"Yeni Ulduz"çu Sevinc Musayeva: "Şou-biznes kimi bataqlıqda hələ namusumu batırmamışam"

"Yeni Ulduz"çu Sevinc Musayeva: "Şou-biznes kimi bataqlıqda hələ namusumu batırmamışam"
"Çirkli bataqlıqda həmişə bir dənə ağ su zanbağı olur"

"Şəlalə" rubrikasının bugünkü qonağı "Yeni ulduz"dan tanıdığımız müğənni Sevinc Musayevadır.

- Özünüzün oxuculara təqdim edərdiniz.

- Sadəcə Sevinc Musayeva. Əsl bakılıyam, atam da, anam da bakılıdır. Atam Bakının Binəqədi, anam isə Qala kəndindəndir. Özüm 182 saylı orta məktəbi bitirib Bakı Mədəni Maarif texnikumunda musiqi və xor üzrə təhsil almışam. Amma hazırda o diplomum üzrə çalışmıram.

- Bugünkü şou-biznesin gənc nümayəndələri bəzi sənətkarların iradını qəbul etmirlər, səbəb nədir? Bir çoxları paxıllıq kimi dəyərləndirirlər.

- Azərbaycanda sənətkar olmaq çox asandır. Əsl sənətkarlar çoxdan dünyalarını dəyişiblər. Özlərini sənətkar adlandıranlar isə nümunəvi olmağa çalışırlar, amma ola bilmirlər. Siz hansı sənətkarlardan danışırsınız?! Hansı yolla gəlib sənətkar olub, ona baxıb nə nümunə götürüm. Ekranda hamı özünü mələk kimi qələmə verir. Sənətkar adı ağır və məsuliyyətli bir addır. Çox əfsus ki, Azərbaycanda bu adı daşıyanlar çoxdur, amma məsuliyyətini his edənlər demək olar ki yoxdur, yəni azdır.

- Bu yaxınlarda sosial şəbəkədə bir statusunuz rast gəldim. Yazmışdınız ki, bu sənətdə qabağa getmək üçün insana mütləq day-day lazımdır.

- Bəli, yazmışdım. O statusum çoxlarına "vitamin iynəsi" oldu. Sözlərimin üstündə dururam, kimin nə sözü var üzümə desin, alsın cavabını. Üzüm ağ, alnım açıq, keçmişim də təmizdir.

- Deyirsiniz ki, sosial şəbəkədə yazdıqlarım çoxlarına bir "vitamin iynəsi" oldu. Səbəb nədir?

- Bəli, arxamca danışanlara bir ismarış idi. Yəni həddinizi bilin və məni özünüzlə bir tərəziyə qoymayın. əgər savadları varsa dediklərimdən bir nəticə çıxaracaqlar. Amma inanmıram nəticə çıxarsınlar, çünki nəticə çıxar maq üçün gərək ləçəklərini qarşılarına qoyub fikirləşsinlər. Əgər ləçəklərini hələ də qoruyub saxlayıblarsa.

- Əvvəlki populyarlığınız qalıbmı? Əvvəllər tez-tez efirlərdə olurdunuz, indi görsənmirsiniz.

- Hansı efirdən danışırsınız! Maraqsız, qalmaqal, ağlaşma, vuruşma, söz atma efirindən? Mənə normal efir göstərin, zəhmət olmasa. Hamı çıxıb ya özünü tərifləyir, ya da aparıcı tərəfindən özünü təriflətdirir. Hamı yalandan tamaşaçı sevgisini qazanmaq üçün bir problem danışıb ağlayır, ya da şou qurub gündəm qazanır. Budurmu sizin gündəm?! Əgər budursa bəli, mən bu gündəmdən uzağam. Çünki özünə hörmət edən adam efirdə ayın tarixindən başqa, gedən bütün görüntülərə inanmaz.

- Bəzi müğənnilərin gündəmə gəlmək üçün göz yaşlarına necə baxırsınız?

- Çox pis baxıram. Efirə çıxan hər kəs, yəni peşəsindən asılı olmayaraq o adam tamaşaçıya bir nümunədir. Hamı çətin gün görüb, hamının əziyyətli illəri olub, hamı nəyəsə nail olmaq üçün çətinlik çəkib. Bunu şouya çevirib sevgi qazanmaq lazım deyil.

- Şou-biznesdən elə bil bir az uzaq düşmüsünüz, səbəb nədir?

- Şou-biznesdən, yoxsa çirkli bataqlıqdan?! Mən şou-biznesi çirkli bataqlıq kimi görürəm. Kim istəyirsə bu bataqlıqda batsın, şəxsən mənə lazım deyil. Amma uzaq da deyiləm. Çirkli bataqlıqda həmişə bir dənə ağ su zanbağı olur, qurbağalar həmişə o ağ su zanbağını yanında o tərəfə, bu tərəfə hoppanırlar, amma onu özləri kimi çirkləndirə bilmirlər. Çünki günəş çıxanda ağ su zanbağı açılır, parlayır, qurbağalar isə günəşin şüalarına dözə bilməyib bataqlığa girir və günəşin batmasını gözləyirlər. Günəş batandan sonra qurbağalar üzə çıxır, ancaq ağ su zanbağı yumulur. Və yenə də qurbağalara nəsib olmur o zanbağa zərər toxundurmaq. Çünki bu təbiət hadisələri ilə Allah ağ zanbağı qoruyur. Allahın bir bildiyi var, niyə məhz o zanbağı bataqlıqda yaratdı? Demək hər şeyə yaxşı tərəfdən yanaşmaq lazımdır. Zamanı gəlincə mən də, siz də bunun səbəbini biləcəyik.

