Kamran Həsənli: "Bu, anti-təbliğatdır, faciədir”

Kamran Həsənli: "Bu, anti-təbliğatdır, faciədir”

Kamran Həsənli: "Peşəkar televizyonçular efirlərdən uzaqlaşdırılır, onların yerinə zövqsüz və qeyri-peşəkarlar gətirilir"

"Sizin saat", "Axşam-axşam", "Günəbaxan" verilişlərinin aparıcısı olmuş, şoumen Kamran Həsənli "Yeni Müsavat"ın redaksiyasında olub, qəzetimizə geniş müsahibə verib.

Vətənpərvər, turançı, türkçü, millətçi və bu ideyaların təbliğatçısı kimi tanınan teleaparıcı ilə söhbətimi mayın 3-də olduğundan, söhbətə həmin gün keçirilən Türkçülük bayramından başladıq:

- İki gün öncə Türkçülük günü idi, sizi də türkçüsünüz. Necə düşünürsünüz, bu bayramı təmtəraqlı keçirməyə ehtiyac varmı?

- Bu günün bayram olaraq qeyd edilməsini çox istəyərəm. Türkçülük gününün təmtəraqlı keçirilməsi üçün gərək türk xalqları özlərini türk saysın, türk olduğunu anlasın. Türklər türkdilli və türksoylu xalqlar sayılsalar da, müxtəlif imperiyaların əsarətində olduqları, beyinləri boşaldıldığı üçün çoxları özünü türk saymır. Özbəklər, qazaxlar özlərini türk hesab etmir. Bu, təkamülün bir hissəsidir, müəyyən, böyük mərhələni keçmək lazımdır. Bu gün Türkiyə türkləri, almanlar, ingilislər, yaponlar bu mərhələni keçiblər, milli identifikasiyanı anlayır, önəmli olduğunu başa düşüb onun üzərində bütün siyasətini, iqtisadiyyatını qurub.

- Deyirsiniz ki, türk xalqları türk olduğunu tam dərk etməyib. O zaman onlar hansı ideologiya altında birləşib dünyanı fəth ediblər?

"Təbrizdə stadionda 90 min gənc "türkəm" deyib hayqırırsa, bu, çox böyük zəfərdir. O gəncləri görəndə anlayırsan ki, onlar dünyanı fəth edən fatehlərin nəvə-nəticəsidir"

- İnsanlar daim ideologiya altında təşkilatlanmır, onlar mental düşüncə ətrafında da birləşə bilirlər. O zaman türk xalqlarının əsas qəhrəmanlığı çapıb gətirmək idi, onlar yaylaq və qışlaqda yaşayıblar, əkinçiliklə məşğul olmayıb, bu işə pis baxıblar. Düşünüblər ki, kişi at belində olar, tapıb gətirib ailəsini dolandırar, qazanar. Onlar şəhərlərin, övladlarının adını Qazan qoyublar. Qələbə də qazancdır. Tural "dur, al", Alqayıt "al, qayıt" deməkdir. Bu adlar o zamandan yaranıb.

Onlar mental düşüncənin ətrafında birləşiblər. Müəyyən ideologiyanın ətrafında birləşmək Avropanın özündə 18-ci əsrdən sonra başlayıb. Türkiyədə 1904-cü, Azərbaycanda 1918-ci ildən sonra milli ideologiyanın ətrafında birləşmişik. Bu gün Təbrizdə stadionda 90 min gənc "türkəm" deyib hayqırır. Bu, çox böyük zəfərdir. O gəncləri görəndə anlayırsan ki, onlar dünyanı fəth edən fatehlərin nəvə-nəticəsidir. Onlar dünyanı fəth edə bilərlər. Düzdür, indi fatehlik zamanı deyil, elm, düşüncə ilə dünyanı qazanmaq lazımdır.

- Əvvəllər proqramınızda vətənpərvərliyi, türkçülüyü təbliğ edirdiniz, xalqa mesaj ötürürdünüz. Bununla bağlı sizə irad bildirilibmi?

- Mən televiziyaya ilk dəfə canlı efirlə çıxmışam. 2000-ci ildə mənə iki canlı efir verilib. Heç vaxt irad bildirilməyib, apardığım təbliğata görə təşəkkür edilib. 2008-ci ildə də irad bildirilmədi, verilişi bağladılar. 2008-ci ilə qədər vətənpərvərlik, türkçülüklə bağlı mesajlar vermişəm. Hər xalq öz milli və irqi mənsubiyyəti ilə qürur duymalıdır. Türk olmağımla fəxr edirəm.

