Atəşkəsdən çıxmaq, müharibə etmək, torpaqları qaytarmaq lazımdır

Atəşkəsdən çıxmaq, müharibə etmək, torpaqları qaytarmaq lazımdır

"Azərbaycan ciddi şəkildə son addıma hazır olmalıdır"

Azərbaycanın sülh danışıqlarına sadiqliyindən sui-istifadə edən işğalçı Ermənistan son həftə ərzində dövlət sərhədimiz boyunca təxribatlara əl atdı. Təbii olaraq düşmənin cavabı verildi və rəsmi açıqlamalara görə, bir erməni hərbçi ölüb, daha ikisi isə yaralanıb. Ancaq Ermənistanın bu təxribatlara əl atmaqda məqsədinin nə olduğu barədə müxtəlif fərziyyələr eşidilməkdədir. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanovdan əvvəlcə bu suallara cavab istədik:

– Ermənilər Qazax istiqamətində xeyli fəallaşıblar. Düşmənin gərginliyi Qarabağ istiqamətindən dövlət sərhədinə keçirməkdə məqsədi nədir?

– Qarabağ probleminin ilk günlərindən hər iki tərəfdən itkilər olub, gərginliklər artıb-azalıb. Eyni ssenaridir, heç nə dəyişməyib. Həmçinin Qarabağın işğalı davam edir. Ermənistan daxilində siyasi vəziyyət gərginləşəndə Qarabağda, cəbhəboyu da gərgin durum yaranır. Biz düşmən dövlətlə üz-üzə durmuşuq. Atəşkəs istər Dağlıq Qarabağa aid ərazidə, istər Dağlıq Qarabağa aid olmayan, ancaq işğal altındakı rayonların ərazisində, istərsə də dövlət sərhədi sayılan təmas xəttində pozulur. Düzdür, son zamanlar Dövlət Sərhəd Xidməti bu istiqamətdən müəyyən funksiyaları yerinə yetirir. Ancaq düşmənin niyyəti, düşmənçiliyi dəyişməyib axı, necə var idi, elə də qalıb. Belə olan halda hansı istiqamətdən olur-olsun, təxribatlara əl atılması gözləniləndir.

– Belə bir versiya var ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), konkret olaraq Rusiyanı Azərbaycanla üz-üzə qoymaq istədiyi üçün dövlət sərhədində gərginlik yaradır. Düşmənin belə bir niyyəti ola bilərmi və Rusiyanın proseslərdə açıq şəkildə tərəfə çevrilməsi mümkündürmü?

– Əlbəttə, Ermənistanın belə bir niyyəti həmişə var. Təbii ki, Rusiyanı, yaxud KTMT-nin üzvü olan digər ölkələri bu müharibəyə cəlb etmək istəyirlər. Ancaq bu, qeyri-mümkündür. Çünki birincisi, Azərbaycan əsgəri ona atəş açan mövqeləri cavab atəşi il susdurub. O tərəfdən itki olsa da, olmasa da, Azərbaycan ordusu Ermənistanın dövlət sərhədini keçməyib. Dövlət sərhədini keçmədiyi halda bu məsələyə hansısa ölkənin müdaxiləsi mümkünsüzdür. Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır. Ancaq hansısa dövlət onun sərhədlərini keçib bu ölkəyə hücum edərsə, o halda Rusiya Ermənistanın təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçə bilər. Azərbaycan da heç vaxt Ermənistanın sərhədləri daxilində hücum əməliyyatlarını həyata keçirməyəcək. Çünki ölkəmizin əsas məqsədi öz ərazi bütövlüyünü bərpa etməkdir. Aktiv hərbi əməliyyatlar yalnız işğal olunmuş Azərbaycan ərazilərində aparılacaq. Ona görə də Ermənistanın Rusiyanı bu münaqişəyə cəlb etmək niyyəti olsa da, onun reallaşdırılması ehtimalı yoxdur. Bunun üçün nə hüquqi, nə də siyasi əsaslar var. Rusiyanın bu proseslərə müdaxiləsi Ermənistanı silahlandırmaqdan ibarətdir. Həmçinin Rusiyanın hərbi bazasının bu ölkədə olması da faktdır. Lakin açıq şəkildə Azərbaycana qarşı hansısa formada təzyiq edilməsinə, yaxud Ermənistanın xeyrinə addım atılmasına inanmıram. Azərbaycan Ermənistanın dövlət sərhədini keçib onun ərazisində hansısa hərbi əməliyyatları həyata keçirərsə, o halda təbii ki, müəyyən addımlar atıla bilər.

– Ermənistanın Qazax istiqamətində gərginlik yaratmasının səbəblərindən biri kimi digər versiya da səslənir. Hesab olunur ki, bununla işğalçı ölkə ABŞ-ın Azərbaycana 100 milyon dollar məbləğində yardım ayırmaqla bağlı qərarını tormozlamaq istəyir. Bu nə dərəcədə ciddi arqumentdir?

