov: ““Krasnodar”ın yaşadığı problem bizdə arxayınlıq yaratmamalıdır”

Vaqif Cavadov: ““Krasnodar”ın yaşadığı problem bizdə arxayınlıq yaratmamalıdır”
Onlar Rusiyanın güclü komandalarından biridir

"Qəbələ"nin futbolçusu Vaqif Cavadov apasport.az saytına müsahibə verib. Maraqlı olacağını nəzərə alaraq müsahibəni oxucularımıza təqdim edirik.

- Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Krasnodar"ın qonağı olacaqsız. Bu oyundan nə gözləmək olar?

- "Krasnodar"ın çətin rəqib olduğunu bilirik. Onlar Rusiyanın güclü komandalarından biridir. Özünəməxsus oyun üslubları var və meydançada öz sözlərini deməyi bacarırlar. Oyunçuların adlarına baxdıqda "Krasnodar"ın gücünü təxmin etmək olar. Bütün bunlara baxmayaraq, bura qələbə üçün gəlmişik. Bunu bacaracaq heyətimiz də var. Hazırkı futbolçular uğurlu çıxışları ilə bunu sübut ediblər və özlərinə qarşı inam qazanıblar. Bizim komandalarımız ruslara qarşı həmişə yaxşı çıxış ediblər. İnanıram ki, öz oyunumuzu göstərə bilsək, evə qələbə ilə dönəcəyik. Digər tərəfdən unutmayaq ki, bura Avroliqadı. Burda hər matçın böyük önəmi var. Cəmi 6 görüşdən ibarət perioddu. Rəqiblər də çox güclüdü. Sadəcə olaraq, mübrizə aparmaq lazımdır.

- "Krasnodar" cari mövsümə qeyri-stabil start götürüb. Bu amil sizin xeyrinizə işləyə bilər?

- Onların bundan öncəki nəticələrinə, daxili ab-havasına baxmırıq. Onların daxili məsələlərinə fikir vermirik, problemləri bizi maraqlandırmamalıdı. Biz yalnız öz oyunumuza baxmalıyıq. Ola bilsin ki, "Krasnodar" hansısa problem yaşayır. Amma bu, bizdə arxayınlıq yaratmamalıdı. Çünki rəqib elə komanda deyil ki, ona yuxarıdan aşağı baxasan. Qarşılaşmaya ciddi hazırlaşmışıq. Azarkeşlərimiz də bizdən uğurlu nəticə gözləyirlər.

- Bura hansı nəticə üçün gəlmisiz?

- Biz bura ancaq qələbə dalınca gəlmişik. Qalib gəlib qrupdakı xallarımızın sayını 4-ə çatdırmaq istəyirik. Bunu bacaracaq gücdəyik.

- Qrupdan çıxmaq şansınızı necə dəyərləndirirsiz?

- Açığı, "Qəbələ"nin qrupa düşəcəyini heç kim gözləmirdi. Hamı təkcə "Qarabağ"ın bunu bacaracağını düşünürdü. Hələ pley-offda "Panatinaikos"la düşəndə də çoxları komandanın mərhələ adlamayacağından əmin idi. Amma uşaqlar sübut etdilər ki, futbol oynaya, nəticə qazana bilirlər. İndi isə hədəfimiz qrup səddini aşmaqdı. Bu da bizim özümüzdən asılıdı. Yaxşı mübarizə aparsaq, inanıram ki, qrupdan da çıxarıq.

- "Qəbələ"nin debütantlarından sayılırsınız. Kollektivə tam uyğunlaşa bilmisiz?

- Hər şey qaydasındadı. Baş məşqçidən şans gözləyirəm. Burdakı yerli futbolçuların demək olar ki, hamısı milli üzvüdü. Müxtəlif klublarda, yığma komandada onlarla çiyin-çiyinə çıxış etmişəm. Bu səbəbdən də uyğunlaşma problemi yaşamadım. Hazır komandaya gəlmişəm. Bu səbəbdən də, əsas heyətə düşmək üçün dəridən-qabıqdan çıxmalıyam. Bir az zamana ehtiyacım var idi. Düşünürəm ki, həmin vaxtdan lazımınca yararlanmışam. Məqsədim tezliklə start heyətində özümə yer etməkdi. Hər şey baş məşqçinin əlindədi.

- Sizi bura Avrokubokda komandaya kömək etməyiniz üçün gətiriblər. "Qəbələ"nin qrup mərhələsində gücünə güc qatmağa hazırsız?

- Doğrudu, məni bu məqsədlə alıblar. Onların etimadını doğrultmaq üçün də əlimdən gələni ediirəm. Avroliqadakı uğurlu çıxışa mən də töhfə vermək istəyirəm. Baş məşqçi şans versə, komandaya xeyir verəcəyimə inanıram.

- "Qəbələ"yə yanvara qədər icarə əsasında keçmisiz. Qış fasiləsində müqavilə ilə məxsus olduğunuz "Xəzər Lənkəran"a qayıdacaqsız?

- Bu barədə danışmaq üçün hələ çox tezdi. İndi bütün diqqətim "Qəbələ"nin oyunlarına yönəlib. "Xəzər Lənkəran" icazə versə, ondan sonra da bu komandaya kömək etməyə hazıram. Məni düzgün başa düşsünlər, hər şey bizdən asılı deyildi. Hələ yanvara qədər "Qəbələ"nin uğurlarında pay sahibi olmaq istəyirəm.

- "Xəzər Lənkəran" heyətinə cəlb etdiyi futbolçuları sifariş verə bilmədi və gənc futbolçuların ümidinə qaldı. Lənkəran klubunun bu vəziyyətlə üzləşməsi sizi təəssüfləndirmədi?

- Əlbəttə məyus oldum. Yay fasiləsində çox yaxşı kollektiv formalaşmışdı. Həm güclü yerli, həm də əcnəbi futbolçular gətirilmişdi. "Xəzər Lənkəran" həmin heyətlə iddialılar sırasında yer alardı. Təəssüf ki, futbolçuların çoxu gedəsi oldu. Futbol belədi: bu gün burdasan, sabah başqa komandaya keçə bilərsən. "Xəzər Lənkəran" azarkeşlərinə səbr diləyirəm. Bu mövsümə o qədər də yaxşı başlamasa da, "Xəzər Lənkəran" həmişə iddialı komanda olub. 2004-cü ildən bəri hamı bu komandadan danışır. Çünki Lənkəran təmsilçisi Azərbaycan futboluna yeni rəng qatdı, nəfəs gətirdi. "Xəzər Lənkəran", "Qəbələ", "İnter", "Neftçi" iddialı olublar. İnanıram ki, əvvəlki dövr yenidən qayıdacaq, adlarını sadaladığıım komandalar iddialı olacaqlar və Azərbaycan çempionatının səviyyəsi qalxacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az