“27 ildir onlara təklif etdiklərimiz qüvvəsini itirdi, indi yeni reallıqlar var...”

“27 ildir onlara təklif etdiklərimiz qüvvəsini itirdi, indi yeni reallıqlar var...”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib.

Oxuməni.az müsahibəni təqdim edir.

- Sentyabrın 27-də müharibə başladı. Sizin, "kim birinci atəş açdı" sualına cavabınız nədir?

- Cavab, Ermənistandır və bizim sübutlarımız var. Çünki mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci, iyul ayında törədildi. O zaman onlar Ermənistan-Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz olmuşdur. İkinci cəhd avqust ayında baş vermişdir. Ermənistan diversiya qrupu göndərmişdir, onun başçısı tərəfimizdən saxlanılmışdır və o, ifadə vermişdir ki, mülki şəxslərə hücum etmək üçün göndərilmişdir. Üçüncü dəfə sentyabrın 27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu, belə başlamışdır.

- Siz çox tutarlı və sərt cavab verdiniz. Nə üçün bu dəfə belə etdiniz? Bu, İsrail və Türkiyə dronlarına görə Azərbaycan Ordusunun üstün qüvvəyə malik olduğu üçün baş verdi?

- İsrail dronları bizdə artıq uzun illərdir ki, var. Yeri gəlmişkən, onların bəziləri Ermənistanın işğal olunmuş bəzi torpaqlarımızın işğaldan azad edilməsi zamanı başladığı təxribata qarşı 2016-cı ildə istifadə olunmuşdur. Lakin o toqquşma Ermənistan dayandığına görə bir neçə gün davam etdi. Onlar bu dəfə də dayansaydılar, biz də dayanardıq. Lakin onlar dayanmadılar. Onlar bizə böyük ziyan vurmaq istəyirdilər. Onlar təmas xəttindən çox uzaqda yerləşən şəhərlərə raket atmağa başladılar və bizim mülki şəxslər arasında çoxlu qurbanlarımız var - bu vaxtadək 69 nəfər. Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər.

- Başa düşdüyümə görə Siz xüsusilə cənubda müəyyən torpaqları azad etmisiniz, lakin, eyni zamanda, Dağlıq Qarabağa yaxın, şimalda da. Bu müharibə nə qədər davam edəcək?

- Bu, Ermənistandan asılıdır. Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq. Yeri gəlmişkən, bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur.

- Onlar da eyni sözləri deyirlər.

- Bəli, əlbəttə ki, onlar deyirlər. Lakin baxın, görün nələr baş verib. Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər. İkinci dəfə onlar eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raket atanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasında yeddi yaşlı bir qız var. Beləliklə, bunu onlar ediblər. Bunu bizim etdiyimizə dair heç bir sübut yoxdur. Bizim etdiyimiz bunun əksidir. Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik.

- Bu, eyni ilə onların iddia etdiyi məsələlərdir. Onlar iddia edirlər ki, Siz kasetli raketlərdən istifadə edirsiniz. Hətta Sizin orada və Dağlıq Qarabağda kasetli raketlərdən istifadə etdiyinizə dair "Amnesty International" və "Human Rights Watch" təşkilatlarından bəzi dəlillər var idi. Nəyə görə Siz bu növ silahlardan istifadə edirsiniz?

- Biz onlardan istifadə etmirik. Biz özümüzü müdafiə edirik. Biz "Amnesty International" və "Human Rights Watch" təşkilatlarını Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var.

- Lakin mənim indi bildiyimə görə onlar gəlirlər. "Human Rights Watch" təşkilatı gəlir, mənə deyiblər.

- Onlar bizim "Nəyə görə buraya gəlmirsiniz?" dediyimizə görə gəlirlər. Biz onlara "xahiş edirik, buraya gəlin" müraciətini etdikdən sonra onlar gəlməyə razılıq verdilər. Lakin onlar birinci növbədə niyə gəlmədilər?

- Onlar mənə gəlmək istədiklərini deyiblər. Bir neçə dəfə müraciət ediblər, lakin Siz onlara girişə icazə verməyibsiniz.

