Oxuməni.az Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin yap.org.az-a verdiyi müsahibəni təqdim edir:
- Vüqar müəllim, nəinki media, bütün ölkə ictimaiyyətinin bayramı kimi dəyərləndirilən 22 iyul-Milli Mətbuat Günü ərəfəsindəyik. Bu əlamətdar tarixi gün ərəfəsində dövlətimizin başçısı İlham Əliyev "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb. Mətbuatımızın qət etdiyi 145 illik yolu necə xarakterizə edərdiniz?
- Öncə milli mətbuatımızın 145-ci ildönümü münasibətilə bütün həmkarlarımı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları, dövlətçilyimizin möhkəmləndirilməsinə, milli maraqlarımızın qorunmasına, həqiqətlərimizin təbliğinə töhfələrinin davamlı olmasını arzulayıram.
Bəli, zaman dəyişir, dövr dəyişir, qarşımızda yeni-yeni vəzifələr dayanır. Milli mətbuatımızın keçdiyi 145 illik yolda dəyişməyən, bütün dövrlər üçün aktuallığını qoruyan təbii ki, jurnalistikamızın prinsipləridir. Obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik kimi prinsipləri fəaliyyətinin önündə saxlayan mətbuatımız ötən bu dövr ərzində keşməkeşli, eyni zamanda, şərəfli yol keçib.
Hər bir tarixi hadisə, önəmli gün keçilən yola nəzər salmağı artıq ənənəyə çevirib. Bu gün biz tarixinə sahib çıxan xalqın məğlubedilməzliyini Azərbaycan xalqının timsalında böyük qürur hissi ilə qeyd edirik. 1875-ci il iyulun 22-də böyük mütəfəkkir Həsən bəy Zərdabinin redaktorluğu ilə ilk nömrəsi işıq üzü görən "Əkinçi" qəzetinin nəşri ilə bünövrəsi qoyulan və o dövrdən indiyədək 145 illik yolu uğurla qət edən mətbuatımızın Cümhuriyyət dövrünü xarakterizə edərkən ilk növbədə diqqəti ona yönəltməliyik ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı tarixinin müəyyən dövrlərində böyük imperiyaların tərkibində olmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti qarşısına qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Belə ki, 1991-ci ildə müstəqilliyinin yenidən bərpasına nail olduqdan, daha dəqiq desək, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra müasir müstəqil Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Digər sahələr kimi, Azərbaycan mətbuatının inkişafında da keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən başlayaraq mətbu orqanların azad fəaliyyəti, inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl şəkildə tədbirlər həyata kecirildi.
Bu məqamı da xüsusi qeyd etmək lazımdır ki, mətbuat azadlığı hər bir ölkədə insanların öz fikirlərini sərbəst ifadə etmək arzusunu gerçəkləşdirir. Təsadüfi deyil ki, ictimai fikrə təsir imkanı böyuk olan mətbuat bütün dünyada "dördüncü hakimiyyət" adlandırılır. Azad mətbuatın mövcud olduğu ölkələrdə təbii ki, demokratiya və siyasi plüralizm mühiti yaradılır. Milli mətbuatımızın əlamətdar yubileyi ərəfəsində qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan da belə ölkələr sırasında inamla irəliləməkdədir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunda inamlı addımlar atan ölkəmizdə hazırda 5 mindən artıq müxtəlif kütləvi informasiya vasitələri – qəzet, jurnal, informasiya agentlikləri və teleradio şirkətləri dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərir. Bu fakt da qürurvericidir ki, müasir müstəqil Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Təbii ki, mətbuatımız bu reallıqlara sahib olmaq üçün cətin və şərəfli yol keçib.
Müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən ictimai-siyasi gərginlik, müxtəlif siyasi dairələrin öz iddialarını gerçəkləşdirmək üçün qeyri-qanuni vasitələrə əl atmaları, torpaqlarımızın təcavüzkar Ermənistan tərəfindən işğalı, hakimiyyət başında olan səriştəsiz adamların öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları mətbuat azadlığının təmin edilməsinə çox böyük maneələr yaradırdı. 1992-ci ildə hakimiyyətə zor gücünə yiyələnmiş AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə digər sahələrdə olduğu kimi, mətbuat və söz azadlığı sahəsində də dözülməz vəziyyət yaranmışdı. Hakimiyyətin yuxarı eşelonunda qərar tutanların bilavasitə rəhbərliyi və göstərişləri ilə ölkədə mətbuat azadlığı hər addımda kobud şəkildə pozulur, jurnalistlər təqiblərə məruz qalırdılar. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün istiqamətlərdə, o cümlədən mətbuat və söz azadlığı sahəsində inkişafın yeni mərhələsi başlandı.
Həmin dövrün ən mühüm addımı mətbuatın üzərindən senzuranın götürülməsi idi. Bu addım bir daha azad mətbuatın inkişafının dövlətin həyata keçirdiyi humanizm siyasətinin əsasında dayandığını nümayiş etdirdi. Ümummilli Lider mətbuatın cəmiyyətdəki rolunu daim yüksək dəyərləndirirdi. Ulu öndər Heydər Əliyev demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olmasını gündəlik fəaliyyətinin əsası kimi qəbul edərək, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin informasiya tələbatının ödənilməsi kimi aktual məsələləri öndə saxlayırdı. 1995-ci il noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Komissiya tərəfindən işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan milli Konstitusiyamızda demokratik cəmiyyətin varlığını şərtləndirən bütün sahələrin inkişafına xidmət edən müddəalar öz əksini tapdı. Eyni zamanda, hər bir sahə üzrə təkmil qanunlar qəbul olundu və onların zamanın tələbinə uyğun olaraq təkmilləşdirilməsi daim diqqətdə saxlanıldı.
Heç şübhəsiz, ulu öndər Heydər Əliyevin çağdaş milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidmətlərindən biri 1998-ci ildə KİV üzərində senzuranı tamamilə ləğv etməsi oldu. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ilə Azərbaycan mətbuatı üzərində imperiya əsarətində olduğumuz çar Rusiyası və totalitar sovet rejimi dövrlərində, həmçinin müstəqilliyimizin ilk illərində mövcud olmuş sərt senzura aradan qaldırıldı. Bu qətiyyətli addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması kimi təqdir olunur. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafını, jurnalist əməyini daim yüksək dəyərləndirən ulu öndər Heydər Əliyevin sonrakı dövrlərdə imzaladığı digər Fərman və sərəncamlara, qəbul olunan qanunlara diqqət yetirsək, bu sahənin inkişafının dövlət siyasətində önəmini daha aydın görə bilərik.
Qəzetlərə birdəfəlik yardımlar verildi, "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı" təsdiqləndi. Həmçinin Ümummilli Liderin qanunvercilik təşəbbüsü ilə Milli Məclisə təqdim etdiyi "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" qanunlar qəbul olundu ki, bunlar da öz növbəsində müstəqil mətbuatın inkişafına böyük dəstək oldu. Ümummilli Liderin humanist addımlarından biri də qəzetlərin "Azərbaycan" nəşriyyatına borclarının dondurulması idi. Ulu Öndərin 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi dahi rəhbərin Azərbaycanın 1993-cü ildən başlanan inkişaf yolunda mətbuata göstərdiyi qayğıya verilən dəyərdir. Ümummilli lider Heydər Əliyev cəmiyyətin güzgüsü kimi mətbuatın hər bir problemi ilə maraqlanmış, onun ictimai fikrə təsir imkanını artırmaq üçün ciddi səylər göstərmişdir.
- Bəs Azərbaycan dövləti müasir müstəqillik tariximizin 2003-cü ildən sonrakı dövründə mətbuatımızın inkişafı istiqamətində hansı uğurlara imza atıb?