- Aprel ayından cəbhədə başlayan gərginlik hələ də davam edir. Televiziyalarımız isə ölkədə yaşanan vəziyyətə uyğun proqram siyasətini dəyişmədi. Onların bu addımını necə qiymətləndirirsiniz?

"Bir televiziyanın cəbhəyə toy makyajında, geyimində müğənni aparması, əsgərin də uniformada rəqs etməsi, vətənpərvərliyi təbliğ etmir - bu, anti-təbliğatdır, faciədir"

- Televiziyada peşəkarlar azdır, onlar idarəçilikdən kənarda qalıblar. Televiziya idarəçisi bu sahədə uğur qazanmış adam olmalıdır. Televiziya rəhbəri bu işi anlamırsa, o, təbliğat apara bilməz. Rusiya və Türkiyə televiziyalarının apardığı təbliğatın şahidi oluruq. Xoşumuza gəlməsə də, Rusiyanın gözəl təbliğat apardığını etiraf etməliyik. Onların vətənpərvərlik kateqoriyası yalan üzərində qurulsa da, təbliğatı gözəl bacarırlar.

Türkiyə azad, demokratik düşüncə ilə təbliğat aparır. Türkiyə türkləri ölkə, vətən məsələsində birləşə bilirlər. Serialları, proqramları mövcud duruma köklənir. Onlar tək "Kurtlar Vadisi" serialı ilə fikirləri dəyişdilər, Polat Alemdara qədər Türkiyədə Braziliya serialları sevilirdi, hər kəs o serial qəhrəmanına oxşamaq istəyirdi.

"Kurtlar Vadisi"ndən sonra özlərini Çakıra, Polada oxşatdılar, millətçiliyi, dövlətçiliyi anladılar. Bizim serialların əksəriyyəti isə evlənməkdən, ikiarvadlılıqdan, qayınanadan bəhs edir. Bir televiziyanın cəbhəyə toy makyajında, geyimində müğənni aparması, əsgərin də uniformada rəqs etməsi vətənpərvərliyi təbliğ etmir. Bu anti-təbliğatdır, faciədir. Cəbhədə yaşananlar efirdə öz əksini tapmadı, vətənpərvərlik verilişləri göstərilmədi. Ümumiyyətlə, intellektual insanlar televiziyada sıxışdırılır.

- Dövlət peşəkarlara meydan versə, televiziyamız düzələrmi?

- Efir bu gün dövlətin siyasətidir. MTRŞ dövlət qurumudur, onlar televiziyanın düzəlməsini istəyir, lakin istəklə işlər düzəlmir. Televiziyada peşəkarlar işləmirsə, vəziyyət düzəlməz.

- Amma bir ANS nümunəsi də var.

"Türkçülüklə bağlı efirdən apardığım təbliğata görə heç vaxt mənə irad bildirilməyib, əksinə, buna görə təşəkkür almışam. Lakin 2008-ci ildə..."

- ANS bir məktəbdir, lakin meydanda tək qalıb, üslubu və düşüncəsi ilə marjinallaşıb. Bəzi telekanallar o qədər toy ab-havası yayırlar ki, insanlar o yönə istiqamətlənir. 15 il çal-çağır görən insan ona öyrəşir. Qeyri-peşəkarlar həyat tərzini efirə gətirib. Total zövqsüzlük millət üçün faciədir. Televiziyamız hazırda bu işlə məşğuldur. O qədər total zövqsüzlük var ki, ANS də çalışır o tərəfə əyilsin ki, kimsə ona baxsın və istədiyi sözü az da olsa, desin. ANS mədəniyyəti ilə ümumi televiziya mədəniyyətsizliyinin küncündə qalıb.

Bu gün mən televiziya üçün yol xəritəsi hazırlasam, əlimdə səlahiyyət olsa, iki ay müddətinə bütün efiri saxlayaram, ancaq heyvanlar haqda verilişlərin yayımlanmasına göstəriş verərəm ki, təlaş dayansın. Televiziyada olan qeybət, toyxana, məişət söhbətləri yığışdırılsın. Ondan sonra intellektual təbəqə üçün verilişlər hazırlayaram. İndi ölkədə ancaq müğənnilər, xüsusilə toy müğənniləri populyardır. Əvvəllər hər janrın populyarı vardı, indi isə vəziyyət çox pisdir.