– Ermənilər hər hansı bir addım atmağa hazırdırlar ki, Azərbaycana qarşı təzyiqlərə nail olsunlar. Biz bilirik ki, bu il ABŞ tərəfindən Ermənistana ayrılan vəsaitin miqdarı azalıb. Həmçinin Qarabağa ayrılan yardımın miqdarında da azalma olub. İndi Azərbaycana 100 milyon ayrılır, bu, ilk növbədə Sərhəd Xidmətinin xərcləri ilə bağlıdır. Ancaq düşünmürəm ki, ermənilər məkrli niyyətlərinə nail ola biləcəklər. Bu, o vaxt ola bilər ki, Azərbaycan aktiv hərbi əməliyyatlara başlasın. Cəbhədə və təmas xəttində mütəmadi şəkildə monitorinqlər keçirilir, atəşkəsin pozulması və nəticələri ilə bağlı həmin qrup məruzələr hazırlayır. Ancaq buna baxmayaraq, ermənilər bütün təmas xətti və dövlət sərhədi boyunca müxtəlif təxribatlara əl atırlar. Ermənistanda dövlət sərhədinin təhlükəsizliyinə qarant ruslardır. Sizə bir faktı danışım. Mən korpus komandirinin müavini olanda Tovuz istiqamətində bir düşmən postunu ələ keçirdik. Çünki oradan Qovlara gedən yolu atəşə tuturdular. Bir dəfə də toy korteji gedəndə atəş açıldı, camaatımız ciddi şəkildə narahat oldu. Xoşbəxtlikdən itki vermədik. Biz də buna cavab olaraq həmin postu ələ keçirməli olduq. Erməni postunu ələ keçirəndən sonra rus sərhədçisi bizimlə əlaqə yaratdı ki, bəs "bundan sonra fikriniz nədir?" Biz də ona başa saldıq ki, baxın, buradan bizim mülki əhaliyə atəş açırlar, ona görə biz camaatın təhlükəsizliyini təmin etmək üçün bu postu ələ keçirməli olduq. Onda dedilər ki, oldu, hər şeyi başa düşdük, sizin başqa məqsədiniz yoxdur. Beləliklə, çıxıb getdilər.

– Çox maraqlı hadisədir. Bu, nə vaxt baş verib?

– 1995-ci ildə. Həmin post indiyə qədər bizdədir. Ermənilər bilir ki, bu postlar Dövlət Sərhəd Xidmətinə veriləndən sonra Müdafiə Nazirliyinə aid olan bölmələr oradan çıxmış olur və nəticədə bizim ehtiyatımız çoxalır. Ona görə də ermənilər sərhəddə gərginliyi artırırlar ki, biz oradakı ordu bölmələrimizi çıxartmayaq və sərhəd qoşunlarımızı həmin ərazilərdə yerləşdirməyək. Çünki bu prosesin davamı olmalıdır. Yəni Tovuz, Gədəbəy, Qazaxdan tutmuş, Kəlbəcər rayonuna kimi bu işlərin davamı həyata keçirilməlidir.

– Deməli, Ermənistanın əsas məqsədi budur ki, Azərbaycan ordusunun sərhəddəki hissələri çıxarılıb Qarabağ istiqamətindəki təmas xəttinə toplanmasın, ona görə də gərginliyi tətikləyir?

– Bəli, mən düşünürəm ki, onların əsas məqsədi budur.

– Bir məqamla bağlı da fikirləriniz çox maraqlıdır. Ağstafa ərazisindəki Keşikçidağla bağlı Gürcüstanla sərhəddə baş verənlərdən bir neçə gün sonra Ermənistan ordusu Qazax istiqamətində fəallaşdı. Hesab olunur ki, bu hadisələrin bir-biri ilə hansısa formada rabitəsi var. Baş verənlərdə Rusiya amili nə dərəcədə rol oynayır?

– İstər sərhəddə, istər təmas xəttində, istərsə də digər ölkələrlə gərginlikdə maraqlı olan qüvvələr çoxdur. O cümlədən Rusiya, ABŞ, həmçinin digər dövlətlər. Belə deyək, bu gərginlikdə maraqlı olmayan yalnız Azərbaycandır. Bu gərginlikdən müxtəlif formada istifadə edirlər. Beynəlxalq qurumlar, ABŞ, Rusiya öz maraqlarını güdür. Biz bilirik ki, belə olmasaydı, böyük dövlətlər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və beynəlxalq normalar çərçivəsində qəbul edilən 4 qətnamənin yerinə yetirilməsi üçün çoxdan qərar qəbul etməliydilər.

