Canəli Əkbərov: "Pərvərdigara, Xan Şuşinski də xalq artisti, filankəs də?"

Canəli Əkbərov: "Pərvərdigara, Xan Şuşinski də xalq artisti, filankəs də?"

Canəli Əkbərov: "Əgər oxuya bilməsəydim, indi acından ölərdim "

Xalq artisti Canəli Əkbərovun bu günlərdə 76 yaşı tamam oldu. Xanəndəni müsahibəyə razı salmaq o qədər də asan olmadı. Canəli müəllimin bu gün də dərs dediyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə yollandıq. Universitetin "Muğam sənəti" kafedrasının müdiri olan xanəndə ilə öz otağında söhbətləşdik.

- Canəli müəllim, bu yaşda özünüzü necə hiss edirsiz?

- Sözün düzü, heç yadıma düşmür ki, bu qədər yaşım var. Bilirsiz niyə? Çünki özümə baxan kişiyəm...

- "Özümə baxıram" deyəndə idmanla məşğul olursuz və ya qidanıza diqqət edirsiz?

- Atamın atası, yəni babam Kərbəlayi Ağa Məhəmməd kişi həm gözəl səs sahibi, həm də çox güclü pəhləvan olub. Atama ondan gözəl səs, bizə də güc keçib. Məndən kiçik qardaşım Məzahir də pəhləvan olub. O, həm də gözəl xanəndə idi.

"...mənim başımdakı papağı atmazlar"

-Novruz bayramı ərəfəsindəyik. Keçmiş Novruz adətləri ilə indiki adətlər arasında nə kimi fərqlər var? Uşaqlığınızda, gəncliyinizdə hansı Novruz adətləri var idi, hansı ki, bu gün onları görə bilmirsiz?

- 22 yaşımdan Bakıya köçmüşəm. Kənddə gördüklərimlə burda gördüklərim arasında fərqlər çoxdan çoxdur (Canəli Əkbərov Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub, bir müddət orda yaşayıb - X.G). Məsələn, rəhmətlik nənəm çox işgüzar, səxavətli, nikbin əhval-ruhiyyəli bir xanım idi. Anam vasvası qadın idi. Bir stəkanı 3 dəfə suya çəkib sonra onda çay süzürdü. Bax belə bir xanımım övladı olmuşam. Atam xanəndə idi, o toydan bu toya gedərdi, bəzən günlərlə evdə olmazdı. Atam gələndə anam onun qayğısına qalar, qulluq edərdi. İndi belə ərinə qulluq edən xanımlar var?

Rəhmətlik nənəm bayrama on gün qalmış evə təzə suvaq çəkərdi. Göyə çalan palçıq var idi, onu suda əridər, sonra suyundan evin çöl tərəfdən, üst qatına çəkərdilər ki, ev səliqəli görünsün. Evə qəşəng görüntü verirdi. Çox zəngin süfrə açılardı, çox zəngin. Balıqdan neçə növ yemək bişirərdilər. Qozu üyüdüb balığın, toyuq-cücənin içinə qoyar, ləvəngi bişirərdilər. Onu təndirə salanda heyva ağacının uzun çöpündən istifadə edərdilər. Nənəmdən soruşardım ki, nənə "niyə heyva ağacının çöpündən?". Deyərdi ki, "bala onun çöpündə xüsusi ətirşahlıq var. Təndirdə bişəndə çubuğun ətri toyuğa keçir. Bu cür burda edən və ya bilən var?

O qədər papaq atmışam ki... Uşaq olmuşam da. Görürdüm hamı atır mən də atardım. Bizim kəndimiz Masallının kəndləri ilə qonşudur. Keçərdik qonşu kəndlərə papaq atardıq. Bizi öz balaları kimi qarşılayar, başımıza tumar çəkər, bizi əlidolu yola salardılar.

- Amma indi "papaq atma"nı tənqid edirlər. Deyirlər ki, "papağı yerə atmazlar", bu adətin yığışdırlmasını təklif edirlər.

- Papağı yerə atmazlar deyəndə, baxır hansı papağı? Məsələn, mənim başımdakı papağı atmazlar. Bu, namus-qeyrət rəmzidir. Amma papaq var ki, adi bir papaqdır... Düz dörd gündür ki, bizim qapıya da papaq atırlar. Yoldaşımda hər şeyi hazır qoyub ki, papaq atanlara pay versin. Hələlik atırlar, nə vaxt yekunlaşacaq, bilinmir...

- Yəni bu cür adət-ənənələri saxlamaq lazımdırmı?

