İsrail nəşri: Ermənilər dəhşətli etnik təmizləmə aparıb

İsrail nəşri: Ermənilər dəhşətli etnik təmizləmə aparıb

Sevincə qatılan kədər, artıq olub keçən və heç vaxt geri dönməyəcəklərlə bağlı dərdlə qarışıq gələcəyə nikbin baxış. Bu, yalnız İsrail Dövlətinin deyil, həm də bir neçə gün əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranma gününü qeyd edən, ölkəmizin strateji tərəfdaşı olan Azərbaycanın tarixidir.

Azərbaycan tarixində birinci parlament respublikası olan Xalq Cümhuriyyəti bütün Yaxın Şərqdə hüququn aliliyinə əsaslanan demokratik dünyəvi dövlətin ilk modeli idi. Bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir.

Mediainfo.az xəbər verir ki, bu fikirlər Şmuel Din Elmasın İsrailin nüfuzlu ibrani dilli “İsrael HaYom” qəzetindəki “Qarabağdan gündəliyim” sərlövhəli məqaləsində yer alıb.

Müəllif yazır ki, 28 il ərzində ərazilərinin 20 faizinin Ermənistanın işğalı nəticəsində Azərbaycan 800 min nəfərlik ciddi qaçqın və məcburi köçkün böhranı ilə üzləşib.

“Bakıdan Qarabağa səfərə yola düşəndə erməni təcavüzü nəticəsində evlərini itirən insanlar üçün lazımi səviyyədə investisiya qoyuluşu barədə düşüncənin təsiri altında idim.

Qarabağdakı ermənilərin dağıtdığı və məhv etdiyi hər bir şəhərin girişində yerli sakinlərin bu dəhşətli müharibədə həlak olan əsgər və zabitlərin adlarını və fotolarını əks etdirən xatirə lövhələri var. Birinci Qarabağ müharibəsi zamanı 130 mindən çox azərbaycanlının yaşadığı Ağdam bölgəsindən Qarabağa gəldim. Onlar yerli əhalinin mütləq əksəriyyətini təşkil edirdilər. 28 il əvvəl Azərbaycan əhalisinə qarşı dəhşətli etnik təmizləmə aparılıb və bütün bu illər ərzində bu ərazilərə işğalçı Ermənistan ordusu tərəfindən nəzarət olunurdu. Gözlərimin önündə terror təşkilatlarının “Kabus şəhəri Ağdam”da yaradılan saysız-hesabsız tunel və istehkamlar, minalanmış sahələr var idi”, - deyə israilli jurnalist qeyd edib.

Müəllif vurğulayır ki, iki Qarabağ müharibəsi arasındakı 28 il ərzində ermənilər hətta “Hizbullah” və HƏMAS terror təşkilatlarının belə yalnız xəyal edə biləcəyi çox sayda tunel tikiblər.

İsrail jurnalistinin fikrincə, ermənilər azərbaycanlıların Azərbaycanın tarixi və strateji şəhəri olan və bu il “Odlar Yurdu”nun mədəniyyət paytaxtı elan edilən Şuşaya hücuma keçməyə cəsarət edəcəyini gözləmirdilər.

“Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramının tonqalını məhz Şuşada yandırdı. Bu, Azərbaycanın Ermənistan üzərində strateji və mənəvi Qələbəsini məhz Şuşada qeyd etmək məqsədi daşıyırdı. Azərbaycanın xüsusi təyinatlılarının müqəddəs Şuşanı azad etməsi Azərbaycanın Zəfərinin rəmzinə çevrildi”, – deyə məqalədə vurğulanır.

Müəllif Ağdamda tamamilə dağıdılmış və məhv edilmiş evləri, binaları, idarələri, muzeyləri gördüyünü yazır. Qeyd edir ki, ona ermənilərin evləri dağıdıb məhv etmələri, tikinti materiallarını isə satmaları barədə məlumat verilib. Bildirilib ki, Ağdamdan, sadəcə, divarlar qalır. Yarıdağılmış məscidə isə saman tökülüb və yandırılıb. Bu isə göstərirdi ki, orada heyvan saxlanılıb. Ermənistanın hərbi təcavüzündən sonra Qarabağda 70 məsciddən yalnız biri qalıb. Bundan başqa, qəbiristanlıqlar dağıdılıb, meyitlər çıxarılaraq təhqir edilib.

Jurnalist yazır: “İsraildə Azərbaycan Evinin rəhbəri, mənim dostum, həmkarım, Qarabağa səfərimdə məni müşayiət edən Arye Qut bildirdi ki, o da mənim kimi, həyatında ilk dəfə bu ərazilərdə olub. O, ilk andan hiss etmişdi ki, sanki bu əraziyə dəhşətli vəba gəlib. Azad edilmiş ərazilərdə demək olar bir dənə də salamat ev, uşaq bağçası və ya məktəb, kitabxana və muzey qalmayıb. İşğalçı ermənilər Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan kimi şəhərləri yerlə-yeksan edərək, qarətçilik, neonasizm və vandalizm ilə məşğul olublar. Hətta ağacları da məhv ediblər. Qalan xarabalıqlar isə hansısa qədim imperiyanın qalıqlarını xatırladır.

Arye Qut dedi ki, Pənahəli xanın məqbərəsində gördüklərindən çox təsirlənib. Ermənilər onu tövləyə çevirib, içərisində inək və donuz saxlayıblar. Dahi Azərbaycan şairi Xurşidbanu Natəvanın dağıdılan, qazılan və oğurlanan qəbri dəhşət saçırdı”.

Müəllif vurğulayır ki, ermənilər Ağdamı dağıdıb məhv ediblər. Yalnız Cümə məscidini saxlayıblar ki, ondan da artilleriya atəşinin tənzimlənməsi üçün və müşahidə məqsədilə istifadə ediblər.

Bütün dünyada məşhur olan Çörək muzeyi də məhv edilib. O, Sovet İttifaqında yaradılan ilk Çörək muzeyi idi. Otuzillik qəddar və barbar erməni işğalından sonra bütün şəhər kimi, bu bina da xarabalığa çevrilib.

Şmuel Din Elmas yazıb ki, ötən il Avropa Liqasında Təl-Əvivin “Makkabi” komandası ilə qarşılaşan “Qarabağın Ağdamdakı stadionu da məhv edilən abidələr sırasındadır.

Müəllif azad edilmiş rayonlarda infrastrukturun bərpasına başlanılmasına diqqət çəkib, Füzulidə yeni beynəlxalq hava limanının inşa edildiyini bildirib.

Füzulidə məhv edilmiş düşmən texnikalarını gördüyünü qeyd edən müəllif yazıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsində İsrailin müasir silahlarından məharətlə və dəqiqliklə istifadə edib.

Səfəri zamanı Cəbrayıldan keçərək Zəngilana gedən Şmuel Din Elmas qeyd edib ki, Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi məhz bu rayondan başlayacaq.

O vurğulayıb ki, xarici şirkətlər, o cümlədən İsrail şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərinə dəvət olunublar.

Müəllif yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağı tezliklə bərpa etməkdə qərarlıdır və burada nəhəng layihələrə artıq start verilib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az