Muğamla yaşanan ömür

Muğamla yaşanan ömür
Sənət inciləri

Onunla tanışlığım bir el şənliyində oldu. Düzü, o vaxtacan onunla tanışlığım olmadığından özü haqqında elə bir məlumatım da yox idi. Oxumağa başlayarkən, ən yüksək zil səsi ilə vurduğu zənguləsi digərləri kimi, məni də yeməkdən əl saxladaraq dönüb ona sakitcə baxmağa vadar etdi. Səhnə mədəniyyəti və sənəti ilə diqqətimi cəlb etdiyindən onunla yaxından maraqlandım.

Söhbət gözəl muğam ifaçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mütəllim Dəmirovdan gedir.

- İstərdik ki, sizi oxucularımız daha yaxından tanısın.

- Mən, Dəmirov Mütəllim Rəsul oğlu 1970-ci il dekabrın 28-də Binəqədi rayonunda anadan olmuşam. Ailədə 8 uşaq olmuşuq, mən evin üçüncü övladıyam. 1978-ci ildə Biləcəri qəsəbəsindəki 5 saylı orta məktəbin birinci sinfinə getmişəm, 3-cü sinfə qədər orada təhsil almışam. Ailə durumumuzla bağlı atam Mərəzədə malakanlardan ev alandan sonra oraya köçmüşük. Ona görə də ibtidai təhsilimin qalan 7 ilini isə Qobustan rayonunun Mərəzə qəsəbəsindəki Çernyavski adına orta məktəbdə davam etdirmişəm.

- Sizdən başqa ailənizdə kimsə bu sənətlə məşğul olub, yoxsa elə tək sizsiniz?

- Məndən başqa atamın da səsi olub. Atam özü A. Zeynallı adına musiqi texnikumunun xanəndəlik şöbəsini qurtarıb, Nəriman Əliyevin tələbəsi olub. Lakin ailə həyatı qurandan sonra nə isə ailə qayğıları çoxaldığından, ailənin bütün dolanışığı onun üzərinə düşdüyündən bu sənətdən uzaqlaşaraq sürücü işləməyə başlayıb. Deyilənlərə görə babamın da gözəl səsi olub. Ancaq heç atam özü də öz atasını görməyib. Babam o vaxt 1941-ci ildə Böyük vətən müharibəsinə gedib qayıtmayıb.

- Deməli bu səs sizə irsi keçmədir?

- Bəli. Babamdan atama, atamdan da mənə. Dediyim kimi ailədə 8 uşaq olmuşuq, bu səs onların heç birində yoxdur. Bu da Allahın bir qismətidir ki, bu səs payı mənə nəsib olub.

- Orta məktəbdə oxuyanda gələcəyinizlə bağlı hansısa arzularınız var idi?

- Hələ o vaxtlar atam A. Zeynallıya qəbul olmamışdan əvvəl rəhmətlik aşıq Şakir Hacıyevlə toylara qoşanağaraçalan gedirdi. Sonra atam musiqi texnikumuna xanəndəlik üzrə qəbul oldu, mən onda balaca uşaq idim. Atamın bir dəfi var idi, mən onu götürüb özümçün dıqqıldadırdım. Və o zaman arzum var idi ki, qoşanağaraçalan olum.

- Bəs özünüzdə bu istedadı, səsi nə vaxtdan hiss etdiniz?

- Düzü, həyətdə, çöldə, yamacda tək olanda özümçün zümzümə edirdim. Ətrafda məndən yaşda böyük uşaqlar səsimi eşitmişdilər və məni çağırıb dedilər ki, sənin gözəl səsin var, utanma, oxu. Sonra bu oxumağımın sədası ətrafa geniş yayıldı. Hələ orta məktəbdə oxuya-oxuya qəsəbədə olan toylarda məni də oxutdururdular.

- Musiqi təhsilinizi orta məktəbi qurtaran ili aldınız?