- Xeyr. Bu, mümkün deyil. Çünki biz elə dünən onların nəyə görə gəlmədiklərini, qoyun, gəlsinlər Gəncəyə, Tərtərə getsinlər demişik. Ermənilərin hücum etdiyi insanlarla görüşsünlər. Yenə də ballistik mərminin buraxılışı peykdən görünür. Heç kim deyə bilməz ki, biz Dağlıq Qarabağda və ya Ermənistanda mülki şəxslərin yaşadığı istənilən yerə ballistik raket atmışıq.

- Gəlin, yenə Sizdən kasetli silahlarla bağlı soruşum. Çünki Sizin də bildiyiniz kimi bu, çox ciddi mövzudur. Mən "Human Rights Watch" təşkilatının araşdırmasına baxdım və sübut ondan ibarət idi ki, çox maraqlıdır, onların şəkilləri var idi, onlarda hətta silahın adı da var idi. Onların dediyinə görə, onun adı İsrail istehsalı olan LAR 160 kasetli bomba idi. Bu faktları həqiqətən də mübahisə predmetinə çevirirsiniz?

- Bəli, əlbəttə ki. Bununla bağlı heç bir sübut yoxdur. Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz olsunlar...

- Onlar burada silah tapsalar, Siz onların araşdırmasına güvənərsiniz?

- Onlar bunu etməlidirlər. Çünki onların "yox" demək imkanı yoxdur. Qoyun, onlar desinlər. Çünki bu vaxtadək "Human Rights Watch" və "Amnesty International" təşkilatları Azərbaycana qarşı çox aqressiv idi. Onlar heç vaxt Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç bir şərh verməyiblər. Ermənistan həbsxanasında jurnalist öləndə onlar sakit idilər. Ermənistanın əsas müxalifət partiyasının rəhbəri həbs edildikdə onlar səssiz idilər. Sabiq prezidentlərin məhkəmə işi gedəndə onlar səssiz idilər. Onlar görmək istəmirlər. Çünki onların təşkilatlarında erməni əsilli insanlar var və bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur. Lakin buna baxmayaraq, biz onları dəvət etdik, qoyun, onlar gəlsinlər və gördüklərini desinlər.

- Əslində, Siz heç vaxt BMT-nin kasetli silahları haqqında konvensiyasını imzalamayıbsınız. Nəyə görə, bu, Sizin üçün problemdir? Əslində, Siz ondan istifadə edə bilərdiniz.

- Ermənistan onu imzalayıb?

- Xeyr, lakin biz indi Ermənistandan deyil, Azərbaycandan danışırıq.

- Biz münaqişə haqqında danışırıq. Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var. Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir.

- Bu mövzuya gəlmişkən, yeddi rayonun hamısını azad etmək, bundan sonra danışıqları aparmaq və Dağlıq Qarabağın muxtariyyət zonası ilə bağlı bir razılığa gəlmək məqsəd deyilmi?

- Biz bunu təklif etdik. Lakin ermənilər bunu həmişə rədd ediblər. Minsk qrupunun həmsədrləri mənim dediklərimi təsdiqləyə bilərlər. Biz həmişə təklif edirdik, biz həmişə sülh planına, belə adlandırılan əsas prinsiplərə sadiq idik. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Lakin indi bu beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib. Buna görə Ermənistan həmişə buna qarşı olub. Səmimi söyləsək, əraziləri azad etdikdən sonra döyüş meydanında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, - onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər, - göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Çünki əgər ərazilərdən çıxmağı planlaşdırsaydılar, bu qədər çox sərmayə yatırmazdılar. Müasir avadanlıq, müasir silahlar, müasir istehkam texnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə səddi var idi. Buna görə danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və bizi aldatmaq cəhdindən ibarət idi. Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna nail ola bildilər. Buna görə, biz əsas prinsiplərə sadiqik. Yeddi rayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, - müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, - oraya qayıtmalıdır və plan belə icra olunmalıdır.

- Azərbaycanın heç bir təsiri olmadan muxtar rayon?

- Bu, müzakirələrin bir hissəsi idi. Lakin biz bununla bağlı yekun razılığa gəlmədik.

- Lakin Siz buna razılaşardınız?

- Biz bunu indi müzakirə etməliyik. Çünki indi ortada yeni reallıq var. Biz həmişə eşitmişik ki...

