Ayətullah Şəriətmədari: “Azərbaycan hökuməti istəyəcəyik”

Ayətullah Şəriətmədari: “Azərbaycan hökuməti istəyəcəyik”

“Onlar vətən uğrunda şəhid olarkən türk idilər, indi irqlərimi dəyişdi, yoxsa?”

1979-cu ildə Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəsmi orqanı olan “Azerbaycan” jurnalının xüsusi müxbiri Qum şəhərində Azərbaycan türklərinin dini lideri Ayətullah Məhəmməd Kazım Şəriətmədari ilə görüşüb. Müxbirin verdiyi sualları cavablandıran Şəriətmədari Xomeyni ilə olan münasibətlərindən, yeni rejimin yanlışlarından bəhs edib. Həmin müsahibəni olduğu kimi təqdim edirik:

Dosye:

Seyid Məhəmməd Kazım Şəriətmədari 1905-ci ildə Təbrizdə doğulub. İki il Ayətullah Ağa Mirzə Sadıq Təbrizi və Ayətullah Ağa Mirzə Əbülhəsən Əngəcinin “Xarici fiqh” dərslərində iştirak edib. 1915-ci ildə təhsilini davam etdirmək məqsədilə Qum şəhərinə köçüb. Orada Ayətullah Əbdülkərim Hayiri Yəzdinin dərslərində iştirak edib. 1921-ci ildə İslam elminə daha dərindən yiyələnmək üçün Nəcəf hövzəsinə gedib, 7 il orada elm öyrənib. 1927-ci ildə Təbrizə qayıdıb. Şəriətmədari müəllimləri Əbdülkərim Hayiri Yəzdi və Hüseyn Burucerdi kimi dinin siyasətə qarışmasına qarşı olub. Onun bu məsələdə şaha qarşı çıxışları ilə seçilən Ruhulla Xomeyni ilə ciddi fikir ayrılığı vardı. 1961-ci ildə Hüseyn Burucerdinin vəfatından sonra Şəriətmədari şiə aləminin ən nüfuzlu din xadimi kimi qəbul olunub. O, Qum hövzəsi dini seminariyasının rəhbəri seçilib. Dini azadlıq və azərbaycanlıların hüquqları məsələsində şah rejimi ilə ciddi fikir ayrılığı olub. Şəriətmədari şahın fars millətçiliyi siyasətinə ciddi şəkildə qarşı çıxıb. 1978-ci ildə şahın xüsusi xidmət orqanları hücum edərək Şəriətmədarinin ofisini dağıdıb, onun tələbələrini qətlə yetirib. Bundan sonra Şəriətmədari şah rejiminin əleyhinə fətva verib. Şəriətmədari 1979-cu ildə şah rejiminin devrilməsindən sonra Fransadan İrana qayıdan Ruhullah Xomeyniyə mötədil siyasət yürütmək nəsihəti verib, qan tökməkdən vaz keçmək üçün bütün səyləri göstərib. O, Xomeyninin dini dövlət (vilayəti-fəqih) nəzəriyyəsini tənqid edib, dini dövlət yanaşmasının şiəlikdə heç bir elmi əsasının olmadığını bildirib. Xomeyninin fundamentalist yanaşmasından narahat olan Şəriətmədari tərəfdarları 1979-cu ildə Müsəlman Xalq Respublikası Partiyası yaradıblar. Tezliklə Şəriətmədari ilə Ruhulla Xomeyni arasında fikir ayrılığı açıq qarşıdurmaya çevrilib. Şəriətmədari İranda dini dövlət qurulmasını nəzərdə tutan konstitusiya layihəsini rədd edib. O, 1979-cu ilin dekabr ayında Şəriətmədarini ev dustağına çevirdi və Müsəlman Xalq Respublikası Partiyasını qadağan edib. Xüsusi xidmət orqanlarının nəzarətinə götürülən Ayətullah Şəriətmədari ömrünün son günlərinə qədər həbsdə saxlanılıb (“Wikipedia”dan).

***
Azərbaycan türklərinin böyük dini lideri ayətullah Seyid Kazım Şəriətmədari ilə Qum şəhərində aldığım müsahibədə “qəti farsca danışma, şah zamanı keçdi, türk olmaq suç deyil artıq. 17,5 milyon azəri türkünü doğub-böyüdən yer Təbrizdir. İslamın təməli ərəb və türkdür” dedi. Böyük dini lider olmaqla yanaşı böyük türk milliyyətçisi də olan Ayətullah Şəriətmədari bir türk jurnalisti olaraq məni Qum şəhərindəki evində qəbul edərək müxtəlif mövzularda soruşduğum sualları açıq şəkildə cavablandırdı. 76 yaşında olmasına baxmayaraq olduqca dinc və nurani bir görünüşü olan Şəriətmədari bir türk jurnalisti olduğumu, fars dilində də bildiyimi söyləyincə “qəti farsca danışma, şah dövrü keçdi, türk olmaq suç deyil artıq, övlad” qarşılığını verdi.