- Xeyir, həmin il musiqi təhsili ala bilmədim. 1988-ci ildə orta məktəbi qurtardım, hələ onda 18 yaşım tamam olmamışdı. Buna baxmayaraq sənədlərimi A. Zeynallı adına musiqi texnikumuna verdim. Nəriman Əliyev səsimi dinlədi və xoşuna gəldi. Lakin dedilər ki, sənin hələ 18 yaşın tamam olmayıb, tamam olsun, sonra gələrsən. Mən də əsgərliyimə qədər Biləcəri dəmir yolunda fəhlə işlədim. Oradan da 1989-cu ildə əsgərliyə getdim və 1991-ci ildə qayıtdım. Hələ hazır olmasam da, yenə sənədlərimi A. Zeynallıya verdim. O vaxt xanəndə Zabit Nəbizadə, Nəzakət Teymurova, Gülyanaq Məmmədova da bu texnikuma sənəd verirdilər. Mən nə isə qəbul ola bilmədim. Təzədən qayıtdım Biləcəridəki dəmir yoluna, öz əvvəlki işimə bərpa oldum. Briqada rəhbərindən icazə alıb axşamlar işdən tez çıxıb gedirdim A. Zeynallıya, muğam dərslərində oturub qulaq asırdım. Rəhmətlik Hacıbaba Hüseynovun, Nəriman Əliyevin, Ağaxan Abdullayevin sinfində oturub onları dinləyirdim. Sonra Canəli Əkbərov və Alim Qasımov da ora müəllim gəldilər. Mən gedib Alim Qasımovun dərs dediyi sinifdə oturub qulaq asırdım. Alim Qasımov da səsimin olduğunu görüb mənimlə məşq edir, muğamları öyrədirdi. 1992-ci ildə yenə də sənəd verdim. Həmin ili imtahanları test üsulu ilə etmişdilər. Bu dəfə də əsas ixtisasdan keçsəm də, digər fənlərdən bal toplaya bilmədiyimçün qəbul ola bilmədim. O illərdə Səttərxan adına zavodun ansamblı var idi, mən həm oranın, həm də bir neçə başqa ansamblların üzvi idim. O ansambllarla birlikdə çoxlu sayda konsertlərdə, tədbirlərdə çıxış edirdim. Artıq həmin ərəfələrdə, 1992-1993-cü illərdə Qarabağ müharibəsi ilə əlaqədar gəncləri cəbhəyə göndərirdilər. Mənə də çağırış gəldi ki, əsgərlikdən təzə gəlmisən, sən də döyüşə getməlisən. Cəbhəyə getmək üçün mən də Qaradağ hərbi komissarlığına getdim. Hərbi komissarlığın sədri hansısa konsertdəmi, tədbirdəmi mənim oxumağımı görmüşmüş. Mənə dedi ki, sənin gözəl səsin var, sən bu xalqa lazımsan, gedib orada həlak da ola bilərsən. Mən səni ixtisara salıram. Ümumiyyətlə, həmin sədr istedadlı uşaqları qoruyurdu, sağ olsun.

1995-ci ildə YUNESKO tərəfindən Füzulinin 500 illik yubileyi keçirilirdi. Bu 500 illiklə əlaqədar Üzeyir Hacıbəyov adına Konservatoriyada respublika üzrə gənc xanəndələr arasında müsabiqə keçirilirdi. Xanəndələrdən Arif Babayev, Baba Mahmudoğlu, Alim Qasımov. Səkinə İsmayılova, Canəli Əkbərov, Qəndab Quliyeva, vokalistlərdən Fidan Qasımova və Şahlar Quliyev münsiflər heyətində oturmuşdular. Mən də o müsabiqəyə qatıldım və 120 nəfər gənc muğam oxuyanlar arasında 1-ci yerə layiq oldum. Mənimlə həmin müsabiqədə oxuyanların çoxu indi artıq xalq artistidir. O zaman elə oradan da məni birbaşa Opera və Balet Teatrına solist götürdülər. O vaxtdan da indiyə kimi, düz 21 ildir ki, Opera və Balet Teatrının solisti olaraq çalışıram. Fürsətdən istifadə edib, buradan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru hörmətli Akif Məlikova da minnətdarlığımı bildirirəm. Ora qəbul olduqdan bir il sonra A. Zeynallı adına musiqi texnikumuna da qəbul oldum.

