“Azərbaycan bu sənədi imzalamır...” – Paşinyan Bakı ilə Moskvanı üz-üzə qoymağa cəhd edir

“Azərbaycan bu sənədi imzalamır...” – Paşinyan Bakı ilə Moskvanı üz-üzə qoymağa cəhd edir

Son günlər Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması və Ermənistan ordusunun acizliyinin növbəti dəfə özünü açıq şəkildə biruzə verməsi Baş nazir Nikol Paşinyanı yenə siyasi avantüraya əl atmağa vadar edib.

Ermənistan hökumətinin son iclasında çıxış edən N.Paşinyan Azərbaycanı Rusiyanın sülhməramlı missiyasına qarşı təbliğat aparmaqda günahlandırıb: “Azərbaycan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasına qarşı aktiv təbliğat aparır.”

Ermənistanın Baş naziri həmçinin iddia edib ki, Azərbaycan tərəfi sülhməramlıların mandatını təsdiq edən sənədə imza atmaqdan imtina edib: “Azərbaycan hakimiyyəti hələ də Rusiya sülhməramlılarının mandatını təsdiqləyən sənədə imza atmayıb. Həmçinin, digər hərəkətlər də göstərir ki, Bakı Rusiya sülhməramlı missiyasının Qarabağdakı mövcudluğunda maraqlı deyil.”

Bu açıqlaması ilə Paşinyan Rusiya sülhməramlılarının mandatıyla bağlı ayrıca sənədin hazırlandığına işarə edib. Hansı ki, indiyə qədər belə bir sənədin mövcudluğuna dair nə Azərbaycan, nə Rusiya, nə də Ermənistan tərəfindən hansısa rəsmi məlumat səsləndirilməyib.

Əslində, Azərbaycan 10 noyabr sazişini imzalamaqla, Rusiya sülhməramlılarının Qarabağda, yəni Azərbaycan ərazisində müvəqqəti yerləşməsinə icazə verib. Lakin Paşinyanın dediklərinə inansaq, belə görünür ki, Rusiya öz mandatını təsdiqləmək və bir növ “yerini bərkitmək” üçün hansısa başqa bir sənəd də hazırlayaraq, onu tərəflərə təklif edib. Ancaq görünür, həmin sənəddəki hansısa müddəalar Azərbaycanı qane etməyib və bu üzdən ölkə rəhbərliyi bu sənədi imzalamayıb.

Paşinyanın Azərbaycanı Qarabağda Rusiyanın sülhməramlı missiyasının mövcudluğunda maraqlı olmamaqda günahlandırması təsadüfi deyil. Əslində, nəinki Azərbaycan, ümumiyyətlə heç bir ölkə başqa bir dövlətin, xüsusilə də Rusiyanın silahlı qüvvələrinin öz ərazisində yerləşməsində maraqlı ola bilməz.

Azərbaycanın da bunda maraqlı olmadığını yaxşı bilən Paşinyan öz aləmində bu məsələni qabartmaqla, bir növ rəsmi Moskva ilə Bakını üz-üzə qoymağa çalışır. Onun həmin iclasdakı başqa bir ifadəsi də eyni məqsədə xidmət edir və eyni zamanda erməni cəmiyyətində Rusiyanı mümkün qədər aşağılamağa hesablanıb.

Belə ki, Paşinyan Azərbaycanın müharibədən sonra ələ keçirdiyi və üzərində məhkəmə qurduğu erməni hərbçilərilə bağlı danışarkən deyib: “Azərbaycanda erməni hərbçilər üzərində məhkəmələr davam edir. Həmin hərbçilər noyabrın 9-da rusiyalı hərbçilərin səlahiyyət zonasında əsir götürülüb.”

Yəni demək istəyir ki, Rusiya erməniləri müdafiə edə bilmir, ya da bunu istəmir. Həmçinin, Azərbaycan Rusiya sülhməramlılarını saya salmır və onlarla hesablaşmır.

Paşinyan ardınca deyib: “Ermənistan-Azərbaycan sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupunun yerləşdirilməsini təklif edirəm. Əgər təşkilat çərçivəsində belə bir qrup yaradılması mümkün deyilsə, monitorinq qrupu ATƏT-in Minsk Qrupu formatında yaradılsın”.

Bu isə o deməkdir ki, Rusiya bizi qoruya bilmir, ona görə də Fransaya və ABŞ-a üz tutmalıyıq. Göründüyü kimi, Rusiyanın Ermənistandakı varlığını, təsirini mümkün qədər zəiflətməyə çalışan Paşinyan Azərbaycanın rus sülhməramlılarının öz ərazisində mövcudluğunda maraqlı olmamasından da istifadə etməklə, həm Moskva ilə Bakını üz-üzə qoymaq, həm də ermənilərin Rusiyaya qarşı xeyli zəifləmiş inamını daha da sarsıtmağa cəhd edir.

Bununla yanaşı, Rusiya mediasında və ermənipərəst təhlilçilərin, siyasətçilərin şərhlərində tez-tez Qarabağdakı 5 illik sülhməramlı missiyanın kifayət etməyəcəyi və müddətin uzadılmalı olacağına dair fikirlər səsləndirilir. Hətta onlardan bəziləri bunu çox böyük əminliklə deyirlər.

Lakin Paşiyanın dediyi kimi, Azərbaycan həmin missiyanın statusunu təsdiqləyəcək sənədi imzalamamaqla bir daha göstərir ki, Qarabağın qalan hissəsində də öz suverenliyini bərpa etmək fikrindən vaz keçməyib və keçməyəcək də. Və Azərbaycan XİN-in hər açıqlamasında “Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri” ifadəsini, yəni məhz “müvəqqəti” sözünü işlətməsi də bunun göstəricisidir...

“AzPolitika.info”

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az