Ruslan Çovdarov: “Atam deyir, barəmdə çox pis yazırlar...”

Ruslan Çovdarov:  “Atam deyir, barəmdə çox pis yazırlar...”
Akif Çovdarovun oğlundan yeni açıqlamalar

Ruslan Çovdarov: "Mənsə deyirəm ki, sanki millət yavaş-yavaş ayılır, fikirlər çevrilir..."; ""Düşünürəm ki, saxlandığı kamerada gizli kameralar da var..."

Son bir neçə ayda mətbuatın barəsində ən çox yazdığı şəxs, heç şübhəsiz ki, hazırda məhkəməsi davam edən MTN generalı Akif Çovdarovdur. Elə gün olmur ki, məhkəmədə ifadə verən zərərçəkmişlər onun barəsində sensasion ittihamlar səsləndirməsin, istintaq onun əməlləri ilə bağlı yeni detalları cəmiyyətə açıqlamasın.

Amma bu məlumatlardan ən çox narazı qalan A.Çovdarovun ailə üzvləridir. Xüsusən də oğlu Ruslan Çovdarov sosial şəbəkədəki statusunda zaman-zaman öz etirazını səsləndirir. "Yeni Müsavat" bu narazılıqları səsləndirməsi, eləcə də bizim suallarımıza cavab verməsi üçün bir neçə gün sosial şəbəkə vasitəsilə müsahibə üçün israr etdi.

Bir gün məhkəmə, başqa bir gün atası ilə görüş... Söhbətimiz uzansa da, axırıncı dəfə "mən bu gün atama istədiyi kitabları almaq üçün kitab mağazasına gedəcəm, vaxtım yoxdur", cavabını verdi. Dediyi saatda AVM-lərdən birində yerləşən kitab mağazasına getdik və budur, üz cizgiləri eynən A.Çovdarova bənzəyən gənc Çovdarov kitab seçir. Detektiv kitab bölməsində... Bunun özü də bir başqa söhbətin mövzusudur.

Ruslan bəylə bulvardakı çayxanalardan birində oturub, bizi, sizi maraqlandıran bütün suallara cavab tapmağa başladıq.

- Ananızdan danışaq, mümkünsə. O nə deyir bütün bu olanlara? Evdar xanımdır və hələ mətbuat onunla tanış deyil...

- Bəli, evdar qadındır. Anam nə deyə bilər? Ailəmizin bütün üzvləri kimi o da baş verənlərə görə çox narahatdır. Olanlara inana bilmir. Nə desin? Sizdən iraq, yoldaşınızın başına belə bir iş gəlsə, nə edə bilərsiz ki? Hə, siz ictimai xanımsız, səsinizi çıxardarsız bəlkə. O, evdardır, onun da o təbiətində yoxdur ki, çıxsın, nəsə desin, etiraz etsin.

- Atanıza aid bir çox əmlakların sizin və qohumlarınızın adına keçirilməsi iddiası da var. Babanızın sizə bağışladığı mülklər və sair...

- (etiraz edir) Siz deyirsiz, mətbuat yazır. Belə bir şey yoxdur əslində. Mənim adıma şəxsən bir ev var. Hansı ki, onu dövlət atama verib, atam da onu mənə - tək oğluna hədiyyə edib. Bu da olduqca normaldır. Azərbaycanda atadan oğula hansısa mülkün keçməsi normaldır. Atamın da evi anamın adınadır. Atam heç bir qohumun adına mülk-əmlak keçirməyib, yalan söhbətdir. Bütün qohumlarımızın ev-eşikləri özlərinindir. Hərənin də öz adınadır.

- Çingiz Baxşıyev adı yəqin ki, sizə tanışdır. Nəqliyyat nazirinin keçmiş müşaviri olan bu adam atanızdan Qalada yerləşən, dəyəri 4 milyon olan torpaq sahəsi alıb. Belə bir iddia da var..

- Cəfəngiyatdır. Çingiz Baxşıyevin adını mətbuatdan oxumuşam. İndiki məqamda elədir ki, kim nə istəyir deyir, yazır. Buna görə də heç kəs qanun qarşısında cavab vermir. Siz də o yazılanlarla əlaqədar sual verirsiz və bu, yayılır. Harda oldu atamda elə bir torpaq sahəsi ki, onu da 4 milyona satdı və ailəsinin də bundan xəbəri olmadı? Çox pis məqamdır indi. Atama aid olmayan hər şeyi onun adına çıxan, onun üzünə duran insanlar peyda olub və peyda olmaqda da davam edəcək. Onlar iddia edəcək, siz yayacaqsız... Amma camaat da yazıların başlığını oxuyub, içi ilə tanış olmayacaq. Beləcə yanlış rəy yaranmaqda davam edəcək.