- Son 16 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev azad mətbuatın prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri addımlar atır. Bu dövrdə mətbuatın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması dövlət siyasətində prioritet istiqamətlərdən birini təşkil edib. 2005-ci ildə dövlət başçısı tərəfindən "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalist əməyinə nə qədər böyük dəyər verildiyini təsdiqlədi. Bu dövrdə milli mətbuatımızın 130, 135, 140 illik yubileyləri dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq paytaxt və bölgələrdə yüksək səviyyədə qeyd olundu. Möhtərəm Prezidentimizin Sərəncamı ilə KİV-lərin İnkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiqlənməsi, bu sənədə uyğun olaraq cənab İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da dövlətimizin diqqət və qayğısının əsas tərkib hissəsidir. Belə bir Konsepsiyanın təsdiqlənməsi mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoydu. Son 16 ildən artıq müddətdə mətbuatla bağlı ən ümdə məqsədlərdən biri də dövlət orqanları ilə KİV arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi olub.
Məhz bu kimi addımlar dövlətimizin başçısı İlham Əliyevin son 16 ildən artıq dövrdə 3 dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsini şərtləndirib.
- Vüqar müəllim, mətbuatın inkişaf tarixindən bəhs edərkən daha çox müstəqillik dövrü göz önünə gəldiyi üçün bu müddətdə jurnalistlərin problemlərinin həlli istiqamətində görülmüş işləri necə dəyərləndirirsiniz?
- Bu fakt inkaredilməzdir ki, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət büdcəsi hesabına yaşayış binalarının inşa edilməsi, ümumiyyətlə, dünyada analoqu olmayan addımdır. Bu məqsədlə dövlətimizin başçısı İlham Əliyevin imzaladığı üç Sərəncam əsasında 2 yaşayış binası inşa olunaraq istifadəyə verilib, üçüncünün isə cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.
- Necə düşünürsünüz, bu gün inkişafının keyfiyyətcə yeni mərhələsində olan ölkə mətbuatından gözləntilər nədən ibarətdir?
- Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanın iqtisadi imkanları artdıqca, kütləvi informasiya vasitələrinə göstərilən dövlət qayğısı da yüksəlir. Bu gün Azərbaycanda kütləvi informasiya vasitələrinin azad, müstəqil şəkildə fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Əminliklə demək olar ki, Azərbaycanda media üçün yaradılmış bu cür əlverişli şəraitə bəlkə də heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil. Əvvəldə də qeyd etdim ki, ölkəmizdə internet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu da medianın müstəqilliyinin daha bir göstəricisidir. Təbii ki, sərhəd, məkan, zaman tanımayan qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır.
Bu gün Azərbaycan dövlətinin mətbuatdan əsas gözləntiləri milli informasiya məkanının təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini daim fəaliyyətində əsas götürməkdir. İctimaiyyətin mətbuatdan gözləntisi isə müharibə şəraitində yaşadığımız üçün vətənpərvərlik hisslərinin artırılmasına xidmət edən addımlardır. Möhtərəm Prezidentimiz İlham Əliyev hələ 2010-cu ildə media rəhbərləri ilə görüşərkən mətbuatda milli maraqların qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması ilə bağlı dəyərli tövsiyələrini vermişdi. Həmin il Mətbuat Şurasının yeni binasının açılışında cənab İlham Əliyev jurnalistləri bir daha vətənpərvər olmağa çağırmışdı.
Düşünürəm ki, ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu hazırkı şəraitdə mətbuatın üzərinə düşən vəzifələr nisbətən fərqli mahiyyət kəsb etməyə başlayır. Bu inam da ifadə edilir ki, dövlətimizin başcısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli, səmərəli siyasətin məntiqi nəticəsi olaraq mətbuatımız daha da saflaşacaq, təkmilləşəcək, peşəkar jurnalistika prinsipləri ilə çalışaraq cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyəcəkdir. Siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır.
Unutmayaq ki, XXI əsr informasiya mübarizəsi əsridir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, internetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Cənab İlham Əliyev bildirir: "Burada əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq."
Dövlətimizin başçısı İlham Əliyevin milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamında da qeyd edilir ki, KİV ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir.
