Qürbətdən gələn səslər

Qürbətdən gələn səslər

Sitarə Zəngəzurlu

"Hər vaxt yaşadığım anı şərəflə yaşamağa çalışıram ki, illər sonra geri dönüb baxdığımda utanmayım"

Bu gün sizin qarşınıza maraqlı bir xanım müsahibimlə gəldim. Oxucularımız düşünəcəklər ki, niyə bəs bu xanımı seçdim. Mən hər zaman istər iş həyatında, istərsə də şəxsi həyatında öz möhürünü vuran insanları sevirəm. Müasir jurnalistikada öz sözünü deyəcək və deyən həmkarlarım çoxdur. Onlardan biri də "Dünya" televiziya kanalında hər həftənin şənbə günü saat 18:30-da yayımlanan "Salam Azərbaycan" verilişinin aparıcısı və Rusiya, Belarusiya üzrə rəhbər nümayəndəsi Səadət Arifqızıdır. Mən Səadət Arif qızı ilə illər əvvəl online radioların birində çiyin-çiyinə işlədik. Onun iş prinsipləri, dünya görüşü və ötkəm danışıq tərzi məndə özünə qarşı maraq yaratdı. Səadət haqqında çox gözəl fikirlərim olsa da gəlin özü ilə söhbət edək:

- Səadət xanım, salam.

- Salam. Həm qəzetinizin rəhbərliyini, həm də işçi heyətini uzaq Rusiya Federasiyasından salamlayıram!

- Səadət xanım, vətəndən uzaqda olanlar sizin və mənim keçirdiyim hissləri gözəl bilir. Lakin bu hissi bilməyənlər üçün bu hiss bir neçə cümlə ilə necə bildirərdiniz?

- Siz duz buyurdunuz. Hal-hazırda mən vətənimizdən minlərlə kilometrlərlə uzaqlıqdayam. Rusiya Federasiyasındayam. İşimlə əlaqədar olaraq qardaşım Məhəmməd Arif oğlu ilə birgə burda işləyirəm.

- Özünüzü qürbətdə bir qərib kimi hiss edirsiniz?

- Bu haqda çox danışmaq istəməzdim. Lakin həqiqətən də qəriblik çox yaman imiş! Bir insan ki, vətənindən, valideynlərindən əzizlərindən və dostlarından uzaqda olduğunda... Eh, bir az çətindir.

- Burdakı həmvətənlərimizlə sıx əlaqədə olan televiziya jurnalisti olaraq sizə olan münasibətlər necədir?

- Bu sual tam ürəyimcə oldu. İnanın səmimiyyətimə, burdakı həmvətənlərimiz mənə bəzən elə doğma olurlar ki, elə vaxt olur ki, özümü Bakıdakı kimi hiss edirəm. Həqiqətən də Rusiya Federasiyasının sərhədləri daxilində yaşayasan və vətəndaşlığı olan azərbaycanlılarımızla qürur duyuram.

- Səadət və televiziya...

- Sizinlə illərlə dostuq. Hər halda birgə iş birliyimiz vaxtı siz də bilirsiniz ki, mənim uşaqlıq arzum olub. Tanrım sanki məni sırf televiziya jurnalisti olmaq üçün yaradıb! Bu sahədə çalışdığım üçün çox xoşbəxtəm!

- Az əvvəl qeyd etdiniz ki, qardaşınızla bərabər işləyirsiniz. Bəs necə oldu ki, siz qardaşınızla işləməyə başladınız?

- Ümumiyyətlə, mən bu layihənin, "Salam Azərbaycan" televiziya verilişinin rəhbəri Mehman Rüstəmova dərin minnətdarlığımı bildirirəm ki, məni və qardaşım Məhəmməd Arifoğlunu layihəyə dəvət etdi. Hal-hazırda qardaşım layihənin rejissor-operator vəzifəsindədir.

- Səadət xanım, sizin xasiyyətinizin necə gözəl olduğunu bilirəm. Gəlin kiçicik eksperiment edək. Siz düşünün ki, tamamilə başqa bir insansınız və Səadət Arif qızı ilə işləmək nə qədər asandır, nə qədər də çətindir?