- Siz orada - muxtar regionda hansı təsirə malik olmaq istəyirsiniz? Bu, özü-özlüyündə ziddiyyət təşkil edir.

- Xeyr. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Bu, birincisi. Biz bu razılığa gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız. Yaxşı. Biz dəyişdik reallıqları. İndi onlar bunları nəzərə almalıdır və bu, 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib. Ona görə indi biz müzakirələr aparmalıyıq və yeri gəlmişkən, Ermənistan hazır olduğu təqdirdə biz danışıqların yeni mərhələsinə başlamaq və danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün Xarici İşlər nazirimizi sabah Cenevrəyə göndərməyə hazırıq. Lakin bunun üçün Ermənistan dayanmalıdır. Onlar bu aylar ərzində həmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və bu da onların məğlubiyyətinin əsas səbəbidir.

- Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?

- Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.

– Siz qəbul edirsiniz ki, bu regionda insanların əksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilər olub?

– Tarixə gəlincə, sizə deyə bilərəm ki, ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, - onu İbrahim Xəlil xan və rus generalı Sisianov imzalamışlar - sonra köçürülüb və ya gətirilib.

– Onlar orada əsrlərboyu yaşamırlar?

– Xeyr, xeyr. Onlar Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişlərindən sonra köçürülməyə başlayıblar. İnternetdə görə bilərsiniz. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilər sonradan Çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionun etnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər.

– Belə çıxır ki, tarixçilərin, Qafqaz regionu üzrə ekspertlərin əksəriyyəti səhv edirlər?

– Bəli, əlbəttə. Çünki sənədlərə baxın. Tarixçilər, hansı tarixçilər? Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur. Lakin həmin sənədlərə baxın, internetdə var və siz görə bilərsiniz. Əgər siz erməni əhali ilə bağlı hər hansı qeyd tapsanız, deyərsiniz ki, mən səhv edirəm. Beləliklə, bu, belə olub. Lakin digər məsələ ondan ibarətdir ki, bəli, onlar 200 il ərzində orada yaşayıblar və "Qarabağ" sözü Azərbaycan sözüdür, erməni sözü deyil. Siz bilirsiniz onlar Dağlıq Qarabağın qondarma paytaxtını necə adlandırırlar? Stepanakert. Bilirsiniz kimin şərəfinə adlandırılıb? Stepan Şaumyanın. Erməni əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkar dəstənin rəhbəri idi. Əgər bu, qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyə paytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünki onlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşayan ermənilər Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi münasibətilə abidə ucaltdılar. Bu, tarixdir. Lakin bir daha deyirəm, onlar 200 il boyunca yaşayıblar və biz onların yaşamağını istəyirik. Mən dəfələrlə demişəm ki, biz azərbaycanlıların geri qayıtmağını və ermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağını istəyirik, nəyin bahasına olursa-olsun.

– Buna baxmayaraq, bu insanlar Sizin hərbi əməliyyatlara, dedikləri kimi etnik təmizləməyə məruz qalırlar?

– Xeyr, əsla. Biz etnik təmizləməyə məruz qalmışıq. Onlar Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə, bu 7 rayonda, o cümlədən Dağlıq Qarabağın bir hissəsi olan Şuşada 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Etnik təmizləməyə məruz qalan biz olmuşuq. Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq və bunu indi də etməyi planlaşdırmırıq. Çünki mən demişəm ki, biz birlikdə yaşamalıyıq. Bu, asan olmayacaq. Lakin biz öyrənməliyik.

– Lakin indi orada, son bir neçə həftədə mülki şəxslər qətlə yetirilib?

– Azərbaycanın da mülki şəxsləri qətlə yetirilib – 69 nəfər.

– Orada da.

– Bəli. Çünki bu, müharibədir. Lakin 69 mülki şəxs münaqişə zonasından uzaqda olan Gəncədə və digər ərazilərdə qətlə yetirilib, 300-dən çox mülki şəxs yaralanıb. Bu, müharibədir. Əfsuslar olsun ki, bu, olur.

