Hadı Rəcəblidən şəhid ailələrinə 1 milyon təklifi

Hadı Rəcəblidən şəhid ailələrinə 1 milyon təklifi
“Elə belə də yazın, Hadı müəllim deyir ki, şəhid ailələrinə 1 milyon verilsin!”

"Şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin artırılması barədə təkliflər ümumiləşdirilib müzakirə olunduqdan sonra baxıla bilər. Əlbəttə ki, şəhidlərlə bağlı təkliflərə komitəmizdə hər zaman xüsusi həssaslıqla yanaşmışıq".

Bu sözləri modern.az saytına müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Deputat 14 oktyabrda Milli Məclisin iclasında həmkarları Aydın Mirzəzadə və Əflatun Amaşovun "şəhidlərə verilən birdəfəlik müavinətin miqdarı 10 dəfə artırılaraq 100 min manat olsun" təklifinə də münasibət bildirib: "Şəhid ailələrinə verilən birdəfəlik müavinətlərlə bağlı təkliflər ümumiləşdirilib komitədə baxılacaq. Müavinətin artırılması məsələsi dövlət büdcəsindən asılı olan məsələdir. Müavinətin müəyyən miqdarda artırılması hələ tam dəqiq deyil. Bunun arxasında maliyyə, pul olmalıdır. 2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsi son 5 ilin ən az büdcəsidir".

H.Rəcəbli ilə bu məsələlərlə bağlı müsahibəni təqdim edir:

- Hadı müəllim, Milli Məclisin son iclasında şəhid ailələrinə verilən müavinətin 10 min manatdan 100 min manata qədər artırılması ilə bağlı təklif səsləndi. Amma mətbuata son açıqlamalarınızdan belə məlum olur ki, həmkarlarınızın dediklərinə qarşısınız. Fikir ayrılığına səbəb nədir?

- Mən parlamentdəki çıxışımda da dedim ki, bu barədə danışanların hamısının dediklərinə hörmətlə yanaşıram. Lakin o məsələ müzakirə olunmayıb. Gündəmdə yoxdur. Amma mən də təklif edə bilərəm ki, 1 milyon verilsin. Elə belə də yazın, Hadı müəllim deyir 1 milyon verilsin! Deməklə deyil ki... Bunun maliyyə tutumu, hesablaması var. Biz bu barədə müzakirələr də aparmamışıq.

- Amma həmkarlarınızın da dediyi kimi, şəhid ailələrinə ayrılan 11 min manat devalvasiyadan sonra elə də böyük vəsait deyil. Bu vəsaiti nə qədər artırmaq olar?

- Bəli, şəhid ailələrinə 11 min manat ayrılır. Əlilliyə görə isə 8 minə yaxındır. Bu, birdəfəlik yardımdır. Mən də sizə dedim, vəsaiti 1 milyona qaldırmağın tərəfdarıyam. Gərək bu, real olaraq hesablana. Yoxsa Əflatun Amaşovun, Aydın Mirzəzadənin deməyi ilə onu müzakirə etmək olmaz axı. Mən o sahənin mütəxəssisiyəm, onunla məşğulam. Ancaq mən heç kimə də deməmişəm ki, nə qədər olsun, 100, ya 200 min olsun. Bunun hesabı olmalıdır, elə deyilmi? Büdcə vəsaitinin imkanları, reallıq nəzərə alınmalıdır. Biz nağıl danışaq, ya ailələri müdafiə edək?

"Bizim adamlarımızın böyük əksəriyyəti istəyir ki, birdəfəlik Amerika qurulsun"

- Ancaq reallıq budur ki, şəhid ailələrinin və əlillərin də həll olunmamış problemləri var və ölkə prezidenti də daim həmin ailələrin dövlət qayğısı ilə əhatə olunmasını tövsiyə edir. Deməli, çatışmazlıqlar həllini tapmalıdır.