- Lazımdır. Nə bizə gəlib çatıbsa onu qorumağa dəyər. Onu bəyənmə, bunu bəyənmə, bəs sən nəyi bəyənirsən?

"Yazını səndən aldı, olur cəllad... "

- Sizinlə müsahibəmizi razılaşdıranda sanki jurnalistlərdən gileyli kimi danışırdız.

- Bilirsən niyə? Bura gələndə olurlar peyğəmbər balası. Amma ki, yazını səndən aldı, olur cəllad. Bunun əleyhinəyəm. Necə varamsa, məni necə görürsənsə, o cür qələmə al da...

- Onların sualları, yoxsa yazdıqları sizi qane etmir?

- Sonradan yazını dəyişir, özlərindən əlavələr edirlər.

"Təbabət zirvəsindən musiqi zirvəsinədək qalxmışam"

- Muğam sənətindən başqa hansısa peşəni bacarırsınız?

- Həkimliyi.

- Həkimliyi bitirmisiz?

- Bəli.

- Bu barədə bir qədər geniş danışardız, zəhmət olmasa.

- Geniş deyəndə ki, zəhmət çəkmişəm, elm öyrənmişəm. Mən təbabət zirvəsindən musiqi zirvəsinədək qalxmışam.

"İndi "pırt" edib çıxanlar əməkdar artist olur. Ayıbdır, sadəcə ayıbdır!"

- Həkimliklə muğamı eyni vaxtda öyrənmisiz?

- Muğamı bilirdim. Atam xanəndə idi, onunla toya gedərdim.

- Maraqlıdır, bəs niyə həkimliyi davam etmədiz?

- Fikirləşdim ki, həkimliklə o zirvəni tuta bilmərəm, amma musiqi ilə tutaram.

- Davamçılarınız varmı?

- Onların ikisi elə oturub burda (tələbələrini göstərir). Onlara can qurban. Sərxan mingəçevirlidir, o biri də ağdamlı balası.

- Tanınmışlardan kimlər sizin tələbəniz olub?

- Tələbələrim indi xalq artisti, əməkdar artist, prezident mükafatçılarıdır, hazırda mənimlə birgə işləyirlər. Onlar Gülyanaq və Gülyaz bacıları, Zabit Nəbizadə, Babək Niftəliyev, Ehtiram Hüseynov və başqalarıdır. Ümid edirəm ki, bu balalar da (tələbələrini göstərir) inşallah o zirvəni tutar.

"...nəslin qoçusu mənəm"

- Bəs ailədə davamçınız varmı?

- Mənim iki qardaşım hazırda bu sənətlə ailələrini dolandırırlar. Amma nəsildə qoçu bir dənə olar, o da mənəm. 55 ildir ki, bu sənətdəyəm və sənətin zirvəsindəyəm. Ümid etmirəm ki, kimsə gəlib bu zirvəni fəth edə bilər. Çünki indi psixologiya, zaman, tələb dəyişilib, özündənmüştəbehlik artıb. Baxın, görün hansı nəhənglərlə işləmişəm? (Divardakı korifey sənətkarların portretlərini göstərir). Onlar bu gün yoxdurlar, mən onların ruhlarından ilham alıram. Mən gəlib bu zirvəni fəth etdim. Sevinirəm ki, bu mənə nəsib olub. Onları qazanmaq üçün də qafan düz işləməlidir. Səndə göz, dil halallığı olmalıdır. 13 nəvə, 13 nəticə babası, 5 övlad atasıyam. Dövlətdən mənə ev nəsib olub. Bu elə-elə deyil. Oxumağa qalanda hamı oxuyur. Məntiqsiz, məzmunsuz oxumaq kimə gərəkdir?

"Hər kanal özü üçün bazar açıb. Ayıbdır!"

- Bayaq dediniz zaman dəyişib, hərc-mərclik artıb...

- Sənətdə də, cəmiyyətdə də. Hərc-mərclik məni qane etmir.

- Məsələn nə?

- Telekanallara baxıram, görürüsən ki, hər kanal özü üçün bazar açıb. Ayıbdır! Hələlik biz ölməmişik, biz varıq. Mən keçmiş nəsillə indiki nəsil arasında mənəvi bir körpüyəm. Mənim yadıma gəlir rəhmətlik Xan əmi oturmasaydı, deməsəydi ki, "otursana", biz oturmazdık. İndikilər gəlib adamın gözünü deşirlər, bəzən heç salam da olmur.

"İlhamə foyedə durub, ordan bizə baxırdı"

- Bildiyim qədər Tükəzban xanımla da bir yerdə çalışmısız, onun ailəsini, İlhamə xanımı daha yaxından tanıyıbsız.