- Vüqar müəllim, dövrün tələblərindən biri də internet jurnalistikasının inkişafıdır. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Bu gün yeni texnologiyaların tətbiqi aktual tələblədən biridir. Hazırda dünyanı bürüyən, insanların sağlamlığına və iqtisadiyyata böyük ziyan vuran pandemiya şəraitində yeni texnologiyalar hər bir ölkənin xeyrinə nə qədər işlədiyini və önəmini təsdiqləyir. Artıq virtual məkanın yaratdığı imkanlar hesabına bir ölkədə yaşamaqla digər ölkədə cərəyan edən hadisələr barədə dolğun məlumat əldə etmək mümkündür. Müasir texnologiyalar imkan verir ki, həmçinin fiziki imkanları məhdud olan şəxslər də internet jurnalisti kimi fəaliyyət göstərsinlər. Bütün bunlar internet jurnalistikasının əhatə dairəsinin genişlənməsini, inkişafını stimullaşdıran əsas amillərdəndir. Hər zaman qeyd etdiyimiz kimi, bu gün artıq həyatımızın ayrılmaz parçasına çevrilən, müxtəlif qurumlar, insanlar arasında münasibətlərin yaranmasında xüsusi rolu olan sosial şəbəkə, daim yenilənən xidmət sahələri ilə insanları təəccübləndirən, uzaqları yaxın edən, informasiya məkanında inqilab adlandırılan, cəmiyyətin hər bir üzvünü hadisələr haqqında məlumatlandıran internet ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Əsas məsələ internetdən istifadə zamanı informasiya məsuliyyətini dərindən dərk etməkdir.
- Vüqar müəllim, ölkəmizin çoxsaylı mətbu orqanları sırasında öz dəst-xətti ilə seçilən "İki sahil" qəzeti 10 iyul tarixində 29 illiyini qeyd edəcək. Rəhbərlik etdiyiniz qəzetin keçdiyi yolu necə şərh edərdiniz?
- "İki sahil" qəzetinin ilk nömrəsinin çapdan çıxdığı 1991-ci ilin 10 iyul tarixindən bizi 29 illik zaman ayırır. "İki sahil"in ideyası özü üçün seçdiyi "Vahid Azərbaycan uğrunda!" devizindən aydın görünür. Bugünümüzdən "İki sahil"in yarandığı dövrə nəzər salanda hansı çətinliklərdən keçdiyini, amma əqidəsindən, yolundan dönmədiyini böyük qürur hissi ilə qeyd edirik. Qəzetin yaranmasının Azərbaycanda ictimai-siyasi vəziyyətin gərgin olduğu, ölkəmizin böyük faciələrlə üz-üzə qaldığı bir vaxta təsadüf etdiyini nəzərə alsaq, dövlətə xidməti fəaliyyətinin əsas prinsipinə çevirən, "düzü düz, əyrini əyri" yazmağı qarşısına məqsəd qoyan mətbuat orqanı üçün hansı çətinliklərin, təzyiqlərin mövcudluğunu aydın təsəvvür etmək mümükündür. "İki sahil" o dövrün reallıqlarını ictimaiyyətə çatdırmaqdan çəkinmədi. Öz ideallarına sadiq qalaraq sınaqlardan şərəflə çıxdı. Qəzetin səhifələrində Azərbaycanın bu günü və gələcəyi naminə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışının vacibliyi qeyd olundu. Azərbaycan xalqının böyük əksəriyyətinin ifadəsi olan 91 nəfər ziyalının ümummilli lider Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti qəzetimizin səhifələrində geniş yer aldı. Ulu Öndərə ünvanlanan müraciətdə də bu fikir xüsusi qeyd olunurdu ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Aydındır ki, bu müraciətin əsas məqsədi geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiyanın yaradılması, ona ulu öndər Heydər Əliyevin rəhbərlik etməsi idi. Müraciətdə bu əminlik də ifadə olunmuşdu ki, yalnız Sizin rəhbərliyiniz sayəsində yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyası qarşısına qoyduğu məqsədə çatacaq, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işinə öz layiqli töhfəsini verə biləcək. Ümummilli Lider Azərbaycan ziyalılarının mürəciətinə cavabı ilə bir daha xalqla həmrəyliyini nümayiş etdirdi. Yaradılacaq partiyanın fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bildirən Ümummilli Lider bu inamı ifadə etmişdi ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.
Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, sıralarında 750 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının 1992-ci ildə yaranmasını zərurətə çevirən həmin dövrün reallıqları oldu. Bütün bu keçilən yol "İki sahil" qəzetində geniş işıqlandırıldı, ictimaiyyət nümayəndələrinin fikir və mülahizələri, rəyləri dərc olundu, ümumi fikir bu oldu ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqillik tarixinin yeni səhifəsini yazdı. Azərbaycan parçalanmaqdan xilas oldu, yeni Azərbaycan quruldu. İllər bir-birini əvəzlədikcə Azərbaycan uğurları ilə dünyanın diqqətində dayandı. Qısa zamanda sabitlik diyarına çevrilən ölkəmiz, eyni zamanda, əməkdaşlıq məkanına çevrildi. Azərbaycanın davamlı inkişafında öz payı olan, həmçinin müstəqillik tarixmizə bələdçilik edən Yeni Azərbaycan Partiyasının sözlə əməl birliyinin uğurları bu gün də "İki sahil"in böyük ruh yüksəkliyi ilə ictimaiyyətə təqdim etdiyi yazılar sırasında ön yerdə dayanır.
Bir əsas məqamı da qeyd etmək istərdik ki, ölkənin tərəqqisində iqtisadi amil əsasdır. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" bəyan edən ulu öndər Heydər Əliyevin 26 il əvvəl əsasını qoyduğu yeni neft strategiyası, bu strategiyanın təməlində dayanan "Əsrin müqaviləsi" Azərbaycanın bugünkü və gələcək yoluna işıq saçır. Azərbaycanın zəngin təbii resurslarının dünya bazarlarına çıxarılması, neft gəlirlərinin ölkəmizin hərtərəfli inkişafına, xalqımızın rifahının yüksəlməsinə sərf edilməsi Ulu Öndərin gələcəyə hesablanmış fəaliyyətində əsas yer tuturdu. SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərən "İki sahil" ölkəmizin hərtərəfli inkişafının təməl daşı olan iqtisadi sahədə qazanılan uğurların təbliğatçısına çevrilərək, bu gün də həmin missiyanı uğurla yerinə yerinə yetirir.
1994-cü ildə ümummilli lider Heydər Əliyevin qətiyyəti ilə imzalanan "Əsrin müqaviləsi" ilə başlanan qlobal enerji layihələri beynəlxalq əməkdaşlığı genişləndirməklə xarici sərmayələrin ölkəyə gətirilməsi prosesini gücləndirdi. Enerji təhlükəsizliyi məsələlərinə diqqəti artırmaqla iqtisadi yüksəlişinin təməlini qoyan Azərbaycan müstəqil siyasət yeritdi. Vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələri reallığa çevrilməklə, bu gün artıq regional müstəvidən çıxıb qlobal xarakter daşıyır. Möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, bu layihələr olmasaydı, bu gun Cənub Qaz Dəhlizindən söhbət gedə bilməzdi, Avropanın enerji təhlükəsizliyi məsələləri tamamilə başqa istiqamətdə həll olunacaqdı: "Bu gün əldə edilmiş uğurlar əsasında gələcəyə baxırıq. O gələcəyə ki, qarşımızda yeni imkanlar, yeni üfiqlər açılır."
