“Rusiya daxili işlərimizə qarışmaq siyasətindən əl çəkmir” - “Moskva istəyir ki, Azərbaycanı da öz koloniyası kimi saxlasın”

“Rusiya daxili işlərimizə qarışmaq siyasətindən əl çəkmir” - “Moskva istəyir ki, Azərbaycanı da öz koloniyası kimi saxlasın”

Hazırda Qərb ölkələri ilə Rusiya arasında ciddi hərbi-siyasi qarşıdurma və böhran yaşanır. Rusiyanın Ukraynaya hərbi təcavüzü dünyanın aparıcı ölkələrinin bir araya gələrək Moskvaya qarşı real cəbhə yaratmasına səbəb olub. Nəticədə ruslar üzləşdiyi sanksiya və təcrid siyasətinə qarşı Avropaya ixrac etdiyi qazdan siyasi silah kimi istifadə edir, bu qitəni qazla şantaj edir.

Belə bir vəziyyətdə alternativ enerji mənbəyi axtarışına çıxan Avropa İttifaqı Bakının qapısını döyüb. Aparılan danışıqların nəticəsində Azəbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji bəyannamə imzalanıb. Bununla da Azərbaycan bir daha indiki reallıqlar çərçivəsində müstəqil siyasət apardığını ortaya qoyub. Amma görünən budur ki, Bakının addımları Rusiyanın xoşuna gəlmir. Bəzi ekspertlər hətta bu gedişlə münasibətlərin gərginləşəcəyini ehtimal edirlər.

Mediainfo.az mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədovun Azpolitika.info-ya müsahibəsini təqdim edir:

- Vahid müəllim, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Memorandum imzalanıb. Hazırda dünyada kəskin ziddiyyətlərin müşahidə olunduğu indiki mərhələdə bu sənədi və onun perspektivini necə qiymətləndirirsiniz?

- Dünyada düzən dəyişir. O cümlədən qənaətimcə, Rusiya-Ukrayna savaşı tədricən yekunlaşmaq üzrədir. Dünyada Rusiyanı təcrid etmək siyasəti həyata keçirilir. Avropanın qaza olan təlabatının təxminən 60 faizini Rusiya təmin edir. İndi Avropa yeni mənbələr axtarır. Ona görə də Avropa İttifaqının(Aİ) Azərbaycanın qapısını döyməsi Azərbaycanın kifayət qədər qaz ehtiyatlarının olması ilə bağlıdır. Üstəlik, buna qədər fikirlər səslənirdi ki, Türkmənistan və Qazaxıstan Azərbaycan vasitəsilə öz neftini və qazını ixrac etmək istəyir. Çünki Azərbaycan etibarlı dövlətdir və yaxşı tərəfdaşdır. Bu səbəbdən də çalışırlar ki, Azərbaycandan istifadə edərək xaricə çıxsınlar.

Avropa indi Rusiyaya sanksiyalar tətbiq edir və rus qazının nəqlində müəyyən problemlər var. Avropa son hadisələrdən sonra Rusiyadan əhəmiyyətli dərəcədə qaz almaq istəmir. Aİ Azərbaycanla uzun illərdir ki, əməkdaşlıq edir, indiyə qədər müəyyən sazişlər imzalanıb. İndi də qazın ixracı ilə bağlı belə bir sənəd imzalandı. Qeyd edim ki, Azərbaycanda kifayət qədər qaz ehtiyatı var. Bizim qaz borumuz artıq Avropaya işləyir. Əlavə qaz ixracı ilə əlaqədar anlaşma Azərbaycan üçün müsbət haldır. Bəli, Avropa Parlamentində Azərbaycana qarşı müəyyən fikirlər səsləndirilir. Belə halların qarşısını almaq üçün əməkdaşlıq da bir vasitədir.

- Rusiya Avropaya ildə 150-200 milyard kubmetr qaz satır. Bizim bu bazarı doldurmaq imkanlarımız nə dərəcədədir?

- Mən demədim ki, birdən-birə tələbatın hamısını Azərbaycan təmin edəcək. Azərbaycan tələbatın 20-30 faizini təmin edə bilsə, bunun özü böyük rəqəmdir. Eləcə də Avropaya ABŞ-dan sıxılmış qaz tədarük olunur və s. Avropa İttifaqı bu məsələni elə həll etmək istəyir ki, ümumiyyətlə Rusiyanın qaz bazarındakı hegemonluğunu aradan qaldırsın. Məqsəd bundan ibarətdir. Bizim üçün də bu, bazardır və imkanımız çatan qədər sata bilərik.

- Azərbaycanın öz maraqlarını əsas götürərək enerji sahəsində Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirməsi Rusiya tərəfindən narazılıqla qarşılana, münasibətlərdə problem yarana bilərmi?

