"Teatra gələndə həddən artıq sadə bir qız idim"

"Teatra gələndə həddən artıq sadə bir qız idim"
"Ailəmizdə incəsənəti hamısı xoşlayırdı, ancaq bu sənəti tək mən seçdim"

Bugünkü qonağımız Musiqili Komediya Teatrının tanınmış aktrisası Rəsmiyyə Hacıqızıdır.

Özünüzü oxuculara yaxından təqdim edərdiniz

Mən Rəsmiyyə Hacıqızı Zaqatala rayonunun Muxax kəndində anadan olmuşam. Ailəmiz 6 nəfərdən ibarət olub-anam, atam və bacılarım. Mən hələ balaca yaşlarında olarkən atamı itirdim, onda mənim 11 yaşım var idi. Anam biz 4 bacını təkbaşına böyüdüb ərsəyə gətirib. Onu deyə bilərəm ki, çox dəcəl qız olmuşam.

Necə oldu ki, aktrisalıq sənətini seçdiniz?

Uşaq vaxtı bütün günü həyətdə oynayıb oxuyurdum. Bununla bərabər dərslərimi də hazırlayırdım. Zeynəb Xanlarova televiziyada hansı mahnını oxuyurdusa, səhəri həmin mahnını başlayırdım oxumağa. Qonşu qızlara hər axşam bir proqram hazırlayırdım. Ən axırda mən oxuyurdum, çünki hamıdan seçilirdim. Qonşular da bizə həvəslə baxırdı. Tale elə gətirdi ki, orta məktəbi qurtarandan sonra Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Komediya şöbəsinə daxil oldum. Ailəmizdə incəsənəti hamısı xoşlayırdı, ancaq bu sənəti tək mən seçdim. Mərhum aktyor Yusif Vəliyev anamgilin qohumu olub.

Həyatda nəyin həsrətində olmusunuz?

Ata nəvazişini heç duymadım, duya bilmədim. Bu nəvazişi görmək mənə nəsib olmadı, onun həsrətini çəkdim. Atam həmişə deyirdi ki, onu hüquqda oxutduracağam, qismət olmadı, amansız ölüm imkan vermədi.

Uşaqlıq illərinin yadda qalan xatirələrindən danışardınız.

Mən məktəbə tez getmişəm. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak etmişəm. Boyum çox balaca idi, əlimə mikrofon alanda məni stolun üstünə çıxardırdılar ki, məni görsünlər. Nəğmə dərsində bütün şagirdlər mənimlə rəqabətə başlamışdılar. Zaqatalanın özündə, başqa kəndlərində keçirilən tədbirlərin açılışı ilə bağlı məni aparırdılar ki, tədbiri mən aparım. 5-ci sinifdə oxuyanda kəndimizdə bir bulağın açılışı oldu, orada mən də iştirak edirdim. Özümü televiziyada görəndə sevincimdən bilmirdim ki, nə edim. İdmanla da məşğul olurdum, heç ağlıma da gəlmirdi ki, aktrisa olacağam.

Deyirlər arzudan-arzuya yollar görünür

Düzü, 10-cu sinif imtahanları ərəfəsində əlimə bir qəzet keçdi, İncəsənət İnstitutunun qəbulu haqqında yazılmışdı. İmtahanlara baxdım, ürəyimcə oldu, qəzeti anama göstərdim. Anam etiraz etmədi, dedi ki, çox istəyərəm qəbul olasan. Mən sənədləri hazırlayanda bəziləri dodaq büzdülər, dedilər ki, kənddən elə bir insan yoxdur ki, ora qəbul olsun. Doğrusu pis oldum, çünki dövlətli deyildik, sadə insanlar idik. Amma qərarım qəti idi, qəbul olunmalı idim. Getdim, qəbul da oldum. İlk müəllimim mərhum aktyor Azad Dadaşov idi, sonra isə ƏliağaAğayevin oğlu oldu.

Siz Nəsibə Zeynalova ilə də işləmisiniz, eləmi?

İnstitutda oxuya-oxuya işləməyə başladım. Korifey sənətkarımız Nəsibə xanımla 2 il işlədim. 1990-cı ildə Tənqid Təbliğ Teatrında işləməyə başladım. 1996-cı ildən Musiqili Komediya Teatrında işləyirəm.