- İlhamə mənim gözümün qabağında sənətə gəlib. Mən anası ilə filarmoniyada konsert verəndə o gəlib foyedə durub, oradan bizə baxırdı. Atası rəhmətlik Həbib ilə bir yerdə işləmişik.

- Bu məqama toxunmağımın səbəbi var. Həm ömrünün sonlarına yaxın, həm də ölümündən sonra İlhamə Quliyevaya qarşı ictimaiyyətdə müəyyən təpkilər oldu.

- Gərək olmayaydı... Ölüb haqq dünyasındadır. Məhəmməd peyğəmbərə qalmayan dünya sənə, mənə qalan deyil. İnsan gərək özünü elə idarə edə ki, xalqın yaddaşında yaxşı qalsın, ona qarşı hücumlar olmaya. Əsas xalqdır. Son söz xalqındır... Mən indi 77 yaşında olan kişiyəm. Mənim sözüm həm ailəm, həm məni tanıyanlar üçün müqəddəsdir. Bəzi gözü götürməyənlər də olur ha, bunu da deyim, orda-burda haqqımda sözlər deyirlər.

- Hətta qalmaqallar da çıxır bəzən adınıza.

- Hə ey, hə... Mən Allahın ətəyindən yapışmışam. Heç gör o atılan daşdan mənə dəyən olub? Dəyməz inşallah. Allah bilir o daşı kimə tuşlamaq lazımdır.

- Tez-tez rastlaşırıq, hansısa sənətkar, tanınmış dünyasını dəyişdikdən sonra ortalığa miras qalmaqalı çıxır. Bu baxımdan siz vəsiyyətnamə yazmısınızmı?

- Bəli. Mən indidən öz işimi qurub-quraşdırmışam. Prezidentin bağışladığı evdə yoldaşımla qeydiyyatdayıq. Amma düşünürəm ki, sabah başımı qoydum yerə, arvad da qoca, savadsız qadındır, yaxşı, bəs sonra necə olacaq? Buna görə işimi bəri başdan möhkəm tutdum. Evi ədəb-ərkanlı surətdə öz balalarıma vəsiyyət etmişəm, hətta bu gün bankda on manat pulum varsa belə onu balalarıma rəsmi qaydada bölmüşəm.

"O hay-küydə yaşamaq qeyri-mümkündür"

- Toylara gedirsiz?

- Yox.

- Nə zamandan getmirsiz?

- İndiki toylarda mən sənət görmürəm, hay-küy eşidirəm. O hay-küydə yaşamaq qeyri-mümkündür. Oturub ədəb-ərkanla danışmaq, o da nəsib olmur. O nə toydur? Biz toylar görməmişik? O vaxt toyxanalar var idi, indi şadlıqxanalar var.

"AzTV-yə gedəndən sonra başladı məndən qisasını almağa"

Qoy bir şeyi də deyim. Bu, mənim ağrılı yerimdir. 2002-ci ildə, o vaxt Respublika Sarayı adlanırdı, orda mənim solo konsertim olmuşdu. O vaxt "Space" TV-də Nadir Axundov adlı bir şəxs işləyirdi. Təsadüfən konsertdən söz düşəndə dedi ki, biz çəkərik. Dedim Nadir müəllim, AzTV-də mənə söz veriblər ki, onlar çəkəcəklər, o da bir söz demədi. Konsertə gələrkən yolda Nadir mənə zəng etdi. Dedi ki, əgər onlar çəkməsələr, biz çəkərik. Dedim ki, Nadir mən onlara xahiş etməmişəm, sən isə özün mənə söz vermisən, çəkirsən gəl çək. Xülasə, konsert oldu, "Space"TV televiziyası çəkdi. Bir neçə gündən sonra məni çağırdılar ki, gəl, montaj edirik. Montajı etdik, planlaşdırdıq ki, konsertin ümumi forması necə olacaq. Səhəri gün konsert yayımlananda gördüm montajdan bir əsər-əlamət yoxdur. Montajı təzədən montaj ediblər, öz istədiyi kimi. Zəng etdim televiziyaya, o vaxtı direktor Etibar müəllim idi və o, həmin adamı tənbeh etdi. Axır, Nadirlə mənim inqilabım düşdü. Sonra Nadiri də, Etibarı da kanaldan çıxartdılar. Etibarın yerinə gəldi Vaqif Mustafayev, Nadir də getdi AzTV-yə. O da AzTV-yə gedəndən sonra başladı məndən qisasını almağa, məni Muğam Festivalından pozmağa. Fikir verin, kim kimə qənim kəsilir? Məni Muğam Festivalından uzaqlaşdırmaqla ora kimləri saldı? Səsi, sözü düz olmayan, çənəsi, dodağı əyri, Füzulinin söz qəlibini pozan, muğam üçün səsi olmayan, "priboy" oxuyanları. "Priboy" oxuyanlar münsiflər heyətində bal yazdılar, amma xalq artisti, professor Canəli Əkbərov oturdu iş otağında. O muğamçıları dəstəkləyən adamlar da maraqlanmadılar ki, ay camaat, axı Canəli Əkbərov var, nə əcəb festivalda o yoxdur, səbəb nədir? Ara-sıra "Space" TV mənim ad günlərimi keçirərdi. Keçən il televiziyadan zəng etdilər ki, bəs Canəli müəllim, istəyirik ki, sənin ad günün keçirək. Dedim keçirin, amma orda mənim konsertimin yazısı var, onu verin, sonra ad günümü keçirin. And-aman etdilər ki, verəcəklər. Ad günümü keçirəndə də bir dəfə olsun canlı görüntümü görmədim. Amma haqqımda İctimai kanal, daha sonra AzTV film çəkdi, Mədəniyyət kanalı da həmin filmi verdi, sağ olsunlar.