– Mən 5 il İsraildə yaşamışam. Yaxşı bilirəm ki, İsrail dronları çox dəqiqdir. Demək istəyirəm, mənim anladığım qədəri ilə bu, dron vasitəsilə edilməyib?

– Xeyr.

- Necə olub ki, Dağlıq Qarabağda kilsəyə zərbə endirilib.

– Artıq qeyd etdiyim kimi, bu, ehtimal ki, bizim artilleriyanın səhvi olub və ya, ikinci variant o ola bilər ki, ermənilər bizi günahlandırmaq üçün bunu özləri ediblər.

- Xristianlar öz kilsələrinə atəş açıblar?

– Lakin bu, kiçik ziyan idi. Dağılmayıb. Siz oranın şəkillərini görmüsünüz? Kiçik ziyandır. Kilsə dağılmayıb. O, maksimum iki həftəyə təmir edilə bilər. Ona görə də, bizdə şübhə var ki, bu, bizi günahlandırmaq üçün onların özləri tərəfindən törədilmiş ola bilər. Bakıdakı erməni kilsəsinə baxın. Biz onu qoruyub saxlayırıq. Biz onu bərpa etmişik.

- Belə bir şeyi uydurmaq üçün müsəlmanların məscidi dağıtmasını təsəvvürünüzə gətirə bilərsiniz?

– Mən bilmirəm. Ola bilsin. Ola bilsin ki, bu, baş versin, niyə də yox. Burada, Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunub saxlanıb. Biz onu dağıtmamışıq. Biz onu qoruyuruq. Biz orada minlərlə erməni kitabı saxlayırıq. Onlar isə işğaldan azad edilmiş Zəngilanda məsciddə donuz saxlayırdılar. Fərq bundadır.

– Mən bildiyimə görə, oktyabrın 1-də Azərbaycanda bir nəfər sülh tələb etdiyinə görə həbs olunub. Bəzi insan haqları ekspertləri, müdafiəçiləri deyirlər ki, Siz bu müharibəyə həm də xalqı ətrafınızda birləşdirmək, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başlamısınız.

– Bu, tamamilə yanlış qiymətləndirmədir. Birincisi, mənim həbs olunan hər hansı şəxs barəsində məlumatım yoxdur. Əgər, adını deyə bilərsinizsə, əgər, sizdə adı varsa, mənə deyin. Sizdə adı var?

– Hazırda məndə adı yoxdur, öyrənərəm.

– Öyrənəndə mənə deyərsiniz. Beləliklə, biz bu sualı etibarsız hesab edə bilərik, çünki sizdə ad yoxdur və məndə də bu məlumat yoxdur. Diqqətin yayındırılmasına gəlincə, diqqəti yayındırmağa ehtiyac yoxdur. Bizim siyasi sistemimiz səmərəlidir. Bu toqquşmadan əvvəl, hətta bizdə parlament seçkiləri keçirilməzdən əvvəl, mən siyasi əməkdaşlığın bir növ yeni prosesinə start verdim. Biz praktiki əməkdaşlığa başlamaq, düşmənçiliyə son qoymaq və ən azı bir-birimizlə danışmağa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət etdik və iki partiyadan başqa bütün digər partiyalar, onların 50-si bunu dəstəklədi. Biz müasir, yeni siyasi prosesə başladıq. Hazırda parlamentimizdə çox sayda müxalifət üzvü var. Siyasi proses çox səmərəlidir.

– Azərbaycanda bir çox müxalifət üzvləri də həbsdə deyilmi?

– Xeyr, həbsdə olanlar törətdikləri cinayətlərə görə həbs ediliblər. Burada siyasi ittiham irəli sürülmüş heç kim yoxdur və müxalifət...

– Nə cür cinayətlər? Öz fikirlərini ifadə etməklə bağlı?

– Xeyr, müxtəlif cinayətlər. Hər hansı digər cinayət kimi. Mən dəqiq hansı olduğunu bilmirəm, amma bu, sadəcə olaraq, adi cinayətlərdir. Beləliklə, bizim bu cür səbəbimiz yoxdur. İkincisi, pandemiya dövründə bizim iqtisadi göstəricilərimiz ən yaxşılardan biridir. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Bu, bəzi Avropa ölkələrində olduğundan xeyli aşağıdır. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir, xeyli aşağı. İşsizlik səviyyəsi 7 faizdir, xeyli aşağı. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzdan 6 dəfə çoxdur. Bizdə daxili problemlər yoxdur, niyə mən buna başlamalıyam.