Ailəlisinizmi?

Kənan adında bir oğlum var. Həyat yoldaşım 5 ildir ki, dünyasını dəyişib. Hazırda oğlumla birlikdə yaşayıram.

İlk uğurunuz nə vaxt oldu?

1997-ci ildə Ələkbər Kazımovskinin "Kənddən gələn var " adlı 2 hissəli televiziya tamaşasına çəkildim. Teatrda da bir-birindən gözəl tamaşalarımız var. Bilirsinizmi, nə qədər tamaşa oynasaq da, aktyorun tanınmasında televiziyanın böyük rolu var.

2012-ci ildə "Qaynana" seriyalına çəkildim. Onun ardınca "Həyat sən nə qəribəsən" seriyalına çəkildim. Bu serial mənə çox uğur gətirdi. Bu serialda özümün görünməyən tərəflərimi göstərə bildim. Teatrda da rəngarəng, gözəl rollarım var. "Toya bir gün qalmış", "Bankir adaxlı" tamaşasında Afaq xanımla, "Min cavan" əsərində İlham müəllimlə bir səhnəni paylaşmaq özü bir uğurdur. Hazırda "Molla Nəsrəddinin 5 arvadı" əsərinin məşqini edirik, orada Zibeydə rolunu oynayıram.

Bildiyimə görə bir filmə də çəkilmisiniz?

Bəli, filmə çəkilmişəm, kinokomediyadır, adı "Ər quyusu" filmidir, fevral ayının 15-də qala gecəsi olacaq. Ssenari müəllifi və rejissoru Səidə Haqverdiyevadır. Bu film də çox gözəl olacaq. "Oxu Məni " qəzetinin bütün redaksiya heyətini dəvət edirəm.

Sizi kədərləndirən nədir?

Hamı bilir ki, həyatda heç nə əbədi deyil. Dəyərli sənətkarları itirmişik, gün gələcək bizlər də olmayacağıq. Məni bu gün kədərləndirən dəyərli və istedadlı aktyor və aktrisalarımız getdikcə azalmaqdadır. Bir neçə rol oynamaqla, gözlərinə göz yaşardıcı maddələr töküb ağlamaqla fikirləşirlər ki, bunlar istedadlıdırlar. Hər şey bu qədər bəsit deyil axı. Çox aktyor və aktrisalar səslərini çıxarda bilmirlər. Pulsuzluq onları irəli getməyə qoymur və əvəzində istedadsızlar, tanışları çox olanlar irəli gedə bilir, hətta "ad" belə alırlar. Nəticədə əsl aktyor təbəqəsi unudulur. Onların da yada düşməsi üçün isə ya onların ölməsi, ya da hansısa xəstəliyə düçar olması səbəb olur. Hər şeyin yeri səhv düşüb indi. Bir mahnı oxuyurlar, artıq kinoya da çəkilirlər. Baxırsan ki, sənətdən xəbəri olmadan sponsorun gücü ilə səhnəyə gəlirlər. Məlum məsələdir, sənətimizin tarixi keşməkeşli olub. İstəmirəm min bir əziyyətdən sonra sənətimizin adı bu qədər ucuzlaşsın. Hər kəs öz yerini bilsə yaxşı olar.

Bəzi müğənnilər, aktrisalar xınayaxdılara gedirlər. Bəziləri qınayır ki, müğənni-müğənni, aktrisa-aktrisa olmalıdır. Bu fikirlə razısınızmı?

Mən pis baxmıram. əgər bir müğənni, aktrisa bunu bacarırsa niyə də etməsin. Mən toya da, xınayaxdılara da gedirəm. Bəzi müğənnilər deyir ki, niyə aktrisa toya gedir. Məncə bu fikir səhvdir. Biz tamaşalarımızda eyni vaxtda həm oxuyur, həm də rəqs edirik. Elə olub ki, el şənliklərində "ofisiant" əlinə kağız götürüb xınayaxdı aparır. Bax, acınacaqlı vəziyyət budur, sözləri deyə bilmirlər, ağızlarından su tökülür. Onlara deyə bilərlər. Hamı bir parça çörəyinin arxasınca düşüb, bacarırlarsa bu çox gözəl haldır.

Paxıllıq sindromuna tuş gəlmisinizmi?

