Aktyor İqor Vetrov: “Bakıda çox yaxşı tərbiyə verirdilər”

Aktyor İqor Vetrov:  “Bakıda çox yaxşı tərbiyə verirdilər”
Tanış olun: Məşhur "İnterdevoçka" (“İnterqız”) filmindəki həmvətənimizin xoş təəssüratı Rusiya mətbuatında

Rusiyalı aktyor, Rusiya Akademik Teatr İnstitutunun estrada incəsənəti kafedrasının dosenti İqor Vetrov Mayakovski adına Moskva Akademik Teatrında, Rusiya Ordusunun Mərkəzi Akademik Teatrında, Arkadi Raykin adına "Satirikon" teatrında, Moskva "Albalı bağı"("Vişnevıy sad")teatr mərkəzində və "Kiçik dram truppası" teatrındakı fəaliyyəti ilə tanınır. Onun oynadığı rollar arasında "Орeл и решка", "Небеса обетованные", "Интердевочка" kinofilmlərinin qəhrəmanları xüsusi yer tutur. Bu gün İqor Vetrov "Qafqaz xəbərləri"nin ("Вестник Кавказа") suallarını cavablandırır.

- İqor, siz Bakıda doğulmusunuz. Bakılı bir oğlan üçün "İnterqız" filmində oynamaq necə idi?

- Pyotr Todorovski (filmin rejissoru) mənim diplom tamaşama gəlmişdi və o zaman dedi: "Bax bu balaca kürən oğlanı verin mənə çəkilişlərdə yoxlamaq üçün!" Yoxlanma məqsədilə gəldim və o, məni qəbul elədi. Ssenari verdilər – oxudum. Lakin ssenari ilə tanış olnadan sonra birtəhər oldum, özümü ələ ala bilmirdim. Rol belə idi ki, mən fahişələri sorğu-suala tutmalı idim. Amma heç vaxt fahişə görməmişdim. Bakıda mənə yaxşı tərbiyə vermişdilər. Əgər qız sənin xoşuna gələrsə, sən onunla evlənməlisən.Biz filmə çəkiləndə Pyotr Yefimoviç Todorovski məni çox gözəl aktrisaların qarşısında əyləşdirdi. Özümü tamamilə itirmişdim – qızlar elə gözəl idilər ki. Mən onların hamısına birdən vuruldum – axı kişi gözləri ilə sevir. Bu, məndə həddindən artıq hiss olunurdu və güc-bəla ilə həmin epizodu oynayıb bitirə bildim. Düşdüyüm həmin vəziyyətə görə sonralar Todorovski məni çox zarafata tuturdu; lakin işimdən razı qalmışdı. Sonradan düşündüm ki, çəkildiyim çox ziyanlı filmdir. Axı həmin filmə baxmış qızların çoxu yaxşı həyata ümid edərək özlərini "interqız" kimi aparırdı. Özümü günahlandırırdım ki, niyə belə bir filmə çəkilmişəm.

- Belə bir rola çəkilməyinizə Bakıda necə baxırdılar?

- Anam ovaxtkı Azərbaycan Nazirlər Soveti İşlər İdarəsinin mətbəəsində işləyirdi. O vaxt mətbəənin bütün işçiləri qanunu pozmuşdular, anam deyəndə ki, "Nizami" kinoteatrında onun oğlunun çəkildiyi "İnterqız" filmi nümayiş olunacaq – həmin gün hamı işini atmış, kinoya baxmağa getmişdilər. Kinoteatrın qarşısında onsuz da növbə vardı, bunlar da bir tərəfdən ikinci növbə yaratmışdılar. Bakılılar bunu bacarırlar. Filmə baxandan sonra mənim qəhrəmanıma haqq qazandırmışdılar; anama demişdilər ki, sənin oğlun düz eləyib özünü onlarla o cür aparır. Seans zamanı kimsə hətta qışqırmışdı da: "İqoryok, sən onlarla düz rəftar eləyirsən." Anam bunları mənə danışanda qəhqəhə çəkib gülmüşdüm.

