Rusiya ilə Avropa arasında gizli danışıq: Qafqazla Şərqi Ukraynanı...

Rusiya ilə Avropa arasında gizli danışıq: Qafqazla Şərqi Ukraynanı...

Mediainfo.az politoloq Cümşüd Nuriyevin Teleqraf.com-a müsahibəsini oxucularına təqdim edir:

- Cümşüd bəy, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ankara, İrəvan, Tehrandan sonra Bakıya səfərə gəlib. Prezident İlham Əliyevin qəbulunda olan Lavrov daha çox Ermənistanın sülhə yanaşmasından danışıb. Səfərin nəticələri ilə bağlı gözləntilər nədən ibarətdir?

- Əslində Prezident İlham Əliyev ötən gün S.Lavrovla görüşündə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üç Bəyannaməyə toxundu. Amma bu üç bəyannamənin bəndlərinin əksəriyyəti icra edilməyib. Əsasən də bunu pozan Ermənistan tərəfidir. Bəyanatın 4-cü bəndini isə Rusiya pozur. Hələlik keçmiş “Dağlıq Qarabağ” ərazisindən erməni silahlı qüvvələri çıxarılmayıb. Bütün bunların fonunda Ermənistan son bir əy ərzində bir tərəfdən müsbət fikirlər söyləyir, digər tərəfdən isə təxribatlara əl atır. 30 ildə onların bu yanaşmaları biz məlumdur. Amma yenə də onlar öz köhnə xislətlərindən, adətlərindən əl çəkə bilmirlər. Burada Qafqazın taleyi həll olunur. S.Lavrovun Ankara, İrəvan, Tehran, Bakı səfəri də bununla bağlıdır. Çünki o məhz Ankaradan İrəvana getdi. Görünən odur ki, 5 şəhər arasında əsas məqsəd Qafqazın təhlükəsizliyini təmin etməkdir. Rusiyanın indi çox ciddi problemləri var. Qərbi Qafqaza buraxmaq istəməyən Rusiya bunu istəsə də, istəməsə də o Ukraynada siyasi cəhətdən uduzub. Artıq ötən gün Ukrayna və Moldovanın Avropa İttifaqının üzvülüyünə namizədliyi barədə qərar qəbul edildi. Gürcüstan isə hələlik üzvlüyə qəbul edilməyib. Burada ola bilsin ki, Rusiya ilə Avropanın Qafqazla Şərqi Ukraynanı dəyişmək üçün gizlin danışıqları var. Çünki hadisələrin gedişi bunu ehtimal etməyə imkan verir. Eyni zamanda Rusiya özü heç kimlə razılaşmadan Cənubi Qafqazı siyasi nəzarətinə götürmək istəyir.

- Rusiyanın Cənubi Qafqaz siyasətində Türkiyə amili nə dərəcədə təsirli görünür?

- Burada təbii ki, onun alternativi Türkiyə olduğuna görə, Ankara ilə də müəyyən razılaşmalar əldə olunmalıdır. Tehran da öz növbəsində Rusiya kimi sanksiyalara məruz qalıb. İran İslam dövləti olmasına baxmayaraq daha çox Ermənistanın tərəfini tutur. Ona görə də S.Lavrovun Bakı səfəri çərçivəsində bəyannamə və onun bəndləri müzakirə edilib. Konfedensial danışıqların nəticəsi necə olacaq? Rusiyanın, Türkiyənin hansı şərtləri var? Azərbaycanla Ermənistan arasında hansı danışıqlar aparılıb? Burada hansı qərar çıxıb və razılaşma olacaq? Bunu demək çətindir. Yaxın günlərdə gözləyək görək Prezident İlham Əliyev növbəti çıxışında hansı formada danışacaq. Onun Komandan və yaxud diplomat kimi danışacağından çox şey asılıdır. Çünki dövlət başçısının danışıq tərzindən, bədən dilindən vəziyyəti anlamaq olar. Dünənki danışıq tərzindən çıxardığım nəticə odur ki, qalib Azərbaycanın Prezidenti əmindir ki, Zəngəzur dəhlizi açılacaq. Tezliklə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı problemlər də aradan qalxacaq və bundan sonra sülh müqaviləsinə hazırlıq başlayacaq. Bizim üçün də ilkin mərhələdə bunlar lazımdır.

- Lavrovun Bakıya səfəri ilə eyni vaxtda Qarabağda müvəqqəti məskunlaşmış rus sülhməramlılarının növbəti dəfə “xəritə oyunu” ortaya çıxdı. Bu məsələ mütəmadi olaraq ortaya atılır. Sizcə, sülhməramlıların bu davranışları nə dərəcədə təsadüfi sayıla bilər?

