Hələ bilmirəm taleyim məni hara aparır

Hələ bilmirəm taleyim məni hara aparır

Mediainfo.az-ın müsahibi rəssam, model və aktyor Rəfael Abdullayevdir

- Rəfail bəy, özünüzü oxuculara yaxından təqdim edərdiniz.

- Rəfael Abdullayev Vahid Oğlu. 1985-ci ildə Şəki rayon Baş Zeyzid kəndində anadan olmuşam. 2000-ci ildən Bakıda yaşayıram.

- Siz həm model, həm rəssamsınız, həm də aktyorsunuz. Bunların hansı sizə daha doğmadır?

- Bizim həm sağ, həm də sol əlimiz var, ikisi də bizimdir. Zamanla sağ əllə, zamanla sol əllə işlər görürük. Necə ayırmaq olar ki, hansı əlim mənə əzizdir? Rəssamlıq, modellik, aktyorluq da mənim üçün çəkdiyim misal kimidir, onları ayırmaq-onlar üçün çəkdiyim zəhməti boşa atmaq olar.

- Bu üç sənətdən ən çox hansında uğur əldə etmisiniz?

- Bu sənətlərlə məşğul olmaq məncə elə uğurdur. Çünki ucqar dağ kəndindən gəlib heç bir təhsilsiz, sırf istedad, əzm və məqsədlə bu məqama gəlməyi yetərincə uğur saymaq olar.

- Rəfael bəy, aktyor kimi də müəyyən filim, serial və reklamlarda görünürsünüz. Bəs aktyorluğa necə gəldiniz? Və tamaşaçılar sizi yenə efirdə görə biləcəklərmi?

- Düzdür, mənim öz aktyorluq qabiliyyətimə sübhəm yoxdur, ən azından 8 ildir irili-xırrdalı obrazlarla və bir aktyorun düşə biləcəyi bütün situasiyalara düşmüşəm. Eyni zamanda kamera önündən əlavə, kamera arxası təcrübəm də var. Bu da kifayət edir ki, mən hər hansı layihələrə dəvət alım. Əlavə olaraq vizual görüntü də mənə köməklik edir ki, bu da danılmazdır. Bütün hallarda mən həmişə universitet bitirmiş, bu işin təhsilini almış və bu peşəyə ömrünü həsr edən insanlar var ki, onların əməyini, onların istedadını heç vaxt itirmək, onları görməməkdən gəlmək istəmirəm. Və mənim özümü aktyor kimi təqdim etməm düşünürəm ki, onlara hörmətsizlik etmiş olaram. Çünki mən hər zaman o insanlara xüsusi rəğbətlə yanaşıram.

- Bəlkə elə aktyorluq qabiliyyətinizə görə də sizi müxtəlif reklam çəkilişlərinə dəvət edirlər. İstərdim bu haqda bir qədər söhbət edəsiniz.

- Yəqin ki, 90-cı illərin Terminatoru, Brüs Lisi və sair Hollivud aktyorları bir çox gənclərimizin qəhrəmanı olub, həmçinin mənim də o vaxtlardan marağım yaranmışdı. Amma tale elə gətirdi ki, mən məhz sevdiyim peşə üzrə universitet və ya hər hansı məktəb oxuya bilmədim. Ancaq içimdə öz qəhrəmanımı oynamaq, yaratmaq ölməmişdi. Bir imkan oldu ki, mən modellik yarışmalarının birinə qatıldım. Bu tanınmaq və məqsədimə çatmaq üçün bir yol ola bilərdi və mən o yolu izlədim. Bir gün "kastinqlərdən" birinə şəkil göndərdim, seçildim və ilk dəfə bir serialda baş rol aldım. Ondan sonra müəyyən fasilələrlə reklam, serial, filim, klip və digər video çarxlara dəvət aldım. Bu isə həm model, həm də aktyor kimi mənim xəyallarımın gerçəkləşməsi idi. Sözsüz ki, Allahın izniylə yenə tamaşaçılar məni ekranda görəcəklər. Çünki mənim vizual görünüşüm də, istedadım və təcrübəm buna imkan verir ki, mən yenidən ekranlarda görünüm.

- Rəfail bəyin öz rəssam dünyasında ruhuna yaxın olan hansı rəngdir?

- Bilirsiniz, bəzi şeylər var ki, onlar müqayisə edilməz. Bəlkə də hansısa bir uşaqdan soruşsanız qırmızı, mavi, yaşıl, al-əlvan rənglər deyər, amma müəyyən yaş yaşadıqca həyatın hər rəngini gördüyümüz üçün bəzən soyuq, tünd rənglərə belə doğmalıq duyuruq. Amma mən yenə də o uşaqların rəngini arzulayıram hər kəsə.

- Deyirlər sarı rəng nifrət rəmzidir. Ancaq psixoloqlar sarı rəngin ruha və beyinə daha gözəl duyğular bəxş etdiyini deyirlər. Siz necə düşünürsünüz?

- Rənglər insanın psixologiyasına görə xarakterini dəyişir. Ola bilər gənc bir insanın sarı və ya başqa rənglərə baxışıyla, ahıl, ağsaqqal və ya ağbirçəyin baxışı fərqli olsun və onlara fərqli təəssürat bağışlasın. Amma nəticə olaraq deyirsən rəng yox, baxış bucağı olur. Mənim üçünsə sarı, əlimin altında rəngdir, başımın üstündə isə günəş.

- Siz həm də "Space" telekanalında yayımlanan "Anaya" serialında həm rəssam, həm də geyim üzrə rəssa kimi fəaliyyət göstərirsiniz. Aktyorların geyim seçimində yəqin ki, model olmağınız xüsusi rol oynayır, deyilmi?