- Bakıdan sarı darıxırsınız?

- Əlbəttə darıxıram. Bakı mənim vətənimdir, nənələrimin, babalarımın, dayılarımın –bütün qohumlarımın qəbirləri oradadır. Azərbaycan mənim xoşbəxt uşaqlıq və yeniyetməlik dövrünü keçirdiyim çox işıqlı ölkədir. Mən 167 nömrəli məktəbdə oxumuşam. Çox gözəl müəllimlərim vardı: riyaziyyat müəllimim Sabirə Teymurovna, rus dili müəllimim Elegiya Yevgenyevna Əfəndiyeva, Azərbaycan şairlərinin şeirlərini əzbərdən söyləyəndə həddindən çox fərəhlənən Azərbaycan dili müəllimim Solmaz Əliyevna. Mən həm də xoreoqrafiya ilə də məşğul olurdum – anam məni Bakı Zabitlər evinə məşqə aparırdı. Çox hörmətli pedaqoq Lev Vaqanov mənə elə rəqs etməyi öyrətmişdi ki, bu teatr institutunda da, həyatda da gərəyim oldu.Qızlar görəndə ki necə rəqs edirəm, mənimlə çox səmimi davranırdılar. Hər yay anam məni Astara və Lənkəran arasında, Vel kəndində yerləşən "Gənc Dzerjinskçi" (indi belə bir ad gülünc səslənsə də, bu, bir həqiqət idi) pioner düşərgəsinə yollayardı. Dəniz vardı, gözəl yerlərə gəzintilər olurdu, xoşbəxtlik və sevgi vardı.

- Moskvada Azərbaycan diasporu ilə əlaqələriniz olurmu?

- Çox aktiv olmasa da, var. Moskvada hamı məşğuldur, ona görə də sanki burada hamı bir az yadlaşır. Bura Bakı deyil ki, dosta yaxşı söz deməyə, söhbət eləməyə, problemini həll etməyə, yaxud da sadəcə olaraq nəsə yadımıza salıb şənlənməyə vaxt tapardıq.

-Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsini necə qiymətləndirərdiniz?

-Təəssüf ki, Rusiya-Azərbaycan münasibətləri o qədər də yüksək inkişaf səvityyəsində deyil. Bu, Azərbaycanın təqsiri deyil. Rusiyanın həddindən artıq özü ilə başı qarışıb. Xatırlamaq vacibdir ki, Heydər Əliyev dahi insan idi, öz xalqının böyük oğlu idi. Bu ziyalı, mədəni, dərrakəli, başadüşən insan Azərbaycan üçün görün nələr edib! O, öz xalqını sevirdi və bu sevgini oğlu İlhama da verib. Lakin o, ağır nəticələrlə üzləşməli olub - Azərbaycan öz ərazisinin 20 faizini itirib, çünki kimsə qərara gəlib ki, belə düzgündür. Lakin bu, düzgün deyildir! Anam Dağlıq Qarabağ ətrafında başlanan münaqişədən sonra Qorbaçovu nəzərdə tutaraq həmişə deyirdi: "Onlar neynirlər, onlar nə iş görürlər?!" Anam rus olsa da, Heydər Əliyeviçə böyük rəğbət bəsləyirdi. Hesab edirəm ki, İlham atasının yolu ilə getməyi bacaracaq, hətta daha çox işlər görəcək. Düşünürəm ki, Heydər Əliyevə oğlu da, gəlini də başucalığı gətirir. Onlar mətinlikdə və dürüstlükdə bütün azərbaycanlılara nümunə göstərirlər ki, nəticədə də bütün Azərbaycan bu cür çiçəklənir...
Qeyd edək ki, bu ytazıya 4 şəkil verilmişdir. Birində Azərbaycanın ümummilli lideri Heydəre Əlıyev, Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əlıieva əks olunmuşdur.
Rus dilindən tərcümə edəni:
Əlihüseyn ŞÜKÜROV

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az