Seyid Kazım Şəriətmədari ilə bu söhbəti etdiyim əsnada fars köməkçisi də vardı. Jurnalist dostların söylədiklərinə görə bu şəxs Ayətullah Şəriətmədarinin daimi ziyarətçilərindən biri imiş.

Soruşduğum sualları böyük bir alicənablıqla cavablayan Şəriətmədariyə ilk sualım İranı çalxalayan anarxiya ilə bağlı idi. Müxtəlif bölgələrdə insanların öldürülmələri, edam edilmələrini də ehtiva edirdi. Bu mövzu ilə bağlı sualıma Ayətullah Şəriətmədari belə cavab verdi: “Mən bütün edamlara qarşıyam. Şəxsən bizim bu edamlardan xəbərimiz yoxdur. Hökumət bir an öncə qanuni hakimiyyəti təmin etməlidir. Biz buna çalışırıq”.

- Günbədi-Kavus şəhərində türkmənlərin muxtariyyət tələblərinə necə baxırsınız?

- Türkmənlər bizim qardaşlarımızdırlar. Onsuz da onlar öz haqlarından başqa bir şey istəmirlər ki. Diləkləri öz dillərinə, dinlərinə sahib olmaqdır. Şah dövrü keçdi, yaşadıqları torpaqlara artıq şah və qardaşları deyil, türkmənlər sahib olmalıdırlar. Türkmənlərin Xəzər dənizində sahib olduqları limana şahın istibdad dövründə “Şah limanı” adı verilmişdi. İnqilabda adı dəyişdirildi, bu dəfə də “İslam limanı” deyildi. Bu da bir istibdad qaydası deyilmi? Hansı və kimin İslamı? Bilirsiniz, bu limanda çalışan da, bu limanı qoruyan da, bu limanı qorumaq üçün can verən də bizim qardaşımız türkmənlərdirlər. Ona görə də bu limanın adı “Türkmən limanı” olmalıdır. Belə də oldu. İslamda haqq alınır, verilir deyildir. Hər kəs kimi türkmənlər də öz haqlarını alacaqlar.

- İslam konstitusiyasında türklüyə yer veriləcəkmi?

- İslam Respublikası Konstitusiyasını qələmə alanlardan biri də mənəm. Bu konstitusiyada xüsusi olaraq bir türk milləti səhifəsi açılacağını zənn etmirəm. Amma hər kəs haqqına sahib ola biləcəkdir. Hər kəs istədiyi siyasi partiyaya qeyd olub lazımi siyasi fəaliyyət göstərəcəkdir. Konstitusiyada bunu əngəlləyəcək bir hökm yer ala bilməz. Lakin İslama qarşı olmamaq şərti ilə. Onsuz da İslamın təməli ərəb və türklərdir.

- Kommunist partiyasının qurulmasına konstitusiya icazə verəcəkmi?

- Kommunistlər digər dinlər kimi İslam dinimizi də qəbul etməzlər və onu tanımazlar. İslam dinini qəbul edən kommunist görüşlü kimsələrin olacağını zənn etmirik. Beləcə kommunistlərin İslamı qəbul etməyəcəkləri aşikardır. İndi dəb olub. İslam marksisti deyirlər. Bu, necə bir şeydir? İslamiyyətmi, yoxsa kommunistlikmi? Göründüyü kimi bunda bir təzad var. Hər halda onların görüş, düşüncə və nizamnamələrinə görə ad vermək lazımdır.

- Siz Azərbaycana muxtariyyət istəməyi düşünürsünüzmü?

- Bizim indi ilk istəyimiz məmləkəti bugünkü qarışıq vəziyyətdən qurtarmaq, fövqəladə vəziyyətdən normal vəziyyətə gətirməkdir. Bundan sonra Azərbaycana muxtariyyət istəmək də bizim məqsədimizdir. Bugünkü vəziyyətdə də muxtariyyət istəməyi düşünürük. Fəqət məmləkəti bir ucundan o biri ucuna əhatə edən, ölkənin hər köşəsindən gələn müxtəlif səslər bizi maraqla gözləməyimizə vəsilə olur. Amma bizim muxtariyyət istəyimiz məsələsi belədir ki, azlıqda olan milliyyətlər səslərini çıxarmazsa, onları da bu istəyə sürükləməzsə, hər an muxtariyyət istəyə bilərik. Bu, ehtimal daxilindədir. Ərəblər, kürdlər muxtariyyət istəyərlərsə, - ki istəməyə başlayıblar – biz də gözləməyə lüzum görmədən məcburən muxtariyyət və ya Azərbaycan hökuməti istəyəcəyik.