"Erməni postunu ələ keçirəndən sonra rus sərhədçisi bizimlə əlaqə yaratdı ki, bəs "bundan sonra fikriniz nədir?"

O halda dövlət sərhədimiz də, ərazi bütövlüyümüz də bərpa olunardı. Bu münaqişə ocağı və Azərbaycanla Ermənistan arasındakı durum Cənubi Qafqazda gərginliyi saxlamaq üçün böyük güclərin marağına uyğundur. Burada hamısının maraqları var. Çünki bu gərginlik, bu münaqişə ocağı o güclərin öz siyasətini, maraqlarını həyata keçirmək üçün bir vasitədir, imkandır.

– Cənab polkovnik, Ermənistan hökuməti Azərbaycanın işğal altındakı ərazilərinə üçüncü yolun çəkiləcəyini anons ediblər. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan bu yola zərbələr endirməlidir ki, düşmən öz məqsədinə çatmasın. Reallıq budur ki, Qarabağa Ermənistandan çəkilən yol sabah oradan hərbi texnika, silah-sursatın daşınmasını asanlaşdıracaq. Siz peşəkar hərbçi olaraq bununla bağlı nə təklif edirsiniz?

– Mən, ümumiyyətlə, məsələyə belə yanaşıram ki, biz niyə Ermənistanın işğal zonasında hansı işlər gördüyünü müzakirə etməliyik? Deyək ki, düşmən orada ev tikir, ya başqa işlər görür… Biz o torpaqlarımızı azad edib ərazilərimizə yiyə durmalıyıq, ərazi bütövlüyümüzü bərpa etməliyik, bununla da göstərməliyik ki, ərazilərimizin işğalı ilə barışmırıq. Ona qədər ermənilərin nə etdiyinə bu qədər zaman sərf etməməliyik. İşğaldan 30 ilə yaxın zaman keçir, yerlərində durmayacaqlar ki… Təbii olaraq kimsə yol çəkəcək, istirahət mərkəzi yaradacaq, ya infrastruktura diqqət ayıracaqlar. Bu işləri saxlayan tək amil o olacaq ki, Azərbaycan torpaqlarını işğalçılardan azad edəcək. İndiki halda biz ermənilərin həyata keçirdiyi hansısa işləri dayandırmaq üçün artilleriyadan da istifadə edə bilməyəcəyik. Çünki atəşkəs rejimi ilə bağlı müəyyən öhdəliklər götürmüşük. O halda biz atəşkəs rejimindən çıxmalıyıq və öhdəliklərin hamısını dayandırmalıyıq. Ondan sonra hansısa addımlar ata bilərik. Yoxsa biz atəşkəs rejimində ola-ola atəşkəsi pozsaq və ağır artilleriyadan istifadə etsək, onda müəyyən təzyiqlər olacaq, bundan da üçüncü, dördüncü qüvvələr istifadə edəcək. O zaman yenə də aprel hadisələrinə bənzər hadisə baş verəcək, deyəcəklər dayanın, qurtardı getdi… Atəşkəsdən çıxmaq, müharibə etmək, torpaqları qaytarmaq lazımdır. Ondan sonra artıq artilleriyadan, aviasiyadan da istifadə etmək olar. Amma sən bir tərəfdən atəşkəs rejiminə riayət etməklə bağlı sənədə qol çəkmisən, digər tərəfdən də artilleriyadan istifadə edirsənsə, bu, qəbul olunmayacaq. Mənim fikrim budur ki, nə yol çəkilir-çəkilsin, ola bilsin ki, onlardan özümüz də istifadə etdik.

– Ermənistan son davranışları ilə Düşənbə razılaşmasını kobud şəkildə pozdu. Azərbaycan bunu əsas götürərək torpaqlarını azad etməklə bağlı qərar verə bilərmi?

– Paşinyan böyük qüvvələrin əlində marionetkadır. Müstəqil siyasət yürütməyə nə Ermənistanın, nə Paşinyanın ixtiyarı yoxdur. Ermənistan rəhbərliyinə kim gəlir-gəlsin, bu ölkənin siyasəti dəyişməyəcək. Sadəcə, ermənilərə xas xüsusiyyətdir, quyruğunu bir az o yan-bu yana tərpədirlər, yumşaq mövqe nümayiş etdirməyə çalışırlar, ancaq reallıqda öz mövqelərində qalırlar. Son zamanlar Ermənistan tərəfdən, dövlət təhlükəsizlik xidməti rəisi tərəfdən verilən bəyanatlar tam əksini deyir. Ona görə Azərbaycan ciddi şəkildə son addımına, müharibəyə hazır olmalıdır, antiterror əməliyyatları apararaq öz torpaqlarını düşməndən azad etməlidir. Azərbaycan üçün başqa yol yoxdur!

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az