- İndiki məqamda bu məhkəmədən, ümumən atanızla bağlı baş verən proseslərdən gözləntiniz nədir?

"Bir şeyi bilin ki, atam oksigen balonunu, xərəyi evdən özü ilə gətirməyib ki. Adam xəstələnib, vəziyyəti pisləşib deyə bu vəziyyətdə onu məhkəməyə gətirirlər"

- Mən yenə də deyirəm ki, bu dəqiqə mənim ən böyük narahatçılığım atamın səhhətidir. Özünüz də bilirsiniz ki, bu xəstəliklərlə həbsxananı bir qırağa qoyaq, insan heç azadlıqda da yaşaya bilməz. Mədəsi olmayan, ürəyində problemləri olan adam üçün yaşamaq problem deyilmi? Bu yaxınlarda oxudum. 35 yaşında cavan bir adam gecə yatıb, səhər oyanmayıb. Ürəyindən olub problemi. Bu elə xəstəlikdir ki, buna heç kim proqnoz qoya bilməz. Bu gün görürsüz ki, Akif Çovdarovun adından istifadə edib, gündəmə gəlmək, özünü kiməsə göstərmək, gözə girmək istəyənlər var. Yaxşı bilirsiz ki, var. Ekspert kimi, hüquqşünas, millət vəkili kimi... Biri deyir ki, Akif Çovdarov MTN-də təsadüfi adam olub. Və yaxud da Hacı Məmmədovla eyniləşdirirlər. Gəlin öncə Akif Çovdarovun MTN-də təsadüfi adam olması iddiasından danışaq. Bu adam MTN-də necə təsadüfi adam ola bilər ki, general səviyyəsinə çıxarılsın? Bu, çox mötəbər rütbədir. Akif Çovdarovun rəhbərlik etdiyi 6-cı baş idarənin əsas işlərindən biri də narkotiklərlə mübarizə olub. Yadınızdadır, ya yox, son bir ilə qədər mətbuatda külli miqdarda narkotiklərin saxlanılması, məhv edilməsi ilə bağlı informasiyalar yayılırdı. Bunlar hamısı mənim atamın rəhbərlik etdiyi 6-cı baş idarənin xidmətləri olub.

Hətta Rusiyada, Türkiyədə əlaqədar qurumlarla əməkdaşlıq edərək, narkotik tutublar. Arada belə fikirləşirəm ki, hətta atamın tutulmasında, onun barəsində sifarişli yazıların yazılmasında rol oynayanlar həmin o beynəlxalq narkotika mafiyasıdır. Onlar bu gün marağındadır ki, Akif Çovdarov kimi bir adam haqqında yanlış rəy yaransın, o, içəridə daha uzun müddət qalsın. Fikir verin: son bir ildə Azərbaycanda kütləvi miqdarda narkotik vasitələrin saxlanması barədə hər hansı fakt olub? Bu haqda oxumusuz mətbuatda?

Akif Çovdarov işlədiyi dövrdə bu işləri görüb. Qarabağ müharibəsində iştirak edib, Qarabağ müharibəsi veteranıdır. Hətta müharibədən sonrakı atəşkəs dövründə də dövlətçiliyimiz üçün işlər görüb. Cənab prezidentimiz də ona "igidliyə görə" orden verib, bilirsiz. Hətta narkotiklərlə mübarizədə Rusiyada Narkotiklərlə Mübarizə İdarəsinin rəhbəri İvanov Azərbaycana gələrək, atama medal da vermişdi.

- Atanızı eyni zamanda Hacı Məmmədovla da eyniləşdirirlər. Hətta Eynulla Fətullayev bizə müsahibəsində demişdi ki, Hacı Məmmədov məhkəmədə özünü daha ləyaqətli aparıb, nəinki Akif Çovdarov.