Uğurlar biri-birini əvəzlədikcə dövlətə və dövlətçiliyə xidmət yolunu gündəlik fəaliyyətində əsas tutan "İki sahil" qəzetinin informasiya bolluğu diqqətdən yayınmır, oxucu auditoriyası daha da genişlənir. Qəzetin hər sayında dövlətimizin uğurlu iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlər rəqəmlərin dili ilə ictimaiyyətə çatdırılır. İqtisadi tərəqqinin hər bir sahənin inkişafı üçün stimul olduğu əsaslı şəkildə şərh edilir. Bu inkişafa verdiyi töhfələri daim yüksək dəyərləndirilən SOCAR və onun ayrı-ayrı strukturlarının gördükləri işlər, qarşıya qoyduqları planlar qəzetimizdə xüsusi yer tutur. Bu gün adı beynəlxalq şirkətlər sırasında qeyd olunan SOCAR fəaliyyət istiqamətlərini genişləndirməklə uğurlarının davamlılığını yüksək səviyyədə təmin edir.
Təbii ki, uğurlarımız çoxdur. Azərbaycan ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ən yüksək zirvələri fəth edir. Ölkəmizin hər sahədə qazandığı uğurlar "İki sahil"in səhifələrində yer alır. Azərbaycan dövlətinin artan imkanları milli mətbuatımızın inkişafı yolunda çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirlməsinə şərait yaradır. Bu qayğını qəzetimiz hər zaman hiss edir, yüksək dəyərləndirir. Qəzetimizdə mövzu rəngarəngliyi, müəyyən məsələlərə yanaşma tərzi məsuliyyətli yaradıcı mühitin mövcudluğundan xəbər verir. 29 ildə qəzet jurnalist fəaliyyətinə başlayanlar üçün təcrübə məktəbi oldu. Bu gün vaxtilə qəzetin əməkdaşı olanlar ayrı-ayrı qəzetlərə rəhbərlik edir, qazandıqları təcrübəni kollektivin əməkdaşları ilə bölüşürlər. Məsuliyyət varsa, peşəkarlıq da olacaq. Bu isə özü-özlüyündə yüksək səviyyəli yazıların yaranmasına yol açır. "İki sahil" 29 ildə qazandığı uğurlar fonunda gələcəyə inamla addımlayır. "İki sahil"in günbəgün yeniləşən internet saytı, qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq geniş tamaşaçı kütləsi qazanan "İki sahil" internet televiziyası cəmiyyətin informasiya tələbatının ödənilməsinə öz töhfəsini verməyə səy göstərir. Biz bu prinsipi də fəaliyyətimizdə əsas götürmüşük ki, qəzetin bugünkü sayı dünənki sayından müəyyən yeniliyi ilə fərqlənsin, yazıların keyfiyyəti, informasiya yükü artsın. Təbii ki, dövlətə, dövlətçiliyə xidməti fəaliyyətində öndə saxlayan mətbuat orqanı olaraq əldə olunan uğurlarımız dövlətimizin 29 ilə yaxın müstəqiilk tarixi ilə bağlıdır. Ötən bu illərdə qazanılan uğurlar 29 illik zaman kəsiyini xeyli zənginləşdirdiyi üçün əldə olunanları bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Ötən bu illər ərzində qəzetimizin fəaliyyəti daim yüksək dəyərləndirilmiş, əməkdaşlarımızın bir qismi "Əməkdar jurnalist" adına layiq görülmüş, "Tərəqqi" medalı ilə təltif edilmişdir. Etimad böyük məsuliyyətdir. Bu məsuliyyəti yüksək səviyyədə dərk edərək müstəqil, azad mətbuatın inkişafına öz töhfəmizi verməyə çalışırıq. Cəmiyyətin güzgüsü olmaq hər bir mətbuat nümayəndəsindən vətənpərvər olmağı, dövlətçilik maraqlarını qorumağı, oxucunun informasiya tələbatını obyektiv və qərəzsiz ödəməyi tələb edir.
- Vüqar müəllim, bu gün bütün sahələrdə təkmil islahatlar günümüzün əsas realliqları sırasındadır. Jurnalist ordusunun formalaşmasında dövlətin bu sahəyə diqqət və qayğısı ilə yanaşı, illərini jurnalistikaya həsr etmiş nəslin yeni nəslə dəstəyini necə dəyərləndirirsiniz?