"Əgər bir damcı səsim olmayıb, oxuya bilməsəydim, indi acından ölənin bir olardım"

- Biznesiniz varmı?

- Yox. Əgər bir damcı səsim olmayıb, oxuya bilməsəydim, indi acından ölənin bir olardım. Mən divara bir mıx çala bilmirəm, qorxaram ki, barmağımı əzərəm.

- Sonuncu dəfə nə zaman aşiq olmusuz?

- (mahnı zümzümə edir) Aşiq oldum, aşiq oldum...(sonra gülür). Xanım, həyatdır, azad dünyadır. Aşiq olmaq deməzdim, göz gülüstan sarayında dəyərli, yaxşı açmış, ləçəkləri gözəl gül olanda birinci ona baxır.

"Neynirəm kifir baxışlı, eybəcər bir xanımı?"

- Yəni gözəllik aşiqisiz.

- Hə, mən gözəllik aşiqiyəm. Mən neynirəm kifir baxışlı, eybəcər bir xanımı? Xanımın yerişində, yemək yeməyində, səsinin içində mədəniyyət olmalıdır. Onda həyat sənə daha da gözəl görükür. Bunu pis mənada demirəm. Şükür doqquzuncu sinfi bitirən xanım mənim həyat yoldaşım olub. Ona deyirəm ki, baxmayaraq ki, sən doqquzuncu sinfi bitirmisən, sonradan mənim həyat akademiyamda oxumusan.

"Çıxıb hərəsi ombasını oynadır, çiyinlərini fırladır. Bu xalqı nə sayırsız?!"

- 77 yaşınızada nəyi etiraf etmək və ya ürəyinizdə qalan hansı sözü demək istəyirsiz?

- Deməyə sözüm çoxdur. Əgər səlahiyyət yiyəsi olsaydım, Azərbaycan telekanallarındakı hərc-mərcliyə, özbaşınalıqlara son qoyardım. Bizi nə sayırsız? Çıxıb hərəsi ombasını oynadır, çiyinlərini fırladır. Bu xalqı nə sayırsız?! Bəzi-bəzi xoşagəlməz işlər görən müğənnilər, xanımlar indi ailə tərbiyəsindən danışırlar.

"Parlamentdə mədəniyyət işlərinə baxan insanlar bəs hara baxırlar?"

- Əksəriyyəti də xalq artisti adını alıb.

- Özümü qoyaq kənara, ustadlarımı gözümün qabağına gətirirəm ki, pərvərdigara, Xan Şuşinski də xalq artisti, filankəs də xalq artisti? Biz adi əməkdar artist adını almaq üçün min bir əziyyət çəkirdik. Nə qədər xarici ölkələrdə konsertlər vermişik, maşınlarımız xarab olub piyada yol getmişik, kolxozlarda can çürütmüşük, rütubətli mehmanxanalarda qalırdıq, sən deyən xərcləməyə pulumuz da olmurdu. İndi "pırt" edib çıxanlar əməkdar artist olur. Ayıbdır, sadəcə ayıbdır! Mən əleyhinəyəm belə şeylərin. Parlamentdə mədəniyyət işlərinə baxan insanlar var. Bəs onlar hara baxırlar? Niyə bunlar layihə hazırlamırlar? Belə olmaz. Belə getsə, milli musiqi mədəniyyətimizin nüfuzu zəifləyər".(musavat)

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az