Laçından yan keçən yola sərhəd və gömrük postları qoyulmalıdır

Laçından yan keçən yola sərhəd və gömrük postları qoyulmalıdır

Laçın şəhərindən yan keçən yeni yolda Azərbaycanın qanunlarına uyğun olaraq sərhəd-keçid məntəqəsini və gömrük postu rejiminin tətbiq edilməsi məsələsi gündəmə gəlib. Analitiklər hesab edirlər ki, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsində olan ermənilərin gəliş-gedişini təmin edəcək yeni yol açılanda qanunlarımızı tətbiq etmək lazımdır. Bu, ərazilərimizə erməni terrorçularının, təxribatçı ünsürlərin daxil olması hallarını məhdudlaşdıracaq.

Xatırladaq ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi sürətlə davam etməkdədir. Bu il aprelin 21-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumatda bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində əsas prioritetlərdən biri yol infrastrukturunun bərpasıdır və bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində yaşayacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun inşası da məhz bunlar nəzərə alınaraq aparılır. Yeni avtomobil yolunun uzunluğu 32 kilometr təşkil edir. 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edəcək”.

"Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Layihəyə uyğun olaraq torpaq yatağının tikintisi, süni qurğuların inşası işləri görülür. "İnşaat Norma və Standartları”na uyğun olaraq yararsız qrunt, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri görülür, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və yeni torpaq yatağının inşası həyata keçirilir. Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və müxtəlif süni qurğuların tikintisi də icra olunur. Bu çərçivədə yolun 22-ci km-də inşa edilən və uzunluğu 139.5 metr olan 4 aşırımlı körpüdə hazırda tikinti işləri son mərhələdə olmaqla icra olunur", - məlumatda qeyd olunub.

"Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin nəzarəti altında həyata keçirilir. Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub”, - deyə bildirilir.

Açıqlamadan belə aydınlaşır ki, ən uzağı ilin sonunadək Laçın şəhərindən yan keçən yol istifadəyə veriləcək. Onu da bildirmək lazımdır ki, yeni yol istifadəyə verildikdən dərhal sonra hazırkı yol Rusiya sülhməramlılarının nəzarətindən çıxacaq.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı AYNA-ya müsahibəsində bildirib ki, ümumiyyətlə, hazırkı, yaxud yeni istifadəyə veriləcək yolu Laçın dəhliz adlandırmaq lazım deyil:

- Ora məhz yoldur, dəhliz deyil. Yeni Laçın yolu öz funksiyasına görə yol olacaq. Yadınızdadırsa, Azərbaycan Prezidenti brinci dəfə Brüssel görüşündən əvvəl NATO Baş katibi ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirmişdi ki, əgər Zəngəzur dəhlizi sadəcə kommunikasiya olacaqsa, dəhliz olmayacaqsa, Laçın yolu da sadəcə yol olacaq, dəhliz olmayacaq. Üçüncü Brüssel görüşündən sonra Avropa İttifaqı Prezidenti Şarl Mişelin mətbuata açıqlamasında kommunikasiyalarla bağlı ifadəsində gömrük və sərhəd keçid məntəqəsindən söz edilir. Hesab edirəm ki, bu, bizim üçün çox əlverişlidir.

- Nə baxımdan əlverişlidir?

- Çünki yeni Laçın yolunda sərhəd məntəqəmiz və gömrük orqanımız fəaliyyətə başlayacaq ki, bu, Qarabağ probleminin həllinin 50 faiz sürətlənməsidir. Beynəlxalq qayda-qanunlara və normalara görə, Ermənistan vətəndaşlarını viza ilə qəbul edəcəyik, sərhəddə pasport nəzarəti olacaq. Ola bilər ki, diplomatik əlaqələr bərpa edildikdən sonra vizasız gediş-gəliş olsun, bu, veriləcək yekun qərardan asılı olacaq. Amma pasport yoxlanışı həyata keçiriləcək, Azərbaycan vətəndaşı olacaq ermənilər Ermənistana sərhəd, gömrük qaydaları ilə gedib-gələcəklər. Eyni ilə Ermənistan vətəndaşları da ölkəmizə o qaydada gəlib-gedəcəklər. Necə ki, hazırda Rusiyaya, İrana, Gürcüstana, Türkiyəyə gediş-gəlişdə bu tətbiq edilir. Hesab edin ki, bütün bunlar Qarabağ məsələsi ilə bağlı qalan problemlərin həllini olduqca sürətləndirəcək. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezləşdirilməsini də təmin edəcək. Bu baxımdan, hesab edirəm ki, Laçından keçən yeni yolun istifadəyə verilməsini tezləşdirməli, orada gömrük, sərhəd qaydalarının tətbiqinə başlamalıyıq.