Bu əsnada Şəriətmədarinin yanında olan müsafiri söhbətə qoşularaq “bu gənc jurnalist, yoxsa türk, fars, ərəb ayrımımı edir” deməklə mövzunu dəyişdirməyə çalışdı. Fəqət Şəriətmədari fikirlərinə davam etdi:

Niyə etməsinlər ki? Yoxsa yenəmi şah rejimi var? 17-17,5 milyonluq azərbaycanlı türkün “türküm deməsi”, haqqını istəməsi, qoruması yenəmi suç? Şah türk millətinin dilini, bu vəsilə ilə dinini, örf və adətlərini ortadan götürmək istədi və etdi. Buna etiraz edənlər həbs olundular, işgəncəyə məruz qaldılar. Yenə belə olmasını istəyənlərmi var, yoxsa? İranda yaşayan biz türklərin böyük hissəsi şahın istibdad rejimində məktəbdən, oxuyub-yazmaqdan məhrum edildik. Oxuyub-yazanlar da, təəssüf ki, fars dilində təhsil almışlar. Bu istibdad rejimində təhsil fars dilində verilmişdir. Televiziya, radio, qəzet və bütün digər nəşriyyat fars dilində idi. Türk millətinin, yəni məmləkətdə çoxluqda olan bir millətin meydana gələn hadisələri təqib etməsi bir tərəfdə qalsın, müdafiə etdiyimiz müqəddəs dinimizi belə öyrənə bilmirdik. Bəhmən ayının 29-da Təbrizin türk qəhrəmanları İran inqilabının təməlini atdılar. Onlar vətən uğrunda şəhid olarkən türk idilər, indi irqlərimi dəyişdi, yoxsa? 15 milyon farsın əsarəti altında 60 il qalmaqmı, yoxsa 17,5 milyonluq türk millətinin ədaləti altında yaşamaqmı yaxşı olar? Məsələlərimizi beləcə müzakirə etmək lazımdır.

- Ayətullah Xomeyninin görüş və düşüncələri sizcə nədir? Necə dəyərləndirirsiniz?

- Biz onlarla ayrı-ayrı fikirlərə sahibik. Fərqli düşüncələrimiz var. Bu gün bir-birimizdən ayrılmırıqsa, inqilab hərəkatı nəticələnədək birliyi pozmayıb qorumağımıza görədir. İslam Konstitusiyası elan edildikdən sonra hər kəs öz yerini tutacaqdır. Bizim yerimiz isə 17,5 milyon azəri türkünü doğub-böyüdən Təbriz olacaqdır.

- İstibdad rejiminin yıxılmasından bu günə qədər SSRİ, ABŞ və Çinlə münasibətləriniz necə olmuşdur? Bu mövzuda söyləyəcəkləriniz varmı?

- Bu böyük dövlətlərdən tək istəyimiz bizim daxili işlərimizə qarışmamaları, təxribatlar törətməmələridir. İstər mən, istərsə də digər dostlarım hər vəsilə ilə bu məsələnin üzərində həssaslıqla dayanırıq. Biz kapitalist imperializm kimi kommunist imperializmi də İslam Respublikamız üçün olduğu qədər bütün İslam dünyası üçün də ən böyük təhlükə olaraq görürük. Bunlar ən böyük müstəmləkəçi dövlətlərdir. İndi də bizim olduğu qədər qonşumuz İslam ölkələrinin yeraltı zənginliyi olan neftə göz dikiblər. Bundan bir nəticə əldə edə bilməyəcəklər. Bundan bir müddət əvvəl rus jurnalistlərə də açıq şəkildə söylədim. Onlar bizim daxili işlərimizə qarışacaqlarına özlərinə baxsınlar. 40-50 milyonluq türk-islam xalqına tətbiq etdikləri təzyiqi aradan qaldırsınlar. Onsuz da amerikalılarla münasibətlərimiz qopuqdur. Şah istibdad rejiminin hakim olmasına ən çox onlar çalışdılar. Onların müstəmləkəçiliyi də incə hesablara söykənməkdədir. Onlar dünyamızın başına yeni fəlakətlər gətirəcəklər. İslam dünyası bu məsələdə çəkişmələri bir tərəfə buraxaraq lazımi tədbirləri indidən görməlidir.

- Türkiyə türklərinə bir mesajınız olacaqmı?

- Bütün türklər qardaşdırlar. Bir-birindən fərqi yoxdur. Bizim ən böyük arzumuz qardaşlarımızın rifah içində firavan yaşamalarıdır. Bütün xarici təxribatlara türk qardaşlarımız qulaqlarını qapamalıdırlar. Düşmənin içəridən vurma oyununa gəlməməlidirlər. İslamda təfriqə yoxdur. Hər nə olur-olsun məzhəb fərqliliyi eyni qanı daşıyanları bölməməlidir, qan axıtmamalıdır. Əvvəlcə türk, sonra müsəlman olduğumuzu bilməyimiz hər cür təfriqənin kökünü qurutmalıdır. Bütün türk qardaşlarımız üçün dua edirəm.

Qaynaq:

“Azerbaycan” jurnalı, sayı 230, 1979

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az