Oxuməni.az sosioloq Əhməd Qəşəmoğlunun pandemiya səbəbindən ölkəmizdə demoqrafik böhranın yaşanması ehtimalı və il ərzində doğulan körpələrin cins nisbəti haqda Axar.az-a müsahibəsini təqdim edir:
- Koronavirus pandemiyası bütün sahələrdə olduğu kimi, dünyada təbii artım və ölüm dinamikasına da təsir göstərib. Ölkəmiz də demoqrafik böhranla üzləşə bilərmi?
- Şübhəsiz, koronavirus pandemiyası çox ciddi və ölümcül təsirlərə malik bir virusdur. Bu virusun yayılma tezliyi və ölüm hallarının yüksək olması, yoluxma riskinə görə valideynlərin uşaq istəməməsi ölkələrin demoqrafik vəziyyətinə təsirsiz ötüşmür. Lakin demoqrafik böhran təkcə pandemiya ilə əlaqədar deyil. Məsələn, Rusiyada bu hal uzun illərdir mövcuddur. Yəni ölkədə artım kifayət qədər azdır. Koronavirusa yoluxanlar və ölənləri də nəzərə alsaq, az artımın olduğu ölkənin demoqrafik böhranla üzləşməsi normaldır. Azərbaycanın pandemiya səbəbindən demoqrafik böhranla üzləşəcəyinə inanmıram. Hətta qəribə bir təzad da olsa deyim ki, pandemiya müddətində ölkəmizdə ölüm nisbəti kəskin aşağı düşüb. Çünki ölkədə ən çox ölüm halları avtomobil qəzaları və ya yol hərəkət qaydalarının pozulması zamanı baş verirdi. Hazırda mövcud pandemiya və sərt karantin qaydaları səbəbindən insanlar evlərindən çölə çıxmır və ya nadir hallarda çıxır. Nəqliyyat vasitələrinin sıxlığının azalması, hətta bəzi günlər tam məhdudlaşdırılması ölkədə qəzaların və təbii ki, bu qəzalar zamanı həlak olanların sayında ciddi bir azalma yaşadıb. Yəni ölkəmizi mövcud pandemiyanın bu və ya digər təsirlərindən demoqrafik böhran gözləmir.
- Pandemiyanın doğulan uşaqların cins nisbətinə hər hansı bir təsiri varmı?
- Ölkəmizdə doğulan qız və oğlan uşaqlarının balansının pozulması illərdir davam edən bir tendensiyadır. Cari ilin artım dinamikasında doğulan oğlan uşaqları qız uşaqlarını hər zaman 5 faiz nisbətində qabaqlayıb. Təbii ki, burada valideynlərin öncədən körpənin cinsiyyətini öyrənməsi, birbaşa müdaxilə etməsi, qız uşağı istəməmə kimi mənfi halların təsiri var. Lakin bununla belə bu məsələni bu qədər böyük problem halına gətirmək də lazım deyil. Məsələ ondadır ki, doğulan oğlan uşaqlarının 5 faiz nisbətində qız uşaqlarından çox olması yaxşı haldır. Çünki ölkədə ölən insanların cins nisbətinə baxdıqda, kişilərin daha çox olduğunu görmək olar. Yol hərəkət qəzaları, müharibələr və bioloji olaraq kişilərin ölüm halları qadınlardan hər zaman çox olub. Yəni hazırki artım dinamikası, doğulan körpələrin cins nisbəti hər hansı bir təhlükə kəsb etmir.
Oxuməni.az