- O zaman Opera və Balet Teatrında hansı tamaşada ilk dəfə rol aldınız?

- İlk dəfə "Leyli və Məcnun" tamaşasında rol almışam. Alim Qasımov Məcnun, Mələkxanım Əyyubova Leyli, mən də Zeyd rolunda tamaşada oynamışam. Sonra İbn Səlamda, "Aşıq Qərib"də aşıq Səlim, "Şah İsmayıl"da Çapqınçı, xanəndə, "Gəlin qaya"da Şeyx rolunda və bir çox tamaşalarda oynamışam və hal-hazırda da davam etdirməkdəyəm.

- El şənliklərinə də gedirsiniz?

- Bəli, gedirəm.

- Bəzi müğənnilərimiz toylarda və tədbirlərdə elə məqamlar olur ki, fonoqrama oxuyurlar. Sizdə necə, belə hallar olurmu?

- Mən heç ömrümdə hələ fonoqrama oxumamışam. Tədbir və ya toylara gedəndə ən əsası tar-kamanla gedirəm.

- Televiziya ekranlarında sizi az görürük. Dəvət etmirlər, yoxsa siz özünüz laqeydlik göstərirsiniz?

- Demək olar ki, bütün telekanallarda çıxış etmişəm, özləri də səsimi bəyəniblər. Ancaq hər bir telekanal bir dəfə çağırandan sonra nədənsə yaddan çıxardır.

- Muğam oxuyanların hər birinin öz sənət yolu var. Sizin oxumağınızın hansısa ifaçının sənət yolu ilə oxşarlığın deyiblərmi?

- Sözün açığı, mən uşaqlıqdan Yavər Kələntərliyə, Seyid Şuşinskiyə çox qulaq asırdım. Əksər muğam ifaçılarına da qulaq asırdım, ancaq bu ikisini daha çox dinləyirdim. Mənim səsimi, ifamı dinləyənlərin əksəriyyəti deyir ki, sənin etdiyin "boğazlar" Yavər Kələntərlini xatırladır.

- El şənliklərində, toylarda çox olursunuz. Yadda qalan maraqlı bir xatirə varmı?

- Hardasa 7-8 il bundan qabaq Yeni illə əlaqədar "Şıxovda" restoranların birində İngilis şirkəti ilə birgə keçirilən bir tədbir var idi. Tarzən Vüsal dedi ki, üçlük istəyiblər, gedək ora. Vüsal özü, Xəyyam Məmmədov (kamança) və mən getməliydik. Onda da mənim maşınım yox idi. Vüsalgil Biləcəridə hərbi çağırış məntəqəsinin yanında qalırdılar. Yeni il ərəfəsi, tədbirə getmək üçün mən də əlimdə diplomat çanta, Biləcəridə yolka ağaclarının yanı ilə hərbi çağırış məntəqəsinə tərəf gedirəm. Artıq qaranlıq düşmüşdü. Bir nəfər oğlan tez mənə yaxınlaşıb dedi ki, ayə, harada qalmısan?! Soruşdum-nə olub? Dedi ki, televizor xarab olub, bayram günü evdə uşaqlar qalıb belə. Televizor ustasına zəng etmişəm, bayaqdan deyir yoldayam, gəlirəm. Hələ indi gəlib çatırsan. Bayaqdan səni gözləyirəm, tez elə, gedək televizoru düzəlt. Gördüm bu oğlan əlimdəki diplomat çantanı görüb, məni televizor ustası kimi başa düşüb. Dedim qardaş, düzdür, ustayam, ancaq o evdə səndən qabaq məni gözləyirlər. Vüsalgilin evin göstərib əlavə etdim ki, ora dəyim, sonra sizə gələrəm. Dedi-hə, yaxşı. Bax, belə bir hadisə başıma gəlib (gülür).

