2020-ci ilin oktyabrın 20-də Azərbaycan xalqı daha bir xoş xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu bildirdi. Hər birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulub: “Məhz bu zərbə nəticəsində 30-dan çox yaşayış məntəqəsi işğaldan azad edilib. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaranıb. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda döyüşlərə Sərhəd Qoşunlarının Komandanlığı altında başlayıb”.
Millət vəkili bildirib ki, 2020-ci ilin oktyabr ayının 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan etdi: “Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi”.
Ceyhun Məmmədov əalvə edib ki, Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi bərpa edildi: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!”