- Rusiya bizə qarşı nə vaxt yaxşı münasibətdə olub ki? Son vaxtlarda da müəyyən təhdidlər var, gəlib-gedirlər. Qarabağ məsələsini götürək. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyannamənin hansı maddəsi yerinə yetirilib? Nə sərhədlərin delimitasiya və demarkasiyası, nə oradan erməni silahlı birləşmələrinin çıxarılması, nə də Zəngəzur dəhlizinin tikintisinə başlanması baş verib. Düzdür, bir çox hallarda bunun təqsirini İrəvanda görürük, amma onun arxasında duran Rusiyadır. Odur ki, bizə münasibət bəllidir. Rusiyada koloniya siyasəti mövcuddur. Moskva istəyir ki, Azərbaycanı da öz koloniyası kimi saxlasın. Bu da mümkün deyil. Azərbaycanın dövlət başçısı müstəqil siyasət aparır və çalışır ki, Azərbaycan öz məsələlərini müstəqil formada həll etsin. Buna da müəyyən qədər nail olub. Bu da onların xoşuna gəlmir.

Eləcə də bizim Türkiyə ilə sıx əlaqələrimiz və bağladığımız müttəfiqlik sazişləri onları daha da qıcıqlandırır. Türkiyənin bölgədə söz sahibi olması, Azərbaycanla isti münasibətlər qurması onların xoşuna gəlmir. Çalışırlar ki, təsir göstərsinlər. Lakin mümkün deyil. Artıq dünya, elə Azərbaycan da dəyişib. Türkiyə ilə ciddi siyasi, iqtisadi, hərbi, humanitar əlaqələrimiz var. Bizim təhlükəsizliyimizə Türkiyə, Türkiyənin təhlükəsizliyinə Azərbaycan təminat verir. Ona görə də çox şey dəyişib və dəyişəcək. Mən hesab edirəm ki, bütün bunlar bizim dövlətimizin xeyrinə olacaq.

- Bəs, dediyiniz dəyişən dünyada Azərbaycan-Rusiya münasibətləri necə olacaq?

- Biz münasibətləri kəsmirik. Azərbaycan-Rusiya münasibətləri daim var, Rusiya bizə qonşu dövlətdir. Siyasi, iqtisadi, humanitar əlaqələrimiz var. Azərbaycanın dövlət başçısı deyərdim ki, hər zaman Rusiya ilə yaxşı münasibətlərdə olub, eyni siyasət də davam edəcək. Amma biz işğalçılıq siyasətini qəbul etmirik. Biz suveren dövlətik. Rusiya isə işğalçılıq siyasəti aparır. Moldova, Gürcüstan və nəhayət, Ukraynada nə kimi hadisələrin baş verdiyi ortadadır. Qısası, Rusiya ilə münasibətlər davam etdiriləcək. Rusiya özü çalışmalıdır ki, Azərbaycanla daha sıx iqtisadi, siyasi əlaqələri olsun. Azərbaycan dövləti kifayət qədər güclənib və əvvəlki dövlət deyil.

- Azərbaycanın apardığı xarici siyasət Rusiyanın Qarabağ mövzusunda ədalətli mövqe tutmasına səbəb ola bilərmi?

- Hansı əsrdə Rusiyadan ədalətli bir addım görmüşük? 70 il birgə yaşamışıq, məgər müsbət addımlar hiss etmişik? Əlbəttə ki, hiss etməmişik və məncə bu, dəyişən də deyil. Bu gün Qarabağda gedən proseslərə diqqət edin. Cənab Prezident açıq-aydın bildirdi ki, imzalanan müqavilə Rusiya tərəfindən yerinə yetirilmir. Bir neçə ay əvvəl Rusiya Müdafiə Nazirliyinin yüksək çinli rəsmisi Bakıda səfərdə olarkən iyunun sonuna qədər Azərbaycan ərazisindəki Ermənistan ordusu qalıqlarının çıxarılacağına dair söz vermişdi. Amma biz bu istiqamətdə proses müşahidə etmirik. Alınmır, çünki Ruiyanın özünün maraqları var. Onlar istəyirlər ki, Azərbaycanı əldən buraxmasınlar, ondan istifadə etsinlər.