- Belə başa düşdüm ki, televiziyanın toyxanaya çevrilməsinə səbəb qeyri-peşəkarlardır.

- Əlbəttə. Mən "Space" telekanalında işləyəndə iclaslarda rəhbərlik dəfələrlə mənə sübut etməyə çalışıb ki, "Sevimli şou" əla verilişdir, onun kimi olmaq lazımdır. Bəzən buna görə mübahisə düşürdü. Onlar anlamır ki, xalqa maarifləndirici veriliş lazımdır. Mənim Mikayılla problemim yoxdur, gözəl münasibətimiz var. Onun proqramını bəyənib-bəyənməməyim şəxsi fikrimdir.

- Deməli, "Space" rəhbərliyi Mikayıl Güləddinoğlunun təsiri altındadır?

- Xeyr, Mikayıl onların təsiri altındadır. "Space" rəhbərliyi televiziyanı elə görür, onlar elə başa düşür ki, xalq toyxana istəyir. Verilişin toyxanaya çevrilməsində aparıcının 10 faiz günahı var, onun ideyasına, əqidəsinə önəm vermirlər. Televiziya bir millətin güzgüsüdür, o, sənə özünü göstərir. Orada ceyran göstərsələr, ceyrana, meymun göstərsələr, meymuna çevriləcəksən. Bizə meymun göstərsələr də, biz elə deyilik.

- Xarici ölkələrdə sənət adamları intellektualdır, ölkədə, cəmiyyətdə baş verəndən məlumatlıdır, mənən azaddırlar. Azərbaycanlı əksər müğənnilər, ifaçılar niyə savadsızdılar?

"Mən "Space" telekanalında işləyəndə iclaslarda rəhbərlik dəfələrlə mənə sübut etməyə çalışıb ki, "Sevimli şou" əla verilişdir, onun kimi olmaq lazımdır. Bəzən buna görə mübahisə düşürdü"

- Ruslar Sovet irsi ənənəsini davam etdirdi. Bizim televiziya tamaşalarımız rus tamaşalarına daim qalib gəlirdi. Biz o ənənəni 2005-ci ildə itirdik, onu toya, pula qurban verdik. İntellektsiz insanlar televiziyaya doldu. Sizə maraqlı nümunə deyim. "İstintaq" filmində Rusiyanın aktyor məktəbinin güclü nümayəndəsindən biri Aleksandr Kalyagin ilə Həsən Məmmədov üz-üzə oturur, Məmmədov aktyor oyunu ilə Kalyagini üstələyir.

İndi elə aktyor varmı? Poeziyada, rəssamlıqda, teatrda o ənənəni itirdiyimiz üçün, hazırda total zövqsüzlük hökm sürür. Hazırda məşhur olan müğənnilərin çoxu "Sizin saat" verilişində ilk debütlərini ediblər. Çünki mənim musiqi təhsilim var və yaxşı musiqiçini tanıyıram. Televiziya rəhbəri musiqi anlayışı olan teleaparıcıya musiqili veriliş aparmağı həvalə etməlidir. "Sizin saat" musiqili veriliş idi, ondan sonra bir çox belə veriliş açıldı, teleaparıcı olaraq kiminsə sevgilisi gəldi, kiminsə pullu dostu oldu.

O gələn kimi televiziyanı bazara çevirdi. İstedad axtarmadı, kim pul verdisə, onu efirə çıxartdı. O pul ortaya gələndən sonra dedilər ki, Kamran, sən 3 manat da gətirmirsən, üstəgəl sənə maaş veririk. Millət, dövlət deyəndə də, pul qazanmaq lazım olduğunu deyib, pul gətirən adamları bizə nümunə göstərdilər. Xarici ölkələrdə hər təbəqənin öz telekanalı, verilişi var. Bizim bütün telekanallar eyni sifətdədir.

- Kamran Həsənli sevmədiyi bu mühitdə özünü necə hiss edir?

- Mən başqa dostlar əhatəsindəyəm, bir-iki nəfərdən başqa heç kimlə əlaqə saxlamıram, məni şou-biznes məclislərində görə bilməzsiniz. Mən intellektsiz insanlar arasında marjinallaşmışam. Bizim sənətçilərin çoxu kitab oxumaq istəmir, onlar düşünürlər ki, intellekt lazım deyil. Yaşamaq üçün pul yetərlidir.

