Jurnalist mövqeyini dəyişməsindən danışdı: "Artıq hökuməti tənqid etməyəcəyik"

Jurnalist mövqeyini dəyişməsindən danışdı: "Artıq hökuməti tənqid etməyəcəyik"

Tanınmış jurnalist Eynulla Fətullayev haqqın.az saytında baş verənlərdən və ANS-dəki yeni layihəsindən danışıb.

Ölkə.Az xəbər verir ki, "Yeni Müsavat"a müsahibəsində E. Fətullayev yeni qərarlarının pərdə arxasından da bəhs edib:

- Müzakirə apardıq. Hər şey əvvəlki qaydada qalır. Bilirsiniz ki, mən 3 saytın təsisçisiyəm. Haqqın.az və virtualaz.org saytları Azərbaycanda nüfuzu olan saytlardır. Azeri Daily saytı da ingilis dillidir. Bu saytı bütün ingilisdilli ekspert cameyəsi hər gün oxuyurdu. 1200-1500 İP Azərbaycan saytı üçün yüksək göstəricidir. Amma haqqın.az saytının istiqaməti fərqli idi. Daha çox analitik saytdır. Mən sizə deyim ki, haqqn.az plüralistik sayt idi. Biz çalışırdıq ki, bütün mövqelərə, proseslərə obyektiv qiymət verək. Amma ölkədə vəziyyət mürəkkəbləşir. Ölkə ətrafında da vəziyyət ürəkaçan deyil. Saytın əhatə dairəsi də böyükdür. Mən bu işə başlayanda düşünməzdim ki, bu sayt bu qədər nüfuza malik olacaq. Hərdən saytın nüfuzundan da qorxurdum.

Gündəlik 100 min İP-ə yaxın girişimiz var idi. Amma acı təcrübəmizi də unutmurduq. "Monitor", "Realnıy Azerbaydjan", "Gündəlik Azərbaycan" qəzeti. Ona görə də qərar aldıq ki, saytı bir az zəiflədək. Saytda analitika, şərhlər, bizim mövqe olmayacaq. Ya da nadir hallarda mövqe olacaq. Yalnız xəbər saytı olacaq. Üç saytı bir MMC-də birləşdirdik.

-İlk dəfədir belə bir açıqlama eşidirəm ki, nüfuzunun artmasından qorxan media orqanı rəhbəri onu kiçiltməyə qərar verir. Analitik yazılarınızın kiməsə xoş gəlməməsindən və daha öncəki qəzetlərinizin acı taleyinin təkrarlanacağından narahatsız?

- Hər şey baş verə bilər. İnsan uzaqdan dalğanı görəndə istər-istəməz çalışır ki, dalğalar altında qalmasın. Mənim artıq dalğalar altında qalası halım yoxdur. Ona görə də təcili olaraq saytın analitik hissəsini götürdük. Artıq sayt tam hökumətyönlü olacaq. Əvvəl istəyirdik ki, müstəqil sayt olsun, amma gördük ki, bu, alınmır. Ona görə də hökumətyönlü sayt çıxarmağa qərar verdik.

- Bu hökumətyönlülük özünü nədə göstərəcək? Az öncə daha saytınızda analitik yazılarınızın olmayacağını dediz ...

- Əvvəllər hökuməti tənqid edirdik, indi isə tənqid etməyəcəyik.

- ANS-lə anlaşmanıza və orada verilişlə çıxış etmənizə gələk. Bu, kimin təklifi idi?

- Mən jurnalistəm, bəzən də tənqidi fikirlərim olur. Bu, normaldır. Mən televiziyada uzun müddət işləmişəm. Uzun zamandan bəri arzum olub ki, telelayihəm olsun. Mənim 8-9 sənədli filmim olub ki, bunlar çox uğurlu alınıb. Avropa sənədli filmləri sırasında olacaq filmlərdir. ANS rəhbərliyi ilə 1 ildən artıqdır ki, format axtarırdıq ki, mən o formatda verilişlə ANS-də çıxış edim. Ona görə də sonda qərara gəldik ki, yeni verilişlə çıxış edim. Analitik yazılar yazmayacağıma görə vaxtım çox olacaq və bu layihəni reallaşdıra biləcəm.