O qədər belə şeylərlə rastlaşmışam. Bəziləri üzə çıxardır, bəziləri də içərisində çəkir. Mən teatra gələndə o qədər belə şeylərlə rastlaşmışam. Çox əziyyətlər çəkmişəm. Hər tamaşanı uğurla təhvil verdikdən sonra o qədər maneələrlə rastlaşmışam, onu bir Allah bilir. Teatrda heç kimlə münasibətim pis olmayıb, inşallah bundan sonra da olmayacaq. Çalışıram teatrda heç vaxt əsəbiləşməyim. Teatrda məşqim qurtaran kimi, başqa işim varsa ora gedirəm. Mən "Həyat sən nə qəribəsən" seriyalına çəkiləndə o qədər atmacalar eşidirdim, fikir vermirdim. Demək rolumu yaxşı oynamışam ki, atmaca atırlar. Bir onu bilirəm ki, səhnə gözəlliyi, çevikliyi sevir. Şükür Allaha, bunlar məndə var. Teatra gələndə həddən artıq sadə bir qız idim, kim nə deyirdisə onun cavabını qaytarmırdım, sadəcə ürəyimdə danışırdım. İllər ötdükcə gördüm ki, səmimi olmaq heç də gözəl xarakter deyilmiş, arada səs çıxartmaq da lazımdır Həyatda o qədər imtahanlardan çıxmışam ki, artıq kiminlə necə davranmağı yaxşı bilirəm.

Aktrisalıq sizə nə öyrətdi?

Mənə çox şeylər öyrətdi. Ayaq üstə durmağı, insanları tanımağı, onları sevməyi, sözümü insana şappıltı ilə deməyi, özümü dəyərləndirməyi öyrətdi. Çünki insan özünə dəyər vermirsə, onu heç kim dəyərləndirmir. Mən çox şirinli-acılı günlər yaşamışam. Addım atdıqca dönüb arxama baxıram, əgər mən keçmiş günlərimi unutsam, bu günlərimin qədrini bilmərəm. Aktrisa olmağıma da peşman deyiləm, çox sevirəm sənətimi. Yaşamağı bacaranlar üçün həyat gözəldir. Bir də aktrisalıq mənə öyrətdi ki, qoy səni sevsinlər. o qədər insana dəyər verdim, hamısından pislik gördüm. Arxamı çevirən kimi məni şapalaqla vurdular, amma mən ayaqüstə durdum. Buna görə xoşbəxtəm, yaxşı ki, aktrisa oldum.

Eşitdiyimə görə sizə pul atıblar?

Pul söhbəti mənim yaralı yerimdir, pul versən də, verməsən də pis olursan. Məsləhətim odur ki, kiməsə borc pul verməyəsən, çünki artıq o pul sənin deyil. Bir fakt deyim. Samir adında oğlan məndən 2014-cü ilin iyun ayında "putyovka" adıyla 900 manat pul götürdü. Ancaq nə Antaliyaya "putyovka" oldu, nə də pulumu qaytardı. Hər gün, hər həftə, bu gün, sabah deyə-deyə gör neçə il keçib. Özü də televiziya kanallarının birində çalışır, doğrusu heç inanmazdım belə bir iş görər. İndi də bu ayın axırına söz verib, əgər pulumu qaytarmasa aidiyyatı orqanlara müraciət edəcəyəm. Həyatda özüm kimi düz insan görmədim, əmanətə xəyanət etmədim.

Daxilən sıxılanda heç ağlayırsınızmı?

3-4 aydan bir ürəyim dolur. Çox şeylər fikirləşirəm, tənhalığa çəkilib ürəyimlə danışaraq hönkürtü ilə ağlayıram. 1997-ci ilin dekabrın 16-sı ömrümə qara səhifə açdı. Hər şeydən əziz tutduğum anamı itirdim, özü də Bakıda. İnanın ki, dünyam yıxıldı, belim qırıldı. Mən uşaqlığımı həm gözəl, həm də atasız həyatımı acınacaqlı keçirmişəm. Anam uşaq həkimi idi, heç vaxt ac qalmamışıq, həyatda hər

şey var idi. Atasız böyüsək də, anam bizə o hissləri yaşatmayıb. Artıq ağlamaq istəmirəm. Ağlasam da, gözlərimdə yalnız sevinc yaşları olsun.

Şəlalə Nəriman

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az