- Nə vaxtsa olubmu ki, ifanız zamanı mikrofon işləməsin, siz də çıxılmaz vəziyyətdə qalmısınız?

- Dostumuz var, jurnalist Elnur Eltürk. Onun təşkilatçılığı ilə İstanbulda konsertdəydik. Bir xanım müğənni var, özü ilə yanaşı həyat yoldaşı da bizimlə gedib. Səhnədə ikimiz də oturub solo olaraq muğam oxuyuruq. Hər birimizin də qarşısında mikrofon. Bu xanımın həyat yoldaşı gedib aparatın yanına, mənim oxuduğum mikrofonun səsini alıb, yoldaşının oxuduğu mikrofonun səsini verib. Mən də acıq elədim, mikrofonu qoydum kənara, mikrofonsuz oxudum. Tar, kamança çalan uşaqlar da gördülər mən mikrofonsuz oxuyuram, onlar da mikrofonların qoydular kənara, təbii çıxış elədik, yaxşı da alındı.

- İstanbul demişkən, xarici ölkələrdə qastrol səfərlərində çox olmusunuzmu?

- İki, üç dəfə Akademik Opera və Balet Teatrı ilə gedib İstanbulda qastrol səfərində olmuşuq. Əlavə özüm tək və bir dəfə də digər xanım müğənnilərlə ayrıca qastrol səfərlərində olmuşam.

- Hansısa bəstəkarlardan sizə təklif gəlibmi?

- O vaxtlar rəhmətlik Şəfiqə Axundovadan təklif almışdım. Mənə dedi ki, 2-3 mahnım var, sənin səsinə uyğundur. Mən o mahnıları götürüb işləməyi planlaşdırana qədər Şəfiqə xanım dünyasını dəyişdi. Şəfiqə xanımın xəstəliyinin ağır vaxtlarına düşdü, nə isə, qismət olmadı. Başqa bəstəkarlardan təklif almamışam.

- Elə insanlar var ki, uğur əldə edir, onun eyforiyasını yaşayır, lakin sonradan sənətini o cür davam etdirə bilmir. Bu, insanın öz sənətinə ciddi yanaşmamağından irəli gəlir, yoxsa uğursuz taleyindən?

-Məncə bu, insanın öz məsuliyyətsizliyindən irəli gəlir. Hər bir işdə məsuliyyət və öz sənətinə sevgi olmalıdır. Məsələn, insan uğur qazanır, şan-şöhrət əldə edir və özündə arxayınçılıq yaradır. Bu arxayınçılıq da onu məsuliyyətsizliyə aparır.

- Bizim "Oxu Məni " qəzetinə, oxucularımıza nə demək isərdiniz?

- İlk növbədə müsahibə üçün sizə və bütün redaksiya heyətinizə minnətdarlığımı bildirirəm. Qəzetinizə daim uğurlar və həmişə olduğu kimi sevimli qəzet olmasını arzulayıram. Oxuculara da bu təzə ildə xoş günlər, ruzi-bərəkət arzulayıram. İndi elə bir dövrdə yaşayırıq ki, dünyanın hər yerində qarmaqarışıqlıqdır. Şükürlər olsun ki, ölkəmizdə əmin-amanlıq, sakitçilikdir. Sağ olsun dövlətimiz, bu stabilliyi qoruyub saxlayır. İnşallah Qarabağ məsələsində də əminəm ki, haqq öz yerini tapacaq. Bir daha xalqımıza təzə ildə gözəl və firavan günlər arzulayıram.

İsa Rəvan

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az