- Fikriniz mənə maraqlıdır. Sizcə, kişi aparıcı hansı verilişi aparmamalıdır?

- Kişilərin evlilik verilişi aparmasını sevmirəm. Kişinin xislətində evlilik, cehiz, qayınana anlayışı yoxdur. Kişi o verilişi aparanda qadınlaşır. Bəzən deyirlər ki, kişilər mətbəx verilişi aparmaz. Məncə, yanlış fikirdir. Kişilər sözügedən proqramı gözəl aparar. Kişilərin damaq dadı qadınlardan fərqlidir. Elə yeməklər var ki, yanında çaxırı olmalıdır, o yeməyi biz gözəl hazırlaya bilərik. Ən yaxşı aşpazlar kişilərdir.

- Əvvəllər Kamran Həsənli reklam çarxlarında maraqlı obrazlarda - aşıq, aşpaz, taksi sürücüsü və s. kimi görürdük. Reklam bazarından niyə uzaqlaşdınız?

- Reklam bazarı cılızlaşdı. Biz reklam çəkəndə müxtəlif obrazlar fikirləşirdik, istəyirdik ki, rəqabət olsun. İndi onlardan daha yaxşıların çəkə bilərəm. Lakin hazırda hərə öz qohumunu bir prodakşının başına gətirib və pul yeyilir. Reklamda da divar çəkilir, içkini, toyuğu göstərir, restoranda gülərüz personal, şən klounlar olduğu deyilir. Kloun şən olar da. Reklam çəkənlər pul qazanmır, əziyyət çəkmədən pul yeyir. Bu bizim mental qüsurumuzdur. Hazırda tamaşaçılar deyirlər ki, televiziyaya baxmırlar.

- Efirə qayıdacaqsınızmı və ya bunun üçün mübarizə aparırsınız?

- Mən həyatda mübariz adam deyiləm. Yalnız ideya uğrunda mübarizəm. Hər gün gedib bir televiziyanın qapısını döyə bilmərəm. Pis xasiyyətim var, bəzən buna görə özümü danlayıram. Layihə ilə getdiyim televiziyada məni yarım saat gözlətsələr, uzun müddət özümə gələ bilmərəm. Əlimdə layihələr var, onları gerçəkləşdirmək istəyirəm. Lakin telekanalların mənzərəsi məni qane etmir, oraya uyğun adam ola bilmirəm. Hazırda peşəkar, təcrübəsi, həyat qüvvəsi olan, insanların da rəğbətini qazanan mütəxəssislər kənarda qalıb. Ona görə də hər kəs televiziyadan şikayət edir. İndi tullanıb-düşmək dəbdədir. Ona qalsa, birinci dəfə biz tullanıb-düşmüşük, amma onu da çərçivə içərisində etmişik, tullanıb-düşməyin də öz qayda-qanunu var. Dəli kimi ortaya düşmək olmaz.

- Televiziyadan uzaqlaşmısınız. Bilirik ki, biznesinizdə problemlər yaranıb. Hazırda necə dolanırsınız?

- Toydan və şou proqramlardan para qazanıram. Devalvasiyadan sonra toylar 40 faiz azalıb. Mən toyu tənqid etmirəm, toyları sevirəm. Mən efirin toyxanaya çevrilməsinin əleyhinəyəm. Məni toya mənimlə eyni fikirdə olan insanlar çağırır.

- Siyasəti izləyirsinizmi?

- Dünya və ölkə daxili siyasətlə maraqlanıram. Dünya siyasəti daha çox diqqətimi çəkir, çünki orada baş verənlər birbaşa bizə təsir edir. Son 5 ildə dünya siyasi proseslər nəticəsində dəyişir. Həyatım boyu qısa zamanda bu qədər dəyişiklik görməmişdim.

- Qarabağın gələcək taleyi barədə nə düşünürsünüz?

- Televiziya doğru təbliğat aparsa, insanlar məlumatlanar. Əgər nə baş verdiyini anlasaq, hər şey yoluna düşər. Tək qışqırmaqla məsələ həll olunmur. Bir dövlət iki tərəfə də silah satırsa, onların müharibə etməsini istəyir. Rusiya imperiyasının regionda təsiri azaldıqca, müharibə səngiyəcək. (musavat)

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az