– Siz Azərbaycanı demokratiya nümunəsi adlandırardınız?

– Xeyr, heç vaxt. Siz öz ölkənizi demokratiya nümunəsi adlandırarsınız?

– Müəyyən mənada, bəli.

– Lakin siz müxalifətin nümayişlərinə qadağa qoyursunuz.

– Xeyr, belə deyil.

– Bəli, bəli. Nümayiş keçirmək istəyən ekstremist - adını unutmuşam. Siz onlara qadağa qoydunuz.

– Mən bu barədə bilmirəm. Demək istəyirəm ki, hətta koronavirus dövründə də etirazlar keçirirdilər.

– Xeyr, koronavirus dövründən əvvəl idi. Biz nümunə deyilik və özümüzü bu cür göstərmirik. Lakin özlərini sanki belə göstərən ölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz "sarı jiletlilərin" etirazlarında neçə nəfərin qətlə yetirildiyini bilirsinizmi? Bilirsiniz, 10-dan çox adam qətlə yetirilib.

– Amma biz Fransa barədə danışmırıq.

- Xeyr, gəlin, Avropa barədə danışaq.

– Azərbaycan barədə...

– Xeyr, gəlin özlərini guya demokratmış kimi aparanlardan danışaq. Biz özümüzü elə aparmırıq. Bəli, bizim çatışmazlıqlarımız var.

– Mən cənab Makrondan bu barədə soruşaram.

– Lakin etirazçılar qətlə yetirilirlər, küçədə etirazçıları qətlə yetirirlər – 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur.

– Hazırda gəldiyim ölkə - Türkiyə bu hərbi əməliyyatlarda, bu müharibədə Sizin üçün nə dərəcədə əhəmiyyət kəsb edir? Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri ilə söhbət etdik. Onlar Türkiyədən olduqlarını dedilər.

– Siz əsgərlərlə danışmısınız?

– Bəli.

– Döyüş meydanında?

– Xeyr, döyüş meydanında yox.

– Bəs harada?

– Bakı şəhərində.

– Onlar burada, Bakıda döyüşürlər?

– Xeyr, xeyr. Bununla belə, onlar buradadırlar.

– İndi burada alman əsgərləri də ola bilər.

– Siz birgə hərbi təlimlər keçirirsiniz...

– Bəli, bəli, keçiririk.

– Əgər, bu münaqişəyə üçüncü ölkə cəlb olunsa, Siz Türkiyədən kömək gözləyərsiniz?

– Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik. Hansısa ölkənin cəlb oluna biləcəyini biz görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır. Türk əsgərlər burada ola bilər, bəli. Ötən il biz 10 birgə hərbi təlim keçirmişik. Lakin bizim başqa ölkələrlə də çoxlu təlimlərimiz olur. Biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının bir hissəsiyik. Burada qəribə heç nə yoxdur. Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz.

– Türkiyəyə məxsus F-16-lar burada - Azərbaycanda olduğuna görə özünüzü daha təhlükəsiz hiss edirsiniz?

– Türkiyənin F-16-ları bura təlimlə bağlı gəlib və ermənilər bizə qarşı hücuma keçdiklərinə görə burada qalıblar. Onlar həmrəylik əlaməti olaraq buradadır. Onlar heç bir döyüşdə iştirak etmir. Onların burada iştirakı planlaşdırılmır.

– Atəşkəs 3 dəfə pozulub. Onlardan biri Fransa, biri Rusiya, biri isə ABŞ-la danışıqlar nəticəsində elan edilmişdi. Bu müharibəni hansı beynəlxalq güc dayandıra bilər?