- Bu sual çox çətin oldu. Bir az düşündükdən sonra cavab vermək istəyirəm.

- Niyə?

- Mən durub özümü tərifləsəm, oxucularımıza qarşı haqsızlıq edəcəyəm. Onlar düşünəcəklər ki, Səadət Arif qızı necə də yekəxana imiş! Əks təqdirdə desəm ki, mən çətin insanam, onda da başqa cür alınacaq. Yaxşı olardı ki, susam.

- Səadət xanım, onda mən sualımı başqa cür verim. Siz başqa bir insan olsaydınız, Səadət Arif qızı ilə birgə çiyin-çiyinə işləyərdiniz?

- Bu suala yalnız bir kəlimə ilə "bəli" cavabını verəcəyəm. çünki mən hər zaman işimdə çox dəqiq insanam. Ümumiyyətlə, bir işgüzar xanım olaraq dəqiqlik mənim həm həyat tərzimin, həm də iş dünyamın devizidir.

- Rusiya Federasiyasında "Dünya" TV-də işıqlandırılan televiziya layihəsinin tanınmasında mühüm rola maliksiniz. Bunu bir tamaşaçınız kimi mən də bəyənərək söyləyirəm. Bəs bu layihədə ən qeyri-adi müsahibiniz oldumu?

- Bəli, oldu. Mərhum aktyorumuz Hacıbaba Bağırovun oğlu ilə tanış oldum. İnanın ki, onu görərkən şoka düşdüm və bir anlıq öz-özümə bu ola bilməz, dedim. İnanın ki, A. Bağırov atasına necə oxşayırdı!

- Səadət xanım, bildiyimiz kimi hər bir müsəlman kimi məhərrəmlik ayının ilk günlərini yaşayırıq. Lakin sizin milli dəyərlərə necə qiymət verdiyinizi sizin dostlarınız və həmkarlarınız kimi biz bilirik. Toy şənliklərində iştirakınızı internetdə izlədim. Çox bəyəndim. Bəs uzaq Rusiya Federasiyasında keçirilən milli toylarımızla vətənimizdə qeyd olunan toylarımızın arasında hansı fərqlər var?

- Gözəl fikirlərinizə görə sizə və sizin timsalınızda olan izləyicilərimə dərin minnətdarlığımı bildirirəm. Mən burdakı toylarla vətənimizdəki toylar arasında heç bir fərqi görmədim. Ümumiyyətlə, burdakı həmvətənlərimizə dərin minnətdarlığımı bildirirəm ki, Rusiya Federasiyasında illərlə yaşasalar da, milli dəyərlərimizi unutmamışlar. Toylara bəzən aparıcı qismində dəvət olunuram. Mən də öz üzərimə düşən məsuliyyəti başa düşürəm və əlimdən gələni etməyi özümə borc bilirəm.

- Azərbaycan teleməkanında ilk ilk aparıcısınız ki, dünyada ilk kosmonavt Yuri Qaqarinin doğulduğu, boya-başa çatdığı Rusiyanın Qaqarin şəhərində, onun yaşadığı evdə, həyətdə çəkiliş edibsiniz. Bu haqda zəhmət olmasa.