- Fəaliyyətində mətbuatın əsas prinsipləri olan obyektivliyi, qərəzsizliyi, ən əsası vətənpərvərlik və milli şüuru əsas tutan qələm sahibi bu sıraya daxil olan gənc nəslə də eyni prinsiplərlə yanaşıb dəstək göstərməklə jurnalistikanın inkişaf səviyyəsinə, həmçinin gənc yazarın mətbuatın sirli-sehrli aləminə özünəməxsus şəkildə daxil olmasına yardımçı ola bilər. Dövlət azad, müstəqil mətbuatın inkişafına lazım olan dəstəyi yüksək səviyyədə göstərir. Bu işdə çalışdıqları mətbu orqanlarda illərini xərcləyən, böyük təcrübəyə malik olan insanların da üzərinə böyük məsuliyyət düşür. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq. Günbəgün gəncləşən, müasirləşən ölkəmizdə gəncliyin inkişafına yaradılan şərait, göstərilən dəstək imzalanan Fərman və sərəncamlardan, Dövlət proqramlarından da aydın görünür. Hesab edirəm ki, mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini, cəmiyyətin güzgüsü funksiyasını yerinə yetirdiyini nəzərə alsaq, gənc jurnalistlər müasir dövrün imkanlarından səmərəli istifadə etməklə bu işə öz töhfələrini verə bilərlər.
"İki sahil" olaraq gənclərin öz potensial imkanlarını ortaya qoymaq üçün lazım olan dəstəyi göstəririk. Zəngin təcrübəyə söykənərək müasirləşməni, yeniləşməni daim fəaliyyətimizin əsas istiqaməti kimi qəbul edir, bu istiqamətdə mühüm addımlar atırıq. Düşünürəm ki, hər bir yenilik, islahat inkişaf, tərəqqi olmaqla yanaşı, sabahımız üçün yeni prioritetlərin müəyyənləşdirilməsi üçün stimulverici amildir. Dünya informasiya məkanına inteqrasiya hər bir mətbu orqanın qarşısında bu tələbləri qoyur: Obyektiv ol, əməkdaşlıq əlaqələrinin inkişafına töhfə ver.
- Vüqar müəllim, coxsaylı mətbu orqanlar arasında fərqliliyi qazanmaq üçün hansı məqamlara diqqət yetirmək gərəkdir?
- Dövlətimizin başçısı İlham Əliyevin "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" Sərəncaminda əksini tapan bu fikirlərlə sualınızı cavablandırmaq istərdik: Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca şərtlər olmalıdır.
Bu amillərlə yanaşı, tutduğu yola, əqidəyə sadiq olmaq, daim oxucu auditoriyasını genişləndirmək, onların informasiya tələbatını dolğun şəkildə təmin etmək üçün "Nə etməliyik" sualı gündəlik işimizin bələdçisi olmalıdır.
Müharıbə şəraitində yaşayan ölkə olduğumuzu da unutmamalıyıq. Dağlıq Qarabağ həqiqətlərinin təbligi, vətənpərvərlik çağırışları hansı mövqedə olmasından asılı olmayaraq hər bi mətbu orqanın fəaliyyətinin əsas istiqamətlərindən olmalıdır.
Yenə də dövrün tələblərini cavablandırmaq əsasdır. Hazırda dünya, o cümlədən Azərbaycan COVID-19-la mübarizənin daha da gücləndirilməsi istiqamətində davamlı addımlar atırlar. Özünütəcridin koronavirusla mübarizədə qələbəni şərtləndirən əsas amil olduğunu nəzərə alsaq, maarifləndirmə işinin daha yüksək səviyyədə aparılmasına hər bir mətbuat nümayəndəsi töhfələrini artirmalıdır. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkə vətəndaşlarına müraciətlərində əksini tapan çağırışları ictimaiyyətə çatdirmaq işində hər bir mətbu orqan fəal olmalıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fikirlərinə istinad etcək, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Həmin gün uzaqda deyil.
Oxuməni.az