– Düşünürəm ki, bunu Ermənistan dayandırmalıdır. Beynəlxalq güc – sizin qeyd etdiyiniz bu üç ölkə Minsk qrupunun həmsədrləridir. Onlar dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləri. Bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu ölkələr bu qətnamələrin icrası üçün heç nə etməyiblər. Bu qətnamələr kağız üzərində qalıb. Bu, onu göstərir ki, bu vasitəçilik səmərəli olmayıb. Lakin, eyni zamanda, biz daha güclü ola biləcək bəzi başqa ölkələr barədə düşünməyə bilmərik. Ona görə də, müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin, bizim qələbəmizi qəbul etsin və sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürsün. Biz istənilən halda onları azad edəcəyik. Biz əks-hücuma başlayanda onlar inanmırdılar. Biz dedik – biz azad edəcəyik, bunu indi dayandırın. Onlar hətta biz Füzulini geri qaytarandan sonra da dayana bilərdilər. Dayanmadılar.

– Sizdə elə bir hiss varmı ki, onlar bu münaqişədə həqiqətən də maraqlı deyillər?

– Siz kimi nəzərdə tutursunuz?

– Məsələn, həmin üç ölkə.

– Xeyr, məndə belə bir hiss yoxdur. Çünki əgər onlar maraqlı olmasaydılar, vasitəçi olmazdılar. Onların ATƏT-dən mandatı var.

– Lakin vasitəçilik uğurlu olmadı?

– Bəli, uğurlu olmadı, çünki onlar Ermənistana sanksiya tətbiq etmədilər. Mən bu məsələni dəfələrlə qaldırmışam. Ermənistana qarşı sanksiya tətbiq olunmalı idi, necə ki, Səddam Hüseyn Küveyti işğal edəndə İraqa qarşı sanksiyalar tətbiq edilmişdi, dərhal. İraqa qarşı ciddi sanksiyalar var idi. Əgər eyni şey Ermənistana edilsəydi, onda onlar qüvvələri geri çəkərdilər.

– Deməli, onlar göz yumdular?

– Bəli, onlar göz yumdular. Mən deyərdim ki, göz yummadılar, onlar hər zaman deyirdilər ki, hərbi həll yoxdur. Onlar bu vəziyyətin bu və ya digər dərəcədə eyni qaydada davam etməsini istəyirdilər. Düşünürəm ki, münaqişənin dondurulmuş kimi görünməsi onları qane edirdi. Onlar düşünürdülər ki, bu, həmişəlik dondurula bilər və onlar yalnız bəzi etimad yaratma tədbirləri, bəzi monitorinqlər barədə düşünməyə çalışırdılar ki, heç bir toqquşma olmasın. Amma onlar ATƏT-in qərarına uyğun olaraq öz mandatlarını icra etmədilər. Onlar Ermənistanı məcbur etməli idilər. Düşünürəm, bu ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, o, ona qulaq asmalı olar. Lakin onlar etmədilər.

– Siz onlara qulaq asırsınız?

– Mən hər bir tərəfdaşa qulaq asıram. Lakin bu, mənim qulaq asdıqdan sonra nə etməyimdən asılıdır. Lakin mən qulaq asıram.

– İki gün əvvəl radioda Sizin Ermənistanın bu müharibəni aparmaq üçün pulu haradan aldığını soruşduğunuzu eşitdim. Cavab nədir?

– Heç bir cavab yoxdur. Mən bir aydır bu sualı verirəm. Biz ilkin hesablama aparmışıq.

– Mənə elə gəlir ki, bu sualı davamlı olaraq verən şəxsdə müəyyən mənada bir cavab olmalıdır.

– Cavabım olsaydı, soruşmazdım. Hələ də soruşuramsa, o deməkdir ki, cavab almamışam. Biz məhv etdiklərimiz barədə minimum ilkin hesablama aparmışıq, yeri gəlmişkən, mən bizim məhv etdiklərimizin hamısını açıqlamamışam. Bu, olacaq. Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir. Onun büdcəsi 2 milyard dollardan azdır. Onun xarici borcu 8 milyard dollardır.

– Onları Rusiya dəstəkləyir.

– Bu, sizin fikrinizdir?

– Bu, rəsmidir. Sirr deyil. Başqa kimsə var?

– Bəlkə də, mən bilmirəm. Beləliklə, mən soruşuram, amma heç bir cavab verilmir. Ona görə də, soruşmağa davam edəcəyəm.

– Zati-aliləri, cənab Prezident, müsahibəyə görə çox sağ olun.

– Təşəkkür edirəm.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az