- "Salam Azərbaycan" komandası olaraq həmyerlilərimizin köməkliyilə Qaqarin şəhərinə yolandıq. Ən əsası mənimçün də qürurverici idi ki, dünyaca məşhur, tarixdə ilkə imza atan dünyanın ilk kosmanavtı haqqında veriliş çəkirdim. Onun yaşadığı evdə olduq və orada həyətdə Yuri Qaqarinin anası Anna xanımın da heykəli abidə şəkilində yaradılıb. Qaqarin şəhərinə kimin yolu düşsə orada Y. A. Qaqarinin ev muzeyinə də baş çəksinlər. Muzeydə Qaqarinin qiymətli əşyaları, hətta maşını da yer alıb. Bir maraqlı məqamı da qeyd edim ki, həmin muzeydən Qaqarinin maşınını mənfur düşmənlərimiz oğurlayıblar. Amma daha sonra müəyyən aidiyyatı qurumların köməyi nəticəsində geri qaytarıblar. Bir sözlə, Rusiyanın Qaqarin şəhərində çox maraqlı, yaddaqalan çəkilişimiz oldu. Həmyerlilərimiz Rövşən müəllim, İsa müəllim, Mehdi dayı, Turan müəllim və başqaları orada çəkiliş üçün çox yaxşı şərait yaratdılar. Hamısına təşəkkürümü bildirirəm. Hətta verilişimiz efirdə yayımlanandan sonra saytlardan, informasiya portallarından çoxlu zənglər gəldi.

- Səadət xanım, bir az da şəxsi həyatınızdan söhbət açmaq istəyirəm. Hazırsınız?

- Şəxsi həyatım haqqında çox danışmaq istəmirəm. Çünki hələ ki, bir yenilik yoxdur. Mənim şəxsi həyatım atam Arif bəydən, anamdan, bacılarımdan və qardaşımdan ibarətdir.

- Evlilik haqqında düşünmürsünüz?

- Xeyir! O haqda heç vaxtım da yoxdur. (gülümsəyir) . Əgər hər hansı yenilik olarsa ilk xəbər verəcəyim jurnalist təbii ki, siz olacaqsınız! Hələ ki, "subaylıq sultanlıqdır" fikri ilə yaşayıram.

- Nədən belə düşünürsünüz?

- İş karyerama aşiqəm! Hələ ki, karyerama başım qarışıqdır.

- Səadət xanım, qədərə, qismətə inanırsınız?

- Təbii ki, inanıram. Mən dini dəyərlərə qiymət verən xanımam. İslam dininin buyurduqlarına çalışdığım qədər itaət etmək istəyirəm. Bu fani dünyada tək inanc yerim Allahım və onun göndərdiyi Quranı-Kərimdir.

- Səadət xanım, heç nostalji hisslərə qapıldığınız oldumu?

- Bəli, oldu. Sizinlə online radioda çalışdığım dövrdə bərabər veriliş hazırladığımız anlar, mübahisələrimiz. Həmkarımız Aydın Ulusoyun çılğın hərəkətləri və sairə yadıma düşdükcə özüm-özümə gülümsəyirəm. Hələ indiki kimi yadımdadır, sizin Aydınla bərabər aparıcısı olduğunuz "Sandıqça" verilisində Xocalı soyqırımının ildönümü vaxtı hamımızın hönkürtü ilə ağlamağını, Almaniyadakı həmvətənlərimizin radioya canlı bağlanaraq mitinqi anlatmanız mənim qürur hissi keçirməyimə səbəb olmuşdur.

- Keçmiş hər bir insanın pasportudur, bəs Səadət xanım üçün də bu belədir?

- Bəli, mən keçmişim ilə qürur duyuram! Ona görə ki, gözəl valideynlərim, bacılarım, qardaşım, dostlarım, həmkarlarım var! Hər vaxt yaşadığım anı şərəflə yaşamağa çalışıram ki, illər sonra geri dönüb baxanda utanmayım.

- Sizin ilə söhbət çox maraqlıdır. Lakin hər bir işin sonu olduğu kimi biz də müsahibəmizin sonuna gəldik. Qərib ölkədən bizlərə nə arzu edərdiniz?

- Həqiqətən də mənə də xoş oldu. Vaxtın necə gəlib keçdiyini heç bilmədim. Bu gün mənə vaxtınızı ayırıb söhbət etdiyiniz üçün ilk öncə sizə və qəzetinizin rəhbərliyinə, həmkarlarıma dərin minnətdarlığımı bildirirəm. Hər vaxt Azərbaycan adlı gözəl vətənimin üç rəngli bayrağının ucalardan dalğalanmasını arzu edirəm! Həmvətənlərimizə xoş günlər və qələbə xəbəri arzu edirəm!

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az