- Modelliyimin hazırlanan geyimlər üzərində böyük rolu oldu. Təbii ki, geyimlərin tərzi və obraza görə hazırlanmasında. Amma bu işdə Hind motivləri və Hind geyimi mədəniyyəti olduğuna görə rəssamlıq daha üstün gəldi. Eyni zamanda da geniş araşdırma və mütaliə edib, sonra hazırladıq geyimləri.

- Demək, "Anaya" serialında həm rəssam, həm də geyim üzrə mükəmməl çalışdınız. Bəs bu serialda aktyor kimi çəkilmək istəmədiniz, yoxsa rol ala bimədiniz?

- Bəli, "Anaya" serialında quruluşçu rəssam və eyni zamanda geyim üzrə rəssam kimi işləyirəm. İlk növbədə işlədiyim serialın bütün heyətini salamlayıram. "Anaya" serialı mənim üçün böyük bir təcrübə oldu, həm rəssam kimi, həm də geyim üzrə rəssam kimi. Çox məsuliyyətli, ciddi və ağır işdir. Və bu işin öhdəsindən gəlmək üçün ilk baslarda Hind mədəniyyətini, Hind geyimlərini araşdırdım və serialımızda tətbiq etməyə çalışdım. Aktyor kimi isə "Anaya" serialında hər hansı bir rol almamışam, çünki mənim işim yetərincə məsuliyyətli və ağır idi. Bir də hər hansı obrazın məsuliyyətini daşımaq, gördüyüm digər işlərə mənfi təsir edə bilərdi. Onun üçün də serialımızın rejissorunun dəfələrlə müxtəlif obrazları təklif etməsinə baxmayaraq, mən quruluşçu rəssam, geyim üzrə rəssam kimi yetərincə işim olduğunu bildirdim. Və əgər bu serialda hər hansı obrazı oynamalı olsam, o biri işləri axsatmış olaram ki, bu da bütün layihəyə təsirsiz keçməzdi.

- İnsanın fitrətində həmişə üstün olmaq, ən yaxşıya layiq olmaq istəyi vardır. Siz nəyə nail olmaq istərdiniz?

- Mən də hər kəs kimi həmişə ən yaxşı olmaq istəmişəm, amma bunun üçün xüsusi səy göstərməmişəm. Çünki səylə yaxşı olsam bir gün içimdəki mən - məni ələ verər, amma mən doğurdan da yaxşıyamsa və ən yaxşıya layiqəmsə, gec-tez öz yerimi tutacağıma əminəm.

- Həyat yaşanan deyil, yadda qalan günlərdən ibarətdir. Bəs yaddaşınızdan silmək istədiyiniz günlər varmı?

- Etiraf edim ki, mən hər günümü yadda qalan etmək üçün əlimdən gələni edən insanam, amma keçmişdə nə olursa olsun, onu silmək istəmərəm. Çünki o günlər məni insan kimi formalaşdırır, gücləndirir, xarakterimi yaradır, qarşındakı insanlarla münasibətdə mövqeyimi teyin edir.

- Özünüz özünüzdən nəyi tələb edirsiniz?

- Özüm özümdən tələbim tənbəl olmamaq və çox asanlıqla insanlara inanmamaqdır ki, bunu da bacardığım sayılmaz.

- Həyatınıza nəzər saldıqda acı günlərinizin sayı çoxdur, yoxsa xoş günlərinizin?

- Hər kəsin həyatında acı və xoş günləri olur. Bəlkə də tərəziyə qoyulsa bəli, acı günlərim daha çox ola bilər. Amma bütün hallarda bir insanın xoşbəxt ola biləcəyi hər şeyə sahibəm.

- Müasirləşən dünyanın öz tələbləri var. Dinamik olan həyatın yeni-yeni tələbləri sizi yormurmu?

- Müasirləsən dünya bəli, elim, texnologiya inkişaf edir və biz də bir şəkildə ayaq uydurmağa çalışırıq. Amma insanların müasirliyi düzgün qəbul edib, düzgün yaşaya bilməməsi məni çox üzür.

- Bəxt həmişə ona layiq olanı tapır. Siz bu mənada taleyinizdən razısınızmı?

- Mən hələ bilmirəm taleyim məni hara aparır. Bəxtiməsə bəzən şükür edirəm, Allahın verdiklərinə. Bəzənsə düşünürəm ki, yəqin bəxtimiz Allahın əlində olsaydı bu qədər bəxtsiz olası qədər heç nə etməmişdim axı ona.

- Rəssam həmişə yaratdığı öz əsərinin sərgisindən böyük zövq alır. Siz necə, yaratdıqlarınızdan zövq ala bilirsinizmi?

- Bütün sənətçilər bir əsəri, bir işi görərkən zövq alır, sevgi göstərir. Bəlkə də həyatda yaşadıqlarını, bəlkə də həyatda yaşamaq istədikləri xəyalları əks etdirməyə çalışırlar. Mən də zövq alıram, sevirəm və yaşayıram gördüyüm işlərlə.

- Sonda oxuculara və "Mediainfo.az" saytına nə demək istərdiniz?

- "Mediainfo.az" saytının bütün heyətinə təşəkkürümü bildirirəm. İsa Rəvan bəy, sizə xüsusi təşəkkür edirəm. "Mediainfo.az" saytının oxucularına isə hər zaman xoş xəbərlər eşitməyi, maraqlı müsahibələr oxumağı və ən əsası da bütün Azərbaycan xalqının böyük ümid və inamla gözlədiyi qələbə xəbərini məhz sizin saytınızdan oxumasını arzu edirəm.

Müəllif: İsa Rəvan

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az