- (hirslənir) Dediyim odur ki, Məmmədov bir qəbiristanlıq adam öldürüb, qadın oğurlayıb... Deyirlər ki, ən azından Hacı Məmmədov günahlarını məhkəmədə etiraf edib. Etməlidir də, bu qədər adam öldürüb, əli qana batıb. Həmin adam idi deyən ki, istixanada yeraltı, gizli türməsi var Akif Çovdarovun. İstintaq orqanları gedib axtarış keçirdilər. Heç bir gizli həbsxana çıxmadı, adi istixana olduğunun şahidi oldular. Hətta jurnalistlər də gedib axtardılar, sonda 3-4 yeşik pomidor götürub çıxıb getdilər. Yəni demək istəyirəm ki, bu, bir adamının uydurması, fantaziyasıdır. Sonra yazırlar ki, Akif Çovdarov məhkəməyə xərəklə gətirilir, oksigen balonu ilə gəzir. Bir şeyi bilin ki, atam oksigen balonunu, xərəyi evdən özü gətirməyib ki. Adam xəstələnib, vəziyyəti pisləşib deyə bu vəziyyətdə onu gətirirlər. Aclıq edir bu adam. Mədəsi yoxdur onun. Bunu başa düşmək çətindir? Belə müqayisə aparmaq olar? Səhhəti pisləşən adamı necə gətirməlilər məhkəməyə? Təbii ki, xərəkdə.

- Özü barəsində yazılanlardan xəbərdardır?

- Hardan xəbərdar olsun? Qəzet oxuyur bəyəm? Ona qəzet verirlər ki? Vəkilləri bəlkə deyir, bəlkə də yox, bilmirəm...

- Özünüz dünən görüşdüz onunla. Siz nə dediz bu yazılanlar barədə? Onun reaksiyası necə oldu? Bizə bu haqda danışın...

"Hətta arada belə fikirləşirəm ki, atamın tutulmasında, onun barəsində sifarişli yazıların yazılmasında rol oynayanlar həmin o beynəlxalq narkotik mafiyasıdır"

- Heç nə demir. Sadəcə, onu deyir ki, məndən çox pis yazırlar, çox. Amma mən də deyirəm ki, ay ata, əvvəl pis yazırdılar, amma indi millət elə bil ki, ayılır. Fikirlər yavaş-yavaş çevrilir. İnsanlar da anlayır ki, bir insan haqda bu qədər pis yazılırsa, demək ki, ortada başqa söhbət var. Necə ola bilər ki, bir insan bu qədər pis olsun, bu qədər pis əməl etsin? Xalqın gözü tərəzidir, xalq pisi yaxşıdan ayıra bilir.

- Sizə tapşırığı nə oldu?

"Ən azından "poqon poqona" hörmət edir. Bu, hüquq-mühafizə orqanı əməkdaşları arasında yazılmamış bir qanundur. Atama qarşı hər hansı kobudluq, hörmətsizlik olduğuna inanmıram"

- Nə tapşırığı olasıdı e? Xəstə canını zorla hərləyir adam. Mən ancaq onun səhhəti ilə bağlı narahatam.

- İçəridə ona münasibət necədir? Həbs olunduğu ilk dövrlərdə barəsində oxuduğum bir xəbər vardı ki, onu maşına mindirəndə kobud davranıblar, qolunu qandallayıblar və o, buna etiraz edərək deyib ki, "mən generalam, bunu unutmayın"...

- Vallah, o da jurnalistlərin fantaziyasıdır. Elə bir şey olmayıb. Ən azından "poqon" "poqon"a hörmət edir. Bu, hüquq mühafizə orqanı əməkdaşları arasında yazılmamış bir qanundur. Atama qarşı hər hansı kobudluq, hörmətsizlik olduğuna inanmıram. Düzdür, xəstəlikləri var bu adamın. Bunu da söhbət boyunca mən sizə detalları ilə izah etdim. Təcili Yardım çağırsa da, gətirməyiblər. Amma bu da sistemli xarakter almayıb. Ümumən isə istintaq təcridxanasının rəhbərliyindən hər hansı şikayətimiz yoxdur.

- Kiminlə qalır? Kamera yoldaşı kimdir?

- Bir nəfər var...

- Ehtimal edilir ki, kamera yoldaşı da ora təsadüfən salınmayıb və ən pis ehtimallar barədə yazılır...

"Həmin adam deyirdi ki, Akif Çovdarovun istixanada yeraltı, gizli türməsi var. İstintaq orqanları gedib axtarış keçirdilər. Heç bir gizli həbsxana çıxmadı, adi istixana olduğunun şahidi oldular. Hətta jurnalistlər də gedib axtardılar, sonda 3-4 yeşik pomidor götürüb çıxıb getdilər"

- Mən hətta fikirləşirəm ki, saxlandığı kamerada gizli kameralar da var. Əsas məqsəd də odur ki, atama qarşı hər hansı bir sui-qəsd və sair olmasın. Onu tam nəzarətdə saxladıqlarına əminəm.

- Narahatçılığınız varmı ki, ona qarşı hansısa sui-qəsd edilə bilər? (musavat)

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az