Azərbaycan faktiki olaraq neft-qaz ixracatı ilə əlqədar alternativdir. Həm də Orta Asiya Azərbaycanla yaxınlaşır, müəyyən sənədlər imzalanır. Ola bilsin ki, bütün bunları Rusiya özünə problem kimi görür. Əslində isə özləri problemlər yaradırlar. Heç kim ikitərəfli münasibətlərin pisləşməsini istəmir. Azərbaycan da istəmir. Əksinə, maraqlıdır ki, iqtisadi, siyasi, humanitar əlaqələr olsun, bundan hər iki tərəf faydalansın və sair. Amma bizim daxili işlərimizə qarışmasınlar. Çox təəssüflər olsun ki, onlar belə işlərdən əl çəkmirlər. Yəni, Rusiya daxili işlərimizə qarışmaq siyasətindən əl çəkmir. Sözsüz ki, Azərbaycanın daxilində müəyyən qüvvələr var, onlar da işləyirlər, özü də az da deyillər. Ancaq hamı başa düşməlidir ki, Azərbaycanın apardığı qapalı deyil, açıq siyasətdir. Dostla dost, düşmənlə düşmən siyasəti. Rusiya da kənar dövlət deyil. Ona görə əlaqələri elə qurmalıdır ki, münasibətlər yüksək səviyyədə olsun.

- Vahid müəllim, Avropa İttifaqı ilə bağlanan bu saziş bizə nə verəcək? Ümumiyyətlə, Avropanın siyasi mərkəzində Azərbaycana münasibətdə ədalətli mövqe sərgilənə, ələlxüsus Qarabağ məsələsinə yanaşma dəyişə bilərmi?

- Avropanın münasibətində son zamanlar dəyişikliklər müşahidə olunur. Məsələn, Ermənistanla sülhün əldə edilməsi üçün Moskvada görüşlər təşkil edildi. Sonra Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə görüşlər başladı. Rusiyadakı görüşlərdə irəliləyiş olmasa da, Avropada müəyyən nəticələrə gəlindi. Bunlar müsbətə doğru addımlardır. Biz də istəyirik ki, məsələ həll edilsin.

Avropa İttifaqı ilə əməkdaşlıq normal gedir, amma müəyyən məsələlər də var. Bəzən barəmizdə Avropa parlamenti hansısa qətnamələr çıxarır. Mən hesab edirəm ki, bunlar da tədricən düzələcək. Ümumiyyətlə, Azərbaycan bu saat ən önəmli dövlətlərdəndir və çoxlarının onunla hesablaşması lazımdır. Azərbaycan neft və qaz ixrac edən dövlətdir, bu saat dünyada buna ehtiyac çoxdur. Azərbaycan bu baxımdan ön plana çıxır. Azərbaycan dövlət başçısının apardığı siyasət düzgündür. Dövlət başçısı uzaq və yaxın bütün ölkələrlə faydalı əlaqələr qurur, onlarla Azərbaycanın maraqlarını əsas götürərək danışıqlar aparır. Məsələn, müharibə apardıq və qalib gəldik. Prezident Əliyev bildirdi ki, savaşda kim Azərbaycanın yanında olubsa, dəstək veribsə, həmin dövlətlərin şirkətləri Qarabağda işləyəcək. İndi həmin şirkətlər işləyir, yol çəkir və s. Bütün bunlar vacib məsələlərdir.

- İyulun 19-da Tehranda Rusiya, Türkiyə və İran prezidentləri arasında keçirilən görüşü necə qiymətləndirmək olar, bu görüş hansısa razılaşmanın, hətta birliyin əsasını qoya bildimi?

- Mən öncədən də Tehran sammitindən qeyri-adi qərar çıxacağını gözləmirdim. Amma bu dövlətlər maraqlıdırlar ki, münasibətləri qaydasında olsun. Orada müəyyən danışıqlar gedib. Ehtimal etmək olar ki, Qarabağ mövzusu, regionda kommunikasiyaların, ticarət yollarının açılması kimi məqamlar diqqətə alınıb. İqtisadi əlaqələr də müzakirə olunub. Əslində, belə görüşlərin keçirilməsi müsbət haldır.

İkincisi, Rusiya vəziyyətinin indiki ağır vaxtında müttəfiqlər axtarır. Ancaq biz diqqət edəndə görərik ki, bu dövlətlərin arasında ciddi ziddiyyətlər var. İran və Rusiya arasında zidiyyət var, xüsusilə Suriyada. Eləcə də Türkiyə ilə Rusiya arasında Suriyada qarşıdurmalar, problemlər var. Hətta bu sammiti 1943-cü ildə Tehranda keçirilən və ikinci cəbhənin açılmasına səbəb olan konfransla müqayisə etmək cəhdləri də var. Əslində isə bu, Astana formatında keçirilən adi görüşdür. Burada heç nə həll edilmir. Bu sammitdən qeyri-adi nəticələr gözləmək doğru deyil. Qənaətimcə, istər İran, istərsə də Türkiyə olsun, öz mövqelərini müdafiə edir, öz maraqlarını əsas götürürlər.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az