- Bir çox həmkarlarınız tez-tez təqdimatlarda bir yerdə olurlar. Amma Sevinc xanım çoxlarından uzaqdır, bəyənmirsiniz onları?

- Bəyənmək söhbəti deyil, sadəcə bəzilərinin nə tərbiyələri, nə atdıqları addımları, nə düşüncələri, nə dünya görüşləri, nə də ki, etdikləri müzakirələr mənimlə uyğun deyil. Mən daha maraqlı, daha ağıllı insanlarla həmsöhbət olmaq istəyirəm. Maraqsız insanlar mənə hər zaman maraqsız olacaq.

- Səhnə üçün açıq-saçıq geyinməyə münasibətiniz necədir?

- Səhnə açıq-saçıq geyimi də, qapalı geyimi də sevir. Baxır harada və necə. Əsas odur ki, o geyim sənə yaraşsın. Əgər boyun, çəkin buna imkan verirsə və əsas sənə yaraşırsa , geyinmək olar.

- Simanızdan ciddi xanımsınız. Ciddi insanın səhnədə məcburən gülməsi, əylənib-əyləndirməsi çətin deyilmi sizə?

- Gülümsəmək və şükür etmək mənim həyat tərzimdir. Ən çətin ağır günlərimdə belə gülümsəyirəm. ciddilik və sadəlik bir arda olarkən daha gözəl görünür.

- Arzunun zirvəsi deyilən bir pillədə dayanmısınız, yoxsa yox?

- Mənim üçün arzu pilləsi yoxdur, çünki o pilləni fəth edib zirvədə dayanmaq heç kimə qismət olmayıb. Mən real yaşayan qızam. Xəyal qurmaq və ya hansısa yollarla yalançı zirvələri fəth edib görüntü yaratmaq mənlik deyil.

- Həyatdan insana və insandan həyata nə qalır?

- Əgər söhbət fani dünyadan gedirsə, burada qonağıq. Hər iki həyatın ev yiyəsi Allahdır. Fani həyatda aşımıza nə tökürüksə, gerçək həyatda da qaşığımıza o çıxacaq. Şəxsən mənə heç nəyin qalması lazım deyil. Kim özü ilə maşınını, evini, qızıllarını, yaraşıqlı sevgilisini aparıb. Apardığımız yalnız savab və günahlarımız olacaq. Odur ki, kim nə edir, özünə edir. Gözəlliklər yaradacaqsansa, gözəlliklər də görəcəksən.

- İnsan həyatda nə etməlidir?

- Məşhur bir alimin aforizması yadıma düşdü. İnsan hər gün bir parça zövqlü musiqi dinləməli, gözəl bir rəsm görməli, yaxşı bir kitab oxumalı və mümkünsə bir neçə məntiqli cümlə söyləməlidir.

- Çatışmayan cəhətiniz nədir?

- Bunu mən deyə bilmərəm, kənardan daha yaxşı görünür. Bu sualı sizin oxucuların öhdəsinə buraxaq.

- Sevinc xanım, subay qızsınız, bilirsiniz ki, müğənni xanımların ailə həyatı çox vaxt uğursuz alınır. Bu cür hallar sizi qorxuzmur?

- Mən çox güclü qızam. Əgər bu şou-biznes kimi bataqlıqda hələ də adımı, namusumu batırmamışamsa, deməli məni heç nə qorxutmur.

- Sizin gələcək ömür-gün yoldaşınız nəyə diqqət etməlidir?

- Hələ bu haqda düşünməmişəm (gülür). Yaxşı yadıma saldınız, gərək düşünəm.

- Bu sənətdə sizə kim dəstək olub?

- Əsas Allahım dəstək olub. İlk mənəvi dəstək ailəmdən, digər mənəvi dəstək isə bəstəkarlardan gəlib. Maddi dəstəyim yenə də özüm olmuşam. Qazanmışamsa nəsə etmişəm, qazanmamışamsa çəkilmişəm kənarda dayanmışam. Heç kimə ziyan vurmadan addım-addım pillələrlə qalxmaq hər qızın işi deyil. Bunun üçün gərək genetik gücün olsun. Məncə Allah bu genetik gücü hər kəsə qismət etmir.

- Kapriziniz varmı?

-Özüm-özümə qoyduğum qadağalar var və bunu heç kimə görə yox, özümə görə edirəm. çünki özümə hörmətlə yanaşıram. İnsan özünə hörmət etməsə, sevməsə, ona heç kim hörmət edib sevə bilməz. Mənim kaprizimi saysaq, mən çox şıltaq qızam. Bu da məndə ölənə kimi qalacaq.

- Səhvləriniz, peşmançılığınız olubmu?

- Mənə bir səhvsiz insan göstərin. İnsan səhv edə-edə müdrikləşir. O ki, qaldı peşmançılığa, bax bu, səhvdən yaranmır, etdiyin günahlardan yaranır. Səhvlə-günahın arasında yerlə-göy qədər fərq var. İnanmayacaqsınız, özümü tanıyandan bu günə qədər heç vaxt peşman olmamışam, səmimi sözümdür. Həyatıma elə addımım olmayıb ki, o addımıma, o hərəkətimə görə peşman olum. Əksinə, həmişə zaman ötdükcə geri baxanda demişəm ki, Sevinc, nə yaxşı ki, sən məhz belə doğuldun.

P. S: Sevinc Musayevanın bir çox açıqlamaları gündəmi alt-üst edəcəksə, bunu gələn həftələrdə biləcəyik. Hansı müğənnilər Sevinc Musayevadan "vitamin iynəsin" qəbul edəcək, etməyəcək, bunu zaman göstərəcək.

Hazırladı: Şəlalə Nəriman

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az