-Layihənin formatı nədir? Tok şou, analitik veriliş, həftəlik...?

-Siyasi veriliş olacaq. Təxminən yanvarın ortalarında mediaya açıqlama verəcəyik bu verilişin detalları ilə bağlı.

-Bu qərarınız açıqlanandan etibarən media kuluarlarında da müxtəlif versiyalar səslənməyə başladı. Bildirildi ki, son aylar ANS-in vurulması fonunda bu transfer təsadüfi deyil. Hətta sizin ANS rəhbərliyinə gətiriləcəyiniz, kanalın "əl dəyişdirəcəyi" ilə bağlı təxminlər də səsləndirildi.

- Belə proseslər yoxdur. ANS məncə indiki dövrdə ən müstəqil televiziyadır. Mənim sonuncu bazar günündə Mirşahinlə dialoqum cəmiyyətdə böyük rezonans doğurdu. Bunu hansı televiziyada demək mümkün olar? Hətta bəzi saytlarda bunu etmək mümkün deyil, amma ANS-də mümkündür. O baxımdan da bu telekanalda söz demək imkanları, çərçivəsi genişdir. İkinci də hesab edirəm ki, bu ölkədə çox az ağıllı, ziyalı və həqiqətən də Azərbaycanı sevən, millətinə, proseslərə görə narahat olan, peşəkar jurnalistika amalı ilə yaşayan insanlar azdır. Bu insanlar həmrəy olmalı, bir yerdə olmalı, əməkdaşlıq etməlidir.

Biz bir il əvvəl Vahid Mustafayevlə danışanda bir Assosiated Press yaratmaq istəyirdik. Haqqın.az və ANS-in birgə modelləri əsasında. Ona görə də biz bir optimal forma tapdıq. Mən ANS-in nə xəbər, nə də redaksiya siyasətinə müdaxilə edəcəm. Mənim bir layihəm olacaq ki, bu layihəyə görə məsul şəxs olacam. Biz saytların formatını dəyişdik, daha analitik yazılar olmayacaq. Ona görə də mənim boş vaxtım çoxdur. O boş vaxtı yaradıcılığa həsr etmək istəyirəm.

-Sizin bu əməkdaşlıq xəbərinizdən sonra sosial şəbəkələrdə indi ən çox müzakirə olunan məsələ Mirşahin Ağayevin sizin barənizdə çəkdiyi "Bədbəxt adam" sənədli filmi, sizin ona cavab olaraq yazdığınız kəskin yazılardır. Belə bir keçmişin fonunda əməkdaşlıq etmək, birgə çalışmaq çətin olmayacaq?

-Keçmişdə çox şey ola bilər. İnsanların yolları kəsişə bilər. Keçmişlə yaşamaq lazım deyil, gələcəyə baxmaq lazımdır. Burda söhbət peşəkar jurnalistikanın inkişafından, səylərin birləşməsindən gedir. Əgər bu iş Azərbaycanda peşəkar jurnalistikanın xeyrinədirsə, biz burda şəxsi motivləri kənara qoymalıyıq. Mənimlə Mirşahin arasında heç bir şəxsi problem yoxdur.

Mən ANS-də 99-2000-ci illərdə çalışmışam. Mirşahinlə, Vahid Mustafayevlə normal münasibətlərimiz olub. İndi də normaldır və ictimai motivlidir. Zamanında nəsə olubsa, biz indi keçmişi niyə səhifələməliyik? Onlar da məni tənqid ediblər, mən də onları. Biz açıq cəmiyyətdə yaşayırıq, burda qeyri-adi heç nə yoxdur.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az