- Prezidentimiz milli qəhrəmanların ailələrinə ayrılan müavinəti 30 faiz artırdı və 1300 manat oldu. Ola bilər o tendensiya davam eləsin. Lakin bu gün biz bu məsələni müzakirə etmirik, gündəmdə yoxdur. Söz kimi var. Necə ki, mən dedim 1 milyon verək. 100 min verək, deməklə deyil axı. Mən də deyərəm 200 min olsun. Belə mülahizələr ciddi deyil. Bunun hesabı olmalıdır. Təklif verilməlidir, Müdafiə Nazirliyi buna rəqəm deməlidir, say öyrənilməlidir, Maliyyə Nazirliyi ilə müzakirələr aparılmalıdır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu müzakirə etməlidir. Belə məsələləri söz xətrinə, xoşa gəlmək üçün deməzlər axı. Mən onun əleyhinəyəm ki, xoşa gəlmək üçün belə oyun oynamazlar, bu, düzgün deyil.

- Amma dediyiniz kimi, müzakirələr aparılmır, müvafiq qurumlar hərəkətə keçmir, deməli, problemlər də qalır.

- Bütün o məsələlər, o ailələrin mənzillə təminatı da, birdəfəlik vəsaitin verilməsi də gündəmdədir. Bu gün bizim problem başqadır. Biz o dövrdə şəhid olanların böyük bir qisminin sığorta haqqını ödəyə bilməmişik, sizin bundan xəbəriniz varmı?

- Nə qədər ödənilməmiş vəsait var?

- Orda böyük bir rəqəm var. Onu müzakirə etməliyik. Rəqəmləri dəqiq deyə bilmərəm, sonra düz olmaz, gərək sənədlərə baxam.

- Şəhidlərin sayını faiz etibarilə götürsək, yarıdan çoxdur, ya az?

- Qarabağ döyüşləri zamanı bizim qanunlarda cürbəcür maddələr olub. Məsələn, əvvəl bizdə belə idi ki, 3 il müddətində müraciət etməyənlərə o məbləğ verilmirdi. Sonra biz qanuna dəyişiklik etdik və həmin şəxslər istənilən vaxt bu məbləği almaq imkanı qazandı. Ancaq sonra sığorta qurumlarında vəsait olmadı. Çünki ora sığorta haqları getməlidir. Ardınca kiçik məbləği artırdıq və böyük bir qrup insanın məbləği yığıldı. Odur ki, indiyədək həmin məsələ açıq qalıb.

- Bir qrup insan da "qanpulu"nu almaq üçün dəfələrlə parlamentin qarşısına toplaşıb...

- Bəli, sən də şahidsən. İndi Aydın Mirzəzadənin dediyini eləyək, yoxsa həmin qrup insanlara dönək?

- Amma Aydın Mirzəzadə də yəqin ki, seçicisi ilə görüşür, şəhid ailəsi ona öz dərdini danışır, banka kreditinin olduğunu, işsizlikdən əziyyət çəkdiyini deyir. Tam haqlı olaraq deyir ki, bu ailələrə ciddi yardım olsun ki, həmin ailələr də öz gün-güzəranını təmin etsin, asılı olmasın kimdənsə. Normal deyilmi?

- Vallah, sən də neçə illərdir mətbuatdasan, ağıllı adamsan. Bunu belə deməklə iş bitmir axı. Mən də sizinlə birlikdə bu barədə danışım. İlk olaraq əvvəlki şəhidlərlə bağlı vəsaitin ödənməsi məsələsi həllini tapmalıdır. Ondan sonra bu məsələyə dönmək olar.

- Heç olmasa həmkarlarınız təşəbbüs qaldırandan sonra bu barədə cəmiyyətdə xeyli müzakirələr getdiyini nəzərə alıb məsələni hökumətlə müzakirə edəcəksinizmi?

- Əlbəttə. Hətta parlamentdə də dedim ki, mənə müraciət edin, yazın, parlamentdə deyilən fikirləri ümumiləşdirək. Bunlar sonra müzakirə olunur. Hər hansı bir qanun layihəsinin maliyyə tutumu olur. Maliyyə tutumu varmı? Söz havadan asılı qalmayacaq ki? Xoşa gəlmək üçün deyildi, ancaq sonra hökumət pis vəziyyətdə qalar axı. Gərək bunu hesablayasan. Görün şəhid ailələrinə nə qədər imtiyazlar var. Şəhid ailələrinə mənzil, maşın verilir. Özü də onların hamısı nəzarətdədir. Şəhid ailələrinin böyük əksəriyyəti maşın da alıb. Həmçinin şəhid övladlarının təhsil haqqı dövlət tərəfindən ödənilir, bunu da bilirsiniz.