- Zəngəzur dəhlizi gündəmdən çıxmayıb, Azərbaycan tərəfi rəsmi şəkildə dəhlizin reallaşacağını açıqlayır...

- Zəngəzur dəhlizi reallaşsa belə, Azərbaycan yenə də Laçın yolunda öz sərhəd, gömrük qaydalarını tətbiq edə bilər. Çünki Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz ərazisinə - Naxçıvana keçir, başqa bir dövlətin ərazisinə keçmir. Ermənilər isə Laçın yolundan keçib Azərbaycan ərazisinə gəlirlər.

Ümumiyyətlə, yeni Laçın yolunda Azərbaycanın sərhəd məntəqəsinin və gömrüyünün yerləşdiriləcəyi məsələsini gündəmdə saxlamalıyıq. Bu, bizim üçün son dərəcə əhəmiyyətlidir. Yola nəzarətin Azərbaycan tərəfindən edilməsi ərazilərimizə yaraqlıların, terrorçuların, təxribatçıların gəlməsinin qarşısını almış olacaq.

- Rusiyanın bu məsələyə reaksiyası necə olacaq?

- Əlbəttə, bu gün Rusiya Laçın yoluna dəhliz deyir və orada Azərbaycanın sərhəd qanunlarının tətbiqinə qarşı çıxır. Hər dəfə bu məsələ gündəmə gəldikdə Moskvadan açıqlama verilir ki, 10 noyabr Üçtərəfli Birgə Bəyanatda belə bir bənd yoxdur. O sənəddə belə bir bənd yoxdur deyə, Azərbaycan öz sərhədlərini "açıq qapı" elan edə bilməz axı. Çünki ərazilərimizə terrorçular doluşurlar. Biz Rusiya sülhməramlılarına irad bildirməliyik ki, dəfələrlə nəzarət etdikləri hazırkı yoldan hər kəs sərbəst keçə bilib. Qarabağa sülhməramlıların nəzarəti ilə keçənlərin hamısı da onların özləri kimidir, sülhə heç bir xidmət etmirlər. Ona görə də biz məsələni birmənalı şəkildə qoymalıyıq ki, yeni yolda nəzarəti həyata keçirməliyik. Ən uzağı, bizimlə birlikdə sülhməramlılara da nəzarətdə iştirak imkanı tanıya bilərik. Bizim üçün əsas odur ki, yeni yolun başlanğıcında - Ermənistanla Azərbaycan sərhədlərinin başlandığı yerdə nəzarəti həyata keçirək. Düzdür, Rusiya buna razı deyil, amma Azərbaycan Moskvanın dedikləri ilə oturub-durası deyil. Rusiyanın tapşırığı ilə oturub-dursaq, münaqişə heç zaman həllini tapmayacaq. Rusiyaya açıq şəkildə iradlarımızı bildirməliyik ki, onların hərbçiləri öz missiyalarını ya yerinə yetirə bilmirlər, ya da bilərəkdən yerinə yetirmirlər.

- Yeni Laçın yolunda nəzarəti Azərbaycan və Rusiya hərbçiləri birgə həyata keçirəcəkləri təqdirdə, ermənilərin təxribatları mümkündürmü?

- Əlbəttə, mümkündür. Yadınızdadırsa, Şuşa yaxınlığında Rusiya və Azərbaycan hərbçilərinin xidmət apardıqları əraziyə Norayr Mirzoyan adlı terrorçu qumbara atmışdı. Belə halların təkrarlanacağı istisna deyil. Biz təxribatların hamısına hazır olmalıyıq. Amma hesab edirəm ki, insident az-az hallarda baş verə bilər.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az