- Biz 300 ildir ki, Rusiyanı yaxşı tanıyırıq. Bu ölkə heç vaxt səmimi olmayıb. Azərbaycanı da siyasi nüfuz dairəsindən buraxmaq istəməyib. Azərbaycan Ordusu 44 günlük müharibədə torpaqlarını azad etdi. Bundan sonra Rusiya ordusu bu və ya digər formada Azərbaycana daxil oldu. Bunun adını sülhməramlı və yaxud nə qoyuruqsa qoyaq, bu faktdır. Əgər, Rusiya bunu istəmirdisə, 10 noyabr 2020-ci il gecə 1-ə işləmiş bu bəyanat imzalandıqdan cəmi 5 saat sonra necə bu qədər tez zamanda 1960 nəfər əsgəri, bu qədər silah sursatı Xankəndində yerləşdirdi?.. Əslində bu, Rusiyanın çoxdan hazırladığı plan idi. Ona görə də biz bu məsələlərdə bir qədər diqqətli olmalıyıq. “5-ci kolonu” başa düşmək olar. Amma Azərbaycan mediasına o qədər sadəlov izahlar verilir ki, elə bil biz Rusiyanı tanımırıq? Əksəriyyətimiz Rusiyanı yaxşı tanıyırıq, çoxumuz orada təhsil almışıq. Bütün bunların fonunda biz yenidən Rusiyanın bu işlərdə əlinin olmadığını deyə bilmərik. Sadəcə olaraq Rusiya məcburi olaraq pisin ən yaxşısını götürmək metodu ilə Azərbaycanı öz nüfuz dairəsində saxlamaq istəyir. Ona görə də xəritə məsələsi ilə bağlı Rusiyanın Müdafiə Nazirliyi də yenidən həmin təxribatlarla məşğuldur. Rusiya Xarici İşlər Nazirliyinin də bu məsələlərdə rolu az deyil. Həmçinin Rusiya mediasında da ermənilərin sayı olduqca çoxdur. Görünən odur ki, Ermənistan bu təxribatları özbaşına törətmir. Çünki Ermənistanın elə imkanları yoxdur. Bütün bu təxribatlar Rusiya hərbi kəşfiyyatı tərəfindən hazırlanır.

- Bakı Rusiya üçün Qərbin təzyiqləri fonunda sanki bir nəfəslik kimi görünür. Şimal qonşumuz Azərbaycan vasitəsi ilə özü üçün hansı çıxış imkanlarını dəyərləndirmək niyyətindədir?

- İndi Rusiyanın başqa bir şansı qalmayıb. Uzaq Şərqdən də çıxışı mümkünsüzdür. Yaponiya ilə II Dünya müharibəsindən 77 il keçməsinə baxmayaraq sülh müqaviləsi imzalaya bilməyib. Bu ölkəyə qarşı ərazi iddialarından əl çəkməyib. Çin isə orada öz maraqlarını güdür. İstənilan vaxt Çin Rusiyanı çökdürməyə hazırdır. Orta Asiya respublikaları ilə də Rusiyanın münasibətləri gərgindir. Dağlıq ərazilərdən keçsə belə, Əfqanıstanla da durumları eynidi. Rusiyanın Qara dəniz üzərindən də Avropaya çıxışında problemlər yaranır. Ona görə də məcburdur ki, Azərbaycan və Türkiyə üzərindən Avropaya quru yolu ilə dəhliz kimi istifadə etsin. Çünki dəniz yolu ilə də onun problemləri olacaq. Gələn il boğazlardan keçmə məsələsində artıq səlahiyyətlər Türkiyəyə keçəcək. Rusiya dənizlər ölkəsi sayılmasına baxmayaraq, buzlaqlarla hara çıxacağını özləri də çox gözəl başa düşür. Rusiya ərazisinin 80 faizi insan yaşaması üçün yararsızdır. Böyük ərazi olması əhəmiyyətli deyil. Dünya rüsurslarının 21 faizinin Rusiyada olmasına baxmayaraq, onun iqtisadi imkanları olduqca məhduddur. Rusiya əhalisinin hər 4 nəfərdən biri müsəlman, türkdür. Rusiyanın 145 milyon əhalisi var. Onların da 1,5 milyonu narkoman, 4 milyonu isə rəsmi statistikaya əsasən içki düşkünüdür. Həbsxanalarda, polisdə çalışanları da çıxsaq, bu gün Rusiyada əmək qabillətli insan ehtiyyatı çox aşağı səviyyədədir. Bunun fonunda Rusiyanın elə belə gəlib İslam Əməkdaşlıq Təşkilatına üzv olmadığı da aydınlaşır. Çünki onlar çox gözəl başa düşür ki, dünyanın gələcəyi Turanda, İslamdadır. Lev Qumulyovun düalizm nəzəriyyəsinə görə, Rusiyanın xilası ancaq xristian-islam duetindədir. Ona görə də Azərbaycan onlar üçün nəinki nəfəslik, açılan bir qapıdır. Azərbaycan onların bir dövlət kimi xilasıdır. Rusiya da bunu başa düşməlidir. Nə oyuncaq Ermənistan, nə də ki İran onlar üçün xilas ola bilməyəcək. Çünki molla rejiminin də özünün problemləri var. Oradan da keçəcək bütün dəhlizlərin ətrafında azəri türkləri yaşayır. Bu baxımdan Rusiya Türkiyə ilə münasibətlərinə yenidən baxmaq məcburiyyətindədir. Bunu da etdi. Seçimi də hələlik uğursuz deyil. Amma Rusiya Azərbaycanla bağlı əqrəb xislətindən qurtula bilmir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az