- Belə fikirlər də var ki, ölkənin bayrağını beynəlxalq yarışlarda ucaldan idmançılarına dəyər verən, daha çox vəsait ayıran dövlət torpaq uğrunda şəhid olanlara bu qədər vəsait ayıra bilər. Bu iddialarla razısınızmı?

- Görürsən, o məsələnin qoyuluşu da düz deyil. İdmançı ayrıdır. Yaxud əməkdar artistə nə isə verirlərsə, bu, ayrı məsələdir. İdmançı bir qrup insandır. Məsələlərə belə baxmaq doğru deyil.

- Hesab olunur ki, bu gün imkanı olan hər kəs vəziyyətdən çıxış yollarını təklif etməlidir. Neftin ucuzlaşması, manatın dəyərdən düşməsi şəraitində sizin rəhbərlik etdiyini komitə hansı təkliflərlə çıxış etmək niyyətindədir?

- Biz əmək tutumlu iş yerlərinin yaradılması haqqında danışırıq. Əmək tutumlu yerlərdən biri də turizm və istirahət biznesidir. Mən turizm haqqında qanun hazırlayıram. Bizim işimiz də budur, bu sahədə işləyirik.

- Fakt budur ki, turizm sahəsi ilə bağlı kifayət qədər şikayətlər var, çatışmazlıqlar mövcuddur.

- Elə ona görə də qanun hazırlayırıq.

- Bu qanun nəyi dəyişəcək?

- Çox böyük, əsaslı qanundur, 84 maddədən ibarətdir. Orda elə böyük müddəalar var ki, turizmin inkişafına kömək edəcək. Köhnə qanundan fərqli bir qanun olacaq.

- Referendumdan sonra ölkədə ciddi islahatların olacağı barədə...

- Mən həmişə islahatlardan müsbət nəticələr gözləyirəm. Amma bir şey var ki, bizim adamlarımızın böyük əksəriyyəti istəyirlər ki, birdəfəlik Amerika qurulsun. Amerika yavaş-yavaş qurulur. Reallıqlar, maliyyə imkanları nəzərə alınmalıdır. Həyatın gedişi diktə edir ki, davamlı şəkildə nələri etmək lazımdır. Odur ki, bu il islahatlar ilidir. Ardıcıl olaraq maraqlı islahatlar gedir və davam edəcək.

"Biz o dövrdə şəhid olanların böyük bir qisminin sığorta haqqını ödəyə bilməmişik, sizin bundan xəbəriniz varmı?"

- Təyin olunacaq vitse-prezidentlərlə bağlı nə deyə bilərsiniz? Parlament rəhbərliyinin namizədi varmı?

- Yox. O məsələ prezidentin səlahiyyətidir. Vitse-prezidentləri prezidentimiz seçəcək, özü bilən yaxşıdır.

- Hadı müəllim, gələn ay hökumət büdcə müzakirələri ilə əlaqədar parlamentə gələcək. Hesab olunur ki, siz hökumətdən hesabat istəmək əvəzinə, onun müdafiəçisi statusunda çıxış edirsiniz. Bu iddia ilə razısınızmı? Budəfəki müzakirələrdə hökumətə ünvanlı suallarınız varmı?

- Xeyr, doğru yanaşma deyil. Hökumətin tənqidçisi də oluram, müdafiəçisi də. Elə sahələr var ki, tənqid edirəm. Bu ilin əvvəlində mən Bakı-Astara yolu ilə bağlı tənqidi çıxış etdim, sizin yadınızdan çıxıb? Onu da deyirik, bunu da.

- Yeri gəlmişkən, son günlər yağışlı havalarla əlaqədar Bakıdakı vəziyyətlə bağlı şikayətlər xeyli artıb. Siz də bu vəziyyətdən əziyyət çəkirsiniz?

- Mən yox...(gülür)
(musavat,com)

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az